Əliş Abdulla 
 

Jurnalımızın ötən ilin noyabr ayında işıq üzü görən sayında futbol üzrə dünya çempionatı haqqında maraqlı yazı təqdim etmişdik. Həmin yazıda ortaya belə bir sual qoyulurdu: "Futbol bu il kimin borcunu qaytaracaq? Lionel Messinin, yoxsa Kriştiano Ronaldonun?" Sözsüz ki, burada hansı futbolçunun dünya kubokunu başı üzərinə qaldıracağından söhbət gedirdi. Dörd ildən bir təşkil olunan dünya çempionatı artıq geridə qaldı və bu sualın cavabı da məlum oldu. Belə ki, Messinin kapitanı olduğu Argentina seçməsi tarixində üçüncü dəfə dünyanın ən yaxşısı oldu. Bununla da, futbol, dünya və ya elə futbol dünyası məhz Lionel Messinin borcunu qaytarmış oldu. Bəzi mütəxəssislər bu turnirin hər iki futbolçu üçün sonuncu mundial olacağını yazırdılar. Ancaq Ronaldo DÇ-dən əvvəlki müsahibəsində karyerasını bitirmək üçün 40 yaşın ən yaxşı vaxt olduğunu, gələcək barədə danışmaq istəməsə də, qarşıdakı Avropa və Dünya çempionatlarında Portuqaliya millisini təmsil etmək istədiyini bildirdi. Portuqaliyalı superulduzun Mərakeşlə oyundan sonra göz yaşları içində stadionu tərk etməsi isə bir çox futbol azarkeşini kövrəltmişdi. Lakin unutmaq olmaz ki, Kriştianonun dünya çempionu olmaması onun unudulmaz həyat yoluna, əvəzolunmaz karyerasına kölgə salmır. Onun həyatına və karyerasına aid bir çox yazılar yazılsa da, bu yazımızda Ronaldonun həyatından həm ən maraqlı, həm də ən az məlum olan faktları təqdim etməyə çalışacağıq.

Yoxsul ailənin övladı

Ronaldo varlı ailədə doğulmadı. 5 fevral 1985-ci ildə Funşal şəhərinin San Pedro kilsəsində yoxsul portuqaliyalı ailənin dördüncü (və ən kiçik) övladı kimi dünyaya gəldi. Anası aşpaz, atası isə bağban idi və 2005-ci ildə qaraciyər çatışmazlığından dünyasını dəyişdi. Ronaldonun anası Mariya Doloreşin "Cəsarət Ana" ("Mother Courage") kitabında yoxsul olduqları üçün yaşadıqları çətinliklər barədə kifayət qədər faktlar var.

Kriştiano Ronaldo sosiologiyası

Ronaldo haqqında bir maraqlı fakt da 2015-ci ildə Biritish Columbia Universitetinin professoru Luis Aquyarın sosiologiya fənni çərçivəsində Ronaldo haqqında dərs deməsidir. Bunun səbəbini isə o belə izah edir: "Ronaldonun sosial və mədəni cəlbediciliyi futbolu üstələyir və onu maraqlı bir araşdırmaya çevirir. Dərs kursu şəxsiyyət, milliyyət və təmsilçilik məsələlərinə toxunur və Portuqaliya diasporu arasında Ronaldo fenomenini müzakirə edir". 

Milyarder Ronaldo

Ronaldo təkcə dünyanın ən varlı futbolçusu deyil, həm də ilk milyarder futbolçusudur. "Forbes"ə görə 2020-ci ildə o, karyera qazancı ilə 1 milyard dolları keçən ilk aktiv komanda idmançısıdır. Ronaldo 54 milyon dollardan çox əmlak imperiyasına sahibdir. Bundan əlavə, qarajında məhdud sayda buraxılan 10,7 milyon dollarlıq "Bugatti Centodieci" və lüks avtomobillərin böyük kolleksiyası var.

Ronald Reyqanın adı

Ronaldo müsahibələrinin birində adı ilə bağlı bunları demişdi: "Valideynlərim mənə bu adı (Ronald Reyqanın adını) verdilər, çünki hər ikisi bu adı bəyəndilər və güclü səsləndiyini düşündülər". Yeri gəlmişkən deyək ki, Ronald Reyqan ABŞ prezidenti olmamışdan xeyli əvvəl aktyor idi və Kriştianonun atasının Reyqana heyranlığı da həmin o illərdən gəlirdi.

