Hər bir insanın iş həyatında əldə etdiyi uğurlarda müdirlərinin böyük payı var. Əgər bir işçinin vəzifəsi yüksəlirsə, aydın məsələdir ki, burada müdirin imzası olur. Bu səbəbdən də, işdə uğur qazanmaq istəyən hər bir işçi müdirlə daha yaxşı ünsiyyət qurmağa çalışır. Lakin məlum məsələdir ki, əksər insanlar üçün iş yerində müdirlə ünsiyyət qurmaq o qədər də asan olmur. Hətta bir çox hallarda işçinin ünsiyyət qurmaq cəhdləri onun əleyhinə çevrilir. Bu sahənin mütəxəssisləri tərəfindən aparılan araşdırmalar göstərir ki, müdirlə ünsiyyət qurmağa çalışan işçilərin etdikləri bəzi səhvlər var. Hansı ki, işçilərin əksəriyyəti məhz bu səhvlərə yol verirlər.
Birinci səhv:
Müdirlə ünsiyyət qurarkən "İş işdir, dostluq dostluqdur" prinsipini pozmamağa çalışın. Unutmaq olmaz ki, müdirlə işdən kənar nə qədər səmimi münasibətiniz olsa da, bu prinsipə əməl etmək lazımdır. Kənardakı səmimiyyəti, dostluğu iş yerinə gətirmək olmaz. Bu, işçilərin etdiyi ən böyük səhvlərdən biridir. Çünki etiraf etməsələr də, müdirlərin əksəriyyəti dostluq münasibətlərinin işdə davam etməsini istəmirlər.
İkinci səhv:
Məlum məsələdir ki, karyera yüksəlişi hər bir işçinin arzuladığı və bunun üçün cəhd etdiyi bir hadisədir. İndi təsəvvür edin ki, uzun müddətdir arzuladığınız vəzifəyə başqa bir şəxs təyinat alır. Hansı ki, həmin şəxsin o vəzifəni sizdən daha pis idarə edəcəyindən əminsiniz. Aydındır ki, belə bir vəziyyət sizi qane etməyəcək və müdirin bu qərarından razı qalmayacaqsınız. Amma unutmayın ki, yeni vəzifəyə təyin olunan həmkarınızın sizdən daha səriştəsiz olduğunu müdirə bildirmək zərərinizə ola bilər. Birincisi, siz müdir deyilsiniz və şirkətdə vəzifələri bölüşdürmək hüququnuz yoxdur. İkincisi, siz öz narazılığınızı göstərməklə artıq qəbul edilmiş qərarı şübhə altında qoyursunuz. Və nəticədə, müdirin öz işini görə bilmədiyinə eyham vurmuş olursunuz.
Üçüncü səhv:
Adətən, işçilərin maddi problemlərlə qarşılaşan kimi ilk üz tutduqları ünvan müdirin otağı olur. İşçilər hesab edirlər ki, onların maddi problemlərini ancaq müdirlər həll edə bilərlər. Amma işçilər əksər hallarda unudurlar ki, onlara maaş verən müdirlərdir. Müdirə maddi problemlərlə bağlı müraciət etdikdə fikirləşir ki, yəqin verdiyi maaş işçini qane etmir. Unutmayın ki, sizinlə bərabər eyni işi görən və eyni maaşı alan onlarla işçi var və belə vəziyyətdə siz müdirin nəzərində maaşına qane olmayan bir işçi kimi qala bilərsiniz.
Dördüncü səhv:
Hər bir işçi həm də bir insandır. İnsanın yaxşı günləri olduğu kimi pis günləri də olur. Ailənizdə baş verən problemlər barədə iş yoldaşlarınızın, müdirlərinizn məlumatlı olması tamamilə normaldır. Çünki gününüzün yarısını işdə, iş yoldaşlarınızla birgə keçirirsiniz. Amma ailə daxilindəki şəxsi problemlərinizi iş yerində, ya da müdirin olduğu məkanlarda tez-tez dilə gətirirsinizsə, bu sizin əleyhinizə ola bilər. Çünki belə vəziyyətdə müdir sizin problemlərinizin diqqətinizi işdən yayındıra biləcəyini fikirləşə bilər. Hətta ola bilsin ki, şəxsi problemlərinizi tez-tez dilə gətirdiyiniz üçün sizi diqqət və məsuliyyət tələb edən vəzifələrdən kənarlaşdırsınlar.
Beşinci səhv:
Yeni işə başladıqda sizdən əvvəlki işiniz haqqında məlumat verməyinzi istəyirlər: "Hansı vəzifələrdə işləmisiniz?", "Həmin işin müsbət və mənfi cəhətləri nələr idi?", "Niyə başqa şirkətə keçmək qərarına gəlmisiniz?" və s. kimi suallara cavab verməli olursunuz. Bu suallara cavab verərkən əvvəlki iş yerini çox tərifləmək olmaz. Çünki yeni müdiriniz fikirləşə bilər ki, bir işçi bu qədər tərifə layiq olan bir iş yerini tərk edirsə, deməli, onda problemlər var. Ancaq əvvəlki iş yerini çox pisləmək də olmaz. Əmin olun ki, bu, yeni müdirinizdə sizin haqqınızda xoş fikir yaratmayacaq. Çünki müdirlər keçmiş iş yerindən narazılıq edən işçilərə ehtiyatla yanaşırlar. Böyük ehtimalla həmin müdirin rəhbərlik etdiyi iş yerini tərk edən işçilər də var. Siz köhnə iş yerinizi pislədikdə müdir iş yerini tərk edən və başqa işə gedən keçmiş işçilərini də gözləri önünə gətirə bilər.
Altıncı səhv:
Yeni işinizə başlayandan sonra sizdən əvvəl həmin vəzifədə işləyən işçinin əleyhinə danışmaq... Bu səhvi demək olar ki, işçilərin çoxu edirlər. Və hesab edirlər ki, əvvəlki işçinin gördüyü işi pisləməklə öz işlərinin daha yaxşı olduğunu nümayiş etdirmiş olurlar. Halbuki müdirin sizdən əvvəl o vəzifəni icra edən şəxslə keçmişdə və hazırda hansı münasibəti olduğunu bilmirsiniz. Çünki bir işçinin işdən çıxması onun müdirin "gözündən düşməsi" demək olmamalıdır. Hətta ola bilər ki, sizdən əvvəl o vəzifədə işləyən şəxs müdirin yaxın dostu, ya da yaxın qohumudur. Aydındır ki, heç bir müdir dostunun, ya da qohumunun işçisi tərəfindən pislənməsini yaxşı qarşılamaz.