Vaxt ötdükcə texnologiyalar inkişaf edir, yeniləri kəşf olunur və hər dövrün fərqli şəkildə təzahür etməsinə səbəb olur. Hazırda bizim üçün sadə görünən bir çox yeni texnologiya yəqin ki, əsrlər əvvəl inanılmaz bir proses kimi görünərdi. Məsələn, öz xəyalınızda heç kimin avtomobilin nə olduğunu bilmədiyi bir əsrə qayıdın və orada yaşayan insanlara yollardakı tıxac şəkillərini və ya hər hansı avtomobilin istifadə qaydalarını göstərin. Sizcə, nə düşünərdilər? Əvvəlcə, yəqin ki, başqa bir aləmdə olduqlarını zənn edərdilər. Və bütün bunların nə olduğunu və ya necə baş verdiyini dərk etməkdə çətinlik çəkərdilər. Bura bir misal kimi təyyarənin havada uçmasını, insanın kosmosa səyahət etməsini, hətta telefonla canlı danışmasını və s.-i də əlavə etmək olar. İstisna deyil ki, biz də bir neçə yüz il sonra kəşf olunacaq müasir texnologiyalara o cür yanaşa bilərik. Hazırda aparılan bəzi texnoloji araşdırmalar da buna ən gözəl nümunədir. Bu yazıda 2023-cü ildə inkişaf edəcək yeni texnologiyaların bəziləri barədə danışacağıq.
Süni intellekt
Süni intellekt kompüterlə idarə olunan proqram təminatının və ya robotun insan kimi düşünmə formasıdır. Süni intellekt insan beyninin nümunələrini öyrənmək və dərk prosesini təhlil etməklə hazırlanır. Bu tədqiqatlar nəticəsində ağıllı proqramlar və sistemlər hazırlanır. Süni intellekt 2023- cü ildə texnologiyanın inkişafı ilə daha çox yayılacaq. Nəticədə, onlar bizi daha yaxşı "başa düşə" və daha mürəkkəb tapşırıqları yerinə yetirə biləcək.
Süni intellektin bir neçə növü var. Onlardan biri də məhdudlaşdırılmış süni intellektdir. Bu süni intellektə aid olan proqramlar yalnız müəyyən sahələr üçün inkişaf etdirilən və yalnız xüsusi vəzifələri yerinə yetirən proqramlardır. Məsələn, şahmat oyununda maşın gedişləri müşahidə edir və qalib gəlmək üçün ən optimal qərarı verir. Süni intellekt növlərindən biri də ümumi süni intellektdir. Bu texnologiyaya malik maşınlar əvvəlcə məlumatları toplayır və sonra yaddaşlarına əlavə edirlər. Onların optimal qərarlar qəbul etmələri üçün kifayət qədər "təcrübələri" var. Lakin buna baxmayaraq minimal yaddaşa malikdirlər və konkret bir işi və ya vəzifəni yerinə yetirə bilmək üçün hazırlanırlar. Məsələn, bu maşınlar toplanmış məkan məlumatlarına əsasən sizə ən uyğun məkanı (məsələn, hər hansı bir marşrut kimi) təklif edə bilərlər. Hazırda üzərində iş gedən ən vacib süni intellekt növlərindən biri də ağıl nəzəriyyəsinə əsasən işləyən və insan zəkasına ən yaxın olan super süni intellektdir. O, düşüncələri və emosiyaları "anlaya", həmçinin, qarşılıqlı ünsiyyət qura bilir. Hələlik, super süni intellekt səviyyəsinə çatan proqramlar tam şəkildə mövcud deyil.
Yeri gəlmişkən, qeyd edək ki, insan hisslərinin və ya duyğularının bir robota keçməsi qeyri-mümkündür. İstər xarici televiziyalarda, istərsə də, internet məkanında bəzi süni intellektlərin insanları hiss etdikləri (hətta anladıqları) ilə bağlı məlumatlar yayılsa da, bunların heç birinın həqiqətlə əlaqəsi yoxdur. Üstəlik, bunun sübutu da çox sadədir. Bir robot nə qədər inkişaf edirsə etsin, ancaq ona yazılan proqramlar çərçivəsində "hərəkət edə" bilər. Misal üçün, robota gülməyin növləri və hansı vəziyyətdə necə gülmək lazım olduğu ilə bağlı proqram yüklənir. Nəticədə, robot mövcud halda insanla söhbət edir və vəziyyətə uyğun olaraq gülümsəyir. Bu, robotun sizi hiss etməsi (həmçinin, dərk etməsi) demək deyil. Sadəcə olaraq, danışıq tonunun yüksək və ya aşağı olması və ya qarşıdakının hansı jest və mimikalardan istifadə etməsi nəzərə alınmaqla robota siqnal ötürülməsi və nəticədə, robotun ona uyğun reaksiya verməsidir. Bu, bir növ robotun hiss etməsi kimi bir yanılmaya gətirib çıxarsa da, bu, sadəcə olaraq, yazılan proqramın təzahürüdür. Heç bir süni intellekt sevinc, kədər, mərhəmət, qəzəb və s. kimi hissləri yaşaya bilməz. Çünki o tip hallar ancaq ruha malik olan canlılara məxsusdur.
