Xəyalə Sadıqova 
 

Uğur hekayəsi rubrikamızın budəfəki qonağı Elmir Nəcəbovdur. Həyatı çətinliklərlə dolu olan bu qəhrəmanımız əzmi və mübarizliyi ilə hədəfinə çatmağı bacarıb. Qarşılaşdığı problemləri amalına doğru bir addım hesab edib və heç vaxt da yolundan dönməyib. O, "Məqsədi olmayan insanın həyatında faydasız işlər çox olar", - deyir. Biz də məhz buna görə müsahibimizin öz təcrübələrini oxucularımızla bölüşməsini istədik... 

- Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

- Mən, Elmir Nəcəbov "Soel Parfum" mağazalar və "Choco Port" restoranlar şəbəkəsinin qurucusu və təsisçisiyəm. Xarakter olaraq isə olduqca məqsədyönlü, heç vaxt qərarından dönməyən bir insanam. Bir sözlə, harada çətinlik varsa, mən oradayam.

- Həyat hekayənizə baxanda çətinliklərlə mübarizə aparan bir Elmir görürük. Bu qədər əzmli olmaq sizdə genetik bir xüsusiyyətdir, yoxsa yaşadığınız həyat şəraiti sizi güclü olmağa vadar etdi?

- Düzünü deyim ki, mənə ilk dəfədir belə bir sual verilir. Ailədə də, qohumlar arasında da xarakter baxımından oxşadığım heç kim yoxdur. Bəlkə də, yaşadığım çətin həyat şəraiti mənə daha erkən yaşda özümü dərk etməyi öyrətdi. Ailənin ilk övladı olmuşam. Hələ uşaq yaşdan düşünürdüm ki, mən bu çətinlikdən çıxmaq üçün çalışmasam, heç kəs heç nə edə bilməyəcək. Və bu yolda nə qədər çalışmaq lazım idisə, o qədər də əmək verdim. Nəticəsini də şükürlər olsun ki, gördüm.

- Ətrafımızda çətinliklə üzləşdikdə geri çəkilən, şərait əl vermədikdə yolunu yarıda qoyan kifayət qədər insanlar var. Sizcə, insanlarda mübarizə ruhunun olmaması nədən irəli gəlir?

- Əlbəttə ki, mənim də həyatımda uğursuzluq yaşadığım anlar olub. Çətinliklə qət etdiyim yolun bəzən dibinə düşmüş və sıfırdan başlamaq məcburiyyətində qalmışam. Amma yolumdan heç vaxt dönməmişəm. Çünki bir hədəfim var idi və qətiyyən bu yoldan dönmək niyyətim yox idi. Sadəcə olaraq, səhvlərimdən nəticə çıxarırdım. Bir də belə bir vəziyyətlə qarşılaşmamaq üçün nə edə bilərəm, deyə düşünürdüm. Belə bir deyim var: "Ağıllı insan öz səhvlərindən, kamil insan isə başqalarının da səhvlərindən öyrənir". Mən də çıxdığım bu yolda məndən əvvəlkilərin həyatını araşdıraraq, onların harada, hansı səhvləri etdiklərini öyrənərək, bir növ uğursuzluqları idarə etməkdə təcrübə qazandım. Bu baxımdan düşünürəm ki, insan daim öz üzərində işləməlidir.

- Həyatınızda ən yadda qalan çətin anınız nə vaxt oldu?

- Mən universitetə qəbul olanda Bakıda qohumumuzun evində qalırdım. Bir müddət sonra mən oradan çıxmalı oldum. Sonra məşhur restoranların birində gecə növbəsinə işə düzəldim. Gecə işləyib, gündüz də dərsə gedirdim. Həmin restoran bizə paltarımızı yumağa və digər ehtiyaclarımızı görməyə şərait yaradırdı. Lakin yatmağa yer yox idi. Həmin dövrdə yatmaq üçün ən yaxşı vasitə metro idi. Yadımdadır, metroya minib sonuncu stansiyaya qədər yatırdım. Və bunu bir neçə dəfə təkrar edirdim. Əslində, ev tutmağa pulum var idi, çünki işləyirdim və kifayət qədər də maaş alırdım. Amma planlarım var idi. Buna görə də, pulumu yığırdım. Türkiyədə təhsil almağı planlaşdırırdım deyə, özümə büdcə toplayırdım. Aydın məsələ idi ki, başqa bir ölkədə təhsil almaq üçün lazımi ehtiyacları ailəm təmin edə bilməyəcəkdi. Buna görə də, özümü demək olar ki, bir çox şeydən məhrum etmişdim. Mən Aviasiya Akademiyasında oxuyurdum. Bilirsiniz ki, universitetin xüsusi geyim forması var. Hər yerə o forma ilə gedirdim. Zəruri olmadıqca özümə paltar almırdım.