"Kiçik arı" və "Ağlayan uşaq"

Anasının dediyinə görə, uşaq ikən Ronaldo topu ötürərkən dostları qol vurmayanda ağlayırdı. Buna görə də, ailəsi və dostları ona "Ağlayan uşaq" ("Cry baby") ləqəbini vermişdilər. Çox sürətli olduğuna görə isə onu "Kiçik Arı" ("Little Bee") adlandırmışdılar ki, bu da özünü bu günə qədər doğruldur.

32,51 km/saat sürət

Ronaldo 2021-ci ilin sentyabrında "Vest Hem Yunayted"lə oyunda 32,51 km/saat sürət yığaraq istənilən matçda bunu edən ən sürətli futbolçu oldu. Bununla da o, "Mançester Yunayted"in müdafiəçisi Eron Uan-Bissaka və "Vest Hem Yunayted"in hücumçusu Carrod Bouen kimi futbolçuları qabaqladı.

Heparddan 5 dəfə çox güc

Ronaldo oyun zamanı tullanarkən heparddan 5 dəfə daha çox güc "istehsal edir" və bu da ona yerindən tullananda 44 santimetr, qaçışla tullananda isə 78 santimetr yüksəyə tullanmağa imkan verir. Yeri gəlmişkən, bu nəticə orta NBA (Amerika Milli Basketbol Assosiasiyası) oyunçusundan 7 santimetr çoxdur.

Ürək əməliyyatı

Kriştiano Ronaldoya taxikardiya diaqnozu (dəqiqədə 100 dəfədən çox sürətli ürək döyüntüsü) qoyulur. Bu isə insult və ya ürək çatışmazlığına səbəb ola biləcəyi üçün o, 15 yaşında ürək əməliyyatı keçirir. Anasının dediyinə görə həkimlər "problemin mənbəyini yandırmaq üçün bir növ lazerdən istifadə edirlər" və "o, səhər əməliyyat olunur və günortadan sonra əməliyyatdan çıxır". Əməliyyatdan bir neçə gün sonra isə yenidən futbol oynamağa başlayır.

CR7 Muzeyi

2013-cü ildə qurulan CR7 Muzeyi onun doğulduğu Funşalda, Madeyrada yerləşir və futbolçunun karyerasını və həyatını özündə birləşdirir. Muzeydə siz Kriştianonun uşaqlıq illərindən indiyədək olan fotoları, qazandığı kubok və medalları, hətta oynadığı matçlardan topları görə bilərsiniz. Muzeyin üstündə Ronaldo və Pestana Qrupunun ortaqlığı ilə inşa edilmiş "Pestana CR7 Funchal" adlı 4 ulduzlu otel də yerləşir.

Donor Ronaldo

Ronaldo mütəmadi olaraq qan verir. Buna görə də o, qan donoru kimi qeydiyyatdadır. Ancaq Ronaldo təkcə qan donoru yox, həm də sümük iliyi donorudur.

100 milyonluq ayaqlar

2009-cu ildə İspaniyanın "Real Madrid" klubu Kriştiano Ronaldonun ayaqlarını 100 milyon avroya sığortaladığını elan etdi. Ancaq bu, futbolda ən bahalı bədən üzvlərinin sığortası deyil. Çünki Lionel Messinin sol ayağının sığortalandığı məbləğ 750 milyon avrodur.

Ömürlük müqavilə

2016-cı ildən etibarən Ronaldonun "Nike" şirkəti ilə 1 milyard dollar dəyərində ömürlük müqaviləsi var. Bu, Lebron Ceyms və Maykl Cordandan sonra üçüncü ömürlük müqavilədir. Müqavilənin məbləği bahalı görünə bilər, ancaq "Forbes"in 2016-cı ildəki hesablamalarına görə, Ronaldonun sosial media hesablarındakı 329 post vasitəsilə "Nike"a qazandırdığı dəyər 474 milyon dollardır... Hələ ki, Ronaldo ilə eyni dünyanı bölüşməkdə davam edirik. İllər ötdükcə onun həyatından daha maraqlı fraqmentlər, sözsüz ki, keçəcək. Hansı ki, biz onları da bu siyahıya əlavə edə bilərik. Ancaq təkcə bir şeyi deyək ki, Ronaldonun əzmi, iradəsi və istəyi onu dünya çempionu olmaq üçün 2026-cı ilə qədər yaşıl meydanlarda saxlaya bilər. Yəqin kı, Ronaldonun da, elə futbolu sevən hər kəsin də arzusu məhz budur.