Kitablar və kitabxanalar min illərdir hər bir ölkənin qüdrətinin, mədəniyyətinin, tarixinin keşikçisi olmuşdur. Qədim kitabxanalarada tək kitablar saxlanılmırdı, bura həm laboratoriya, həm mətbəə, həm də alimlərin toplandığı tədqiqat institutu rolunu oynayırdı. Divin canı qəfəsdəki quşda olduğu kimi, dövlətlərin, imperiyaların da canı məhz onların kitabxanalarında olurdu. Bu səbəbdən müharibələr zamanı əsrlərlə mövcud olan bu tarixi şahidlər, mədəniyyət ocaqları da bir göz qırpımında məhv edilir, yandırılırdı. İsgəndər nəhəng "Avesta" küliyyatını məhv etmiş, 12-əsrdə xaç yürüşləri zamanı İstanbul talan edilərkən, kitablar da yandırılmış, Amerikada qədim Mayaların mədəniyyətinin izləri 16-cı əsrdə ispanlar tərəfindən yer üzündən silinmiş, 1945-ci ildə rusların əlinə keçməməsi üçün Berlin kitabxanası yandırılmışdır. Tarix boyu yandırılmış onlarla kitabxanalardan ən qədimi hesab edilən eramızdan əvvəl 290-cı ildə Ptolomey Filadelf tərəfindən yaradılmış əfsanəvi İsgəndəriyyə kitabxanası olmuşdur. 400 il mövcud olan İsgəndəriyyə kitabxanasında 900 minə yaxın papirus kağızı üzərinə yazılmış, rulonlar şəklində qorunub saxlanmış əlyazmalar olmuşdur. Bura həm də nəşr evi funksiyası daşımışdır. Dünyanın müxtəlif yerlərindən gətirilən kitabların üzləri burada köçürülmüş və qorunmuşdur. Dünyanın ən nadir incilərini toplamaq isə illərlə, əsrlərlə davam edirdi. Ən qədim elm adamları, Eratosfen, Evklid, Arximed, Ptolemey burada fəaliyyət göstərmişlər. İsgəndəriyyənin varlığı qədər yoxluğu haqqında da müxtəlif rəvayətlər mövcuddur. İki dəfə yandırılan İsgəndəriyyə kitabxanasının ilk dəfə Yuli Sezarın dövründə gəmilərin yandırılması nəticəsində təsadüfən və ya qəsdən yandırıldığı ehtimal edilir. Nəticə etibarilə böyük bir mədəniyyət, tarixi bir keçmiş kül olub sovrulmuşdur.
1974-cü ildə əfsanəvi İsgəndəriyyənin bərpası üçün Misir Ərəb Respublikası qollarını çırmaladı, lakin heç bir addım atılmadı. İllər sonra Misir Prezidenti sərəncam imzaladı və kitabxananın bərpasına YUNESKO da cəlb edildi. 1995-2002-ci illərdə 220 milyon dollar xərclənərək, kitabxananın əzəmətini qorumaq məqsədi ilə təxmin edildiyi tarixi yerində, Aralıq dənizi sahilində İsgəndəriyyə şəhər limanında möhtəşəm, füsunkar bir memarlıq və mədəniyyət kompleksi ucaldıldı.
Təkcə oxu zalı 20 000 kvm. olan İsgəndəriyyə kompleksi dünyada ilk rəqəmsal kitabxanadan, 8 milyon kitab olan zaldan, 6 xüsusi kitabxanadan, 3 muzeydən, 2 qalareyadan, 6 incəsənət sərgi salonundan, internet arxivindən, audio və vizual kitabxanadan, gözdən əlil insanlar üçün xüsusi kitabxanadan, uşaqlar və yeniyetmələr üçün kitabxanadan, mikrofilm kitabxanasından, nadir kitablar kitabxanasından və konfrans mərkəzindən ibarətdir. Bura həm antik və orta əsr, həm də müasir dövr kitabxanaları arasında ən qədim, ən böyük və ən zəngin kitabxanalardan sayılır. Necə deyərlər, İsgəndəriyyə kitabxanasının gedişi kimi dönüşü də möhtəşəm oldu.
Misir deyəndə təkcə ehramlar yada düşürdüsə, artıq dünyada tayı-bərabəri olmayan 10 kitabxanadan biri kimi İsgəndəriyyə kompleksi də göz önünə gəlir. İsgəndəriyyə Misirin mədəniyyətinin, təhsilinin simvoluna, nişanəsinə çevrildi. 2011-ci il Misir inqilabı zamanı bir çox şəhər sakinləri üsyançıların yarada biləcəyi təhlükələrdən qorumaq üçün kompleksin ətrafında canlı sədd yaratdılar. Bu hadisə İsgəndəriyyənin Misir üçün hansı mənəvi əhəmiyyət kəsb etdiyini bir daha sübut etmiş oldu.
2017-ci il dekabrın 25-də Misir Ərəb Respublikasının İsgəndəriyyə kitabxanası ilə Azərbaycan Milli Kitabxanası arasında üçillik fəaliyyət proqramı imzalandı və bu əməkdaşlıq hələ də davam etməkdədir.
2009-cu ildə İsgəndəriyyə kitabxanasının məhv edilməsindən bəhs edən "Agora" filminin çəkilməsi bir daha varlığı kimi yoxluğu da heyrətləndirən İsgəndəriyyənin möhtəşəmliyinin göstəricisidir.
İllərdir elm adamlarını belə bir sual narahat edir. Görəsən, İsgəndəriyyə kitabxanası məhv olmasayadı, nə baş verərdi? Belə hesab edilir ki, bu mədəniyyət məhv olmasaydı, müasir dünyamız indi 2500-ci il səviyyəsındə olardı. Tibbin aciz qaldığı xəstəliklər, planetlərə səyahət etmək kimi hadisələr bir arzu olmaz və insanlar Marsa planetlərarası nəqliyyatla səyahət edərdilər. Kim bilir?!
Tükəzban Məmmədli