"Keçi", "Xoruz", "Bənövşə"... Yəqin ki, bu şeirləri kiçikdən böyüyə xatırlamayan yoxdur. Hamının sevərək oxuduğu, uşaqlıq anlarını yada saldığı bu şeirlərin müəllifi məşhur şair, pedaqoq Abdulla Şaiqdir. Bu ad çoxlarımızda xoş xatirə oyadır. Çünki uşaq ikən maraqla oxuduğumuz şeirlər, mənasını düşündükcə sevinc hissi yaşadığımız sətirlər hələ də xatirimizdədir. Elə indi də azyaşlılara demək olar ki, ilk öyrədilən şeirlər məhz bu şeirlərdir. "Uşaq və Dovşan", "Qərənfil", "Ana yurdum", "Təmizlik", "Aslan, Qurd və Tülkü", "Vətən nəğməsi", "Yetim Cücə" kimi uşaq şeirlərinin də müəllifi odur. Bu, həm də Abdulla Şaiqin necə pedaqoq olduğunu bir daha ortaya qoyur. Bu cür uşaq dünyası ilə səsləşən, uşaqlar qədər böyüklərin də sevgisini qazanan şeirlər barmaqla sayılacaq qədər azdır desək yəqin ki, yanılmarıq. Beləliklə, budəfəki yazımızda məşhur azərbaycanlı şair, müəllim Abdulla Şaiq haqqında danışacağıq...
Əsl adı Abdulla Axund Mustafa oğlu Talıbzadədir. O, 21 fevral 1881-ci ildə Tiflisdə dünyaya göz açdı. Şairliklə yanaşı, yazıçı, dramaturq, publisist, pedaqoq, ədəbiyyatşünas, tərcüməçi, 1934- cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan uşaq ədəbiyyatının banilərindən biridir.
Abdulla evin ikinci övladı idi. Dünyaya əkiz olaraq gəlmişdi. Ancaq əkiztayı olan bacısı doğulandan az sonra dünyasını dəyişdi. Atası Axund Mustafa Talıbzadə dövrünün sayılan, seçilən dindar ziyalılarından idi. O, 1881-ci ilədək Tiflis şəhəri üzrə qazinin müavini, sonra isə Qafqaz şeyxülislamının müavini işləmişdi.
Abdulla qardaşı Yusiflə ilk təhsilini Tiflisdə müsəlman uşaqları üçün nəzərdə tutulan altısinifli ruhani məktəbində aldı. Məktəbi bitirdikdən sonra anası və qardaşı ilə birgə Xorasana getdi. Abdulla burada dövrün qabaqcıl fikirli gənclərindən Yusif Ziya adlı bir müəllimlə tanış oldu. Hər iki qardaşın intellektual inkişafında, ədəbiyyata və yaradıcılığa marağının artmasında Ziyanın xüsusi rolu oldu.
Abdulla ailəsi ilə birgə 20-ci əsrin əvvəlindən Bakıya köçür. O dövrdə Bakı mühüm siyasi hadisələrin mərkəzi olmaqla yanaşı, həm də elm, ədəbiyyat və mədəniyyət mərkəzi idi. Bakıda hər keçən gün məktəblər, mədəniyyət ocaqları, mətbuat orqanları açılır və ziyalıların sayı get-gedə artırdı. Bəhs etdiyimiz dövrün ziyalılarının çoxu Qori Müəllimlər Seminariyasının yetirmələri idi. Onlar yeni üsulla dərs keçir, əsərlər yazırdılar. Məşhur ziyalılar Qori Müəllimlər Seminariyasını bitirib Azərbaycanın müxtəlif yerlərində işləyirdilər. Onlar yeni nəslin təlim-tərbiyəsinə, həmçinin, təhsilinə xüsusi qayğı göstərirdilər. Onlar yeni üsulla məktəblər açır, qəzetlər, jurnallar çıxarır, dərsliklər hazırlayır, tədris proqramlarında müasir elmlərə geniş yer verirdilər. Məqsəd insanların şüuruna təsir göstərmək, onlar arasında elmin, təhsilin artmasına töhfə vermək idi.
Abdulla Şaiq də Bakıya gələn kimi ilk növbədə Tiflisdən tanıdığı Nəriman Nərimanovla görüşür. Ona ən böyük istəyinin müəllimlik olduğunu və bu peşə üçün Bakıya gəldiyini bildirir. Ancaq müəllim olmaq üçün təbii ki, imtahan verilməli idi. Nəriman Nərimanov da Abdulla Şaiqə məhz belə deyir. Məsləhətləşmələrdən sonra Abdulla Nəriman Nərimanovun ona verdiyi "Türk-Azərbaycan dilinin müxtəsər sərf-nəhvi" kitabını, Azərbaycan dilinin qrammatikasını, eləcə də, Azərbaycan ədəbiyyatı və metodikasını öyrənməyə başlayır. Qəlbində bəslədiyi müəllimlik istəyi onun həvəslə bu kitabları oxumasına səbəb olur.