Elektrik avtomobilləri
Bu gün inkişafda olan vacib sahələrdən biri də avtomobillərdir. Gündən-günə müasirləşən, dəyişən bu sahədə ən mühüm addımlar həm qənaət, həm də komfort üçün atılır. Bu səbəblə hazırlanan hibrid və ya elektrik avtomobilləri gündən-günə çoxalır. Xüsusilə də, elektrik avtomobilləri avtomobil sənayesinə əhəmiyyətli dərəcədə böyük təsir göstərir. Bu tip avtomobillər təkcə yanacağa qənaət etmir, həm də ekologiyanın çirklənməsini azaldır. Elektrik avtomobilləri bir və ya bir neçə elektrik mühərrikindən istifadə edərək akkumulyatorlarda və digər enerji saxlama cihazlarında yığılan elektrik enerjisindən istifadə etməklə idarə olunan avtomobillərdir.
Bu günə qədər elektrik avtomobillərinin çox yayılmamasının isə bir neçə səbəbi var. Onlardan birincisi kifayət qədər enerjidoldurma məntəqələrinin olmamasıdır. Hazırda bununla bağlı həm dünyada, həm də Azərbaycanda müxtəlif işlər aparılır. Bundan başqa, elektrik avtomobillərini digər avtomobillərdən fərqləndirən bəzi məhdudiyyətlər də aradan qaldırılır. 2023-cü ili də məhz bu sahədə yeni bir dövrün başlanğıcı kimi qiymətləndirmək olar. Nəticədə, həm daha az yanacaq sərf edən, həm də ətraf mühitə daha az ziyan vuran maşınlarla hərəkət etmək imkanı əldə edəcəyik.
Kibertəhlükəsizlik
Müasir dövrdə əhəmiyyətinə görə ilk sıralardan birini tutan və gələcəyin əsas sahəsi kimi aktuallığını qoruyan texnologiyalardan biri də kibertəhlükəsizlikdir. Kibertəhlükəsizliyi başqa cür kompüter təhlükəsizliyi və ya informasiya texnologiyası təhlükəsizliyi də adlandırırlar. Əksər işlərimizin tədricən kompüterlə həll edilməsi və ya onlayn şəkildə görülməsi bu sahəyə diqqəti daha da artırır. Təbii ki, bu səbəblə internet məkanının təhlükəsiz bir yerə çevrilməsi və mümkün kiberhücumların qarşısının alınması daha da aktuallaşır. Kibertəhlükəsizliyin geniş yayılmış növləri şəbəkə təhlükəsizliyi, bulud təhlükəsizliyi, şifrələmə, eyniləşdirmə, antivirus və s.-dir. Təcavüzkarların kompüterləri və ya şəbəkələri idarə etmək üçün ən çox istifadə etdikləri metodlara isə viruslar, soxulcan proqramlar (worm), casus proqramlar (spyware), troyanlar və soyğunçu proqramlar (ransomware) daxildir. Kibertəhlükəsizlik üzrə mütəxəssislər yeni təhlükələr aşkar etdikləri üçün onlarla mübarizə üçün yeni təhlükəsizlik proqramları inkişaf etməkdədir. Bu baxımdan 2023-cü ildə internet məkanında kibertəhlükəsizliklə bağlı ciddi yeniliklərin olacağı qaçılmazdır.
Yeri gəlmişkən deyək ki, ABŞ hökuməti kibertəhlükəsizlik üçün ildə 19 milyard dollar xərcləyir. Ancaq buna baxmayaraq, kiberhücumların hər gün daha sürətlə yayılması barədə xəbərdarlıq etməyi də unutmur.