Azərbaycan xalqı tarixinin ən yaddaqalan və şanlı dövrlərindən birini yaşayır. Bu ilin sentyabr ayından başlayaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatları ilə 30 ilə yaxındır işğal altında olan rayonlarımızı azad edir. Uzun illər işğal altında olan və son günlərdə azad olunan rayonlarımızın xalqımız üçün tarixi-mədəni, mənəvi əhəmiyyətindən başqa böyük iqtisadi dəyəri də var. Heç şübhəsiz ki, rayonlarımızın işğaldan azad olunması Azərbaycan iqtisadiyyatına böyük faydalar verəcək.
Bu ilin sentyabr ayına kimi Azərbaycanın işğal altında olan rayonları ölkəmizin 2 iqtisadi bölgəsinə - Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olmuşlar.
Yuxarı Qarabağ iqtisadi rayonu Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli, Əsgəran rayonları və Xankəndi şəhərini, Kəlbəcər-Laçın iqtisadi rayonu isə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarını əhatə edir.
Adlarını qeyd etdiyimiz şəhər və rayonların nə qədər böyük iqtisadi potensiala sahib olduğunu görə bilmək üçün rəsmi qurumlar tərəfindən açıqlanan bəzi rəqəmlərə nəzər salmaq kifayətdir:

Faydalı qazıntılar

İşğal edilmiş ərazilərdə 155 müxtəlif növ faydalı qazıntı yataqları, o cümlədən: 5 qızıl, 6 civə, 2 mis, 1 qurğuşun və sink, 19 üzlük daşı, 10 mişar daşı, 4 sement xammalı, 13 müxtəlif növ tikinti daşları, 1 soda istehsalı üçün xammal, 21 pemza və vulkan külü, 10 gil, 9 qum-çınqıl, 5 tikinti qumu, 9 gips, anhidrid və gəc, 1 perlit, 1 obsidian, 3 vermikulit, 14 əlvan və bəzək daşları (əqiq, yəşəm, oniks, jad, pefritoid və s.) yataqları yerləşir.
Bu yataqlarda sənaye ehtiyatları təsdiq edilən 132,6 ton qızıl, 37,3 min ton qurğuşun, 189 milyon m3 mişar daşı, 1 milyon 526 min ton gəc, 18 milyon 432 min m3 üzlük daşı, 23 milyon 243 min m3 gil, 57 milyon 965 min ton tikinti daşı, 96 milyon 987 min ton qum-çınqıl, 1898,4 ton civə, 4 milyon 473 min m3 perlit, 2 milyon 144 min m3 pemza, 129 milyon 833 min m3 soda istehsalı üçün əhəng daşı, 147 milyon 108 min ton sement xammalı və s. faydalı qazıntılar var.
Aşağıdakı cədvəldə hansı rayonda hansı faydalı qazıntıların mövcud olduğunu aydın görmək olar:
Rayonun adı Faydalı qazıntı növü
 Ağdərə - Qızıl, qurğuşun, sink, mis, mişar daşı, gəc
 Şuşa - Üzlük daşı, gil, tikinti daşı
 Xocalı - Gil, üzlük daşı, qum-çınqıl
 Xocavənd - Üzlük daşı, tikinti daşı
 Kəlbəcər - Qızıl, civə, mişar daşı, gil, perlit, qum-çınqıl, tikinti daşları, üzlük daşları, əlvan daşlar (obsidian, oniks, pefritoid, listvenit)
 Laçın - Civə, mişar daşı, üzlük daşı, tikinti daşı, gil, qum-çınqıl, pemza, vermukulit, vulkan külü, əqiq, jad
 Qubadlı - Mişar daşı, gil, tikinti daşı, üzlük daşı, əlvan daşı
 Zəngilan - Qızıl, gümüş, üzlük daşı, əhəng daşı, gil, tikinti daşı, qum-çınqıl
 Cəbrayıl - Mişar daşı, gil, qum, sement, gəc, tikinti daşı, kips, anhidrid, pemza, vulkan külü, əlvan daşlar (yəşəm, xalsədan)
 Füzuli - Mişar daşı, gil, qum-çınqıl
 Ağdam - Mişar daşı, üzlük daşı, sement xammalı, gil, qum-çınqıl

