İsmayıl Əhməd 
 

Bir gün Rəsulullah (Ona Allahın salamı olsun!) səhabələrinə belə bir sual verir:

- Bilsəydiniz ki, ömrünüzdən bircə saat qalıb, nə edərdiniz?

Cürbəcür cavablar gəlir:

- Alnımı səcdəyə qoyub Allaha yalvarardım ki, mənim günahlarımı bağışlasın;

- Kimə haqsızlıq etmişəmsə, ayağına gedib yalvarar, halallıq istəyərdim;

- Ömrümün qalan o bir saatını namazla keçirərdim;

- Sərvətimi yetimlərə, imkansızlara paylayardım ki, Allahın (c.c.) rizasını qazanım...

Beləcə, hər səhabə bir fikir deyir və sonda hər kəs susur. Bütün gözlər, qulaqlar o Könüllər Sultanına diqqət kəsilir. Çünki hər kəs əmindir ki, ən gözəl sözü o deyəcək. Təbəssüm dolu baxışlarını səhabələrinin üzərində dolandıran Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) belə buyurur:

- Kim əmindir ki, ömründən cəmi bircə saat qalmayıb?..

Həqiqətən də, kim əmindir ki, ömründən cəmi bircə gün, bircə saat qalmayıb? Allah Rəsulunun mövzuya bu cür yanaşması əslində, o deməkdir ki, bu düşündüklərinizi təkcə deməyin, həm də yaşayın, yerinə yetirin. Yəni, insan hər gününü son günü, hər saatını son saatı kimi yaşasa, hər cür xətadan, günahdan uzaq olar. Bir saat sonra can əmanətini Sahibinə təslim edən və məzar qapısından keçib axirət yoluna qədəm qoyan insan nəfsinə, şeytana uyarmı? - Əlbəttə ki, xeyr.

Bəli, əziz oxucular! Dünya həyatından, bizə verilmiş zaman möhlətindən və bu imkanı layiqincə dəyərləndirməkdən söhbət açmaq istəyirik.

Biz bir insan kimi bu yer üzündə iki ölçü, iki məfhum arasında yol gedirik: zaman və məkan. Bu iki məfhum Allahın (c.c.) bizim boyumuza biçdiyi ölçülərdir. İnsanın dünya həyatında hər şeyi sayılıdır. Aldığı-verdiyi nəfəs, içdiyi su, yediyi loxma, yaşadığı saatlar, dəqiqələr, saniyələr belə Yaradana məlumdur və vaxtı yetən insanın həyatını bütün aləm belə yığışsa, bir an da olsun uzada bilməz. Dünyada hər cür sərvət, naz-nemət toplamış insanlar olub ki, heç onların faydasını görmədən köçüb gediblər.

Bu da Allahın (c.c.) bir hikmətidir ki, heç kim öləcəyi vaxtı bilmir. Əmin olun ki, bir çox insan öləcəyi vaxtı bilsə, yaşaya bilməz, bir iş görə bilməz, "Onsuz da ölümümə bu qədər qalıb", - deyərək, ətalətə qapılar. Amma hər kəs bilir ki, günlərin birində əcəl onu da haqlayacaq və ölüb gedəcək.

Allah Rəsulu bir hədisində: "İki nemət var ki, insanlardan çoxu bu nemətlər barəsində aldanmışdır. Bunlar sağlamlıq və boş vaxtdır", - buyurur. Əsr surəsində Allah (c.c.) insanların ziyan içərisində olduğunu bildirərək, bu həqiqəti vaxta and verməklə dəstəkləyir. Çünki hədisdə də qeyd edildiyi kimi vaxt insanların əksəriyyətinin aldandığı məsələlərdən biridir.

Bu dünyanı ticarət yurdu kimi təsəvvür etsək, qazanc əldə etmək üçün ən əsas sərmayə, əlbəttə ki, vaxtdır. Müəyyən bir şeyi əldə etmək üçün vaxt lazımdır. Bəli, ticarətimizin qazanclı olmasında da, ziyana uğramasında da vaxt həlledici rol oynayır.

Allahın (c.c.) insanlara bəxş etdiyi dünyəvi nemətlərin ən dəyərlilərindən ikisi, sağlamlıq və boş vaxtdır. İnsan bu iki əsas neməti Allahı razı salmaq üçün istifadə etsə, həm bu dünyada, həm də axirətdə xoşbəxtliyə çatar, yanlış yerdə istifadə etsə, axirətdə bunun hesabını verər.

