Elizabet Evans Hyuz qurbanlarını bir-bir ölümə aparan o xəstəliyə tutulanda hələ 11 yaşında idi. O dövrün həkimlərinin bu xəstəliklə bağlı bildikləri yeganə şey xəstəliyin mədəaltı vəzidəki bir maddənin ifraz olunmamasından irəli gəlməsi idi. Ancaq onlardan heç biri bu maddənin nə olduğunu bilmirdi. Əlbəttə ki, bir qrup alim onlara Nobel mükafatını qazandıran insulin maddəsini kəşf edənə qədər...
Elizabet bu xəstəliyə tutulanda atası Çarlz Evans Hyuzun ilk işi (Çarlz Evans Hyuz həm də o dövrün ABŞ Dövlət Katibi idi) o sahədə böyük şöhrət qazanmış həkim Frederik Allenə müraciət etmək oldu. Yalnız "yüksək iradəli" xəstələri qəbul edən Allen onlara həftənin bir gününü ac qalmaqdan, o biri günlərini isə gündə 350 kalori qəbul etməkdən ibarət olan çox sərt bir pəhriz təklif edirdi. Hətta bu şəkildə belə xəstələr ancaq bir neçə il yaşaya bilirdi. "Ölüm pəhrizi"nə dözə bilməyən xəstələr tez-tez xəstəxanaya düşür, günlərlə bir parça çörəyə, ya da bir dilim pendirə həsrət qalırdılar. Əlbəttə ki, pəhrizdən imtina edənlər və ya öz taleyi ilə barışanlar da az deyildi. Elizabet isə bu xəstəliyə qarşı apardığı mübarizədə qalib gələcəyinə inanırdı. Üstəlik, onun işi o biri xəstələrdən də çox çətin idi. Çünki həm atası, həm də anası siyasət dünyasının diqqət mərkəzində olan insanlar idi. Evlərində demək olar ki, hər gün bir-birindən zəngin ziyafətlər verilirdi. 11 yaşlı qız isə bir dəri, bir sümük masaların arasında gəzir və o qədər "naz-nemətə" baxmayaraq günlərini bir parça çörək və bir ədəd yumurta ilə keçirməyə razı olurdu. Üstəlik, gündən-günə saçı və dərisi tökülür, sümüyü isə əriyirdi. Bəli, nə ata-anasının şan-şöhrəti, nə də ata-anasının var-dövləti onun dərdinə çarə ola bilmirdi.
Çox vaxt belə xəstəliyə tutulanlar ya insanlardan küsür, ya da özlərinə qapılırlar. Elizabet isə əksinə heç kimlə əlaqəsini kəsmir, hətta xəstəlikdən ayaqları yer tutmayanda belə dostları ilə gələcək günlərinin xəyallarını qururdu. Ancaq onun bir xəyalı da var idi. Və onun bu xəyalı yazıçı olmaq idi. Nə də olsa, xəstəliyinin dizlərini taqətdən salması onun yazmasına maneçilik törətmirdi. Buna görə də, o dayanmadan oxuyur, araşdırır, hətta uşaq jurnallarına yazılar göndərirdi. Xəstəliyi ilə bağlı ailəsindən uzaq düşəndə isə onun ən yaxın köməkçisi tibb bacısı Blanş və bir də anasından gələn məktublar idi... Bəli, Elizabet bir dəri, bir sümük bədəni ilə təkcə şəkərlə mübarizə aparmır, bu xəstəliyin səbəb olduğu onlarla xəstəliyə qalib gəlməyə çalışırdı. Çünki o, Allahın insana bəxş etdiyi ümid, inam və səbir nemətləri ilə nə vaxtsa ayağa qalxacağına inanırdı. Və nəhayət təqvim 11 yanvar 1922-ci il tarixini göstərəndə gözlənilən o şad xəbər gəldi. Frederik Bantinq və rəhbərlik etdiyi heyət uzun araşdırmalardan sonra mədəaltı vəzidən əldə edilən o maddəni, yəni insulini kəşf etmişdi. Elizabet isə bu maddəni sınaqdan çıxaran ilk xəstələrdən biri oldu. Və ondan sonra da insanlara və cəmiyyətə həsr olunmuş 74 illik uzun bir ömür yaşadı.