Su ehtiyatları
Hazırda su qıtlığı dünyanın ən aktual problemlərdən biridir. Azərbaycanın da su ehtiyatları obyektiv coğrafi səbəblərdən daha kasaddır və əsas mənbələr qonşu ölkələrdədir. Bu səbəbdən azad olunan ərazilərin zəngin su ehtiyatları ölkənin sənayesi və kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət kəsb edir. Sərsəng su anbarı 1976-cı ildə Tərtərçayın üzərində, Ağdərə rayonu ərazisində inşa edilmişdir. Onun ümumi su tutumu 560 milyon m³, bəndinin hündürlüyü isə 125 m-dir. Sərsəng su anbarı respublikada bəndinin hündürlüyünə görə ən hündür bəndli su anbarlarından biridir.
Sərsəng su anbarının daxil olduğu Ağdərə rayonunun tam azad olunması respublikanın 6 rayonunda (Tərtər, Ağdam, Bərdə, Goranboy, Yevlax və Ağcabədi) 100 min hektara yaxın torpaq sahəsini suvarma suyu ilə təmin etməyə imkan yaradacaq. Qeyd etmək lazımdır ki, işğal zonasında Sərsəng su anbarından başqa ümumi tutumu 80 milyon m³ olan digər su anbarları da var. Onların da ölkə təsərrüfatına qatılması əlavə 15 min hektar torpaq sahəsinin suvarılmasına şərait yarada bilər.
Bundan əlavə, Cəbrayıl və Zəngilan ərazisində yerləşən Xudafərin su anbarının azad olunması 75 min hektar yeni ərazinin suvarılması və mövcud suvarılan ərazilərin suvarılmasının yaxşılaşdırılması deməkdir. Bu su anbarının həcmi bəzi hesablamalara görə 1,6 milyard kubmetrdir.
Həmçinin, regionda 11 yeraltı şirin su mənbəyinin yerləşdiyi ehtimal edilir. Digər ölçü ilə bu 1 milyon 968 min m3/gün yeraltı şirin su təchizatı deməkdir.

Elektrik enerjisi ehtiyatları 
1976-ci ildə Tərtərçayın üzərində inşa olunan "Sərsəng" SES-də hər birinin gücü 25 MVt olan 2 ədəd turbindən ibarət su elektrik stansiyası hazırda qeyri-qənaətbəxş vəziyyətdədir. Stansiyada təmir-bərpa işləri aparıldıqdan sonra, istehsal gücü daha da artırıla və ətraf rayonların elektrik enerjisinə tələbatının ödənilməsinə yönəldilə bilər. "Xudafərin" SES isə Araz çayı üzərində İranla Azərbaycan arasında imzalanan razılaşmaya uyğun olaraq inşa edilmişdir. Araz çayı üzərindəki elektrik stansiyalarının ümumi gücü 280 meqavata çata bilər. Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kVt/saat elektrik enerjisi istehsalı gətirə bilər.

Mineral su ehtiyatları
Azərbaycanın mineral sularının ümumi geoloji ehtiyatlarının 39,6%-i işğal altında olan rayonların payına düşür. İşğal olunan ərazilərdə böyük müalicə əhəmiyyəti olan 120-dək müxtəlif tərkibli mineral su yataqları var. Digər ölçü ilə bu 7805 m3/gün mineral su təchizatı deməkdir.
Bunların içərisində Kəlbəcər rayonunda Yuxarı və Aşağı İstisu, Bağırsaq, Keşdək, Laçın rayonunda İlıqsu, Minkənd, Şuşa rayonunda Turşsu, Sırlan və başqa mineral sular diqqəti xüsusilə cəlb edirlər.
Kəlbəcər rayonu ərazisində yerləşən İstisu mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə fərqlənir. İstisu bulağı üstündə keçən əsrin 80-ci illərində tikilmiş iri kurort və mineral sudoldurma zavodu var idi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi. Turşsu mineral bulağı Azərbaycanın Şuşa şəhərinin 17 km-lik məsafəsində yerləşir. Turşsu vasitəsilə müxtəlif daxili xəstəliklər müalicə olunur, kəmər vasitəsi ilə Şuşa şəhərinə su verilirdi.

