İbrahim Mahmud 
 

Hər bir insan yaradılışdan xüsusi istedadı, özünəməxsus qabiliyyəti ilə digərlərindən fərqlənir. Elə insan tapılmaz ki, onun əlindən heç bir iş gəlməsin və ya qabiliyyəti nəyəsə yetməsin. Sadəcə olaraq, ola bilər ki, həyat ona öz bacarığını ortaya qoymağa imkan vermir, ya da sahib olduğu istedaddan xəbərsiz olur.

Bir insanın istedadını müəyyən etmək güclü müşahidə qabiliyyəti tələb edir. Hələ 14 əsr bundan əvvəl Allah Rəsulu (s.ə.s.) kimin hansı sahədə daha çox fayda verəcəyini əvvəlcədən sezir və hər bir işə ən layiqli şəxsləri təyin edərək onların enerjisini düzgün istiqamətləndirirdi.

Bəs, zahirdə görünməyən, daxildə gözləyən (həm də bəhrə verməyə hazır bir toxum kimi) bu cəvahiri necə kəşf edək? Onu ortaya çıxarmaq üçün özümüzü necə inkişaf etdirək? Aldığımız biliklərlə bacarıqlarımız nə dərəcədə örtüşür? Və ya biliklərimizi lazımi səviyyədə göstərə bilirikmi? Təbii ki, bütün bu suallara cavab tapmaq üçün məsələyə geniş aspektdən yanaşmalıyıq. Çünki burada həm psixoloji, həm sosial, həm də iqtisadi faktorlar rol oynaya bilər. Məsələn, ola bilər ki, uşağın çox yaxşı rəsm çəkmək qabiliyyəti var. Ancaq onun rəngli karandaşı və ağ kağızı yoxdursa, rəssamlıq bacarığını necə göstərə bilər?

Əgər diqqət etsək, ətrafımızda qeyri-peşə sahələrində işləyən kifayət qədər insanın olduğunu görə bilərik. Maliyyə və kredit fakültəsindən məzun olub, marketdə kassir işləyənlər, politologiya fakültəsini bitirib, ingilis dilini tədris edənlər... Təbii ki, bu siyahını istənilən qədər artıra bilərik.

Adətən, uşaqlıqda həkim olmaq istəyib, ola bilməyən valideynlər övladlarını tibb sahəsinə yönləndirirlər. Öz arzularını uşaqlarının üzərindən yaşamaq istəyən ata və analar çox vaxt onların fikirlərini soruşmaq haqda belə düşünmürlər. Bununla bağlı hər il kifayət qədər müraciətlə qarşılaşdıqlarını deyən psixoloq Elnur Rüstəmov valideynlərlə uşaqların istəyinin çox vaxt üstüstə düşmədiyini bildirdi: "Bizə olunan müraciətləri təhlil edərkən görürük ki, ailə böyükləri övladlarını daha çox göz önündə olan xtisaslara yönləndirirlər. Təəssüflər olsun ki, uşağın bacarığı, potensialı nəzərə alınmır. Uşaqla konsultasiya zamanı aydın olur ki, bu seçim heç də onun ürəyincə deyil. Lakin valideynin tələbinə uyğun ixtisas seçən abituriyentlər çox vaxt universiteti bitirdikdən sonra yiyələndikləri peşənin deyil, arzusunda olduqları sahənin arxasınca gedir və o istiqamətdə özlərini inkişaf etdirirlər. Bu isə həm vaxt, həm də maliyyə baxımından itki deməkdir. Bəziləri arzuladıqları peşəyə yiyələnmək üçün 10 ilə yaxın vaxt sərf edirlər. Bu baxımdan yaxşı olar ki, valideynlər uşaqlarının istəklərini nəzərə alsınlar və onların fikirlərinə hörmətlə yanaşsınlar". 

