Bəşər yaranandan bu günə qədər insanlıq hər zaman nəyinsə mübahisəsini aparıb. Bəzən fərd, bəzən cəmiyyət, hətta, bəzən ölkə olaraq nəyinsə mübahisəsini edib və müdafiə etdiyi şeyin doğru olduğunu sübut etmək uğrunda mübarizə aparıb. Buna tarixdəki bir çox çəkişmələri, intriqaları, hətta müharibələri də nümunə göstərmək olar. Ancaq bəzən bir insanın fərdi düşüncələrinin nəticəsi olaraq ortaya çıxan hər hansı bir qərar onilliklər boyu böyük cəmiyyətlər arasında mübahisələrə gətirib çıxarıb. Tofiq Bəhramovun öz fitini səsləndirərək, İngiltərəni dünya çempionu etməsi də elə bu qəbildəndir.
Tofiq Bəhramov sıravi azərbaycanlı vətəndaş və futbol hakimi idi. Ona təyin olunan vəzifəni yerinə yetirib öz həyatını yaşamağa davam edirdi. Lakin 1966-cı ildə bir futbol matçı zamanı verdiyi qərar onu sıravi bir vətəndaş və futbol hakimi obrazından çıxardı və milyonlarla insanın haqqında danışdığı bir qəhrəmana çevirdi. Düşünürəm ki, buna görə Tofiq Bəhramovun həyatını iki hissəyə ayırmaq olar: 1966-cı ildən əvvəl və sonra.
Yuxarıdakı bölgüyə əsasən 68 il ömür yaşamış Tofiq Bəhramovun həyatının 41 ili birinci hissəyə düşür.
O, 1925-ci il 29 yanvarda Ağdamda ziyalı ailəsində anadan olub. Valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzasının İncəvar kəndindən didərgin düşüb. Atası Bəhram Sankt-Peterburqda ali təhsil alıb, dəfələrlə repressiyaya məruz qalıb. Anası Səriyyə Seyidbəyli - nəcib köklü azərbaycanlı ailəsində, Şuşa şəhərində anadan olub.
Hakimlik karyerasına başlamazdan əvvəl Tofiq futbolçu olub. Futbolçu karyerasına 1943-cü ildə başlayan Tofiq 6 ay "Spartak" cəmiyyətində məşq etdikdən sonra Bakı birinciliyində "Burevestnik"lə oyunda debüt edib. 1 il sonra o artıq SSRİ çempionatının B qrupunda yarışan Bakı "Dinamo"sunda çıxış etməyə başlayıb. Daha sonra isə "Neftyannik"ə (indiki "Neftçi") dəvət alıb. Azərbaycan futbolunun tarixinə düşən Bəhramovun karyerasının tarixi də Azərbaycan futbolu ilə bağlı olub. Belə ki, o, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin dediyinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsi ilə seçilib. Bəlkə də, elə buna görə onun qismətinə futbolçu kimi yox, hakim kimi tarixə qovuşmaq düşüb.
Səbəblər çox ola bilər, amma həqiqət budur ki, Tofiqin futbolçu karyerası istədiyi kimi alınmır. Bilgəhdə keçirilən məşqlərin birində komanda yoldaşı Valentin Xlıstovla mübarizədə zədələnən futbolçu 25 yaşında karyerasını başa vurmalı olur.
Tofiq Bəhramovun hakim kimi çıxdığı ilk matç onun gələcək karyerasının bir növ carçısı idi. 1951-ci ildə Bakı kuboku uğrunda "Dinamo" - "İnşaatçı" matçına hakim gəlib çıxmır. Nəticədə, 26 yaşlı gənc Tofiqə oyunu idarə etmək təklif olunur. İlk görüşdəcə gələcəkdən xəbər verən hadisələr yaşanır. Qarşılaşma qalmaqalla nəticələnir. Lakin zaman keçdıkcə digər mərkəzi matçlara da təyinat alan gənc hakim özünü sübut etməyə başlayır. Daim prinsipiallığı, obyektivliyi ilə seçilən referi qısa bir vaxtda SSRİ-nin ən yaxşı hakimlərindən birinə çevrilir.
T. Bəhramovun ömrünün 27 ili isə həyatının ikinci hissəsinə düşür. Həyatının ikinci hissəsi birincisindən 14 il daha qısa olsa da, daha ağır və daha yaddaqalan keçir.
T. Bəhramov 1965-ci ildə beynəlxalq dərəcəli hakim adını alır və bundan bir il sonra,
1966-cı ildə İngiltərədə keçirilən 8-ci Dünya Çempionatına yollanır. Mundialın finalına qədər bir oyunda (İsveçrə - İspaniya) baş hakim, iki oyunda (Argentina - İsveçrə və İngiltərə - Uruqvay) isə laysman kimi meydana çıxır.