Turizm potensialı
İşğaldan azad olunan rayonlarımızın ən böyük iqtisadi əhəmiyyəti heç şübhəsiz ki, bölgənin turizm potensialı ilə bağlıdır. Qərbdən Ermənistan, cənubdan İranla həmsərhəd olan Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları ərazisində İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar iqlim-balneoloji şərait, dağ meşələri kurort-rekreasiya məqsədləri üçün istifadə edilə bilər. Azərbaycanda yeganə olan vulkan mənşəli göllər Laçın və Kəlbəcər rayonları ərazisində yerləşir. Bunlar Böyük və Kiçik Alagöllər, Qaragöldür ki, bunların da turizm-rekreasiya sərvəti kimi əhəmiyyəti böyükdür.
İqtisadi rayon mineral su ehtiyatları ilə də zəngindir. Qarabağ vulkanik yaylasında toplanan mineral su ehtiyatları kimyəvi tərkibinin müxtəlifliyinə görə fərqlənir. Azərbaycanda olan mineral suların ümumi ehtiyatının 33 %-i Kəlbəcər-Laçın iqtisadi rayonunun payına düşür. Mineral su mənbələrinin iri yataqları olan Yuxarı və Aşağı İstisu, Turxun, Keşdək, Qoturlu (Kəlbəcər), Minkənd soyuq su tipli mineral bulağı (Laçın) və s. müalicəvi əhəmiyyətə malikdir. Bu bulaqların potensial ehtiyatı, yerləşdiyi ərazinin təbiətinin cəlbediciliyi kurort-müalicə kompleksinin yaradılması üçün əlverişli təbii amillərdir.
Kəlbəcər-Laçın bölgəsi tarixi-mədəni abidələrlə də zəngindir. Dünya əhəmiyyətli memarlıq abidələrinə Kəlbəcər rayonunda Gəncəbasar monastrı (XIII əsr), Tərtər çayının sahilində Xudavəng monastrı (XIII-XVII əsrlər) aid edilir. Bölgədə ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələrinə Kəlbəcərin Çıldıran, Qarnakar, Qocaqot kəndlərində alban məbədləri, ilk və orta tunc dövrünə aid yaşayış yerləri, Qubadlı rayonunun Əliquluuşağı kəndində Göyqala (V əsr), Mağara məbədi, Balalıəsənli kəndində sığınacaqlar (IV əsr), Laçın rayonunda Cicimli kəndində türbələr (XIV və XVIII əsrlər), kurqanlar (Dəmir dövrü), Qoçaz kəndində Mağara məbədi (V əsr), Zəngilan rayonunun Əmirxanlı kəndində Qız qalası (XII əsr), Məmmədbəyli kəndində səkkizguşəli türbə (XIV əsr) aid edilir. Kəlbəcər-Laçın bölgəsində həmçinin yerli əhəmiyyətli tarixi-mədəni abidələr də çoxdur (məscid, məqbərə, qədim yaşayış yerləri və s.).
Ağdam, Tərtər, Xocavənd, Xocalı, Şuşa, Cəbrayıl, Füzuli rayonları və Xankəndi şəhəri daxil olduğu Yuxarı Qarabağ iqtisadi rayonu Bakı-Şuşa turizm marşrutu üzərindədir. Turizm ixtisaslaşması əsasən sağlamlıq-müalicə istiqamətində idi. Burada təbii və antropoloji abidələr çox, fauna və flora zəngindir. Murovdağ və Qarabağ silsilələri geniş yer tutur. Murovdağ silsiləsinin yüksək zirvələri bəzən il boyu qarlı olur. Bu, qış turizmi üçün əlverişlidir. Yuxarı Qarabağ bölgəsi respublikamızın meşəli ərazilərindəndir. Ərazisinin 30 %-i meşələrdir.
"Qafqaz konservatoriyası" adlandırılan Qarabağ Azərbaycanın xalq musiqisi və poeziya diyarıdır. Turşsu və İsa bulağı tarixən Qarabağın poeziya və musiqi məclislərinin təşkil edildiyi ocaq kimi də tanınırdı. Azərbaycanda yeganə olaraq Şuşa rayonu ərazisində bitən nadir Xarıbülbül çiçəyi Qarabağın musiqi və gözəllik rəmzidir.
Yuxarı Qarabağ bölgəsi tarixi-mədəni abidələrlə də zəngindir. Bölgədə dünya əhəmiyyətli memarlıq və arxeoloji abidələr var. Ağdam rayonunun Xaçın Türbəli kəndində türbə (XIX əsr), Cəbrayıl rayonunda 11 tağlı (XI-XII) və 15 tağlı (XIII əsr) Xudafərin körpüləri məşhurdur. Dünya əhəmiyyətli arxeoloji abidələrə Füzuli rayonunda Azıx, Tağlar mağaraları (Paleolit dövrü), Ağdam rayonunun Əfətli kəndində Çalağantəpə yaşayış yeri (Eneolit dövrü), Quzanlı qəsəbəsində Leylantəpə yaşayış yeri (Eneolit dövrü), Ağdam şəhərində Üzərliktəpə yaşayış yeri (Tunc dövrü), Tərtər rayonunda Borsunlu kurqanları (Tunc və ilk Dəmir dövrü), Xocalı rayonunda Xocalı kurqanları (Tunc-ilk Dəmir dövrü), Cəbrayıl rayonunun Xubyarlı kəndində Niftalı kurqanları (Tunc dövrü) aid edilir. Xocavənd rayonunda ən qədim tarixə malik alban məbədi isə IV-VI əsrlərə aiddir (Süsənlik kəndi). Şuşada XVIII əsrdə yaşamış xanların evləri, sarayları, qəsrləri, məscidlər və türbələr də (XVIII-XIX əsr) çoxdur. Bundan başqa, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının tarixi kəndlərində də çox sayda qala, məscid və digər ibadət yerləri var.

Kənd təsərrüfatı
Uzun illər işğal altında olmuş rayonlarımızın iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Kənd təsərrüfatının başlıca sahələri üzümçülük, taxılçılıq, meyvəçilik, heyvandarlıq, pambıqçılıq və tütünçülükdür. Regionda həmçinin meyvə, kartof, bostan-tərəvəz məhsulları becərilir. Burada barama saxlanması üçün geniş sahələrdə tut bağları salınmışdır. Üzümün məhsuldarlığına görə iqtisadi rayon xüsusilə seçilir. İqtisadi rayonda heyvandarlıq, əsasən, ətlik-südlük, yüksək dağlıq sahələrdə isə ətlik-yunluq istiqamətlərində inkişaf etmişdir. İqtisadi rayonun sənayesi yerli kənd təsərrüfatı xammalının emalına əsaslanır. Konserv məhsullarının istehsalı, digər kənd təsərrüfatı məhsullarının emalı isə yeyinti sənayesinin əsas sahələrindəndir.



Allahverdi Cəfərov