Rövşən Əhmədov
Azərbaycan ziyalıları arasında xüsusi yer tutan şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir. Savadsızlıqla, cahilliklə mübarizə dedikdə ilk ağla gələn ziyalılardandır. El arasında "Mirzə Cəlil" kimi tanınan Cəlil Məmmədquluzadə yazıçı, dramaturq, jurnalist, ictimai xadim, "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi və ideya rəhbəridir.
O, 22 fevral 1869-cu ildə Naxçıvanda anadan olub. Atası Məşədi Məmmədqulu Naxçıvanda sahibkarlardan olan Canpoladovların duz anbarlarında işləyib. Həmçinin, duz, ot və saman satıb və kiçik bir dükan sahibi olub.
Cəlil Məmmədquluzadə 1873- 1876-cı illərdə Molla Əli Hüseynzadənin, 1877-1879-cu illərdə isə Hacı Molla Bağırın məktəbində təhsil alıb. Orada ərəb və fars dillərini öyrənib. 1879-cu ildən isə Naxçıvan şəhərində üçsinifli məktəbdə təhsilini davam etdirib. Onun güclü bir ziyalı kimi yetişməsində isə Qori Müəllimlər Seminariyasının böyük rolu olub.
Seminariyanın açılması ilə Azərbaycan şöbəsinin müfəttişi Aleksey Çernyayevski Azərbaycan rayonlarını gəzərək, tələbələr axtarmağa başlayır. O, 1882-ci ildə Naxçıvana gəlir və başqa şagirdlərlə birlikdə Cəlil Məmmədquluzadənin də adını siyahıya daxil edir. Gənc Cəlil təhsil müəssisəsində dünyəvi fənləri öyrənir, özünü savadlı bir müətəxəssis kimi yetişdirməyə çalışır. Cəlil Məmmədquluzadə seminariyanı 1887-ci ildə bitirir və müəllimlik attestatı alır. Attestatda bu cümlələr qeyd edilir:
"Bu attestat Zaqafqaziya Müəllimlər Seminariyası Şurası tərəfindən, müəllim seminariyaları haqqındakı qaydaya əsasən, verilir, seminariyanın yetirməsi, 21 yaşlı Cəlil Məmmədquliyevə bundan ötrü ki, o, əla əxlaqla birlikdə son imtahanlarda aşağıdakı bilik səviyyəsini göstərmişdir: Şəriət - çox kafi, Pedaqogika - kafi, Rus dili - kafi, Azərbaycan dili - kafi, Hesab - kafi, Həndəsə və yerölçmə - çox kafi, Tarix, coğrafiya və təbiətşünaslıq - kafi, Hüsnxət, rəsmxət və rəsm - çox kafi, Müəllimlik təcrübə dərsləri - çox kafi". Bunlardan başqa o, sənət, bağçılıq, idman, mahnı və meteoroloji nəzarəti də öyrənmişdir. Bunlara görə də ibtidai xalq məktəblərində müəllimlik adına layiq görülmüşdür".
Cəlil Məmmədquluzadənin dünya ədəbiyyatı ilə tanışlığı seminariyada oxuduğu illərdə başlayır. O, burada Azərbaycan və Şərq ədəbiyyatı ilə yanaşı, Avropa və rus ədəbiyyatı ilə də yaxından tanış olur. C. Məmmədquluzadə seminariyada oxuduğu illərdə Məhəmməd Füzuli, Qasım bəy Zakir, Seyid Əzim Şirvani, Uilyam Şekspir, İvan Krılov, Aleksandr Puşkin, Nikolay Qoqol, İvan Turgenev, Lev Tolstoy kimi klassiklərin əsərlərini oxuyur, Konstantin Uşinski, Yan Amos Kamenski, İohann Pestalotsi kimi məşhur pedaqoqları öyrənir. O, 5 il oxuduğu Zaqafqaziya Müəllimlər Seminariyasında dünya elmi, mədəniyyəti və demokratik fikri ilə də yaxından tanış olur.