Məktəblərin peşə seçimində rolu 

Reallıq budur ki, gələcəyimizlə bağlı qərarlarımız məktəb illərində formalaşmağa başlayır. Belə ki, iqtisadiyyatla bağlı peşə sahibi olmağımız riyaziyyat fənninə olan sevgimizin nəticəsidir. Və ya pedaqoji fəaliyyətlə məşğuluqsa, bu bizim ədəbiyyata olan marağımızın göstəricisidir. Bu baxımdan deyə bilərik ki, məktəblər karyera seçimində bir təməl rolunu oynayır. Psixoterapevt dr. Lətifə Cavadlı bu sahədə məktəblərdə kompleks tədbirlərin görülməsinin əhəmiyyətini vurğuladı: "Məktəblərdə təmayüllər üzrə siniflərin açılması və uşaqların bu siniflər üzrə bölünməsi onların ixtisaslaşması baxımından təməl addımlardan biridir. Qeyd edim ki, ölkəmizdə bir çox məktəblərdə bu sistem mövcuddur. Həmçinin, dərslərin interaktiv şəkildə təşkili, uşaqların seçmək istədikləri ixtisaslarla yaxından tanışlığı üçün videoların, filmlərin göstərilməsi və həmin sahələrin peşəkarları ilə görüşlərin təşkil edilməsi bu istiqamətdə görüləcək mühüm işlərdən biridir. Bununla yanaşı, karyera aşkarlama testləri də həyata keçirilə bilər. Bu kimi testlərin keçirilməsində əsas məqsəd şagirdin bilik və bacarıqlarını ortaya çıxarmağa kömək etmək və gələcək karyerasına istiqamət verməkdir. Qeyd edim ki, dünyanın bir çox ölkələrində bu test məcburidir. Lakin nəticəsi şagirdlərin öz istəklərinə uyğun olaraq məsləhət xarakteri daşıyır".

Dr. L. Cavadlı insanların peşəsini sevməməsinin onların həyat keyfiyyətinə də mənfi təsir göstərdiyini vurğuladı: "Uşaqların düzgün ixtisas seçməsinin başlıca amillərindən biri də özünü yaxşı tanımasıdır. İlk növbədə, "Mən nə istəyirəm?", "Nəyi yaxşı bacarıram?", "Hansı işdə özümü xoşbəxt hiss edirəm?" suallarına cavab tapılmalıdır. Araşdırmalar göstərir ki, insanın iş həyatı onun şəxsiyyətinə, xarakterinə, ruhuna xitab etmirsə, bu, məyusluq və streslə nəticələnə bilər. İşindən razı olmamaq xəstəliklərə qarşı müqaviməti azaldır və ən təhlükəlisi depressiyaya gətirib çıxarır". 

Təhsildə kommunikasiya necə qurulmalıdır? 

Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, dosent İsa Qasımov iş həyatında uğur qazanmağın fərqli tərəflərini ortaya qoydu: "Düşünürəm ki, hər şey sevgidən, başqa sözlə, xoş niyyətli yanaşmadan başlayır. Təhsil də belədir. Şagirddə təhsilə qarşı sevgi yaratmaq isə, ilk növbədə, ailənin üzərinə düşür. Ailənin məktəb haqqında formalaşdırdığı fikir uşağın öyrənmə istəyinin əsasını təşkil edir. Əvvəlcə sevgi yaranmalıdır ki, öyrənmə istəyi, öyrəndiklərini mənimsəmə bacarığı və bütün bunları sərgiləmə qabiliyyəti ortaya çıxsın. Hesab edirəm ki, biliyi ötürərkən alıcının tələbləri nəzərə alınmalıdır. İndiki nəsil "smart" dövrünün insanlarıdır. Lakin onlara təhsil verən müəllimlərin əksəriyyəti ənənəvi dövrün imkanları ilə yetişib. Belə ki, əvvəllər uşaqlar hansısa cizgi filminə baxmaq üçün televizora yaxınlaşıb kanal seçməli idilərsə, indi cəmi bir toxunuşla istədikləri filmə istədikləri sürətlə baxmaq imkanına malikdirlər. Ona görə də, təhsili yeni nəslin tələblərinə uyğun şəkildə təqdim etmək, bilikləri yeniləyərək ötürmək, düşünürəm ki, daha faydalı olar. Nəzərə alsaq ki, təhsildə idarəetmə daha mühafizəkar bir sistemdir, bu baxımdan peşəkar idarəetmədə elastiklik də olmalıdır. Amma bu idarəetmənin zəruri qayda və prinsiplərinə xələl gətirməməlidir".

