Əli Çərkəzoğlu 

Fevralın 6-da səhərə yaxın saat 4.17-də mərkəzi Qəhrəmanmaraş olmaqla Türkiyənin on vilayətində baş verən Rixter cədvəli ilə 7.7 bal gücündə birinci zəlzələ, 9 saat sonra isə 7.6 bal gücündə ikinci zəlzələ on minlərlə insanın ölümünə səbəb oldu. Mütəxəssislərin rəyinə görə, birinci zəlzələnin gücü 500 atom bombasının gücünə bərabər idi.

500 kilometrdən artıq ərazini vuran zəlzələ nəticəsində dəmiryolları, avtomobil yolları, hava limanı zolaqları, çox sayda körpülər dağılaraq istifadəyə yararsız hala gəldi. Ağzı dualı ağsaqqallar, ağbirçəklər, süd qoxulu körpələr, hamilə qadınlar, əlinin qabarı, alnının təri ilə ailə dolandıran kişilər qaldı o uçqunların altında. Zəlzələ Qəhrəmanmaraş, Hatay, Diyarbəkir, Qaziantep, Şanlıurfa, Malatya, Adıyaman, Kilis və Osmaniyə vilayətlərində böyük dağıntılara səbəb oldu. Qəhrəmanmaraş, Malatya, Qaziantep kimi gözəl şəhərlər xarabalığa çevrildi.

Səhər saatlarında qardaş ölkədəki zəlzələdən xəbər tutan soydaşlarımız baş verənlərin ağrı-acısını öz ruhlarında hiss etdilər. Qardaş Türkiyədə baş verən zəlzələ ilə hamı sarsıldı, hamının canı yandı.

Qışın oğlan çağında, şaxtalı, qarlı havada uçqunlar altında qalan qardaş-bacılarımızı xilas etmək üçün ölkənin bütün qüvvələri səfərbər oldular. Azərbaycan elə ilk gündə 370 nəfərlik xilasedici heyətini hadisə yerinə göndərdi. Növbəti günlərdə yeni-yeni xilasedici dəstələr qardaş ölkəyə yardıma getdilər. Bakıdan başlayaraq bütün şəhər və kəndlərimizdə zəlzələ zonasında yaşayan türkiyəli qardaşlarımız üçün yardım kampaniyaları başladı. Xalq öz doğmalarını bu soyuqdan, aclıqdan, hər cür ehtiyacdan qurtarırmış kimi bütün imkanlarını səfərbər etdi, kimisi paltar, kimisi yorğan-döşək, kimisi pul, kimisi məişət avadanlığı gətirdi. Kasıb evinin yükündəki yorğan-döşəyi yerə boşaldıb: "Onlar da bizimdirlər, aparın verin, üşüməsinlər", dedi. Və nümayiş etdirilən bu səmimiyyət nümunəsi həm köksümüzü qabartdı, həm gözlərimizi yaşartdı.

Bəlkə də, heç beş il oxumamış bu nənənin Anadolu insanına duyduğu bu doğmalıq, göstərdiyi bu fədakarlıq ancaq sevgiyə, təqdirə layiqdir. Topladığı pal-paltarı, yorğan-döşəyi köhnə "07"-sinə yükləyib Türkiyəyə göndərmək üçün yola çıxan sürücü qısa müddətdə həm Türkiyə, həm də Azərbaycan mediasında gündəm oldu. Jurnalist araşdırması ilə məlum oldu ki, bu gənc sürücünün yaşadığı ev ev deyil, əsl daxmadır.

Amma nə qədər kasıb olsa da, ürəyi o qədər varlı olan bu gənc qardaşımız xəbəri eşidən kimi o zəlzələnin bütün ağrı-acısını, dəhşətini öz içində yaşadı və əlindən gələni əsirgəmədi. Elə bir rayonumuz, kəndimiz olmadı ki, maşın-maşın yardım toplayıb yola çıxarmamış olsun. Məcburi köçkün şəhərcikləri belə yorğan-döşək dolu maşınlar yola saldılar.

"Ağrılar bölüşdükcə azalır" deyir böyüklərimiz. Həqiqətən də, yanında dost əli görən, səmimiyyət, hətta doğmalıq hiss edən biri, canı nə qədər ağrıyır-ağrısın, təsəlli tapar. Türkiyə telekanalları Azərbaycandan gələn yardım karvanlarının ardı-arası kəsilmədiyini xəbərə çevirdilər. Bu, bir borc ödəmək deyildi, qandan, candan, ən səmimi duyğulardan gələn qardaş yardımı idi. Qardaş qardaşa borc verməz, yolunda can verər. Qəhrəmanmaraşda, Qaziantepdə, Malatyada uçqunlar altında qalan qardaş-bacılarımızı xilas etmək üçün zamanla yarışa girmiş azərbaycanlı xilasedicilər ən təhlükəli yerlərə girir, bir canı o uçqunlar altından qurtarmaq üçün öz həyatlarını riskə atmaqdan çəkinmirdilər. Hər yerdə öndə idilər, hər yerdə fədakarlıq göstərir, hər canı xilas edəndə sevincdən göz yaşı tökürdülər. Zəlzələnin 9-cu, 10-cu günlərində bəzi ölkələrdən gəlmiş xilasedicilər öz ölkələrinə döndülər, bizimkilər isə son günə, son ana qədər oradan ayrılmayacaqlarını, son can, son nəfəs üçün mübarizə aparacaqlarını bildirdilər.

