Bu hadisə Nyu-Yorkda baş vermişdi. Bruklində yaşlı bir adam yolu keçərkən halı pisləşmiş və huşunu itirdiyi üçün yerə yıxılmışdı. Çox keçmədi ki, hadisə yerinə təcili yardım maşını gəldi və yaşlı adamı yaxınlıqdakı xəstəxanaya apardı...
Adam xəstəxanaya gələndən huşsuz halda yatır və durmadan oğlunun adını sayıqlayırdı. Nəhayət, xəstəxana işçiləri yaşlı xəstənin cibindən bir məktub tapdılar və oğlunun Şimali Karolinadakı bir hərbi hissədə xidmət etdiyini gördülər. Ancaq xəstənin vəziyyəti çox ağır idi və bu xəbəri təcili o hərbi hissəyə çatdırmaq lazım idi. Ona görə də, bir həkim və bir zabit bir maşına mindilər və yaşlı xəstənin oğlunu axtarmaq üçün getdilər. Onlar hərbi hissəyə çatanda yaşlı adamın oğlu təlim meydanında təlim keçirdi. Vaxt itirmədən onu maşına mindirdilər və hava limanından təyyarə ilə Nyu-Yorka apardılar.
Gənc əsgər xəstəxana qapısından içəri ayaq basanda artıq hava əməlli-başlı qaralmışdı. Üstəlik, bir tərəfdən həyəcan, bir tərəfdən də yorğunluq onu əldən salmışdı. Bir tibb bacısı əsgəri yaşlı xəstənin yanına apardı və otaqdan içəri girən kimi yaşlı adama: "Gözünüz aydın, oğlunuz gəldi!" - deyə səsləndi. Ancaq xəstə gözlərini açana qədər tibb bacısı bu cümləni bir neçə dəfə təkrarlamalı oldu. Həm xəstəliyin, həm də dərmanların təsiri ilə adam qarşısındakı əsgəri duman içində görürdü. Sonra yaşlı adam zəif əllərini əsgərə doğru uzatdı. Əsgər də güclü barmaqları ilə yaşlı adamın əllərini tutdu. Əsgər bir tərəfdən yaşlı adamın əllərini tutur, bir tərəfdən də şəfqətlə onun əllərini sıxırdı.
Adətən, xəstəxanalarda gecələr keçmək bilmir. Ancaq gənc əsgər hələ də yarıqaranlıq otaqda oturur və yaşlı adamın əllərini ovuclarında tuturdu. Sanki o bununla yaşlı adama az da olsa, ümid və cəsarət verməyə çalışırdı. Üstəlik, tibb bacısı nə vaxt otaqdan içəri girsə, əsgəri eyni vəziyyətdə görürdü. Əsgər bir an da olsun, gözünü yaşlı adamdan ayırmır, nə otağa girən tibb bacısına, nə də ki, həkimə baxırdı. Xəstə bütün gecəni oğlunun əllərini tutaraq yatdı, səhər günəş doğana yaxın isə vəfat etdi. Əsgər ancaq bundan sonra yaşlı adamın əllərini buraxdı və sonra da o biri otağa keçib tibb bacısını çağırdı. Tibb bacısı əsgərin yanına gəldi və ona başsağlığı vermək istəyəndə əsgər birdən-birə onun sözünü kəsdi. Nə qədər qəribə olsa da, o, tibb bacısından yaşlı xəstənin kim olduğunu soruşurdu. Tibb bacısı isə heyrətlə:
- Məgər, o sizin atanız deyil? - deyə suala sualla cavab verdi.
Əsgər isə az qala eyni heyrətlə:
- Yox! Onu ömrümdə ilk dəfədir ki, görürəm, - deyə ifadə etdi.
- Bəs, niyə sizi onun yanına aparanda bunu mənə demədiniz?
- Çünki içəri girər-girməz bu işdə bir səhv olduğunu başa düşdüm. Ancaq yaşlı adam oğlunu səbirsizliklə gözləyirdi. Görünür, ölməzdən əvvəl son dəfə onu görmək istəyirdi. Üstəlik, adam o qədər halsız idi ki, mənim onun oğlu olmadığımı bilə bilməzdi. Ona görə də, öz-özümə: "Heç olmasa, son saatlarında adamın oğlunun yerini tuta və bu saatlarını xoşbəxt yaşamasına kömək edə bilərəm", - dedim. Sonra da heç bir şey demədən onun yanında oturdum.
Gənc əsgər bu sözləri deyəndən sonra getdi. Adamın əsl oğlu isə xəstəxanaya ancaq o öləndən xeyli vaxt sonra çatdı. Baş vermiş bu səhvin səbəbi isə çox sadə idi. Eyni hərbi hissədə xidmət edən iki əsgərin adlarının oxşar olması qərargah rəisini çaşdırmışdı. Ancaq sonra o, səhv etdiyini başa düşmüş və ilk əsgərin arxasınca ikinci əsgəri də göndərmişdi. Ancaq bu səhv eyni zamanda dünyada nə qədər xeyirxah insanların olduğunu da göstərmişdi.