1966-cı ildə İngiltərədə keçirilən FIFA Dünya Kubokunun final oyunları Tofiq Bəhramovun adını idmanın bu sahəsi ilə maraqlanan hər kəsə tanıtdı. Nəzərə almaq lazımdır ki, onun beynəlxalq təcrübəsi heç də çox deyildi. Belə ki, Dünya Kubokunun final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət etdi. 1966-cı ildə dünya çempionatında ev sahibi İngiltərə Almaniya ilə turnirin finalında qarşılaşır. Final matçının yan xətt hakimlərindən biri də Tofiq Bəhramov olur. 90 dəqiqə 2-2 bərabərliklə nəticələnir. Qalibi müəyyənləşdirmək üçün oyuna daha 30 dəqiqə əlavə olunur. 110-cu dəqiqədə ingilislərin hücumçusu Ceff Herst topu almanların qapısına tərəf göndərir. Top dirəyə dəyib yerə düşür. Oyunun baş hakimi, isveçrəli Qottfrid Dinst topun uçuş trayektoriyasını görmədiyi üçün bu anda özünü itirir. Dinst yan xətt hakiminə işarə edir və son sözü onun deyil köməkçisi - sovet hakimi Bəhramovun deyəcəyini göstərir. İki referi arasındakı jestlər (onlar eyni dildə danışa bilmirdilər) bir neçə saniyə çəkir. Bu anda hər kəs, milyonlarla ingilis və alman, həmçinin, digər futbol tamaşaçıları, oyunu stadiondan izləyən azarkeşlər Tofiq Bəhramovun hansı qərar verəcəyini gözləyir. Və T. Bəhramov bir hərəkəti ilə dünya çempionatlarının tarixinə düşür. O, əli ilə meydanın mərkəzini işarə edir. Bu, İngiltərənin dünya çempionu, Almaniyanın isə finalda məğlub olması demək idi. Sonsuz hiddət içində olan almanlar heç nəyi dəyişə bilmirlər.
Lakin final fitinin səslənməsi və matçın bitməsi bir sıra mübahisələrin başlanmasına, saysız-hesabsız təzadlı fikirlərin səslənməsinə səbəb olur.
Bütün futbol dünyası iki düşərgəyə parçalanır. Britaniya nöqteyi-nəzərindən yanaşanlar Bəhramovun qərarını müdafiə edirlər. Auditoriyanın alman hissəsi isə öz fikrində qalmaqda davam edir. Onlar Bəhramova yarımfinalda almanların sovet komandasını mübarizədən uzaqlaşdırdığını xatırladırlar. Hətta onu almanlara qarşı İkinci Dünya müharibəsindən qalma düşmənçilikdə də ittiham edirlər. Tofiq Bəhramov isə müsahibələrindən birində "Qol olmuşdu?" sualına "Stalinqrad!" cavabını verir və bununla da həmin qol ətrafında daha bir əfsanə yaradır. Maraqlısı isə budur ki, Tofiq Bəhramov dünyanın 52 ölkəsinə səfər etsə də, heç vaxt Almaniyaya səfər etmir.
Oyundan sonra Britaniya kraliçası II Elizabet Tofiq Bəhramova şəxsən "Qızıl ilahə" və "Qızıl fit" mükafatlarını təqdim edir. Öz memuarlarında Bəhramov topun dirəkdən yox, məhz qapı torundan sıçradığını gördüyünü etiraf edir. Hakim topun yerə toxunma məqamını isə heç görmədiyini bildirir.
Bu qərar indiyədək futbol aləmində mübahisə mövzusu olmaqda davam edir. 1990-cı ildə Oksford Universitetinin mütəxəssisləri kompüterin köməyi ilə heç bir qolun olmadığını müəyyən etsələr də, tədqiqatların nəticələrini çox adam qəbul etmir. 2016-cı ildə isə Britaniyanın "Sky Sports" telekanalında Tofiq Bəhramovun verdiyi qərar növbəti dəfə müzakirəyə çıxarılır. Müasir texnologiya ilə aparılan araşdırma Tofiq Bəhramovun qərarının haqlı olduğunu sübuta yetirir.
Tofiq Bəhramov dünya futbol tarixində adına heykəl olan və adı stadiona verilən ilk hakimdir. Görkəmli hakimin adının əbədi ünvan tapdığı stadionun rəsmi açılışı 1951-ci ilin 16 sentyabrında keçirildi. Stadionun yaxınlığında isə dünyada ilk dəfə olaraq 2004-cü ilin 14 oktyabrında futbol hakiminin xatirəsinə heykəl qoyuldu. 2007-ci ildə Britaniya sakinləri arasında aparılan sorğuya əsasən, Bəhramovun qərarı "Bəşəriyyət tarixində ən məşhur stop-kadr" nominasiyasında ikinci yerdə qərarlaşdı. Sorğu "Hansı epizod zamanı düyməni basıb, lenti geri fırladıb dəfələrlə baxmısınız" sualı ətrafında aparıldı.
Əfsanəvi Tofiq Bəhramov 1975- ci ildə hakimliklə vidalaşdı. O, fəaliyyət göstərdiyi 15 il ərzində idarə etdiyi oyunların heç birində oyunçuya qırmızı vərəqə göstərmədi. Amma bunun əksinə o, həyatdakı son "qırmızı vərəqəsini" 1993-cü il martın 26-da aldı. O, Bakıda üçüncü dəfə keşirdiyi infarktdan sonra dünyasını dəyişdi.
İngilis yazıçısı Artur Hopkraft "Futbol adamı" kitabında Tofiq Bəhramov haqqında yazır:
"Bəhramov bayrağını qaldıranda təkcə "Uembli" stadionu deyil, bütün İngiltərə onun ayaqları altında idi. Hamı fikirləşirdi: "Bu rus nə istəyir?" Ancaq üstündən on illərlə vaxt keçəndən sonra hamı başa düşdü ki, o, rus deyil, möcüzəli bir ölkənin, Azərbaycanın oğludur. Sonradan futbolçular mənə etiraf etdilər ki, onlar özlərini yan xətt hakimini qaçıb qucaqlamaqdan zorla saxlamışdılar. Onlara bu hədiyyəni verdiyinə görə yox, öz işini peşəkarcasına yerinə yetirdiyinə görə".
Sonda isə deyə bilərik ki, möcüzəli ölkənin möcüzələrlə dolu tarixində möcüzəvi şəxsiyyət - Tofiq Bəhramovun öz imzası var.