İdarəetmə mövzusunda seminar vermək üçün bir şirkətə getmişdim. Məni şirkətin bir qrup əməkdaşı qarşıladı və seminar verəcəyim insanlar haqqında məlumat almaq üçün yeməyə getdik. Əməkdaşlardan biri həm qalın səsi, həm də hündür boyu ilə seçilən Böyük Sem idi. O, əvvəlcə mənə təmsil etdiyi şirkətdə gördüyü işdən bəhs etdi. Sem şirkətin ofislərinə gedir və idarəetmə ilə bağlı yaranan problemləri aradan qaldırmağa çalışırdı. Nəhayət, Sem üzünü mənə tutdu və: "Cənab Pol!" - dedi, - "Sabahkı çıxışınızı böyük səbirsizliklə gözləyirəm. Çünki burada olan hər kəsin sizin kimi işini bilən bir adamı dinləməyə ehtiyacı var. Beləcə, mənim bir çox məsələlərdə haqlı olduğumu görəcəklər". Mən onun bu sözləri qarşısında ancaq təbəssüm etməklə kifayətləndim. Çünki ertəsi gün onun məndən heç də gözlədiyi şeyləri eşitməyəcəyinə əmin idim.
Ertəsi gün Sem seminar boyu səssiz-səmirsiz oturdu və mən çıxışımı qurtarandan sonra heç bir şey demədən çıxıb getdi. Bu hadisədən sonra düz 3 il mən Böyük Semi görmədim. Ancaq 3 il sonra yenidən eyni şirkətə (bu dəfə başqa mövzuda) seminar verməyə getdim. Ötən dəfə olduğu kimi, bu dəfə də Sem orada idi. Seminarın başlanmasına bir neçə dəqiqə qalmış Sem ayağa qalxdı və: "Cənab Pol! Burada oturanlara bir neçə kəlmə söz deyə bilərəm?" - deyə soruşdu. Mən də: "Təbii ki! Sizin kimi burada oturan hər kəs istədiyi sözü deyə bilər", - deyə təbəssümlə cavab verdim. Bunu eşidən Sem sanki daha da cəsarətləndi və: "Burada hamınız məni yaxşı tanıyırsınız və necə dəyişməyimdən hamınız yaxşı xəbərdarsınız. İndi isə zəhmət deyilsə, bunun səbəbini sizinlə bölüşmək istəyirəm", - dedi. Sonra o yenə üzünü mənə tutdu və: "Cənab Pol! İnanıram ki, sözümü qurtarandan sonra siz də mənimlə razılaşacaqsınız", - deyə əlavə etdi. Və bir neçə saniyəlik sükutdan sonra Böyük Sem sözə başladı: "Keçən dəfəki gəlişinizdə, "Real idarəetmə üçün ilk növbədə, real insan olmalıyıq və real insan olmaq üçün də ən yaxınlarımıza onları sevdiyimizi söyləməyi bacarmalıyıq", demişdiniz. Açığını desəm, mən o vaxt sizin bu sözünüzü çox da ciddi qəbul etməmişdim. Daha doğrusu, sevginin real bir insan olmaqla nə əlaqəsi olduğunu başa düşməmişdim. O gecə qonaq otağında həyat yoldaşımla üz-üzə oturanda yenə o sözünüz yadıma düşdü. Və öz-özümə: "Doğrudanmı, həyat yoldaşıma onu sevdiyimi demək üçün cəsarətə ehtiyacım var? Doğrudanmı, bunu istədiyim vaxt, istədiyim yerdə edə bilmərəm?" - deyə düşündüm. Ancaq boğazımı təmizləyib nə isə demək istəyirdim ki, birdən dilim tutuldu. Bunu görən həyat yoldaşım məndən nə demək istədiyimi soruşdu. Mən də qeyri-ixtiyari: "Yox, elə ciddi bir şey deyil", - demək məcburiyyətimdə qaldım. Sonra mən birdən-birə ayağa qalxdım və həyat yoldaşımın əlindəki qəzeti bir kənara qoyub: "Naomi, mən səni sevirəm", - dedim. Bir neçə dəqiqəlik təəccübdən sonra həyat yoldaşımın göz yaşları başladı və: "Bilirəm Sem, mən də səni sevirəm, ancaq sən bunu 25 ildə mənə ilk dəfədir ki, deyirsən", - dedi. Sonra oturub həyat yoldaşımla "real sevginin" problemləri necə həll etməsi barədə danışdıq. Bu vaxt Nyu-Yorkdakı böyük oğluma zəng etməyi qərara aldım və o, telefonu açanda: "Oğlum, yəqin ki, mənim özümdə olmadığımı düşünəcəksən, ancaq inan ki, özümdəyəm və hələ üstəlik, təsəvvür edə bilməyəcəyin qədər xoşbəxtəm. Sadəcə olaraq, zəng edib səni sevdiyimi demək istədim", - dedim. Oğlum telefonda bir qədər susdu və qısa bir fasilədən sonra: "Ata, bunu mən də bilirəm, ancaq bunu səndən eşitmək çox gözəl idi. İstəyirəm biləsən ki, mən də səni sevirəm", - dedi. Qısa, ancaq gözəl bir söhbətdən sonra dəstəyi asdım. Sonra mən San-Fransiskodakı kiçik oğluma da zəng etdim və eyni şeyləri deyəndə o da təqribən böyük qardaşı kimi cavab verdi. Onunla da söhbətim həm çox qısa, həm də çox gözəl oldu.
O gecə yatağımda uzananda sizin "real sevgi" ilə bağlı dediyiniz şeylərin əslində, daha dərin mənaları olduğunu başa düşdüm. Və əgər bütün bunları real həyatda tətbiq edə bilsək, çox şey əldə edə biləcəyimizi anladım. Sonra mən bu barədə kitablar oxumağı qərara aldım. Və o kitablardan təsəvvür edə bilməyəcəyiniz qədər çox şey öyrəndim. Beləcə, sevginin təkcə evdə yox, işdə də həyatıma necə təsir etdiyini gördüm. Buradakı insanların çoxunun da bildiyi kimi, insanlarla işləmək üslubumu dəyişdim. Onları daha çox dinləyib, daha çox anlamağa başladım. İnsanların daha çox zəif tərəflərinə yox, güclü tərəflərinə kökləndim. Beləcə, insanların mənə daha çox inanmağa başladığını gördüm. Cənab Pol, budur, bu da mənim sizə təşəkkürüm! Sizin dediyiniz o sözlər sayəsində qısa bir vaxtda şirkətimizdə baş direktor müavini oldum. Ən əsası isə bu insanlar məni öz real liderləri kimi görməyə başladılar. İndi isə burada oturan hər kəsi sizi dinləməyə dəvət edirəm. Və inanıram ki, onlar da sizdən çox şey öyrənəcəklər".