Xocalı soyqırımından 33 il ötür, amma o tarixdən 33 il yox, 333 il də keçsə, orada baş verənlər unudulacaq hadisələr deyil. Ermənilərin Xocalıda əliyalın, müharibə ilə hər hansı əlaqəsi olmayan qocalara, qadınlara, körpələrə qarşı işlədikləri bu cinayət onların insanlıqdan nə qədər uzaq olduqlarını göstərir. Düşmən öldürməyin də bir qaydası var, ermənilərin məsum insanlarımızı necə qətlə yetirdikləri, hətta ölülər üzərində necə vəhşiliklər törətdikləri kitaba-dəftərə sığan məsələlər deyil.
Xocalı soyqırımı tariximizin köksünə saplanmış qatil bıçağıdır. Doğrudur, 2020-ci ilin 8 noyabrında biz parlaq qələbə ilə yüzillik ağrılarımıza müəyyən qədər məlhəm qoya bildik, amma tarix unudulmamalı, son nəfəsimizə qədər zalımdan qisasımızı almalıyıq. Çünki unutduğumuz tarix dolanıb yenidən qarşımıza çıxır.
Dağlıq Qarabağda ermənilərin Azərbaycana qarşı açıq fəaliyyətə keçməsi 1988-ci ilin fevral ayında Xankəndidə Azərbaycan əleyhinə keçirdikləri mitinqlə başladı. Azğınlaşmış ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. 1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından - Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, Dağlıq Qarabağ vilayətində yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Hər həftə, hər ay Qarabağdan həyəcan dolu xəbərlər gəlir, kəndlərimiz bir-bir ermənilərin işğalı altına keçirdi. 7000 əhalisi olan Xocalı şəhəri Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağ silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir.
Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi vertolyot qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 40 nəfərin ölməsindən sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən şəhərə elektrik verilmirdi. Şəhər ancaq əhalinin qəhrəmanlığı və müdafiəçilərin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdu. Şəhərin müdafiəsi əsasən atıcı silahlarla silahlanmış yerli özünümüdafiə dəstəsi, milis və Milli Ordunun döyüşçülərindən təşkil olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı erməni silahlı dəstələrinin mühasirəsinə alınmışdı və hər gün toplardan, ağır texnikalardan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı.
Xocalı fevralın 25-də saat 23:00-dan toplardan atəşə tutulmağa başladı. Şəhərə hücum toplardan, tanklardan, "Alazan" tipli zenit qurğularından 2 saatlıq atəşdən sonra başladı. Xocalıya üç istiqamətdən hücum aparıldığından əhali Əsgəran istiqamətində qaçmağa məcbur oldu. Tezliklə aydın oldu ki, bu, məkrli bir hiylə imiş. Naxçevanik kəndi yaxınlığında əhalinin qarşısı erməni silahlı dəstələri tərəfindən kəsildi və onlar gülləbaran edildilər. Qarlı aşırımlarda və meşələrdə zəifləmiş, taqətdən düşmüş insanların çox hissəsi məhz Əsgəran-Naxçevanik düzündə erməni silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla məhv edildi. İlk növbədə, yaşayış massivində yerləşən kazarma və müdafiə nöqtələri dağıdıldı. Fevralın 26-sı gecə saat 01:00- 04:00 arası isə piyada dəstələri şəhərə girdi. Ermənistan silahlı birləşmələrinin üzvlərinin məlumatına görə Xocalı qarnizonunun silahlı müqaviməti tezliklə qırıldı. Xocalıdakı dağıntılar da artilleriya hücumunun olduğunu təsdiq edirdi və onlar gərgin küçə döyüşləri nəticəsində yaranan dağıntılara bənzəmirdi. Sonuncu müdafiə nöqtəsi saat 07:00-da məhv edildi. Hücum başladıqdan dərhal sonra əhalinin bir hissəsi Ağdam istiqamətinə hərəkət edərək Xocalını tərk etməyə başladı. Şəhəri tərk edən bəzi qrupların tərkibində şəhər qarnizonundan olan silahlı şəxslər də var idi.
