Nazim Mustafayev 
 

Psixologiya elmi insanın mənəvi anatomiyası ilə bağlı Quran ayələrində təqdim olunan məlumatların səviyyəsinə hələ gəlib çata bilməmiş, bir çox sistem və metodlar ortaya qoysa da, insanın daxili dünyasına Quran qədər nüfuz edə bilməmişdir.

Quran ayələri insanın mənəvi aləmini, onun yaşadığı hiss və duyğuları bütövlükdə əhatə etməklə yanaşı, həm də onu təhlil edir. İnsanın daxili dünyasının dərinliklərindən bəhs etməsi, gizli və açıq hiss və duyğularını addım-addım izləməsi, bu mənada vicdanın ən dərinliklərinə qədər nüfuz etməsi Quranın bəşər sözü deyil, İlahi bir kitab olmasına bir sübutdur.

Quranı oxuyub anlamağa çalışan, onun söz və məna əlaqələrini yaxından öyrənmək istəyən hər kəs burada öz ruh dünyasına, əhvali-ruhiyyəsinə dair məqamlar tapır, hətta özünün izah etməkdə çətinlik çəkdiyi mənəvi dünyasına dair məqamların dəfələrlə izah edildiyini görür. İnsan bir ayədə özünü görə və tapa bilməsə belə, sanki başqa bir ayədə kəlmələrin onun qəlbini oxşadığını, nəbzini tutduğunu görür. Ancaq özünü Qurana tam həsr etməyənlər üçün onu anlamaq və özünü onda tapmaq asan deyil. Təbii ki, bu, Quranın ruhuna nüfuz etməkdən və onu oxumaqdan asılıdır. Psixoloqlar hər növ insan tipini Quranda çox asanlıqla tapa bilərlər. Çünki Quran ayələrində insanın müxtəlif psixoloji xüsusiyyətləri təsvir olunur. Bu baxımdan Quranda psixoloji cəhətdən bir çox mövzuda məlumatlar əldə etmək olar. İnsanı yaradan Allah (c.c.) onun fizioloji ehtiyaclarını hər kəsdən yaxşı bilir. Buna görə də, Uca Yaradan (c.c.) insanın, həmçinin, digər məxluqatın ruzisini onun ehtiyac duyduğu miqdarda təqdim edir. Bütün bunlarla yanaşı insanın psixoloji, mənəvi və ruhi ehtiyaclarını da ən yaxşı bilən yenə Odur (c.c.): "Allah qəlblərdə olanları biləndir" (Mülk, 64/4).

Quran ayələrində bəzi insanların rifah, firavanlıq və bolluq dövrlərində nemətlərin əsl sahibi olan Uca Allaha (c.c.) qarşı nankorluq edərək Onun (c.c.) əmrlərini dinləmədikləri (Yunus, 10/21), onlara hər hansı bir zərər toxunduqda isə Allaha (c.c.) üz tutduqları (Zümər, 39/8) vurğulanır. Bir çox insanlar çətinlik üz verdikdə Allaha (c.c.) dua edir, xilas olub qurtulduqda isə Ondan (c.c.) üz döndərirlər (İsra, 17/76). Bəzi insanlar ona dərd və ya bəla üz verdikdə Allaha (c.c.) yalvarır, o dərd, bəla sovuşduqdan sonra isə heç nə olmamış kimi hərəkət edirlər (Yunus, 10/12). Elə insanlar da var ki, bir nemətə qovuşduqda sevinir, başına pis bir iş gəldikdə isə ümidlərini itirirlər (Rum, 30/36). Elə insan tipləri də var ki, ona verilən nemətlərə şükür etmir (Səcdə, 32/9), yer üzündə haqsızlıq və azğınlıq edirlər (Yunus, 10/23).

Quranda xəbər verildiyi kimi bir xeyir toxunduqda məmnun olan, bir müsibət üz verdikdə isə küfrə qayıdan (Həcc, 22/11) insanlarla da qarşılaşmaq mümkündür. Təbiəti etibarilə hövsələsiz davranan (Ənbiya, 21/37), dünyaya həddindən artıq bağlanan, ancaq və ancaq dünyaya üstünlük verən insanlar da var (Bəqərə, 2/200). Həmçinin, bir sıra insanlar da uzunömürlü olmaq istəyir (Bəqərə, 2/96), qadınlara, uşaqlara, qızıl-gümüş yığınlarına, yaxşı cins atlara, mal-qaralara və əkin yerlərinə ehtirasla bağlanırlar (Ali İmran, 3/14).

Quranda yuxarıda sadalanan mənfi xüsusiyyətlərə malik insanlarla yanaşı, başlarına bir müsibət gəldikdə Allaha (c.c.) səbir və təslimiyyət göstərən (Bəqərə, 2/156), bolluqda da, qıtlıqda da mallarını yoxsullara sərf edən, qəzəbini udaraq, insanların günahından keçən (Ali İmran, 3/134) şəxslərdən bəhs edilir.

