Tibb universitetində oxuyanda insan orqanlarında baş verən dəyişiklikləri, ölən toxumaların yerində yeni toxumaların meydana gəlməsini və bu hadisələrin maddi tərəfini izah edən prinsipləri öyrənirdim. Və hər dəfə buradakı böyük ahəng məni heyrətə gətirirdi...
Tibb universitetindən sonra klinikaların birində cərrah işləməyə başladım. Bir gün yanıma 70 yaşlı bir qadın gəldi. Bel sümüklərindən şikayət edirdi. Yəqin ki, sümükləri sınmışdı.
Xəstəni müalicə etməyə başladım. Arabir rentgenlərin nəticələrini yoxlayırdım. Qadın ağlasığmaz bir sürətlə sağalırdı. Halbuki tibb tarixində belə bir şeyə çox az-az rast gəlmək olur. Çox keçmədi ki, bu barədə özünə də xəbər verdim.
Az vaxt keçməsinə baxmayaraq, yaşlı qadın qoltuq ağacı ilə yeriyirdi. İndi onu xəstəxanada müalicə etməyə də ehtiyac yox idi. Qısa bir vaxtda onu evə buraxmaq da olardı...
Xəstəxanadakı rahatlıq hər gün onu həyata daha çox bağlayırdı. Qəlbində doğan ümid yaşlı qadının böyük bir sürətlə sağalmasına səbəb olurdu. Demək olar ki, xəstəlik keçmiş, sınan sümüklər bir-birinə bitişmişdi...
...Ertəsi gün bazar olduğu üçün qızı anasını görməyə gəldi. Mən də ona anasının artıq xəstəxanadan çıxmağa hazır olduğunu dedim. Qızın anası ilə söhbətindən isə daha sonra xəbər tutdum. Məndən sonra qız anasını bir kənara çəkmiş, həyat yoldaşı ilə onu qocalar evinə qoymaq istədiklərini demişdi...
...Artıq hamı çıxıb getmişdi. Çox keçmədi ki, tibb bacıları məni çağırdılar. Gördüyüm mənzərə məni dəhşətə gətirdi. Qadın son anlarını yaşayırdı. Başa düşdüm ki, xəstəni yatağa salan sınan sümükləri yox, sınan ürəyidir. Əlimizdən gələni etsək də, artıq gec idi. Verdiyimiz dərmanlar da onun sınan ürəyini sağalda bilmirdi. Nə yazıq ki, onun ümid dolu baxışlarından da əsər-əlamət qalmamışdı. Və qadın bir neçə saat sonra dünyasını dəyişdi...