Nazim Mustafayev 
 

Türkiyə universitetlərinin birində Kamran Abdullayevin nəşr olunan bir elmi məqaləsini oxuyanda belə bir ifadə ilə qarşılaşdım: "Bu məqalənin tamamlanması üçün iki il vaxt sərf etdim". Cəmi 14-15 səhifəlik bir məqalə və sərf edilən 2 il. Yəqin ki, iynə ilə quyu qazmaq, ya da samanlıqda çöp axtarmaq zərbi-məsəlləri bunun yanında daha zəif qalardı. Məhz belə bir əzmin, zəhmətin bəhrəsidir ki, biz həmyerlimiz Kamran Abdullayevin imzası ilə yeni-yeni Azərbaycan alimlərinin varlığından xəbərdar oluruq. Araşdırmalarına Türkiyədə işlədiyi universitetdə davam edən Kamran bəyə bu baxımdan itmiş xəzinəmizin kaşifi desək, yanılmarıq. Çünki o, əski türk əlifbasında qələmə alınmış əlyazma əsərlər üzrə bir mütəxəssis kimi yaxın və uzaq tariximizin açılmayan səhifələrini həm dünyaya, həm də bizə təqdim edir. Sizi Kamran bəylə baş-başa buraxırıq... 

- İlk növbədə, özünüzü təqdim etməklə başlayaq... 

- Mən Kamran Abdullayev 1984-cü ildə Ağdaş rayonunun Xosrov kəndində anadan olmuşam. Ağdaş şəhərində orta məktəbi bitirdikdən sonra 2001- 2006-cı illərdə Bakı İslam Universitetinin Zaqatala Şöbəsində oxudum. Buradan məzun olduqdan sonra 2008-2011-ci illərdə Türkiyənin Konya şəhərində yerləşən Səlcuq Univesitetində təsəvvüf sahəsində magistratura təhsili aldım. 2012-2015-ci illərdə isə Nəcməddin Ərbakan Universitetində ərəb dili və ədəbiyyatı ixtisası üzrə doktorantura pilləsini tamamladım. 2016-cı ildən günümüzə qədər də Trabzon Universitetində müəllim kimi işləyir, ərəb dili və bəlağəti sahəsində dərs deyirəm. 

Azərbaycanda müxtəlif institutlarda, muzeylərdə və ya şəxsi arxivlərdə saxlanan əksər əsərlərin məhz əlyazma halında olduğunu görürük. Halbuki məlum olduğu kimi Avropada mətbəə İohann Qutenberq tərəfindən hələ 1450-ci illərdə qurulmuşdu. Qafqaz bölgəsinə mətbəənin bu qədər gec gəlməsinin səbəbi və ya səbəbləri nə ola bilərdi? 

- Bəli, mətbəə Qafqaza çox gec gəldi. Çünki Qafqaz XVI-XVII əsrlərdə böyük dövlətlərin müharibə meydanı idi. Daha sonra ruslar bu mətbəəni gətirdilər. Onlar mətbəədən xristianların istifadəsinə icazə verir, ancaq müsəlmanların istifadəsinə imkan vermirdilər. Sırf bu səbəbdəndir ki, Qafqazda, eləcə də Azərbaycanda həmin dövrdə müsəlmanların mətbəədən istifadə etdiyini görmürük. Ancaq İslam dünyasında XVIII əsrin əvvəllərində daha çox mətbəələrdən istifadə edilir, əlyazma əsərlər bir o qədər yazılmırdı. Ona görə də, Qafqazda mətbəə üsulu ilə əsərlərin çap edilməsinə XIX əsrin sonlarında, XX əsrin əvvəllərində (ən çox da 1905-ci ildən etibarən) başlandı. Hətta bu belə mətbəədən istənilən səviyyədə istifadə edilməsi demək deyildi. Çünki 1920-ci illərə qədər, hətta daha sonrakı dövrlərdə əlyazma halında yazılmış əsərlərin olduğunu görürük. Bunun ən böyük səbəbi isə bölgədəki siyasi vəziyyətin çətin olması idi. 

