Yaşlı alim qapısının döyülməsi ilə dərin düşüncələrdən ayrıldı. Geyimindən varlı olduğu məlum olan bir adam dəvət gözləmədən içəri girdi və yüksək bir səslə: "Hər şeydən əvvəl deyim ki, hüzurunuzda gördüyünüz bu adam əslində, tanınmış bir alimdir", - deyə danışmağa başladı: "Üstəlik, mən şahın ən etibar etdiyi məsləhətçilərindən biriyəm. Şah məndən soruşmadan barmağını belə oynatmır. Əlbəttə ki, mənim məsləhətlərimdən təkcə şah yox, onun əyanları da istifadə edirlər. Ancaq onu da deyim ki, mənim üçün bu mövqeyə çatmaq o qədər də asan olmadı. Mən ən yaxşı alimlərdən dərs aldım və ən çətin imtahanlardan keçdim. Hətta, bu gün belə mənim üçün ən əsas iş öyrənməkdir. Sizi isə mənə ən yaxın dostum məsləhət gördü. Ona görə mən də sizi görməyə gəldim".
Adamın bir-birinin ardınca dediyi cümlələr arasında qısa bir fasilə tapan alim bu "çağırılmamış qonağa" çay içməyi təklif etdi. Alimin təklifini qəbul edən adam yenə də öz uğurlarını saymaqda davam etdi. Alim bir tərəfdən qonağa qulaq asır, bir tərəfdən də, fincanına çay tökürdü. Ancaq nədənsə, fincanın dolmasına (hətta, belə demək mümkünsə, daşmasına) baxmayaraq, alim çayı tökməkdə davam edirdi. Bunu görən "çağırılmamış qonaq" yenə eyni yüksək səslə yaşlı alimdən: "Fincanın dolduğunu görmürsən? Niyə hələ də tökməkdə davam edirsən?" - deyə soruşdu. Alim əvvəlcə gülümsədi, sonra da: "Əslində, sənin beynin də bu fincan kimidir", - deyə cavab verdi, - "Artıq ora yeni bir şey qoymaq mümkün deyil. Ən yaxşısı sən get onu boşalt, sonra da mənim yanıma dolu fincan kimi yox, boş fincan kimi gəl. Yoxsa, mənim sənə öyrədə biləcəyim bir şey yoxdur".
(Cudit Malika Libermandan)