1976-cı ilin Yay Olimpiadaları... Bu olimpiada təkcə bir idman yarışı kimi yox, həm də yapon idmançısının fədakarlığı ilə yadda qaldı. Nəticə qızıl medal olsa da, əslində, bu fədakarlıq o qızıl medaldan da qiymətli idi.
O gün halqalarda yarışan Şun Fujimotoya tamaşa edənlərin yaddaşında ancaq onun çevik və sərrast hərəkətləri qaldı. Ancaq heç kim Fujimotonun üzünün dözülməz ağrıdan qırışdığını, hələ bu az imiş kimi gözündən yaş axdığını görmədi. Hətta Fujimoto son hərəkətini tamamlayıb yerə tullananda da bunu heç kim hiss etmədi. Onun sağ dizi sınmışdı və dəhşətli bir dərəcədə ağrıyırdı.
Fujimotonun dizi yarışdan bir gün əvvəl sınmışdı. Növbəti məşqlərin birində baş verən bu hadisə demək olar ki, Fujimotonu ruhdan salmışdı. Halbuki Yaponiya komandasının qızıl medal alması üçün çox az qalmışdı. Bunun üçün isə halqa yarışında yaxşı xal qazanmaq lazım idi. Üstəlik, bu sahə Fujimotonun ən güclü olduğu sahə idi...
Fujimoto halqalara yaxınlaşaraq ilk hərəkətə başlayanda dizindəki ağrıları unutdu. İndi onun fikrində ancaq qazanacağı xallar və bir də qızıl medal var idi. Fujimoto qeyri-adi bir ustalıq göstərərək çıxışını uğurla tamamladı. Onun xalları elan olunanda isə artıq Yaponiya qızıl medalın sevincini yaşayırdı. Sonralar bu qeyri-adi çıxışın sirrini soruşanda Fujimotonun cavabı belə oldu: "Düzdür, onda dizim çox ağrıyırdı. Hətta ağrıdan gözlərimdən yaş axırdı. Anacq mənə qalib gələn ağrı yox, komandamın ümidi oldu". (Barayan Kavanodan)