- Kamran bəy, Sovet işğalına qədər Azərbaycanda yaşayan, ancaq tədqiqatçıların diqqətindən kənarda qalan məşhur alimlərdən kimləri sadalamaq olar? 

- Hər hansı alimin və ya müəllifin həyatının əsas mərhələləri, peşəsi, həyat tarixçəsi və s. əks olunduğu "Təracimi Uləma", yəni alimlərin tərcümeyi-halları adı verilən avtobioqrafik əsərlərə İslam ədəbi mühitində tez-tez rast gəlirik. Ancaq bu sahədə Azərbaycandakı ən ciddi problemlərdən biri alimlərin tərcümeyi-hallarına dair əsərlərin mənbələrdə həddindən artıq az olmasıdır. Klassik dövrdə, məsələn, X, XI, XII əsrlərdə yaşamış alimlərə aid əsərləri tapmaq, onların həyatları haqqında qismən məlumat əldə etmək mümkündür. Ancaq XV əsrdən sonrakı dövrə aid alimlərin bioqrafiyalarını öyrənmək bizim üçün həddindən artıq böyük bir problemdir. Hətta XX əsrdə yaşamış bir Azərbaycan aliminin həyatını belə öyrənməkdən məhrumuq. Məsələn, Rəfii Şirvani adlı bir müəllif Hənəfi məzhəbinə aid fəqihlərin bioqrafiyalarını qısa şəkildə ifadə edən "Tabəqatı Hənəfiyyə" adlı bir əsər qələmə alıb. Həmçinin, Şamaxıdan Məkkə və Mədinəyə köç etmiş Əbdüs Salam Şirvaninin bu mövzuda bir əsəri var. Yəni, Azərbaycan coğrafiyasında bu ənənə olub. Ancaq XX əsrdə yaşamış alimlərimizi öyrənə bilməməyimizin səbəbi Sovet işğalıdır ki, o dövrdə həm mənbələr yandırılıb, həm də o alimlərin böyük bir hissəsi öldürüldüyü üçün onlar haqqında məlumat əldə etmək problemə çevrilib.

- Şirvanşahlar dövlətinin kitabxanasının İslam dünyasının itirilmiş sərvətlərindən biri olduğunu qeyd edirsiniz. Bu kitabxananı bu qədər əhəmiyyətli edən nədir? 

