İbrahim Mahmud 
 

Hər bir xalqın tarixində kino mühüm yer tutan incəsənət nümunələrindən biridir. Burada bir millətin milli-mənəvi dəyərləri, dini etiqadı, adət-ənənələri əks olunur. Kino eyni zamanda, hər hansı bir ideologiyanın təbliğat vasitəsidir. Kino tariximizdə özünəməxsus yer tutan filmlərdən biri də "Bizim Cəbiş müəllim" bədii filmidir. Film İkinci Dünya müharibəsi illərindən bəhs edir. Maqsud İbrahimbəyovun "Müharibənin 1001-ci gecəsi" əsəri əsasında çəkilən film 1969-cu ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb. Quruluşçu rejissor Həsən Seyidbəyli və rejissor-aktyor Əbdül Mahmudovun təşəbbüsü ilə ekranlaşdırılan əsərdə müharibə dövrü insanının həyat mübarizəsi ön plana çıxarılıb.

Film əsasən Bakının mərkəzində yerləşən məşhur "Səadət" sarayının yanındakı məhəllədə çəkilib. Filmdə təsvir olunan məktəb isə Bayıldakı məktəblərdən biridir. Hərbi hospital səhnəsi də məhz orada lentə alınıb. Cəbiş müəllimin eksperimenti üçün atın quyruğunun kəsildiyi səhnə isə "Sovetski" məhəlləsindəki Mustafa Sübhi küçəsində çəkilib. Cəbiş müəllimin gəzişdiyi, gəmi fitinin eşidildiyi səhnə "Qaraşəhər"də lentə alınıb. Nəcəfovun cəbhəyə getdiyi vağzal səhnəsi isə Qaradağ rayonundakı Puta qəsəbəsində çəkilib.

Filmin bu qədər təbii alınması rejissorun aktyor seçiminə xüsusi həssaslıqla yanaşmasından irəli gəlib. Belə ki, çəkilişdən əvvəl bir rolu bir neçə aktyora təklif edən Həsən Seyidbəyli obrazları səhnələşdirdikdən sonra onlar arasında seçim edib. Bu müddət ərzində həddindən artıq tələbkar davranan rejissor çəkiliş meydançasında aktyorlara tamamilə sərbəstlik verib. Odur ki, improvizələrlə zəngin olan film tamaşaçılarda real həyat hadisələrinin canlandığına dair təəssürat yaradır. Film Nəsibə Zeynalova, Süleyman Ələsgərov, Şəfiqə Məmmədova, Muxtar Maniyev, Səfurə İbrahimova, Əliağa Ağayev, Fazil Salayev, Ziya Seyidbəyli, Aqil Ağacanov, Cahangir Novruzov, Svetlana Morşinina, Məryəm Seyidbəyli və s. kimi güclü aktyor heyəti ilə ekranlaşdırılıb.

Filmdə yadda qalan rollardan biri də "Makedon" obrazıdır. Rolun ifaçısı Aqil Ağacanov heç bir aktyorluq təcrübəsi olmayan Pirşağı sakini olub. Rejissor Həsən Seyidbəyli onu tində öz yaşıdları ilə meyxana deyərkən görüb və filmdəki "Makedon" obrazına ən uyğun namizəd hesab edib. Əvvəlcə filmə çəkilmək təklifini zarafat qəbul edən Aqil Ağacanov rejissorun ciddi olduğunu anladıqdan sonra ona şərt qoyub. Belə ki, o, dostlarının da filmə çəkiləcəyi təqdirdə təklifi qəbul edəcəyini bildirib. Filmdə Cahangir Novruzovla Ziya Seyidbəylidən başqa digər uşaqlar Ağacanovun məhəllə dostları olub. Elə yoldaşları ilə meyxana dediyi səhnə üçün məşhur misraları da qəzəl ustadı Ağasəlim Çildağ sırf bu film üçün yazıb. Sözügedən meyxananı kadr arxasında Ağasəlim Çildağın tələbələri səsləndirib. Bu səhnə ilə də ilk dəfə olaraq meyxana sənəti Azərbaycanın milli folklor nümunəsi kimi tarixə düşüb.

Neçə illər keçməsinə baxmayaraq, böyük maraqla baxılan filmin kadrarxası da olduqca maraqlı hadisələrlə zəngindir. Belə ki, "Cəbiş müəllim" rolunun ifaçısı Süleyman Ələsgərov əvvəlcə sınaq çəkilişlərinə getmək istəməyib. Buna səbəb isə sınaq çəkilişlərinə onunla birlikdə çox sevdiyi və hörmət etdiyi aktyor Rza Təhmasibin də dəvət edilməsi olub. Cəbiş müəllimin içi sabunla dolu çamadanı qatar vağzalına apardığı səhnə də maraqlı kadrarxası ilə yadda qalıb. Belə ki, Makedon (Aqil Ağacanov) müəlliminə kömək məqsədilə çamadanı özü götürüb. Ancaq çamadan o qədər ağır olub ki, bu səhnənin çəkilişindən sonra aktyor bir neçə gün bel ağrısından əziyyət çəkib. Elə həmin vağzal səhnəsində Cəbiş müəllimin əsgərlərə sabun payladığı məqamda aktyor Şura Şeyxovun "Ay camaat, bir dəliyə baxın, belə vaxtda hamıya sabun paylayır" bir cümləlik replikasını çəkmək isə 8 dubla başa gəlib. Bu qədər qısa epizodun çətinliklə ərsəyə gəlməsinə səbəb aktyorun soyuqdan danışa bilməməsi olub.

Filmdəki "Namiq" obrazının ifaçısı rejissor Həsən Seyidbəylinin böyük oğlu Ziya Seyidbəylidir. O, atasının xahişi ilə bu rola çəkilməyə razı olub və sonrakı həyatında aktyorluq karyerasını davam etdirməyib. Cəbiş müəllimin uşaqları rolunda çəkilən balacalar Məryəm Seyidbəyli və Mehdi Seyidbəyli isə rejissorun digər övladlarıdır.

Filmin digər uşaq aktrisası "Tanya" isə Bakıda yaşayan bir rus ailəsinin övladı olub. Rejissor Əbdül Mahmudov əsl adı Svetlana Morşinina olan azyaşlını filmə çəkmək üçün onun valideynlərini çətinliklə razı salıb. Ailə yalnız dərslərindən geri qalmamaq şərti ilə Svetlananın filmə çəkilməsinə icazə verib.

Filmdə əsasən müharibə illərində qələbə naminə hər cür maddi çətinliklərə dözən, ailəsini halal zəhmətlə dolandırmağa çalışan, vətənin azadlığını hər şeydən yüksək tutan sadə insanların mənəvi ucalığından bəhs olunub. Ustalıqla ekranlaşdırılan əsər müharibə dövründən bəhs etməsinə baxmayaraq, filmdə heç bir döyüş və ya ölüm səhnəsi yer almayıb.