Dövlətlər üçün büdcə nə qədər əhəmiyyətlidirsə, "kiçik dövlət" adlandırılan ailələr üçün də bir o qədər əhəmiyyətlidir. Hər bir dövlətdə büdcənin düzgün tərtib olunması və idarə olunması ölkənin iqtisadi inkişafı üçün nə qədər vacibdirsə, ailə büdcəsinin də düzgün planlanması və ehtiyaclara görə sərf olunması ailənin "iqtisadi inkişafı" üçün o qədər vacibdir. Dövlət büdcələrində olduğu kimi kiçik dövlətlərin büdcələrində də fərqli idarəetmə üsulları mövcuddur. Ailə büdcəsinin idarə olunmasında geniş şəkildə tətbiq olunan uğurlu üsullardan biri isə "10- 30-30-30 qaydası"dır. Bu qayda nədir və digər qaydalardan nə ilə fərqlənir? Bu yazıda bu barədə bəhs etməyə çalışacağıq.
Ailə büdcələrinin idarə olunmasında tətbiq olunan digər qaydalardan fərqli olaraq "10-30-30-30 qaydası" təkcə gəlirlərin düzgün xərclənməsini nəzərdə tutmur. Bu qayda həm də ailənin gəlirlərinin artırılmasını nəzərdə tutur.
Yazının əvvəlində qeyd etdiyimiz kimi ailə həm də "kiçik dövlət" hesab olunduğu üçün "10-30-30-30 qaydası" həqiqi dövlət büdcələrinin iş prinsipinə uyğun tərtib edilir. Ailə büdcəsini idarə edən şəxs, ya da şəxslər əksər hallarda ata və ana olur. İlk növbədə, ata-ana qəbul etməlidir ki, ailə büdcəsi təkcə onların özlərinə və övladlarına qarşı deyil, həmçinin, yaxın ətraflarına qarşı da maddi məsuliyyət deməkdir. Əgər biz ayda 500 manat gəlir əldə edir, 500 manat da xərcləyiriksə, onda qeyd etdiyimiz məsuliyyət yükünün altına girməmiş oluruq. Bu, həm də o deməkdir ki, gəlir və xərcləri eyni səviyyədə olan ailələr "təhlükəsizlik yastığı"ndan məhrum olurlar.
Dünyanın əksər dövlətləri büdcə qanunlarına "Ehtiyatlar" bölməsi əlavə edir və bu bölmə altında göstərilən xərclər əsasən fors-major hallarda sərf olunur. Məsələn, heç bir dövlət növbəti ildə ölkə ərazisində zəlzələ olacağını proqnozlaşdıra bilməz. Lakin "Ehtiyatlar" adı ilə müəyyən məbləğdə vəsaiti məhz bu cür fors-major hallar üçün ayırmağa məcburdur.
Dövlətlərdə olduğu kimi ailələrdə də mütləq müəyyən məbləğdə ehtiyat vəsaitlər olmalıdır. Gözlənilməz xəstəliklər, qəzalar zamanı ehtiyatdakı pullar ailə üçün "təhlükəsizlik yastığı"na çevrilir.
"10-30-30-30 qaydası"ndakı ilk 10 ədədi də haqqında bəhs etdiyimiz ehtiyatların həcmini göstərir. Hər bir ailə gəlirlərinin 10%-ni ehtiyat üçün saxlamalıdır. Bu ehtiyat həm də ailənin gəlirlərinin artmasına kömək etmək deməkdir. Əgər müəyyən bir dövr ərzində ailədə xəstəlik, qəza və s. kimi gözlənilməz hadisə yaşanmırsa, onda ehtiyat üçün yığılan pullar həm də sərmayəyə çevrilir. Ancaq bu pulları sərmayə kimi istifadə etsək belə 10%-lik "Ehtiyat fondu"na toxunmaq doğru deyıl.
"10-30-30-30 qaydası"na görə aylıq, illik və s. kimi bir dövrü əhatə edən gəlirlərin 10%-i istənilən halda "toxunulmaz" olmalıdır. Bu vəsaitə yalnız fors-major hallarda əl atmaq mümkündür. Daha aydın olsun deyə forsmajor hallardan bəzilərini aşağıdakı kimi sıralaya bilərik:
- Gözləmədiyiniz halda işlədiyiniz müəssisə bağlana, ya da işdən çıxarıla bilərsiniz. Yeni iş tapmağınız isə müəyyən qədər vaxt ala bilər. Belə bir vəziyyətdə borc etmək əvəzinə "Ehtiyat fonduna" əl ata bilərsiniz.
- Heç gözləmədiyiniz halda qəza keçirə və ya xəstələnə bilərsiniz. Xəstəxana xərcləri və dərmanlar üçün başqasından borc almaq əvəzinə əvvəlcədən ayırdığınız "10%-lər"dən istifadə edə bilərsiniz.
