Cabir ibn Həyyanın yaşadığı dövr hələ səhabə nəfəsinin hiss edildiyi erkən bir dövr idi. Bu dövr həm sosial həyatda, həm də siyasi idarəetmədə dini bağlılıqların möhkəm, İslami dəyərlərin isə hakim olduğu bir dövrdür. Cabir ibn Həyyanın timsalında yüzlərlə alimin müsəlman kimliyi ilə müsbət elmlərlə məşğul olması, hətta, müsbət elmlərə istiqamət verəcək aparıcı şəxslərə çevrilməsi, həqiqətən, diqqətə dəyər məsələdir. İslamın ruhunda müsbət elmlərə qarşı bir "qısqanclıq", ya da müsbət elmlərə qarşı bir "allergiya" olsaydı, müsəlman kimliyi daşıyan bu qədər insan, hətta, şəriətlə, İslamla idarə olunan dövrlərdə belə bu qədər elmlə məşğul ola bilməzdi.
Günümüzdə isə bu təsbiti aparmaq çox çətindir. Çünki İslami dövlət anlayışı günümüzdə demək olar ki, yoxdur. Belə bir təcrübə baxımından bu alimləri araşdırmaq mühümdür. Cabir ibn Həyyan təfsir, hədis, fiqh və s. kimi dini elmlər sahəsində ən orijinal İslami əsərlərin qələmə alındığı və alınacağı bir dövrdə yaşamışdır.
Din elmlərində günümüzdə belə söz sahibi olan alimlərlə eyni dövrdə yaşayan Cabir ibn Həyyanın din alimləri tərəfindən heç bir maneə ilə üzləşmədən kimya sahəsində öz dövrünü və çağını aşan kəşf və ixtiralar etməsi bizə həm də İslamın müsbət elmlərə qarşı münasibətini göstərir. Avropada Cabir ibn Həyyandan 7-8 əsr sonra baş verən İntibah dövrü və ya Renessans kilsəyə baxmayaraq və kilsəyə baş qaldıraraq baş vermişdirsə, İslam aləmindəki İntibah dövrü və ya Renessans isə məhz dinin qucağında, dinin təşviqi və mənəvi dəstəyi ilə baş vermişdir.
Cabir ibn Həyyan miladi 721-ci ildə, Xorasan bölgəsindəki Tus şəhərində, əczaçı Həyyan əl-Əzdinin ailəsində dünyaya gəlmişdir. O, əsasən kimyaçı olmaqla yanaşı, həkim, əczaçı, riyaziyyatçı və astronom olaraq da tanınır. 815-ci ildə Kufədə 94 yaşında dünyasını dəyişən Cabir ibn Həyyan Avropada "Cabir" adından yola çıxaraq "Al-Geber" olaraq tanınır. Cabir ibn Həyyan uşaqlıq vaxtlarından etibarən əczaçı olan atasının bilgilərindən istifadə etmiş, bitkilərin insanlar üzərindəki şəfalı təsirlərini həm nəzəri, həm də praktiki olaraq öyrənmişdir. Beləliklə, bitkilərin yaratdığı möcüzəvi təsirlərin əslində, bir möcüzə ilə yanaşı, elmi izahlara söykəndiyini görmüşdür.
Adətən, bir mədəniyyət və ya sivilizasiya ortaya çıxanda burada dövrün şərtlərinə görə elmin bütün sahələrində inkişaf və sıçrayış müşahidə edilir. Əks halda, cəhalətin hökm sürdüyü bir məkanda hər hansı elm sahəsinin anidən zirvəyə doğru hərəkət etməsi mümkün deyil. Elm tarixçisi Fuat Sezgin deyir ki, elmin ən zirvə nöqtələrinə yüksəlmiş Cabir ibn Həyyan, Əbu Reyhan Əl-Biruni kimi şəxslərin varlığı yalnız o elm adamlarının varlığı və nailiyyəti deyil. Bu həm tədqiqatlar aparılan elm sahəsinin mövcud vəziyyətini, həm də o cəmiyyətdə mövcud olan elmi ab-havanı, elmin çatdığı ümumi səviyyəni göstərir.
Cabir ibn Həyyan belə deyir: "Allah (c.c.) bizə fiziki qanunlar vermişdir. Bunlarla bitki, heyvan, hətta, insanın bənzərini ərsəyə gətirmək olar. Allah (c.c.) bəşər övladına elə qabiliyyətlər bəxş etmişdir ki, bununla insanlar kainatdakı bütün sirr pərdələrini açmağa qadirdir".
Bu sözlər 8-ci əsrin ikinci yarısında yaşayan, atomun parçalana biləcəyini ilk dəfə qeyd edən alim Cabir ibn Həyyana aiddir. O, Allahın insana verdiyi qabiliyyətlərin sanki qeyri-məhdud olduğuna inanırdı. İnsanın canlı və ya cansız varlıqlar yarada biləcəyinə inanır, heç olmasa, ən azından bunun nəzəri olaraq mümkün olduğunu müdafiə edirdi. Mühüm olan bir məqam da Cabir ibn Həyyanın bu məsələləri miladi 8-ci əsrdə İslam dünyasında qorxusuz bir şəkildə yaza və söyləyə bilməsi idi.