- Çox çətin bir dövrdür. Necə öhdəsindən gəlirdiniz?

- İnanın ki, bütün bu çətinliklər mənim üçün hədəfimə doğru bir addım idi. Hətta elə vaxtlar olub ki, günlərlə yatmamışam. Səhər dərsə gedirdim, dərsdən sonra şadlıq sarayında ofisiantlıq edirdim, gecə də dediyim kimi restoranda işləyirdim. Amma daim öz-özümə bunun müvəqqəti olduğunu təlqin edirdim. Ümumiyyətlə, insanın bir amalı varsa, o, istənilən çətinliyə dözəcək. Əgər hara getdiyini bilmirsənsə, özünü dərk etmirsənsə, ayağına balaca daş da dəysə, o sənə böyük bir dağ kimi görünəcək.

- Universitetə hazırlaşdığınız dövrdə ailədə heç kim sizin imtahandan keçəcəyinizə inanmayıb. Xüsusilə də, atanız. Qazandığınız uğurlar atanızın sizə olan inamını dəyişdimi?

- Atam ticarətlə məşğul olurdu və mən də hər səhər piştaxtanı düzməkdə ona kömək edirdim. Buna görə də, məktəbə gedə bilmirdim. Və mən atama deyəndə ki, universitet imtahanına hazırlaşıram, təbii ki, o buna ciddi yanaşmadı. Və bunun böyük hədəflərimə doğru atdığım ilk addım olduğundan xəbərsiz idi. Düzünü deyim ki, hələ də atamın məni təqdir etdiyinin şahidi olmamışam. Bəlkə də, atamın bu xüsusiyyətidir ki, məni bu qədər əzmlə çalışmağa vadar edir.

- Daim daha çox nailiyyət əldə etmək istəyi özünüzü atanıza sübut etmək zərurətindən irəli gəlir, yoxsa öz imzanızı yaratmaq arzusudur?

- Məni yaxından tanıyan insanlar bilirlər ki, mən pulu yox, onu qazanmağı sevirəm. Qətiyyən pula həris deyiləm. Hətta işləri böyütməkdə məqsəd daha çox insana yardım etməkdən, onlara əl tutmaqdan ibarətdir.

- Bu gün hədəflədiyiniz yerdəsinizmi?

- Bu gün biz marka olaraq kifayət qədər tanınırıq. Türkiyədə öz kateqoriyamızda demək olar ki, ön sıralarda dayanırıq. Lakin bununla kifayətlənmirik və dünya bazarına çıxmağı qarşımıza məqsəd qoymuşuq. İnsan daha da irəli getmək üçün daim çalışmalıdır, hədəfləri olmalıdır. Bu yol zəhmət tələb edən bir yoldur. Hər şeyi zəhmətsiz əldə edən insanlar nemətin qiymətini bilmirlər. Çox vaxt imkanlı ailələrdə böyüyən uşaqlarda həyat eşqi olmur. Çünki pul var, ev var, maşın var və əziyyət çəkmir. Həyatda maraq axtarırlar və təəssüflər olsun ki, bəzən özləri də bilmədən bir uçuruma addım atırlar. Çünki onlarda zəhmətlə qazanmadıqları şeyləri itirmək qorxusu olmur. Bəzən valideynlər övladlarına hər şeyi hazır verməklə özləri də fərqində olmadan onlara zərər verirlər.