Bütün Xocalı qaçqınlarının dediklərinə görə şəhərə hücumda Sovet Ordusunun 366-cı motoatıcı alayının hərbçiləri də iştirak edirdi. Hərbi hissənin komanda heyəti əhalinin müqaviməti ilə qarşılaşdıqlarına görə alayın sərbəst çıxarılmasını təmin edə bilmədiklərini qeyd edirdi. Bu məqsədlə Gəncədə yerləşən desant diviziyasının qüvvələri cəlb edilməli oldu. Ancaq bu qüvvələr gələnədək alayın 103 əsgəri, əsasən ermənilərdən ibarət olan və qırğında iştirak edən 103 hərbçisi əmrə tabe olmaqdan boyun qaçırdı və Qarabağda qaldı. Alayın komandanlığının cinayət sövdələşməsi və alayın çıxarılmasına məsul olan digər şəxslərin məsuliyyətsizliyi nəticəsində hərbi texnikanın bir hissəsi, o cümlədən zirehli texnika ermənilərə təhvil verildi. Və beləcə, 366-cı alayın döyüş maşınları və onların heyəti şəhərə hücum əməliyyatında iştirak etdi. Əhali isə şəhəri iki istiqamətdə tərk etdi:
- Şəhərin şərq hissəsindən çay yatağı boyu şimal-şərq istiqamətinə, Əsgəranı sol tərəfdə saxlamaqla (Ermənistan rəsmiləri məhz bu yolun "azad dəhliz" kimi saxlanıldığını bildirirlər);
- Şəhərin şimal hissəsindən şimal-şərq istiqamətinə, Əsgəranı sağ tərəfdə saxlamaqla (görünür, bu yolla qaçqınların çox az bir hissəsi keçdi).
Beləliklə, mülki əhalinin əksər hissəsi Xocalını tərk etdi, təxminən 200-300 nəfər isə öz evlərində və zirzəmilərində gizlənərək Xocalıda qaldı. Hücum zamanı şəhərin bombalanması nəticəsində Xocalıda qeyri-müəyyən sayda mülki əhali öldürüldü. Erməni tərəfi praktiki olaraq bu cür öldürülən əhalinin sayı ilə bağlı məlumat verməkdən imtina etdi.
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 Xocalı sakini qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Azərbaycanda Xocalı soyqırımının işıqlandırılması əsasən Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adı ilə əlaqələndirilir. Onun qısamüddətli hərbi jurnalistlik karyerasında ən vacib xidməti Xocalıda törədilən vəhşilikləri lentə almaq idi. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırov isə üç gün ərzində 1003 Xocalı əsirini ermənilərin əlindən xilas etdi. Xocalı soyqırımı bizim köksümüzdə sağalmayan yara, ermənilərinsə alnında qara ləkədir.
Davamlı olaraq kinlə, nifrətlə yaşamaq mümkün deyil, amma keçmişini unutmaq, dostu, düşməni ayırd edə bilməmək fəlakət üstünə fəlakət deməkdir. Ona görə də, biz bu kimi mövzuları həmişə canlı tutmalı, kitablarla, sənədlərlə nəsillərə öyrətməliyik ki, o yaşananlar bir daha başımıza gəlməsin. Tarix göstərir ki, təcavüzkar gec-tez öz cəzasını alır və alacaq. Bu gün dünyada baş verənlərə diqqət etsək, görərik ki, münaqişəni başlayan məğlubiyyətə məhkumdur.
Xocalı bu gün də işğal altındadır, amma əminik ki, nəinki Xocalıda, bütün Qarabağda üçrəngli Azərbaycan bayrağının dalğalanmasına az qalıb, həm də çox az.
Xocalı sənin dərdindir, mənim dərdimdir, onun dərdidir, özünü bu dövlətin vətəndaşı, bu xalqın övladı bilən hər kəsin dərdidir. Xocalını unutma, unutmayaq, çünki unudulan dərd dönüb dolanıb yenidən başa gəlir.