Cabir ibn Həyyan araşdırmalarını təcrübə və riyazi hesablamalar üzərində qurmuşdur. Bir kimyagər olan Cabir ibn Həyyan üçün say və ölçü kimya elminin əvəzedilməz iki mühüm parçası idi. Cabir ibn Həyyan təcrübə və tədqiqatlarını gerçəkləşdirmək üçün mayelərin distillə edilməsində istifadə olunan ənbiq aləti, şüşə boru, soba və digər vasitələr icad etmiş, özündən sonra gələn bütün kimyaçılar da bu alətlərdən istifadə etmişlər.
Cabir ibn Həyyan həyatının mühüm bir hissəsini Kufədə keçirmiş, həmçinin, buranın havası kimyəvi araşdırmalar üçün əlverişli olduğuna görə bu şəhərdə qalmağı tərcih etmişdir. Cabir ibn Həyyan burada dövrün ən yaxşı kimya laboratoriyasını qurmuşdur. Ərəb biblioqrafiya alimi İbnun-Nədim "əl-Fihrist" adlı əsərində qeyd etdiyinə görə İraq Buveyhi hökmdarı Bəxtiyarın dövründə (967-978) Kufədə bir küçə yenidən qurulanda kərpiclə inşa edilmiş yarım silindirli tavan örtüyü ortaya çıxarılmış və burada metalların əridilməsində istifadə edilən çox yüksək temperatura davamlı xüsusi qablar, müxtəlif ədviyyatların toz halına salınması üçün istifadə edilən xüsusi alətlər və s. kimi kimya laboratoriyasına aid əşyalar tapılmışdır. Beləcə, aradan iki əsrə yaxın bir vaxt keçdikdən sonra Cabir ibn Həyyanın həm evinin, həm də kimyəvi təcrübə və araşdırmalar apardığı laboratoriyasının məhz bu məkan olduğu öz təsdiqini tapmışdır (əl-Fihrist, s. 499).
Əsrinin texniki elmlər alimi olan Cabir ibn Həyyan bütün İslam alimləri kimi bu sahəni İslami elmlərlə birgə oxumuşdur. Cabir ibn Həyyan elmi çalışmalarında xüsusi metodlar ortaya qoymuşdur. O zaman məşhur olan simyanın (bəzi dəyərsiz metallardan qızıl əldə etməyə çalışan bir məşğuliyyət sahəsi) bir elm və fənn olmadığını sübut etmiş, bundan ayrı olaraq təcrübəyə, təhlilə və riyaziyyata əsaslanan kimya elmini qurmuşdur. Beləliklə də bugünkü kimya elminin təməli Cabir ibn Həyyan tərəfindən atılmışdır.
Cabir ibn Həyyan bəzi mühüm kimyəvi maddələrin tərkibini təsbit etmiş və açıqlamışdır. Kimya elmində istifadə ediləcək bəzi metodları ortaya qoymuşdur. Təcrübələrdə istifadə ediləcək alətlərin emalı və bunların istifadə metodunu izah etmişdir. Kimya elmində istifadə ediləcək həssas ölçü alətləri düzəltmişdir.
Atomun parçalanması haqqındakı nəzəriyyə də Cabir ibn Həyyana aiddir. O belə deyir: "Maddənin ən kiçik parçası olan "əl-cuzulləzi lə yətəcəzzə"də sıx bir enerji var. Yunan alimlərinin dediyi kimi bunun parçalanmayacağını demək doğru deyil. O da parçalana bilər. Parçalandıqda elə bir güc meydana çıxar ki, bir anda Bağdadın altını üstünə gətirər. Bu, Cənab Allahın qüdrət nişanıdır".
Cabir ibn Həyyanın atomun parçalanması ilə meydana çıxacaq böyük enerji və güclə bağlı söylədiyi bu sözlərdən əsrlər sonra atom bombası düzəldilmiş və bu bomba atıldığı Hiroşima və Naqasaki şəhərlərini yerlə bir etmişdir. Atomun parçalana biləcəyini dilə gətirmək, bu haqda ta 8-ci əsrdə danışmaq olduqca elmi cəsarət tələb edirdi. Bu gün kimya elmində istifadə edilən alkoqol (alcohol/əl-kuhl), ənbiq (alembic/əl-inbiq) kimi bir çox termin üçün də Cabir ibn Həyyana borcluyuq. Bu ərəb mənşəli terminlər bugünkü kimya elmində latın dilindəki yazılış şəkilləri əsas alınaraq istifadə edilir.
Cabir ibn Həyyan çökük güzgülərlə günəş şüalarını bir yerə toplamış və uzaq məsafədəki ağacları yandırmış, bir qabdakı suyu da eyni üsulla qaynatmışdı. Onun bu elmi təcrübə və kəşfindən gözü qorxanlar da olmuş, xəlifəyə onun haqqında: "Cabir ibn Həyyan istəsə sarayımızı içindəkilərlə birlikdə yandıra bilər" şəklində xəbərlər çatdırmışlar. Bu səbəblə də xəlifə Məmunun Cabir ibn Həyyana xəbərdarlıq etməsi və onu ölənə qədər "göz həbsində" saxlaması ilə bağlı rəvayətlər var. Cabir ibn Həyyanın bu kəşfi günəş enerjisindən istifadə ilə bağlı bir cığır açmışdır.