- Sizcə, düzgün valideyn möqveyi necə olmalıdır?

- Bəzən valideyn özü çox əziyyət çəkdiyi üçün övladının həmin zəhmətlərə qatlaşmasını istəmir və onun üçün hər cür şərait yaradır. Məncə, uşaq ən azı zəhmətin nə olduğunu tanımalıdır. Mən də çalışacağam ki, övladım əmək sərf edərək nəyisə əldə etməyin dadını bilsin.

- İş həyatında qarşılaşdığınız uğursuzluqlar sizə necə təsir etdi?

- Mənim fikrimcə, uğurlu insan aldığı zərbədən yıxıldığı yerdə qalmamalıdır. Hətta o, yerdən daha güclü qalxmağı bacarmalıdır. Cəmiyyət də zəif insanları sevmir. Heç bir uğursuzluq yaşamadan birbaşa zirvəyə qalxan insanlar ən xırda problemdə belə sarsılırlar və nə edəcəklərini bilmirlər. Düşünürəm ki, ağlım başımda və sağlamlığım yerində olduğu müddətdə iş həyatımda hər hansı uğursuzluq baş versə belə yenə də vəziyyətdən çıxış yolunu tapacağam.

- Bəzən iş həyatı riskli qərarlar qəbul etməyi qaçılmaz edir. Sizcə, riskə gedərkən nələr nəzərə alınmalıdır?

- Adətən, itirəcəyin şey azdırsa, riskdən qorxmursan. Amma qazanıb yığdıqların çoxalırsa, onda tərəddüdlər başlayır. Mənim hər zaman söylədiyim və özümün də tətbiq etdiyim bir metod var. Riskləri bölüşdürmək. Yəni, ticarəti bir sektor üzrə davam etdirmək ani itkiyə səbəb ola bilər. Buna görə də, tələbatın olduğu fərqli bir sahəyə də investisiya qoymaq yaxşı nəticə verə bilər. Məsələn, biz bu gün parfumeriya-kosmetika sahəsində tanınmışıq, lakin bunun neçə müddət eyni vəziyyətdə davam edəcəyi məlum deyil. Ona görə də, biz əlavə olaraq restoran biznesinə addım atdıq. Yəni, bir tərəfdən itirsək, digər tərəfdən davam etmək şansımız var.

- Gənc iş adamı olaraq kifayət qədər uğur qazanmısınız. Bəs, bu sektorda olmasa idiniz, hansı sahədə işləyərdiniz?

- Mən uşaqlıqdan özümü tanımağa çalışmışam. İstər idman, istər təhsil, istər ticarət sahəsində özümü sınamışam. Mən kiməm, hansı sahədə daha uğurlu ola bilərəm deyə, insan özünə sual verməlidir. Hər bir insanın mütləq sahib olduğu bir qabiliyyət var. Sadəcə olaraq, o bu qabiliyyəti özündə kəşf etməlidir. Gənclərə də tövsiyəm odur ki, özlərini tanısınlar. Bu da oturub düşünməklə mümkün olan bir şey deyil. Bunun üçün çoxlu kitab oxumaq lazımdır. Mən sıfırdan uğur qazamış bütün iş adamlarının həyatını oxudum və hər birində özümdən bir nümunə tapdım. Bu baxımdan kitab oxumaq insana həm özünü tanımaq, həm də düşüncə bacarığını inkişaf etdirmək baxımından çox şey öyrədir. Məsələn, mənim ən yaxşı bacardığım iş marketinq sahəsidir. Baxmayaraq ki, bu sahədə heç bir təhsilim yoxdur. Sadəcə olaraq, müşahidə qabiliyyətim var və cəmiyyəti analiz edə bilirəm. Hər hansı bir işə addım atarkən kütlə nəyi tələb edir, maraq nəyədir, onu nəzərə almaq lazımdır. İndiyə qədər şirkətimizin marketinq strategiyası mənim qurduğum plan üzrə davam etdirilir.

- Cəmiyyətdə kifayət qədər qeyri-peşə sahələrində işləyən gənclərimiz var. Halbuki, onlar universitetə qəbul olunmaq üçün həm kifayət qədər maliyyə, həm də kifayət qədər vaxt sərf edirlər. Sizcə, diplom mütləqdirmi?