- Əslində, bu ifadəni mübaliğəli hesab etmək olmaz. Həqiqətən də, Şirvanşahlar dövlətinin kitabxanası İslam dünyasının itirilmiş sərvətlərindən biridir. Şirvanşahlar dövləti İslam tarixində, İslam dövlətləri arasında xüsusi yeri olan bir dövlətdir. Şirvanşahların hakimiyyətdə olduğu 600 illik dövr ərzində çox sayda İslam alimləri yetişdilər. Təkcə İslam alimləri deyil, eyni zamanda, ədəbiyyatçılar, şairlər, sufilər, təbiblər, astronomlar da bu dövrdə yetişdilər, ümum İslam aləminə töhfələr verdilər. Həmçinin, bu alimlərin bir çoxu əsərlərini Şirvanşah Xəlilullaha və digər Şirvan şahlarına, Şirvanşahlar dövlətinin kitabxanasına hədiyyə etdilər. Bunlara misal olaraq Xaqani Şirvanini, Nizami Gəncəvini, Seyid Yəhya Şirvanini və s. göstərə bilərik. Bunlar bizim bildiyimiz məşhur simalardır. Bir də məşhur olmayanlar var. Məsələn, İbrahim ibn Məhəmmədin "Adabul Xilafə və Əsbabul Hisafə" əsəri var ki, bunu Fərrux Yəsara ithaf edib. Ancaq bu əsərin bu gün əlimizdə olan nüsxəsi Fərrux Yəsara hədiyyə edilmiş nüsxə deyil. Sultan Süleyman üçün Kayserili bir xəttatın yazdığı nüsxədir. Bu əsərin Şirvanşah kitabxanasına hədiyyə edilən müəllif nüsxəsinin harada olduğu məlum deyil. Eyni zamanda, başqa bir məşhur əsər var ki, Zeyləlabidin Şirvaniyə aiddir. O, "Bostanul Abidin, Gulustanul Zahidin" adlı əsərini Şirvanşah Fərrux Yəsara və atası Şirvanşah Xəlilullaha hədiyyə edib. Bu əsərin də müəllif tərəfindən 1454-cü ildə yazılmış tək nüsxəsi bu gün Türkiyədə saxlanılır. Şirvanşahlar kitabxanasına bu qədər əhəmiyyət verməyimizin səbəbi isə odur ki, bizim bu gün axtardığımız, məsələn, Nizami Gəncəvinin, Xaqani Şirvaninin əsərlərinin ilk nüsxələri və ya bir az əvvəl bəhs etdiyimiz, ancaq haqqında heç bir məlumat olmayan alimlərin əsərlərinin ilk nüsxələri əslində, bu kitabxanada idi. Ancaq bu kitabxanadakı əsərlərin bu gün tam olaraq harada olduğu məlum deyil. Üstəlik, bu əsərlərin hamısının üzərində Şirvanşahların möhürləri var idi. Məsələn, mən Türkiyədə Şivanşahlar kitabxanasının möhürü olan bir əsərə rast gəlmişəm. Bu isə öz dövründə belə bir kitabxananın mövcud olduğuna dair çox ciddi bir dəlildir. Əgər bu kitabxanaya aid olan əsərlər ortaya çıxarılsa, təbii ki, İslam mədəniyyəti üçün də çox böyük bir töhfə olar. 

- Çıxışlarınızdan birində İmam Qəzalinin bu gün elmə məlum olmayan bir əsərinin Şirvanşahlar dövründə oxudulduğunu qeyd edirsiniz... 

- Şirvanşah Fərrux Yəsara hədiyyə edilmiş "Adabul Hisafə" əsərini oxuyanda burada İmam Qəzaliyə aid bir əsərdən bəhs edilir. Ancaq İmam Qəzaliyə aid edilən bu əsərə bu gün mənbələrdə rast gəlmirik. Bu gün biz heç bir yerdə belə bir əsər görmürük. Bu da o deməkdir ki, İmam Qəzali kimi məşhur bir alimə aid əsər əslində, Şirvanşahlarda var idi. Şirvan mədrəsələrində oxudulan, öyrədilən bir kitab idi. Ancaq daha sonra hər hansı bir səbəbdən bu əsərdən xəbərsiz qalmışıq. Bu da bir daha Şirvanşahlar dövlətinin kitabxanasındakı əsərlərin öyrənilməsinin İslam tarixində məlum olmayan əsərlərin ortaya çıxarılması baxımından nə qədər vacib olduğunu göstərir. 

- Bir çıxışınızda Azərbaycan xəlvətilərinin yazılı mənbələrinin yetmiş faizindən çoxunun öyrənilmədiyini vurğulayırsınız. Halbuki, bu həm də bizim tariximizdir. Sizcə, bu sahənin tədqiqatçıları əsasən kimlər ola bilər? Məsələnin fundamental həllini nədə görürsünüz? 