İslam tibbi araşdırmaları ilə tanınan alman həkim Maks Meyerhof (1874-1945) belə demişdir: "Avropada kimya elminin inkişafı birbaşa Cabir ibn Həyyanın adı ilə bağlıdır. Kimya elminin bu inkişaf yolunu geriyə doğru təqib etsək, Cabir ibn Həyyanla qarşılaşacağıq". Qeyd edək ki, həm İslam dünyasında, həm də Avropada kimya elmində Cabir dövrünün sonu heç vaxt gəlmədi. Hətta, Avropada bəzi kimyagərlər əsərlərinin qəbul edilib oxunması üçün yazdıqları kitablara Cabir ibn Həyyanın adını yazdılar. Bəzi müsəlman alimlərinin dediyi kimi, orta əsrlərdə Cabir ibn Həyyanı xristianlar müsəlmanlardan daha yaxşı tanıyırdılar.
Cabir ibn Həyyanın həqiqi mənada dəyəri nəzəri kimya ilə əlaqəli "Kitabus-Səbun" ("Yetmiş Kitab") əsərinin "Book of Seventy" adı ilə ingilis dilinə tərcümə edildikdən sonra anlaşılacaqdı. Günümüzdə "Book of Seventy"nin bir nüsxəsi Bursa şəhərində Sultan Orxan kitabxanasında saxlanılır.
Cabir ibn Həyyanın kimya elminin qurucusu hesab edilməsinin əsl səbəbi simyanı bir elm kimi qəbul etməməsi və bunun yerinə kimya elmini gündəmə gətirməsidir. Cabir ibn Həyyan təbiətdəki maddələrin saf olmadığını qeyd etmiş, bunları saflaşdıraraq saf elementlər əldə etməyə çalışmışdır.
Cabir ibn Həyyan kimya elmində ilk dəfə element məfhumunu ortaya çıxaran alimdir. O, apardığı təcrübələrdə kimyəvi maddələrin ölçü və miqdarını hesablayarkən məsələyə çox həssaslıqla yanaşmış və maddələrin xüsusiyyətləri anlayışının güclənməsini təmin etmişdir. Cabir ibn Həyyan kimyəvi maddələri uçucu, uçucu olmayan, yanmayan maddələr, həmçinin, metallar olmaqla dörd qrupa ayırmış və bunları xüsusiyyətlərinə görə izah etmişdir. Bu baxımdan, Cabir ibn Həyyan ilk dəfə elemenlərin kimyəvi təsnifatını verən alim hesab edilir.
Bəzi məlumatlara görə, kimyada elementlərin dövri cədvəlini kəşf edən məşhur alim Dmitri Mendeleyev də məhz Cabir ibn Həyyanın kimya sahəsindəki elmi əsərlərini dərindən mütaliə etmişdir. Dmitri Mendeleyevin Cabir ibn Həyyanın elmi əsərlərini tədqiq edəndən və onlara dərindən yiyələnəndən sonra elementlərin dövri cədvəlini tapmaq üçün elmi araşdırmalara başladığı ehtimal edilir. Cabir ibn Həyyanın adı bir elm markası olaraq əsrlər boyu müxtəlif millət və mədəniyyətlərə gedib çıxmışdır. Tibet Budizmində Cabir ibn Həyyanın adı "Dza-bir" və ya "Dza-ha-bir" adı ilə yad edilir.
Cabir ibn Həyyan alovda yanmayan kağız emal etmişdir. Alovda yanmayan kağız demək, o gün üçün bilginin, məlumatın daha yaxşı qorunması və mühafizəsi demək idi. Cabir ibn Həyyanın yaşadığı dövr həm də hədis ədəbiyyatının formalaşdığı, hədis külliyatlarının yazıldığı dövrdür. Hədis alimləri Peyğəmbər (s.ə.s.) kəlamını ravilərdən toplamaq üçün (həm də, ən dəqiq bir şəkildə) "cərh-tədil" (*) elmini ortaya qoyduqları kimi, Cabir ibn Həyyan kimi müsbət elm alimləri də Peyğəmbər (s.ə.s.) kəlamının qorumaq üçün alovda yanmayan kağızlar icad etmiş və bu sahəyə özünəməxsus töhfələrini vermişlər.
Cabir ibn Həyyan metalları təkcə əmələ gəlməsi baxımından deyil, həm də başqa element və formalara çevrilməsi baxımından da araşdırmışdır. Cabir ibn Həyyanın bu baxış bucağı kimya elmindəki tədqiqatlarının təməl daşını, başlanğıc nöqtəsini təşkil edirdi.
(*) "cərh-tədil" - raviləri tənqid süzgəcindən keçirmək, həmçinin, onların səhihliyini yoxlamaq.
Nazim Mustafayev