- Hesab edirəm ki, "həkim", "müəllim" və s. kimi mütləq diplom tələb edən peşələr istisna olmaqla, digər sahələrdə işləmək üçün universitet oxumaq vaxt itkisidir. Çünki universitetdə öyrənəcəyiniz peşənin kursları da var və seçdiyiniz sahə eyni zamanda praktik cəhətdən də öyrədilir. Bu da həm vaxt, həm də maddi baxımdan daha qazanclı çıxmağa şərait yaradır. Bu gün universitet oxuyan hansı tələbə özünü hərtərəfli inkişaf etdirir və təhsil aldığı ali məktəbin bütün imkanlarından maksimum faydalanır? Demək olar ki, çox nadir tələbələr. Əksəriyyəti təhsilini kəsirsiz başa vurmağı böyük nailiyyət hesab edir. Diqqət etsəniz, universitetlərin ətrafı oyun salonları ilə doludur. Dərsdən sonra tələbələrin 70 faizi orada vaxtını keçirir. Universitet oxumaq mənə nə qazandıracaq, bunu düşünən yoxdur. Elə hamı deyir, bircə universitetə girim. Girdikdən sonra nə olum, nə edim, gənclərimiz özünə bu sualları vermir. Çünki hədəf yoxdur. Hədəfi olan insan ona daha tez çatmaq üçün bütün əlverişli yolları araşdırır. İndiki dövrün imkanları daha çoxdur. Onlayn şəkildə belə, nə isə öyrənmək mümkündür. Amma bu imkanlardan faydalanan çox azdır.

- Gənclərimizin həyatlarını doğru istiqamətləndirmələri üçün hansı addımları ata bilərik?

- Hər şeydən əvvəl onların özləri bunu istəməlidirlər. İnsanın özündə həvəs yoxdursa, heç kəs qolundan tutub ona nə isə öyrətməyəcək. Axtaran, araşdıran, nə isə öyrənmək istəyən insana qapılar açılır, imkanlar yaranır. Bəzən elə insanlarla qarşılaşıram ki, deyir gecə-gündüz işləyirəm, yenə də əlim boşdur. Çox gözəl bir deyim var: "Getdiyin yol səni məqsədinə aparmırsa, ya yolunu dəyiş, ya da məqsədini". Hansı sahədə işləməyindən asılı olmayaraq irəliləyə bilmirsənsə, doğru yolda deyilsən deməkdir. Mövqeyini bir daha nəzərdən keçirməlisən.

- İki kitab müəllifisiniz. Bu kitabları yazmaq zərurəti nədən yarandı?

- İlk "Qanadlanmaq sənin əlindədir" ("Kanatlanmak senin elinde") adlı kitabımı yazdım. Bu kitabın ərsəyə gəlməsinə bir az da dostlarımın təşviqi səbəb oldu. "Uğur hekayələri" adlı ("Başarı hikayeleri") kitabımı isə pandemiya vaxtı qələmə aldım. Birinci kitab öz həyatımdan bəhs edir. İkinci kitabımda isə daha çox məni uğura aparan yolda motivasiya verən faktorlar yer alır. Düzünü deyim ki, bu kitablar oxucular tərəfindən çox bəyənildi. İnsanlarda həvəs yaratsın deyə, kitablarımın çoxunu hədiyyə verdim. Başqalarından ilham almaq çox vacibdir. Doğrudur, hər dövrün öz tələbi var. Keçmişdə mənim atdığım addımların eynisini bu gün atmaq kiməsə uğur gətirməyəcək. Çünki dövrün tələbləri fərqlidir. Amma mənim qarşılaşdığım uğursuzluqdan kimsə özü üçün dərs çıxara və hazırda əldə etdiklərimə baxıb həvəslənə bilər. Ona görə də, hər kəsə tövsiyəm, əgər bir yerdə çətinlik varsa, sonunda uğur var deməkdir və geri çəkilmək əvəzinə irəli addımlamağı bacarmalısınız.