- Azərbaycan xəlvətiliyi mövzusu həqiqətən çox dərin mövzudur. Ümumiyyətlə, Azərbaycan təsəvvüfünün mənbələri hələ də tam olaraq araşdırılmayıb. Bizim bildiyimiz əsərlər daha çox Seyid Yəhya Şirvaninin, Şihabəddin Yəhya Sührəvərdinin əsərləridir. Azərbaycanda təsəvvüflə bağlı bildiyimiz əsərlər daha çox bunlardır. Ancaq Azərbaycan təsəvvüfü və ya Azərbaycan xəlvətiliyi sırf bunlardan ibarət deyil. Azərbaycanda xəlvəti şeyxləri bizə məlum olanlardan daha artıqdır. Qarşılaşdığım, oxuduğum mənbələrə əsasən deyə bilərəm ki, Azərbaycan xəlvətilərinin yazılı mənbələrinin yetmiş faizindən çoxu hələ öyrənilməyib. Bir nümunə vermək istəyirəm. Seyid Yəhya Şirvanidən əvvəl yaşamış Əbdürrəhim Xəlvəti Azərbaycanda ən məşhur şeyxlərdən olub. O, xəlvətiliklə bağlı çoxlu əsərlər yazıb. Ancaq indiyə qədər bu mövzuda heç bir araşdırma ortaya qoyulmayıb. Təkcə elə bu fakt həmin sahənin hələ də ciddi araşdırmaya ehtiyacı olduğunu göstərir. 

- Bir tərəfdə məhv edilən tarixi, sürgünə və ya edama göndərilən alimləri, bağlanan elm ocaqlarını, yandırılan əlyazma əsərləri, bir əsrdə 3-4 dəfə dəyişdirilən əlifbanı görürük, digər tərəfdə isə "küllərindən doğmaq" ifadəsinin canlı nümunəsi qarşımıza çıxır. Sizcə, məsələ nə yerdədir? 21-ci əsrdə gənclərimizə tarix şüurunu necə aşılamalıyıq, "küllərindən doğmaq" ifadəsini necə başa düşməliyik? 

- Məlumdur ki, Azərbaycan tarixi bilərəkdən və qəsdən məhvə məruz qalıb. Azərbaycan tarixinə aid əsərlər ya məhv edilib, ya da məncə böyük bir hissəsi gizlədilir. Çünki axtardıqca bəzi əsərlər az da olsa, ortaya çıxmağa başlayır. Bunun qəsdən toplanıldığını və ya gizlədildiyini də demək olar. Bunu edənlər də tarixən bizə düşmən olan millətlər, xüsusilə də, emənilərdir. Məhz ona görə də, bu gün kitabxanalarını bizim üzümüzə bağlayırlar. Düşünün ki, 500-600 ildən artıq yaşamış Şirvanşahlar dövlətinin tarixinə dair yazılmış müstəqil bir əsər demək olar ki, yoxdur. 

- Kamran bəy, maraqlı məsələlərə toxunursunuz. Bu iddianı təsdiq edəcək nə kimi misallar vermək olar? 

- Şəkinin Kiçik Dəhnə kəndindən olan Seyid Sadəddin Şirvani Şəkəvi Dəhnəvi adında bir alim var. Bu alim Şəki və Şirvan tarixi ilə bağlı yazılmış əsərini şəxsən özü Osmanlı sultanına hədiyyə edib. Ancaq bu gün bu əsər Hollandiyadadır. Yaxın illərdə yeni-yeni kataloqlarda bu əsərin olduğunu öyrəndik və bu əsəri oxumaq imkanımız oldu. Bəhs etdiyim bu əsər təxminən 1587-ci ildə yazılıb. Yəni, o dövrdə belə bir mədəniyyətin olduğunu, alimlərin yetişdiyini biz bilmirdik. Ancaq bu əsər bütün o tarixə baxışımızı dəyişdirdi. Yəni, əslində, bir əsər tarixə baxışımızı dəyişdirə bilər. Ancaq məsələ o əsərlərin tapılması, üzərində araşdırma aparılması, tərcümə və təhlil edilməsidir. Bu həqiqətən çox çətin və məsuliyyətli işdir. Qarşımızda çox mühüm işlər durur. Bir mənada küllərimizdən yenidən doğmaq üçün əsərlərimizi, mənbələrimizi tapmalıyıq. Çünki millətin yaddaşı kitablardır. Kitabları yandırılmış, tarixi yandırılmış bir millət yaddaşı yox edilmiş insan kimidir. Ona görə də, bizim tariximizə işıq tutan bu əsərləri bütün dünya kitabxanalarındakı kataloqlardan oxumaq, tapmaq lazımdır. 

