17 iyun 1972-ci ildə Uoterqeyt biznes mərkəzinə 5 naməlum şəxs daxil olur. Ofislərdən birinə girərək oğurluq etdiklərindən şübhələnilən həmin şəxslər polis tərəfindən həbs edilir. Həmin vaxt heç kəsin ağlına belə gəlməzdi ki, "oğrular" o dövrün ABŞ Prezidenti Riçard Niksonun adamlarıdır. Bir də adi bir oğurluq kimi görünən bu hadisənin üstü açılandan sonra ölkədə böyük bir qalmaqal yaşanacağını, hətta, Prezidentin istefa verəcəyini kim təsəvvür edə bilərdi?.. 5 nəfər (onlar Bernard Barker, Virxilio Qonsales, Euxenio Martines, Ceyms MakKord və Frenk Sterqis idilər) həbs olunur və istintaqları başlayır. Bir müddət araşdırmalar davam edir. Çünki həmin binada ABŞ-ın o vaxtkı müxalifət partiyası olan Demokratlar Partiyasının Mərkəzi Qərargah ofisləri yerləşirdi. Naməlum şəxslərin girdiyi və "oğurluq" etdiyi düşünülən ofislər də məhz müxalifətə aid idi. "Oğruların" məhkəməsi davam edir, ancaq Niksona yaxın qüvvələr hadisəni ört-basdır etmək üçün hərəkətə keçirlər. Bu, şübhələri daha da artırır. Bu işdə "Vaşinqton Post" qəzetinin əməkdaşları Karl Bernşteyn və Bob Vudvordun məsələ ilə bağlı qəzetdə dərc etdikləri yazıların da xüsusi rolu olur. Qısa müddət sonra həm mətbuat, həm də Ədliyyə Departamenti "oğruların" üzərindən tapılan pullarla Niksonun seçki kampaniyasını həyata keçirən komitənin istifadə etdiyi "slaş-fond"lar arasında əlaqə olduğunu aşkara çıxarır. Davam edən istintaq zamanı məlum olur ki, "oğrular" Niksonun partiyası olan Respublikaçılar Partiyası ilə bağlıdırlar və onların məqsədi Demokratlar Partiyasının telefonlarını dinləmək üçün otağa mikrofonlar quraşdırmaqdır. Bundan sonra Prezident Riçard Nikson hadisənin əslində ona qarşı təxribat olduğunu bildirir və baş prokuror Elliot Riçardsona hadisənin arxasında duran bütün siyasətçiləri ifşa etmək tapşırığı verir. E. Riçardson da bu vəzifəyə Arçibald Koks adlı bir prokuroru təyin edir. Koks isə ilk iş kimi Prezidentdən gizli səslər olan lentlərin ona verilməsini tələb edir. Ancaq Riçard Nikson bu tələbi qəti şəkildə rədd edir və Koksun işdən çıxarılmasını əmr edir. Baş prokuror Elliot Riçardson Koksu işdən çıxarmaqdan imtina edir. Bu dəfə Prezident baş prokuroru işdən çıxarmaq qərarına gəlir və qərar yerinə yetirilir.
Proses daha da böyüyür..