Ayələrdə yer üzündə təvazökarlıqla gəzən (Furqan, 25/63), təkcə dünyada deyil, axirətdə də gözəl nemətlər istəyən (Bəqərə, 2/201) insanların olduğu xəbər verilir. Həmçinin, Quran ayələrində sosial həyatda fitnə-fəsad törədən (Bəqərə, 2/12), ikiüzlülük edən (Nisa, 4/141), Allahdan (c.c.) ancaq bu dünyanın gözəlliklərini istəyən (Bəqərə, 2/200), hadisələrdən ibrət ala bilmədiyi üçün heyvanlar səviyyəsinə enən (Əraf, 7/179), doğru yolu tapmaqdan uzaq olan (Bəqərə, 2/18), doğrunu və həqiqəti dərk etməyən (Bəqərə, 2/171), yalan danışmağı adi bir hal bilən (Munafiqun, 63/1), inanmadığı halda inandığını söyləyən (Bəqərə, 2/8) şəxslərdən də bəhs edilir.

Qurani-Kərimə görə elə insanlar da var ki, heç bir biliyi, heç bir rəhbəri və heç bir kitabı olmadan Allah barəsində mübahisə edir (Həcc, 22/8), nadanlığı ucbatından tutduğu işin günahını anlamadan xalqı Allah yolundan döndərmək istəyir (Loğman, 31/6), Allaha şübhə içində ibadət edir (Həcc, 22/11), haqq-hesab gününü inkar edir (İnfitar, 82/9), Allahla əhd bağladıqdan sonra onu pozurlar (Rad, 13/25).

Qurani-Kərimdə qorxu və ümid içində Rəbbinə dua edən (Səcdə, 32/16), Allahı zikr etməklə qəlbi rahatlıq tapan (Rad, 13/28), Allah adı çəkildikdə heybət və əzəmətindən ürəyi qorxudan titrəyən, Allahın ayələri oxunduqda həmin ayələrlə imanı daha da artan (Ənfal, 8/2), Rəbbinin hüzuruna qayıdacağından ürəyi qorxuya düşən (Muminun, 23/60), Allahın razılığını qazanmaq yolunda öz canını fəda edən (Bəqərə, 2/207) insanlara da işarə edilir.

Quran ayələrində və hədislərdə mal-mülkə qarşı həris olan, vaxtının və səhhətinin qədrini bilməyən, tükənməz arzu və istəklərə sahib olan insanların varlığından bəhs edilir, Allaha ibadət edəcəyi barədə verdiyi vədi yerinə yetirən (Rad, 13/20), Rəbbindən və qiyamət günü çəkiləcək haqq-hesabdan qorxan (Rad, 13/21), qeybə (Allaha, mələklərə və axirət gününə) inanan (Bəqərə, 2/3), ticarət və alış-veriş kimi səbəblərə görə Allahı zikr etməkdən geri durmayan (Nur, 24/37), axirətə şəksiz-şübhəsiz inanan sözün əsl mənasında yaxşı insanların çox az olduğu vurğulanır. Ayələrdə və hədislərdə həmçinin, insan psixologiyası ilə bağlı bir sıra məqamlardan da bəhs edilir, insanın hiss və duyğuları, istək və arzuları, insanın daxili dünyasından, həmçinin, xarici aləmdən gələn təsirlər qarşısında onun hansı davranışları nümayiş etdirməsindən danışılır.

Həm Quran ayələrində, həm də Peyğəmbər (s.ə.s.) hədislərində aclıq, susuzluq və s. kimi fizioloji amillərdən (insan orqanizminin daxilindən gələn hərəkətverici səbəblərdən) bəhs edilir, insanın sosial varlıq olmasından irəli gələn bəzi psixoloji xüsusiyyətləri vurğulanır və onun inam və etibar, şəfqət və mərhəmət, ədalətlilik və alicənablıq, səxavətlilik və əliaçıqlıq, tamahkarlıq və xəsislik, paxıllıq və qısqanclıq, kin və nifrət, ədavət və düşmənçilik kimi psixoloji xüsusiyyətlərə malik olduğu qeyd edilir. Və beləliklə də insanın bəzən arzu və istəklərinə boyun əydiyi, qürur və təkəbbür göstərdiyi, çarəsizliyə və ümidsizliyə düşdüyü, kininin və qəzəbinin əsiri olduğu, mənəm-mənəmliyə və eqoizmə qapıldığı xəbər verilir. Digər tərəfdən, ayə və hədislərdə insanın çətin vəziyyətə düşdükdə ortaya qoyduğu mənfi davranışların ona (həmçinin, başqalarına da) zərər verməməsinin ancaq təlim-tərbiyə prosesindən keçməklə mümkün olduğu vurğulanır, həmçinin, insanın müsbət davranışlarının da yalnız və yalnız eyni təlim-tərbiyə prosesindən keçməklə əldə edildiyi bildirilir. Ən əsası isə Quran ayələrində insanın təkcə necə olduğu təsvir olunmur, həm də onun necə olmalı olduğu göstərilir.