Həzrət Peyğəmbərimizin (s.ə.s.) əmisi olan bu şanlı səhabə Fil hadisəsindən təxminən iki il əvvəl dünyaya gəlmişdir. Aslan ovçusu kimi də tanınan bu səhabə Allah Rəsulundan (s.ə.s.) iki yaş böyükdür. Həzrət Həmzə (r.a.) üçün İslamı seçmək çox çətin idi. Lakin o, Allah Rəsulunun (s.ə.s.) və bir ovuc müsəlmanın qarşısına hər cür maneənin qoyulduğu o çətin Məkkə dövründə bütün maneələri aşaraq müsəlman olmuşdu. Və beləcə, onun kimilər üçün çox çətin bir işi bacarmışdı. Çünki istər rütbə, istər vəzifə, istərsə də, elm baxımından müəyyən yerlərə gələn insanların öz mövqelərini dəyişməsi çox çətindir. Bu aspektdən Həzrət Həmzənin (r.a.) həyatına baxanda görürük ki, çöldə təkbaşına aslan ovlayacaq qədər cəsur olan bir insan müsəlmanların sayının qırxa çatmadığı bir vaxtda gəlib o bir ovucluq zəif bir camaata qoşulmuş, hətta belə demək mümkünsə, özünü təhlükəyə atmışdı. Onun müsəlmanların təzyiq altında olduğu bir dövrdə sanki bir xilaskar kimi imdada yetişməsi müstəsna bir iş, müstəsna bir əməl idi.
Müsəlman olması...
O, müsəlman olmaq üçün Allah Rəsulunun (s.ə.s.) hüzuruna gələndə belə demişdi: "Ey Məhəmməd! Mən səhrada gecənin qaranlığında qalanda anladım ki, Allah dörd divar arasına sığışdırılmayacaq qədər böyükdür". O, "dörd divar" dedikdə Kəbəni və o dövrdə Kəbə evinə doldurulan onlarla, bəlkə də yüzlərlə bütü nəzərdə tuturdu. Sonra da insanlara dönərək: "Mən də Məhəmmədin dininə inanıram. Cəsarəti olan varsa, qarşıma çıxsın", - demiş və müsəlman olduğunu elan etmişdi. Onun belə bir dövrdə müsəlman olması çox vacib idi. Çünki hələ müsəlman olmayanlar ona baxanda təkcə "Həmzə müsəlman oldu", - deməyəcək, həm də onun kimi bir insanın bütün maneələri dəf edərək necə müsəlman olmasından danışacaqdılar. Və belə də oldu... Həzrət Həmzənin (r.a.) müsəlman olmasından sonra müşriklər Peyğəmbərimizin (s.ə.s.) himayə olunacağını anlamış və həm Ona (s.ə.s.), həm də müsəlmanlara qarşı daha ehtiyatla rəftar etməyə başlamışdılar.
O, Allah Rəslunun (s.ə.s.) əmisi, həmyaşıdı və süd qardaşı idi...
Həzrət Həmzənin (r.a.) uşaqlığı və gəncliyi yaş etibarı ilə Peyğəmbərimizlə (s.ə.s.) eyni dövrdə keçmişdi. Buna görə də, o, Peyğəmbərimizin (s.ə.s.) təkcə əmisi yox, həm də həmyaşıdı idi. Hər ikisi Əbu Ləhəbin cariyəsi Süveybədən süd əmdikləri üçün onlar həm də süd qardaşı idilər.
Bədr döyüşündəki qəhrəmanlığı...
Tarixin gedişatını dəyişdirən döyüşlərdən biri kimi tarixə düşən Bədr döyüşü hicrətin ikinci ilində baş vermişdi. Peyğəmbərimizin (s.ə.s.) komandanlığı altında üç yüz on üç müsəlman əsgəri Əbu Cəhlin komandanlığı altında sayı minə yaxın olan müşrik ordusu ilə qarşı-qarşıya gəlmişdi. İman və küfrü bir-birindən ayıran mübarizənin adı olan Bədr döyüşü müsəlmanların qələbəsi ilə nəticələnmiş, Qüreyşin böyüklərindən olan yetmiş müşrik öldürülmüş, yetmiş nəfər də əsir götürülmüşdü. Bədr döyüşündə sinəsinə dəvəquşu lələyi taxan Həzrət Həmzə (r.a.) Rəsulullahın qarşısında iki qılıncla vuruşmuş, təkbaşına onlarla müşriki qılıncdan keçirmişdi. Və bu döyüşdə ən böyük uğur Həzrət Həmzəyə (r.a.) məxsus idi. Buna görə də, o, Bədr döyüşünün ən böyük qəhrəmanı idi. Bədr döyüşündə öldürülən yetmiş Məkkəli müşrikdən 25-i Qüreyşin görkəmli şəxsləri idi və onların böyük bir hissəsi Həzrət Həmzənin (r.a.) qılıncı ilə can vermişdi. Müharibədən sonra müşriklər: "Bizi məhv edən sinəsinə dəvəquşu lələyi taxan adamdır" deyir və onun qəhrəmanlığından danışırdılar.
Şəhid edilməsi...
