Ata və ana oğullarını hər yay qatarla nənəsinin yanına aparır, onu orada qoyduqdan sonra ertəsi gün evlərinə qayıdırdılar. İndi yenə yay fəsli gəlmiş və oğullarını nənəsinin yanına aparmaq vaxtı çatmışdı. Ancaq uşaqda bunun sevinci ilə yanaşı qəribə bir həyəcan da var idi. Çox keçmədi ki, uşaq üzünü ata-anasına tutdu və: "Mən artıq böyümüşəm, nənəmin yanına tək getmək istəyirəm", - dedi. Ata oğlunun bu fikrinə etiraz etməsə də, ana heç cür razı olmadı. Çünkı ona görə bu, sadəcə olaraq, mümkün deyildi. Kiçik bir müzakirədən sonra ata: "Mən bu işi necə həll edəcəyimi bilirəm", - dedi və ananı da oğlunun nənəsinin yanına tək getməsinə razı saldı...
Nəhayət, hamı üçün həyəcanlı olan o gün gəldi. Ata və ana uşağı qatar vağzalına qədər yola saldılar və yol boyu ona min cür nəsihət verdilər. Vaqona minməzdən əvvəl ata oğlunun qolundan tutdu və: "Oğlum, işdir, əgər özünü tək və çarəsiz hiss etsən, bunu oxuyarsan", - deyib oğlunun cibinə bir kağız qoydu.
Bir azdan qatar hərəkət etdi. Uşaq sakitcə yerində otursa da, gözü o biri sərnişinlərdə idi. Qatarda tək olması elə ilk baxışdan bəlli idi. Konduktor da tək olduğu üçün təəccüblü baxışlarla onu başdan-ayağa süzmüş və tam başa düşmədiyi bir neçə söz dedikdən sonra çıxıb getmişdi. Sanki bütün sərnişinlərin gözü onun üzərində idi. Sanki bütün sərnişinlər onun haqqında danışırdı. Bu, get-gedə uşağı daha da həyəcanlandırırdı. Görəsən, doğrudan da, şübhə dolu o baxışlar, şübhə dolu o pıçıltılar onun üçün idi!? Uşaq istər-istəməz başını aşağı əydi və gözlərindən iki damla yaş süzüldü. Elə tam da atasının dediyi kimi özünü çox tək və çarəsiz hiss etdi. O bir anlıq qatarı saxlamaq və ata-anasının yanına qayıtmaq istədi. Ancaq birdən xatırladı. Atası cibinə bir kağız qoymuşdu. Tez əlini atıb kağızı götürdü. Və atasının bütün həyəcanlarına son qoyan o qısa yazısını oxudu: "Oğlum, biz son vaqondayıq".
P. S. Uşaqlarımıza fürsət verməli və onlara inandığımızı göstərməliyik. Ancaq öz ayaqları üzərində durana qədər də həmişə son vaqonda olmalıyıq.