ABŞ Senatı baş verən qalmaqalı araşdırmaq üçün xüsusi istintaq komitəsi qurur. Senatda Uoterqeyt müzakirələri 1973-cü ilin mayında başlayır. Məhkəmə böyük ictimai marağa səbəb olur. Araşdırma zamanı senatorlar öyrənirlər ki, Prezident öz administrasiyasının Uoterqeyt işində iştirakını ört-basdır etmək üçün göstəriş verir. Həmçinin, müxalifət ofisində səslə aktivləşdirilən səs yazısı sistemi aşkarlanır. Bu hadisə, həmçinin, Prezidentin istintaqa müqaviməti Nümayəndələr Palatasının 1974-cü ilin fevralında Niksona qarşı impiçment prosesini başlatmasına səbəb olur. Digər tərəfdən, Ali Məhkəmə də Nikson qarşısında indiyədək müxalifətin səslərinin gizli şəkildə yazıldığı kasetlərin istintaqa təhvil verilməsi barədə tələb qoyur. Qısa müddətdən sonra Ədliyyə Komitəsi Niksona ədalətə maneçilik, səlahiyyətdən sui-istifadə və Palataya hörmətsizlik ittihamı ilə impiçment elan edilməsi təklifini təsdiqləyir və bu barədə Nümayəndələr Palatasına məlumat verilir. 1974-cü il avqustun 8-də bütün ABŞ ictimaiyyəti Prezidentin çıxış edəcəyi barədə xəbərlə çalxalanır. Heç kəs nə baş verdiyini tam şəkildə anlaya bilmir. Axşam saatlarında Nikson öz kabinetindən ölkə televiziyası ilə belə bir çıxış edir: "İctimai həyatımda verdiyim bütün qərarlarda həmişə millət üçün ən yaxşısını etməyə çalışmışam. Uoterqeytin bütün uzun və çətin dövrü ərzində mən səbir etməyi, məni seçdiyiniz səlahiyyət müddətini başa çatdırmaq üçün mümkün olan hər cür səyi göstərməyi özümə borc bildim. Ancaq son bir neçə gündə mənə aydın oldu ki, mənim Konqresdə bu səyləri davam etdirmək üçün artıq kifayət qədər güclü siyasi bazam yoxdur. Vaxtı bitmədən vəzifədən getmək mənim üçün çətindir. Amma Prezident kimi mən ABŞ-ın maraqlarını birinci yerə qoymalıyam. Mən qarşıdakı aylarda şəxsi bəraətim üçün mübarizəmi davam etdirəcəyəm. Sabah günorta saatlarında prezidentlikdən istefa verəcəyəm və vitse-prezident Cerald Ford həmin saatda bu ofisdə prezident kimi and içəcək.
Nikson istefa verir...
Niksonun istefası ilə Konqres impiçment prosesini dayandırır. Niksonun yerinə vitse-prezident Cerald Ford prezident təyin olunur. 8 sentyabr 1974-cü ildə isə Nikson əfv edilir. Onun Prezident kimi törətdiyi və ya iştirak etdiyi bütün cinayətlərə görə təqibi dayandırılır. Televiziya ilə yayımlanan verilişdə Cerald Ford əfvin ölkənin mənafeyinə uyğun olduğunu bildirir. Qalmaqal ümumilikdə 69 ittihamla nəticələnir. Hadisə ilə əlaqədar 48 nəfər həbs edilir. Onların əksəriyyəti Nikson administrasiyasının yüksək vəzifəli nümayəndələri idilər. Nikson isə vəfat etdiyi 1994-cü ilə qədər öz günahsızlığını sübut etməkdə davam edir.
Bir əfsanənin sonu...
"Uoterqeyt" qalmaqalını mətbuata çıxaran və Niksonun faciəsinin əsasını qoyan "Vaşinqton Post" qəzetinin iki əməkdaşı Karl Bernşteyn və Bob Vudvord isə məsələ ilə bağlı məlumatı hansı mənbədən aldıqlarını heç vaxt etiraf etmirlər. Amma ABŞ xüsusi xidmət orqanları bu məsələni mətbuata kimin ötürə biləcəyi məsələsini uzun müddət diqqət mərkəzində saxlayırlar. Qalmaqalla bağlı baş verən hadisələrdən yalnız 33 il sonra, 2005-ci ilin iyun ayında bu sirri mətbuata ötürən adamın adını müəyyən etmək mümkün olur. Belə ki, o dövrdə Amerika Federal Təhqiqatlar Bürosu rəhbərinin köməkçisi olan Mark Felt jurnalistlərə məlumatı onun ötürdüyünü etiraf edir. Bundan sonra Bernşteyn və Vudvord da məlumatı məhz Feltdən aldıqlarını təsdiqləyirlər. Prezident Niksonun istefasından yarım əsr keçməsinə baxmayaraq, Uoterqeyt hələ də Amerikada ən böyük siyasi qalmaqal kimi yadda qalmaqda davam edir.