Həzrət Həmzənin şəhid olması adi bir hadisə deyildi. Bu, günlərlə, bəlkə də, aylarla hazırlanmış bir planın nəticəsi idi. Qüreyş başçıları Bədrin intiqamını almaq üçün yola çıxdıqları səfərdə (Uhud döyüşündə) Həzrət Həmzəni (r.a.) hədəf seçmişdilər. Hətta döyüşə çıxmazdan əvvəl nizə atmaqda böyük məharətə malik olan həbəşli kölə Vəhşi ibn Hərbi xüsusi olaraq Həzrət Həmzəni (r.a.) vurmaq üçün gətirmişdilər. Uhud döyüşündə Həzrət Həmzə (r.a.) Siba adlı bir müşriklə qarşı-qarşıya vuruşarkən Vəhşi ibn Hərb gizləndiyi qayanın arxasından çıxmış və nizə ilə Həzrət Həmzəni (r.a.) vuraraq şəhid etmişdi. Həzrət Həmzə (r.a.) şəhid edilənə qədər artıq otuz nəfəri öldürmüşdü. Bir mənada o, qarşısıalınmaz bir cəngavər idi. Qətlin sifarişini verənlərdən biri də Əbu Süfyanın xanımı Hind binti Utbə idi. O, səfərə çıxmazdan əvəvl Həzrət Həmzənin (r.a.) ciyərini çeynəyəcəyini, orqanlarından düzəldəcəyi boyunbağını boynuna taxaraq Məkkəyə dönəcəyini demişdi. İntiqam hissi ilə yanan Hind bu əməlini həyata keçirmiş, sonra da cəsədi həm Bədrin, həm də Uhudun intiqamı kimi parçalamışdı.
Şəhidlərin ölməzliyi...
Bir tərəfdən Həzrət Həmzənin (r.a.) şəhid edilməsi, bir tərəfdən də Peyğəmbərimizin (s.ə.s.) bibisi Safiyyənin ağlaması Allah Rəsuluna (s.ə.s.) çox təsir etmişdi. Peyğəmbərimiz (s.ə.s.) Həzrət Həmzənin (r.a.) şəhidlərin əfəndisi (Seyyiduş-Şuhəda) olduğunu deyərək bibisi Safiyyəyə təsəlli vermiş və sonra da bu əsnada nazil olan: "Allah yolunda öldürülənləri heç də ölü zənn etmə! Əksinə, onlar diridirlər və Rəbbi dərgahında onlara ruzi verilir" (Ali İmran, 3/169) ayəsini oxumuşdur.
Onu Allah (c.c.) sevirdi...
Allah Rəsulu (s.ə.s.) Həzrət Həmzəni (r.a.) sevirdi. Allah Rəsulunun (s.ə.s.) yanında Həzrət Həmzənin (r.a.) xüsusi yeri var idi. Bəlkə də, bunu yaradılışdan gələn bir yaxınlıq kimi şərh edənlər ola bilər. Ancaq Uhud döyüşündə bu qədər şəhid verilməsinə baxmayaraq Allah Rəsulunun (s.ə.s.) Həzrət Həmzənin (r.a.) şəhadətinə belə həssas yanaşması Allahın da (c.c.) Ona (r.a.) ayrı bir dəyər verməsindən irəli gəlirdi.
Vəhşi ibn Hərbin peşmanlığı...
Həzrət Həmzəni (r.a.) şəhid edən Vəhşi ibn Hərb illər sonra Məkkə fəth ediləndə Taifə qaçaraq orada yaşamağa başladı. Çox keçməmiş Taiflilər İslamı qəbul etdilər və İslamı qəbul etdiklərini bildirmək üçün Mədinəyə bir heyət göndərdilər. Vəhşi də Mədinəyə gedən bu heyətə qoşuldu və onlarla birlikdə Həzrət Peyğəmbərin (s.ə.s.) hüzuruna çıxdı. Əmisinin şəhadətindən çox sarsılan Allah Rəsulu (s.ə.s.) isə bir daha ona görünməməyi əmr etdi. Ağır sözlə qarşılaşmasa da, Rəsulullahın (s.ə.s.) onu görməyə dözə bilməyəcəyini deməsi Vəhşi üçün ən böyük cəza idi. Buna görə də, o, ömür boyu Həzrət Həmzəni (r.a.) öldürməklə işlədiyi günahın kəffarəsini necə ödəyəcəyini düşündü. Və nəhayət, onun gözlədiyi bu fürsət Yəmamə döyüşündə qarşısına çıxdı. O, illər əvvəl Həzrət Həmzənin (r.a.) sinəsinə sancdığı nizəni bu dəfə yalançı peyğəmbər Müseyləmənin sinəsinə sancdı və: "Həmzəni (r.a.) şəhid etməklə əllərim insanların ən xeyirlisinin qanına bulaşdı. Ancaq həmin nizəni Müseyləmənin sinəsinə sancmaqla insanların ən şərlisini öldürdüm", - dedi.
"İndi sənə görünə bilərəmmi, ya Rəsulallah?.."
Vəhşi ibn Hərb (r.a.) Müseyləməni öldürdükdən sonra, yəqin ki, Rəsulullahın (s.ə.s.) mənəvi hüzuruna çıxmış və: "İndi sənə görünə bilərəmmi, ya Rəsulallah?" - demişdi. Bu da bir daha Vəhşi ibn Hərbin müsəlman olduqdan sonra belə həyatı boyu Həzrət Həmzə (r.a.) kimi bir qəhrəmanı şəhid etməsinin peşmanlığı ilə yaşadığını, həmçinin, Peyğəmbərimizin (s.ə.s.) Həzrət Həmzəni (r.a.) nə qədər sevdiyini göstərir.