Əlbəttə ki, 10%-lik "Ehtiyat fondu"muzun nə qədər effektiv olması birbaşa gəlirlərimizdən asılıdır. Gəlirlərimiz nə qədər az olsa, ehtiyat üçün ayrılan vəsaitin həcmi də o qədər kiçik olur. Eyni zamanda, bu, "10-30-30-30 qaydası"nda nəzərdə tutulan digər 30%-lik 3 hissənin idarə olumasını da çətinləşdirir.
Ehtiyat üçün ayırdığımız 10%-lik hissədən sonra biz gəlirlərimizin 30%-ni yaşayış xərclərinə sərf etməliyik. Bura isə əsasən "gündəlik xərclər" dediyimiz ərzaq məhsulları və geyim xərclərimiz daxildir.
Qeyd edək ki, gəlirlərimizin 30%-dən çoxunu yemək və geyimə xərcləsək, onda ailə büdcəsinin idarə olunmasında "10-30-30-30 qaydası"nı tətbiq edə bilmərik. Buradan həm də belə nəticəyə gəlmək olar ki, Azərbaycanda 4 nəfərlik bir ailənin ümumi gəliri 1100 manatdan aşağı olarsa, bu qaydaları öz büdcəsinin idarə olunmasında tətbiq edə bilməz.
Bildiyimiz kimi, Azərbaycanda 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilir. Yaşayış minimumu minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır. Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Rəqəmlərdən də göründüyü kimi 4 nəfərlik ailə üçün minimum istehlak səbəti təxminən 1000 manat (246x4) edir. Bu məbləğin 10%-ni "Ehtiyat fondu"na ayırmalı olduğumuz üçün ailənin ümumi gəliri ən azı 1100 manat olmalıdır.
Əgər 4 nəfərlik bir ailənin gəliri 1100 manatdan yüksək olarsa, biz onda "10-30-30-30 qaydası"- na uyğun olaraq ərzaq və geyim üçün gəlirlərimizin 30%-ni ayıra bilərik. Məlum məsələdir ki, daha aşağı gəlirli ailələr 30%-lik həddi keçməmək üçün xərclərinə ciddi şəkildə qənaət etməlidirlər. Gəlirləri minimum səviyyədə olan ailələr isə yalnız zəruri ərzaq məhsullarına pul xərcləyə bilərlər. Belə ailələrin hansısa restoranda, ya da kafedə yemək yeməsi demək olar ki, qeyri-mümkündür. Əgər ayda 1100 manat gəliri olan 4 nəfərlik ailə restoranda yemək yeyəcəksə, onda haqqında danışdığımız "10-30-30- 30 qaydası"nı tətbiq edə bilməyəcək. Bu qaydanı tətbiq etmək üçün isə gəlirlər 1100 manatdan yüksək olmalıdır.
Əlbəttə ki, bir çox hallarda gəlirləri 1100 manatdan yüksək olan ailələrin də "gündəlik xərcləri" ümumi xərclərin 30%-dən çoxçox yüksək olur. Buna görə də, 30%-lik həddi keçməmək üçün ərzaq və geyim üçün xərclənən vəsaitə qənaət etmək lazımdır. Ailə büdcəsinə necə qənaət etmək lazım olduğu ilə bağlı isə "Fraza" jurnalının əvvəlki saylarında daha ətraflı məlumat vermişik.
Gəlirlərinizin digər 30%-ni isə kommunal xərclər, kredit ödənişləri və s. kimi xərclərə sərf edə bilərsiniz. Amma diqqət etmək lazımdır ki, bu istiqamətdə xərclədiyiniz vəsait ümumi gəlirlərinizin 30%-dən çox olmasın.
Gəlirlərinizin sonuncu 30%- lik hissəsi isə xərclərinizin ən mühüm hissəsini təşkil edir. Siz mütləq gəlirlərinizin 30%-ni şəxsi inkişafınıza səbəb olacaq sahələrə xərcləməlisiniz. Bu xərclərə əsasən təhsil və istirahət xərcləri daxildir. Əslində, bu iki istiqamətə pul xərcləməklə siz həm özünüzün, həm də ailənizin gəlirlərinin sabitliyini təmin etmiş olursunuz. Məlumdur ki, təhsilə çəkilən xərclər həm də investisiya xarakterli olur. Bu xərclər bir müddətdən sonra insana maddi gəlir gətirməyə başlayır. Məsələn, siz övladınızın yaxşı təhsil alması üçün pul xərcləyirsiniz. Bir müddətdən sonra yaxşı təhsil alan övladınız yüksək gəlirli işlərdə işləməyə başlayır. Eyni vəziyyət istirahətlə də bağlıdır. İstirahət üçün pul xərcləməyən insanlar fiziki və psixoloji olaraq yorğunluq hiss edirlər ki, bu da bir müddətdən sonra onların işinə mənfi təsir edir. Bu baxımdan gəlirlərin 30%-ni təhsil və istirahətə sərf etməkdən çəkinmək lazım deyil.