C. Məmmədquluzadə seminariyada başqa fənlərlə yanaşı, tərcümə dərsləri də keçir. Bu yolla o, həm dünya ədəbiyyatı ilə tanış olur, həm də qələm vərdişlərinə yiyələnir. Cəlil Məmmədquluzadə burada müxtəlif millətlərdən olan A. O. Çernyayevski, D. D. Semyonov, N. N. Novospasski, N. O. Lomouri, habelə azərbaycanlı müəllimlər Mirzə Əbdülqasım Axundzadə, Səfərəlibəy Vəlibəyov kimi pedaqoqlardan dərs alır.
C. Məmmədquluzadə seminariyanı bitirib müəllimlik attestatı aldıqdan sonra pedaqoji fəaliyyətə başlayır. O, 1887-ci ilin avqustundan Uluxanlı kəndinə müəllim təyin olunur. Gənc müəllim bir müddət orada işləyir. 1890-cı il yanvarın 15-də isə valideynlərinin yaşadığı Naxçıvan şəhərinin cəmi 5 verstliyində olan ikisinifli Nehrəm məktəbinə təyinat alır. Başqa müəllimlər kimi o da uşaqları məktəbə gətirib oxutmaq üçün böyük əmək sərf etməli olur.
Ədib 1896-cı ildə Nehrəm məktəbində tarix muzeyi qurur. Həmin muzeydə Azərbaycan tarixinin müxtəlif dövrlərinə dair materiallar toplayır. Bununla yanaşı, ipəkçilik peşəsini öyrətmək üçün xüsusi məşğələlər təşkil edir və kəndlilərin ağır iş şəraitini yüngülləşdirmək üçün Tiflisdən dəmir kotan gətirir. O, həmçinin, yerli həvəskarlarla birlikdə Naxçıvanda teatr tamaşaları da təşkil edir.
Cəlil Məmmədquluzadə bir ədib kimi ilk fəaliyyət dövründə "Çay dəstgahı" adlı alleqorik mənzum dramını, "Danabaş kəndinin əhvalatları" povestini, "Danabaş kəndinin məktəbi", "Kişmiş oyunu" və "Poçt qutusu" hekayələrini yazır.
Mirzə Cəlilin ilk məlum nəsr əsəri 1894-cü ildə yazılmış "Danabaş kəndinin əhvalatları" povestidir. Povest ədibin Nehrəmdə müəllimlik etdiyi illərdə yazılır. O, əsərlərində cahilliyi, zülmü tənqid edir, insanların savadlanması, maariflənməsi üçün addımlar atmağa çalışırdı. "Danabaş kəndinin əhvalatları" povestinin mövzusu da məhz bu istiqamətdədir. Müəllif kəndlilərin həyatını, məişətini, qadınların kölə vəziyyətini, zəhmətkeşlər üzərində hökm sürən zülm və ədalətsizliyi təsvir edir. Əsərdə satira atəşinə tutulan hədəflərdən biri də bəylər, çarizm üsul-idarəsi, rüşvətxor çar çinovnikləridir.
Cəlil Məmmədquluzadənin 1905-ci ildən sonra yazdığı hekayələrində isə İranda və İran Azərbaycanında cərəyan edən ictimai-siyasi hadisələr mühüm yer tutmağa başlayır. Ədib şah hökumətinə qarşı xalq kütlələrini aldanmamağa, əsaslı demokratik islahat keçirilməsi uğrunda fəal və ardıcıl mübarizə aparmağa səsləyir.
C. Məmmədquluzadənin ictimai fəaliyyətinin mühüm bir mərhələsi Sovet hakimiyyəti illərinə düşür. Onun bütün bu illər ərzində yazdığı əsərlərində milli şüur, ailə-məktəb tərbiyəsi, ümumiyyətlə, maarifçilik ideyaları geniş yer alır. Erməni və Azərbaycan münaqişəsi mövzusunda yazdığı birpərdəli "Kamança" (1920) pyesində isə müəllif millətin humanizm hisslərinə toxunur.
Cəlil Məmmədquluzadə həm tanınmış ziyalı, həm də peşəkar müəllim kimi Azərbaycan tarixində silinməz iz qoyan şəxsiyyətlərdəndir. Onun əsərləri bu gün də öz aktuallığını qorumaqdadır. Bu baxımdan, onun öz əsərlərində irəli sürdüyü ideyaların bir xalq kimi formalaşmağımızdakı rolu böyükdür. Cəlil Məmmədquluzadə kimi azad ziyalıların yetişməsi isə hətta bu dövrdə belə olduqca çətindir.