Bir kəndlinin bir qatırı var idi. Bir gün bu qatır boş bir quyuya düşdü. Niyə düşdü, necə düşdü soruşmayın. Kim bilir, bəlkə də quyunun üstünü ot basmışdı. Kim bilir, bəlkə də quyunun üstünü torpaq örtmüşdü. Nə isə...
Heyvan saatlarla quyudan çıxmağa çalışdı. Ancaq nə qədər çalışsa da, bir xeyri olmadı. Axırda qatırın səsinə sahibi gəldi. Qatır quyunun dibindən çıxmağa çalışır və arabir yazıq-yazıq sahibinə baxırdı. Üstəlik, qatır həm də yaralı idi. Qatırın sahibi tez kəndliləri köməyə çağırdı. "Nə edək, necə edək, qatırı quyudan çıxaraq?" - deyə fikirləşməyə başladılar. Ancaq heç bir çarə tapa bilmədilər. Axırda quyunu torpaqla doldurmağı qərara aldılar. Beləcə, həm qatırı əzabdan qurtaracaq, həm də quyunun ağzını bağlayacaqdılar. Və əllərinə götürdükləri kürəklərlə hər tərəfdən quyunun içinə torpaq atmağa başladılar. Ancaq qatır hər dəfə üstünə torpaq düşəndə silkinir və torpaq ayaqlarının altına töküləndə sıçrayıb üstünə çıxırdı. Ayaqlarının altındakı torpaq qalxdıqca, qatır da qalxırdı. Və çox keçmədi ki, qatır quyunun üstünə çıxdı. Bəli, bir az əvvəl quyunun dibində ölümlə üz-üzə qalan qatır indi quyunun üstündə sağ-salamat dayanmışdı. Nə üçün? Əlbəttə ki, "təslim olmadığı" və "mübarizə apardığı" üçün...
P. S. Əslində, problemlərimiz də belədir. Bəzən o torpaq kimi üstümüzə tökülür, hələ üstəlik, kənardan torpaq atanlar da az olmur. Ona görə də, quyudan xilas olmaq üçün yeganə yol silkinmək və sıçramaq, daha doğrusu, təslim olmamaq və mübarizə aparmaqdır. Hətta ən dərin quyuda olsaq belə...