CNN Türk telekanalının hələ Vətən Müharibəsindən yaxşı tanıdığımız əməkdaşı Fulya Öztürkün "Başımı hara çevirirəmsə, azərbaycanlı xilasediciləri görürəm" deməsi bu doğmalığın ən səmimi ifadəsi idi. Türkiyədə elan olunmuş matəm həftəsi boyu Azərbaycan telekanalları da eyni ovqatı tamaşaçıya nəql etməyə çalışdılar.

"Türkiyə tək ürək" devizinə biz də qoşulduq və orada yaşananları biz də yaşadıq, Anadolu insanı qədər biz də fədakarlığa qatlandıq. Bu yas bizim yasımız, bu kədər bizim kədərimizdir. Hələ onu demirik ki, bu uçqunlar altında ölənlər arasında xeyli Azərbaycan vətəndaşı var. Malatya şəhərində bir mənzildə kirayədə qalan dörd tələbə övladımızın can verməsi Türkiyəni də, Azərbaycanı da eyni dərəcədə yasa boğdu. O günlərdə Allahdan aşağı tək təsəllimiz uçqunlar altından sağ qurtarılan insanların gözlərindəki işıq oldu.

Bu zəlzələ istər Türkiyədə, istərsə də Azərbaycanda gündəmin yeganə mövzusu oldu, hər şey bu bəlanın kölgəsində qaldı. Həmin günlərdə Azərbaycan tamaşaçısı heç vaxt olmadığı qədər Türkiyəyə diqqət kəsildi, sübh açılandan gecənin bir vaxtına qədər Türkiyədə davam edən xilasetmə işlərinə qulaq verdi. Və biz başımıza gələn bu bəla ilə bağlı gedən söhbətlərdən çox şeylər öyrəndik. Gördük ki, zəlzələnin ən çox zərər vurduğu şəhərlərdə belə yıxılmış binalarla yanaşı az xəsarət görmüş və ya heç xəsarət görməmiş binalar durur. Demək ki, əgər inşaat işləri düzgün aparılmış olsaydı, bu bəlanı yüngül xəsarətlərlə, az sayda itkilərlə yola vermək olarmış. Danışan mütəxəssislər onu dedilər ki, Yaponiyada xalq bu cür zəlzələlərə adi hal kimi baxır və binanın tərpəndiyini hiss edəndə çıxıb qaçmaq haqqında düşünmür, ancaq masanın üstündəki çay dolu stəkanını tutur ki, yerə düşüb sınmasın, çünki o yapon yaşadığı binanın sağlam olduğuna, yıxılmayacağına inanır.

Bir də onu vurğulamaq yerinə düşər ki, danışanlardan bəziləri "təbii fəlakət" deyə-deyə məsələni zəlzələnin miqyasının böyüklüyü, dağıdıcı gücü ilə ört-basdır etmək istədilər. Əgər biz özümüzü səmimi müsəlman sayırıqsa, gördüyümüz hər işdə əvvəlcədən tədbir almağa məcburuq. Əgər inşaatı aparan şirkət sementdən, armaturdan oğurlayırsa, əsl fəlakət orada baş verir. Yoxsa tərpənmək yerin, daşmaq suyun, əsmək küləyin haqqıdır və heç kim bunların qarşısını ala bilməz. Bunlar fəlakət deyil, adi təbiət hadisələridir, fəlakət odur ki, bir qrup oğru daha da varlanmaq üçün vətəndaşının həyatını riskə atır, inşaatdan oğurluq edir və nəticə də bu cür ağır olur. O günlərdə tez-tez təkrarlanan bir söz bu həqiqəti çox dəqiq ifadə edirdi: "Zəlzələ öldürmür, bina öldürür." Elə ona görə də, yaxın vaxtlarda zəlzələ zonasında inşaat işləri aparmış və tikdikləri binalar yüzlərlə qardaşımıza, bacımıza məzar olmuş inşaat şirkətlərinin yüz iyirmidən çox məsul şəxsi həbs olundu. Həqiqətən də, ev adı ilə vətəndaşına on iki mərtəbəli məzar tikən iş adamının bu insanlıqdan kənar hərəkətinə göz yuman bələdiyyə başçıları və digər məsul şəxslər qatil, xalq düşməni deyilsə, bəs onda kimdir?

Məsələnin mənəvi tərəfinə işıq tutan bəzi elm təmsilçiləri, din nümayəndələri son illərdə Türkiyənin serial sektorunun apardığı mənəvi terrorun, mənəvi zəlzələnin də bu cür nəticələrdə az rol oynamadığnı vurğuladılar.

Canımız yandı, ruhumuz sızladı. Qardaş ölkədə uçub tökülən, on minlərlə insana məzar olan o binaların ağırlığını üzərimizdə hiss etdik. Azərbaycanda belə bir söz var: "Əsl pəhləvan odur ki, hər yıxılanda bir fənd öyrənsin." Başına gələn bəladan dərs çıxarmaq, tədbir almaq bizim insanlıq borcumuzdur. Ümid edirik ki, bundan sonra istər Türkiyədə, istərsə də Azərbaycanda tikilən binalar eynən yaponiyadakı kimi 9 bal gücündə zəlzələyə davam gətirəcək və sakinlərinə məzar olmayacaq. Allah (c.c.) bizə anlamaq gücü və nəticə çıxarmaq qabiliyyəti versin və bu cür bəlaların bir daha başımıza gəlməsini rəva görməsin. Bu zəlzələdə dünyasını dəyişmiş bütün qardaş-bacılarımıza Allahdan rəhmət, yaralılara şəfa diləyirik!