Nəhayət, imtahan vaxtı gəlib çatır. 1901-ci il aprelin 22-də I Aleksandr adına 3-cü oğlan gimnaziyasında imtahan komissiyası çağırılır. O, yazılı, şifahi və nümunə dərsi üzrə imtahanlar verir. Bu imtahanlarda Nəriman Nərimanov da komissiyya üzvləri arasında olur. Abdulla Şaiq imtahandan "5" qiymətlələ ayrılır və 1901-ci il aprelin 22-də 608 nömrəli şəhadətnaməyə əsasən "Azərbaycan dili müəllimi" adını alır. Şəhadətnaməni komissiya üzvü olan Nəriman Nərimanov imzalayır. Bununla da, həmin ildən Abdulla Talıbzadə Sultan Məcid Qənizadənin müdir olduğu altısinifli şəhər məktəbində pedaqoji fəaliyyətə başlayır.
Abdulla Şaiqin dövrün məşhur müəllimlərində gördüyü əsas nüans yenilikçi olmaq, yeni və maraqlı metodlarla dərs keçmək, şagirdlərin dərsləri daha yaxşı mənimsəməsi üçün müxtəlif işlər görmək idi. Buna görə də, onun tədris fəaliyyətindəki ilk işi müəllimlərində gördüyü bu yenilikləri tətbiq etmək oldu.
1901-1906-cı illərdə Abdulla Talıbzadə bir neçə məktəbdə dərs deyirdi. 1902-ci ilin sentyabrında o, Həbib bəy Mahmudbəyovun müdir olduğu altısinifli şəhər məktəbinin aşağı siniflərinə ana dili müəllimi təyin olunur. 1903- cü ildən isə Sabunçuda altıillik məktəbdə tədrisə başlayır. Ancaq Sabunçuya gedib-gəlmək çətin olduğu üçün Abdulla 1906-cı ilin sentyabrında həmin məktəbdən ayrılır və Bakıdakı məktəblərdən birinə işə düzəlir. 1906-cı ildə 7-ci rus-tatar məktəbində yerli dildən dərs deməyə başlayır. Seyid Hüseyn, həmçinin, Cəfər Cabbarlı bu məktəbdə Abdulla Şaiqin şagirdləri olur. O, burada 1908-ci ilə qədər fəaliyyət göstərir. 1908-ci ildən isə pedaqoji fəaliyyətini Bakıdakı realnı məktəbində davam etdirir.
Abdulla Şaiqin gördüyü işlər arasında xalq ədəbiyyatından nümunələr toplamaq və araşdırmaq da var idi. "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa" kimi mənzum nağılları da o bu nümunələr əsasında qələmə alır. O, həm də 1910-cu ildə yazdığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının əsasını qoyur.
Alim, ədəbiyyatşünas, folklorşünas kimi də fəaliyyət göstərən A. Şaiq klassik ədəbiyyat istiqamətində də araşdırmalar aparır. Onun Ə. Xaqani, N. Gəncəvi, M. Füzuli, İ. Nəsimi, M. P. Vaqif, M. F. Axundov, C. Məmmədquluzadə, M. Ə. Sabir, H. Cavid, M. Hadi kimi şair və yazıçılar haqqındakı fikirləri olduqca maraqlıdır. Şair həmçinin, sufizm, təsəvvüf, hürufilik, eləcə də, müxtəlif ədəbi cərəyən və metodlar haqqında da araşdırmalar aparır.
Abdulla Şaiq müstəqil Azərbaycan ideyası ilə yaşayan Məhəmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağaoğlu, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Nəsib bəy Yusifbəyli kimi ziyalılarla da eyni düşüncədə idi. O, 1918-ci il mayın 28-də yaranan Azərbaycan Xalq Cümhuriyyətini sevinclə qarşılayır. Hətta o qədər ki, Məhəmməd Əmin Rəsulzadə bu dövrdə "milli istiqlalın sevincini ilk duyanlar" sırasında Abdulla Şaiqin də adını çəkir.
Yazımızı isə Hüseyn Cavidin bu sözləri ilə bitirmək istəyirik: "Şaiq kimdir? Əvət, hər kəscə o, çalışqan təcrübəli bir müəllim, həssas nazik bir şair, mehriban və səmimi bir insandır. Fəqət, məncə o bir heçdir ki, gözə çarpan bir çox yıldızlı varlıqlardan daha böyük, daha möhtərəmdir".