Bu yerdə bir hekayə yada düşdü:

Payız gəlir, havalar soyuyur, köçəri quşlar dəstə-dəstə uçub isti ölkələrə gedirlər. Dəstəsindən ayrılıb qalmış qaranquş dimdiyi ilə bir pəncərəni döyür və ev sahibindən xahiş edir ki, onu evə buraxsın. O anda nəyəsə bərk hirslənən ev sahibi bütün hirsini zavallı quşcuğazın üstünə tökür və qovur. Çox keçmədən adam ona pənah gətirmiş bir quşu qovduğuna görə çox peşman olur və hər tərəfi gəzib dolaşır ki, qaranquşu evinə dəvət etsin, ancaq gördüm deyən olmur. O qışı peşmanlıq içində keçirən adam yazda ilk gələn qaranquşu tapır, olanları danışır və həmin qaranquşu görüb-görmədiyini soruşur. Bu qəmli hadisəni diqqətlə dinləyən qaranquş başını bulayır və adama belə cavab verir:

- Sən daha onu axtarma. Məgər bilmirsən ki, biz qaranquşların ömrü cəmi bircə il olur?!

Çox ibrətli söhbətdir, deyilmi? Əslində, anlayana bu dünya həyatında hər şey ibrətdir. Yuxarıda dediyimiz kimi, bu mövzuda ən mühüm məqam içində yaşadığımız anı ən səmərəli şəkildə dəyərləndirə bilməkdir. Günün planlanması, işlərin sıralanması, hər işə nə qədər vaxt sərf olunacağının irəlicədən müəyyən edilməsi, hər şeyin yazılaraq planlı bir şəkildə icra edilməsi insana nizam-intizam aşılayır.

Saatlarını ekran və ya monitor qarşısında oturaraq, ya da gözlərini mobil telefona zilləyərək keçirən biri, əlbəttə, həmişə vaxtın azlığından şikayət edəcək. Müsəlmanın günü əslində, Günəşin doğuşu ilə başlayır və əmin olun ki, o günün bərəkəti də elə o sübh çağındadır.

Amma boynumuza alaq ki, kim o saatda işinin başında olur?! "Bu günün işini sabaha qoyma" - buyurub atalarımız. Çünki sabahın da öz işləri, öz qayğıları var. Hələ ola bilsin ki, bizim bilmədiyimiz sürprizlər də ortaya çıxdı. Ona görə də, ən yaxşısı hər işi vaxtında tamamlamaqdır.

Bir mühüm məqamı da xatırlatmaq istəyirik ki, hər kəsin dəyəri həm də vaxtını sərf etdiyi nemətin, sərvətin dəyəri ilədir. Çünki insan ömür möhlətini hara və necə sərf etdiyinə görə sorğu-suala çəkiləcək. Çox insan var ki, vaxtını orda-burda öldürməklə keçirir. Bir şey deyəndə də vaxtı olmadığını söyləyərək faydalı işdən, faydalı əməldən yaxa qaçırır.

İnsan nə qədər çətin vəziyyətdə olursa-olsun, ümidsizliyə düşməməlidir.

Keçmişdə nə qədər itkilərimiz olsa da, itirdiklərimizə kədərlənməkdən çox qarşımızdakı imkanları düzgün dəyərləndirməyə çalışmalıyıq. Əmin olun ki, həmişə qarşımızda bizim üçün çox faydalı bir seçım var və bizim vəzifəmiz onu müəyyən edib dəyərləndirməkdir. Yəni, hər anın içində bir xeyir qapısı var, əsas məsələ o qapını tapmaq və ona üz tutmaqdır.

Həzrəti Əli (r.a.) hər bir insana müraciətlə buyurur: "Gecə və gündüz səndən ötrü dövr edir. Onlar sənin ömrünü yeyir, sən də çalış, onlardan bəhrə götür. Vaxtdan bəhrə götürməyin yeganə yolu isə onu Allahın istədiyi əməllərə sərf etmək və Allahın bəyəndiyi kimi yaşamaqdır. Xeyir əməli sabaha saxlama. Çünki sabah belə bir fürsəti əldə edə biləcəyinə zəmanət yoxdur. Pislik etməyə tələsmə. Çünki sabah həmin səhvi düzəltməyə vaxt tapıb-tapmayacağını yalnız Allah bilir".

Sübut olunmuşdur ki, insanların ən böyük xətalarından biri səhlənkarlıq, yəni işə məsuliyyətsiz yanaşma, "Bu gün olmasa da, sabah olar" düşüncəsidir. O da təsdiqini tapmışdır ki, bəşər tarixinin ən böyük simaları vaxtını layiqincə dəyərləndirən insanlardır.

Bəli, uğur qazanmağın ilkin şərtlərindən biri qarşında duran və hər kəs kimi sənin üçün də 24 saat olan gününü planlamaq, onu gözəl əməllərlə bəzəməkdir. Vaxt onsuz da əlimizdən axıb gedir, biz isə o vaxta öz imzamızla müəyyən əməllər yazırıq və əmin olun ki, o yazdıqlarımızın heç biri boşa getməyəcək, hər gün qarşımıza çıxıb ya lehimizə, ya da əleyhimizə şahid olacaq. Vəssalam. Allah (c.c.) bizi bu ömür imtahanını, bu zaman möhlətini xeyirli tamamlayan bəndələrindən etsin! Amin!..