Bu sahədə ixtisas seçimini subyektiv bir məsələ olaraq qiymətləndirən İ. Qasımov səmərəli qərarlar qəbul etmək üçün tədqiqatların aparılmasının daha vacib olduğunu bildirdi: "Hesab edirəm ki, bu məsələ ilə bağlı ixtisas seçimi mühüm olmaqla yanaşı, subyektiv bir amildir. Ona görə də, sözügedən sahədə əsaslı tədqiqatların aparılması labüd məsələdir. Belə ki, həm təhsil işçiləri, həm valideynlər, həm də şagirdlər arasında sorğu aparılmalı və əldə olunan anketlər mütəxəssislər tərəfindən ciddi şəkildə təhlil olunaraq qərarlar veilməlidir. Mövcud vəziyyət göstərir ki, indiki cəmiyyətdə məcburi alınan qərarlar nəticə vermir. Nəzərdə tutduğum tədqiqat doğru aparılsa, onun nəticələrinə uyğun formalaşdırılan tədris prosesinin qazandıracağı biliklər həm şagirdin, həm də valideynin ixtisas seçimi və bu kimi qərarlarına müsbət təsir edəcək. Təəssüflər olsun ki, biz bu sahədə heç bir tədqiqat aparmır və hansısa ölkənin qabaqcıl hesab etdiyimiz təcrübəsini eyni şəkildə tətbiq etməyə çalışırıq. Düşünürəm ki, bu prosesdə yerli vəziyyət ciddi təhlil edilməli və düzgün diaqnozlar əsasında ehtiyac və tələblərə cavab verən məzmun planları hazırlanmalıdır. Fikrimcə, cəmiyyətdə işsiz qalan diplomlu gənclərin və ya qeyri-peşə sahələrində işləməyə məcbur olan mütəxəssislərin sayının kütləvi olması müvafiq yanaşmaların səmərəli nəticə vermədiyinə əsas sayıla bilər. Bu baxımdan deyə bilərəm ki, ən məhsuldar sistemlər köhnəyə yaxın olan, lakin yeniliklərə açıq olan yanaşmalardır.

İnsanın özünü formalaşdırmasından çox şey asılıdır. Hər zaman inandığım bir fikir var. Ən yaxşı təşkil olunmuş dərsi ən yaxşı şəkildə tədris edən müəllim şagird və ya tələbələrinə çoxlu "sıfır"lar paylayır. Bu vaxt auditoriyanın az hissəsi müəllimin payladığı "sıfır"ları alıb özündəki "bir"in sağına qoyur. Təəssüf ki, auditoriyanın çox hissəsi bu "sıfır"ı özündəki "bir"in soluna qoyur. Bu kateqoriyada olan insanlar aldıqları məlumatları analiz etmədən olduğu kimi qəbul edirlər. Yəni, əslində, onlar çoxlu "sıfır"larla özlərindəki "bir"i kiçildirlər. Nəticədə, yüksək balla üniversitetə daxil olaraq, oranı bitirsələr belə əllərində diplomla işsiz qalırlar. Bu baxımdan, deyə bilərəm ki, hazırda əmək bazarında özünə yer tutan insanlar adaptasiya, təşəbbüskarlıq, əzmkarlıq, zəhmətsevərlik və digər xüsusiyyətləri özlərində ehtiva edənlərdir. Nə bildiyiniz yox, necə tətbiq etdiyiniz əhəmiyyət daşıyır. Dolayısı ilə, universitetdə öyrəndiyiniz biliklər yox, gələcəkdə tətbiq etdiyiniz bacarıqlar sizə karyera qazandırır".

Bütün bu məqamlar bizi fərqli düşünməyə vadar edir. Sevdiyimiz işlə məşğul olmaq üçün mütləq diploma ehtiyac varmı? Niyə bacarıqlarımızı möhürlü kağızda yazılan peşə adı ilə məhdudlaşdırırıq? Dünya praktikasına nəzər salsaq, kifayət qədər diplomu olmayan milyonçulara rast gələ bilərik. Məsələn, Roman Abramoviç məşhur "Çelsi" futbol klubunun sahibidir. Həyatına nəzər saldıqda, ali təhsil almadığını görürük. Moda dahisi Koko Şanel dərziliklə məşğul idi. Ancaq bacarıqlarını inkişaf etdirərək dünyada tanınan modelyerə çevrildi. Və ya məşhur ingilis ədəbiyyatçısı Çarlz Dikkensin heç bir təhsili yox idi. Amma o, ingilis ədəbiyyatında tənqidi realizmin banisi oldu. Bu adları çəkməkdə məqsədimiz təhsilin heç bir işə yaramadığını təbliğ etmək deyil. Sadəcə olaraq, bilmək lazımdır ki, əldə etdiyimiz biliklər əmələ çevrildiyi və sevgi ilə təqdim edildiyi zaman dəyər qazanır.