Bir məsələyə, ya da bir şəxsə qarşı gizli məqsəd, pis niyyət və ədavətlə, həmçinin şüurlu şəkildə və qeyri-obyektiv yanaşmaya qərəz deyilir. Bir şəxsə əks arqumentlər, məsələnin doğru və əsl mahiyyəti göstərildiyi halda, o yenə fikrini dəyişmir və ilkin qərarında qalırsa, bu artıq onun qərəzli olduğunu göstərir. Qərəz digər insanlara və qruplara qarşı dözümsüz, ədalətsiz və ayrı-seçkili bir münasibət bəsləməkdir.
Uzunmüddətli sosial-tarixi təcrübə nəticəsində şüurlarda kök salmış, daşlaşmış, qəlibləşmiş şablon fikirlər qərəz adlanmaqla yanaşı bunun digər adı da stereotipdir. Stereotiplər bir şeyə qarşı əvvəlcədən formalaşmış mənfi münasibətdir. Stereotiplər əksəriyyətlə yanlış və əsli olmayan məlumatlardır və fərdləri, insanları sosial qruplara, müxtəlif qəlib fikirlərə salaraq ümumiləşdirir. Bir insan stereotiplər vasitəsilə öz mövqeyini müdafiə etməyə çalışsa da, bu hal obyektivlikdən uzaq olmaqla yanaşı, mənzərəni tam təsvir etmək üçün də kifayət deyil. Həm qərəz, həm də stereotip haqqında kifayət qədər məlumat olmadan qarşıdakı şəxsə bəslənən mənfi münasibət və gizli düşmənçilikdir.
Qərəzli insan ətrafında olan insanlara, həmçinin, ətrafında cərəyan edən hadisələrə doqmatik tərzdə yanaşdığı üçün onun bu baxış tərzini dəyişdirməsi çox çətindir. Eynşteyn də məsələnin fərqində olmuş və: "İnsanların qərəzini parçalamaq bir atomu parçalamaqdan çətindir", - demişdir. Fərdlər və cəmiyyətlər arasındakı münasibətləri pozan bu qərəzli rəftarın altında isə bir sıra psixoloji, tarixi və iqtisadi faktorlar yatır. Qərəzli münasibətin formalaşmasında mövcud olan sosial şərtlərin, yaşanan acı təcrübələrin, həmçinin, insanın şəxsi keyfiyyətlərinin də mühüm rolu var.
Bəzən bir fərd başqa bir fərdin, bir cəmiyyət başqa bir cəmiyyətin ona qarşı qərəzli olduğunu qeyd edir. Əksər vaxtlarda fərdlər və cəmiyyətlər onlara qarşı edilən qərəzli münasibətin fərqində olur və bundan şikayət edirlər. Ancaq insanlar özlərinin qərəzlərini görə bilmir, nədənsə onların da qərəzli ola biləcəklərini heç vaxt hesaba qatmırlar. Halbuki, hər bir insan əvvəla özü qərəzli münasibətdən uzaq durmalı, ikinci planda isə haqlı olaraq özünə qarşı belə bir münasibəti istəməməlidir.
Başqalarına qarşı qəlib və şablon fikirlərə sahib olmaq xüsusilə ictimai sülhə mane olan bir amildir. Qərəzli münasibətin digər bir xüsusiyyəti də cəmiyyətdə sosial uzaqlığı artırmasıdır. Sosial uzaqlığı bir şəxsə "x" qrupunun bir üzvünü dostluğa, qohumluğa (evlilik yolu ilə), qonşuluğa və s. qəbul edib etməyəcəyini soruşmaqla ölçmək olar. Misal üçün zəncilərə qarşı həddindən artıq qərəzli bir şəxs bu rollardan heç birinə zənci bir şəxsi qəbul etməz. Daha az qərəzli bir ağdərili isə zənci bir şəxsi yuxarıda sadalanan bu rollardan bəzilərinə qəbul etsə də, bəzilərinə qəbul etməz.
Qərəz və stereotiplər uşaqlıq vaxtlarından öyrənilməyə başlayır. Uşaq içində yaşadığı sosial mühitin başqaları üçün istifadə etdiyi qəlib və şablon fikirləri öyrənir və bunların cəmiyyətdə daşıdığı dəyəri anlamağa başlayır. Aparılan araşdırmalar 3 yaşındakı uşaqların mənasını bilmədikləri halda irqçi termin və ifadələri öyrəndiklərini göstərir. Uşaqlar içində yaşadıqları sosial qrupdan öyrəndikləri digər etnik qruplara qarşı mənfi münasibəti daha sonrakı mərhələdə inkişaf etdirirlər. Bir sözlə, uşaqlar digər sosial qrupların üzvlərinə qarşı pis sözlər işlədərək, etnik zarafatlar edərək, ya da ayrı-seçkili rəftar göstərərək, qərəzli münasibətin təsiri altında qalırlar.
Qərəzli və qəlib fikirləri dəyişdirmək üçün ən təsirli yollardan biri haqqında mənfi düşüncəyə sahib olduğunuz insanların yanında müəyyən bir vaxt keçirmək, həmçinin, onları və sosial mühitlərini tanımaqdır. İnsan qrupları arasındakı düşməncəsinə duyğular hər hansı maraqların toqquşmasından deyil, onların bir-birilərini kifayət qədər tanımamasından irəli gəlir. Bu səbəblə yanlış məlumatlar və boş inanclar nəticəsində qərəzli düşüncə və rəftara sahib olan şəxslər, qruplar və millətlər qarşılıqlı dialoqlar vasitəsilə bu anlaşmazlıqları aradan qaldırmalıdırlar. Beləcə, onların bir-birilərini tanımaları müsbət düşüncələrin inkişafına təkan verə bilər.
Uca dinimiz İslamda bir şəxsin qəti bilgisi olmadan başqa bir şəxs haqqında yaxşı fikrə sahib olmasına "hüsnü-zənn", pis düşüncə daşımasına isə "sui-zənn" deyilir. Misal üçün İfq hadisəsinə dair ayədə: "Məgər o yalan sözü eşitdiyiniz zaman mömin kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!" - deməli deyildilərmi?" (Nur, 24/12) buyurulmuş və möminlərin bir-birilərinə yaxşı zənn (hüsnü-zənn) bəsləmələri tövsiyə olunmuşdur. Digər bir ayədə isə: "Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır" (Hucurat, 49/12) buyurulmuşdur. İslam alimləri bu ayələrdən yola çıxaraq, əksini göstərən açıq dəlillər olmadıqca hüsnü-zənn etmək lazım gəldiyini, sui-zənnin isə fərdi və sosial həyatda zərərlərə səbəb olduğunu bildirmişlər. İslam alimi Qəzzaliyə görə sui-zənn qəlblə edilən qeybətdir və bunun dillə edilən qeybətdən elə bir fərqi yoxdur. İsra surəsində keçən: "(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə). Çünki qulaq, göz və ürək bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaq" (İsra, 17/36) ayəsi isə sui-zənnin və ya qərəzli mövqeyin aqibətindən xəbər verir.
Nazim Mustafayev