- Bir əsrdə əlifbamız üç dəfə dəyişdirildi. Gənclər, xüsusilə də, gənc tədqiqatçılar min illik tariximizi oxumaq üçün əlifba problemini necə həll etməlidirlər? 

- Bizim min illik tariximiz, ədəbiyyatımız əski türk əlifbasında yazılıb. Dolayısı ilə, bu əlifbanı bu gün yazı dili kimi istifadə etmək niyyəti artıq heç bir dövlətdə yoxdur. Ancaq bu əlifbanı Türkiyədə olduğu kimi istər İlahiyyat fakültələrində, istərsə də məktəblərdə və ya əlavə məşğələlərdə gənclərimizə öyrətmək mümkündür. Biz bu əlifba ilə gənclərimizə təkcə oxumağı belə öyrətmiş olsaq, əslində, bir çox problemi həll etmiş olarıq. Birincisi, gənclər bu əlifbanı öyrəndikləri zaman artıq min illik mədəniyyətləri ilə bir əlaqə qurmaq imkanları olacaq. Hətta, bəzi əsərləri özlərinin birbaşa birinci mənbədən oxuma imkanları ortaya çıxacaq. Bunun üçün biz mütləq əski türk əlifbasını gənclərimizə öyrətməliyik. Ümum İslam tarixinə və onun bir parçası olan Azərbaycan tarixinə nəzər salsaq, önümüzdə 1400 illik bir tarix görəcəyik. Bu 1400 illik tariximizin təkcə son 100 ili bəzən latın, bəzən kiril hərfləri ilə yazılaraq keçib. Əsərlər bu əlifbalarda yazılıb. Ancaq 1300 illik mədəniyyətimizə aid əsərlərin hamısı əski türk əlifbasında yazılıb. Dolayısı ilə, mədəniyyətimizin təxminən 95 faizi əski türk əlifbasındadır. Onun üçün biz mütləq və mütləq o əlifbanı oxumağı öyrənməliyik. Ən azı heç olmasa oxumağı öyrənmək lazımdır ki, küllərimizdən yenidən doğaq, tariximizə öz əllərimizlə toxuna bilək.

- Kamran bəy, gənclərə, xüsusilə də, tələbələrə bir alim kimi nələri tövsiyə edərdiniz? Sizcə, həyatda uğur qazanmağın yolları nələrdir? 

- Son olaraq gənclərə, tələbələrə oxuduqları sahə üzrə azərbaycanlı alimləri, şairləri, həkimləri, astronomları, xəttatları, sənətkarları araşdırmalarını tövsiyə edirəm. Tarixi keçmişimizdə bu sahədə fəaliyyət göstərən yüzlərlə simaya rast gəlmək mümkündür. Ancaq daha sonrakı dövrdə faciəvi hadisələr baş verdi və bir millət kimi bizi keçmişimizdən qopardı. Həyatda uğur qazanmağın yollarına gəldikdə isə məncə, ilk yol zəhmətdir. Yəni, Allah işləyəni, işlədiyi sahədə bütün gücünü ortaya qoyanı mütləq müvəffəq edir. Quranda açıq bir şəkildə ifadə edildiyi kimi, insana ancaq öz zəhməti qalır. Dolayısı ilə, uğur qazanmağın birinci təməli işləmək, işləmək, yenə də işləməkdir. Həmçinin, müəllimlərimdən birinin bu haqda dediyi söz belə idi: "Araşdır, araşdır, yenə də araşdır". Çünki əgər Azərbaycanla bağlı bir şey etmək istəyiriksə, bunun tək yolu durmadan araşdırmaqdır. Əgər bu şəkildə işləməyə davam etsək, inanıram ki, Təqdiri İlahi də bizə bu sahədə yol göstərər.