İlqar Vüqarlı 
 

Təxminən 35 il əvvəl insanlar yaxın gələcəkdə "görüntülü telefon danışığı"nın olacağından bəhs edirdilər. O dövrdə bunun necə baş verəcəyi barədə insanlarda ən kiçik təsəvvür belə yox idi. Amma bu gün uşaqdan-böyüyə hər kəs asanlıqla görüntülü danışa bilir. Cəmi 30 il əvvəl e-mail vasitəsilə elektron məktubların göndərilməsi insanlara möcüzə kimi görünsə də, bu gün artıq elektron məktublar əlaqə vasitəsi kimi dəbdən düşməkdədir. Maraqlıdır, bəs görəsən, yaxın 30-40 ildə insanlar hansı yeniliklərlə qarşılaşacaqlar? 

AR texnologiyası 

Yaxın gələcəkdə ən geniş yayılan yeniliyin AR ("Augmented Reality" - "Artırılmış Reallıq") texnologiyası və ya "Metavers" (Virtual dünya") dediyimiz texnoloji yenilik olacaq. Bu gün bu texnologiya məhdud sahələrdə olsa da, tətbiq olunur. Məsələn, gələcəyin pilotları təyyarə sürməyi öyrənən zaman simulyatorlardan istifadə edirlər. Həmin simulyatorlar elə haqqında bəhs etdiyimiz AR texnologiyasıdır. Müxtəlif kompüter oyunlarında da hazırda bu texnologiyadan istifadə olunur. Amma ehtimal olunur ki, çox yaxın gələcəkdə AR texnologiyası çox geniş sahələrdə tətbiq olunacaq. Demək olar ki, insanlar bu texnologiyanın imkanlarından gündəlik olaraq istifadə edəcəklər. Avtomobillərin idarə olunmasından, təhsil sektoruna kimi hər yerdə AR texnologiyası tətbiq oluna bilər. 

Enerjinin simsiz ötürülməsi 

Smartfonların, dronların və avtomobillərin kontaktsız şəkildə enerji ilə təchiz edilməsi artıq mövcuddur. Yaxın gələcəkdə enerjinin simsiz olaraq ötürülməsinin daha geniş sahələrdə tətbiq olunması gözlənilir. 

Robot tozsoranlar 

Mexaniki köməkçilər müxtəlif sahələrdə fəal şəkildə istifadə olunur: sənayedə, tibbdə, ticarətdə və nəhayət, gündəlik həyatda. Robot tozsoranlar da artıq sürətlə yayılmağa başlayır. Bu gedişlə yəqin ki, çox yaxın gələcəkdə robot tozsoranların olmadığı ev qalmayacaq. 

3D çap printerləri 

Artıq kiçik əşyalar və ya kiçik avtomobil hissələri hazırlayan printerlərin satışına başlanıb. Yaxın gələcəkdə belə printerlərin həm satışı artacaq, həm də daha geniş məhsul çeşidi "çap etmək" mümkün olacaq. 3D texnologiyası ilə bağlı ən əhəmiyyətli yeniliyin tibb sahəsində olacağı gözlənilir. Ehtimal olunur ki, alimlər 3D texnologiyası sahəsində insanın zədələnmiş orqan və toxumalarını yenidən bərpa edə biləcəklər. 

"Ağıllı şəhər" texnologiyası 

Fərqli avtomatlaşdırılmış cihazların ümumi sistemdə birləşdirilməsi çoxsaylı obyektlər - yaşayış binaları, qurumlar, kommunal və nəqliyyat infrastrukturları arasında rabitənin qurulduğu "ağıllı şəhər" konsepsiyasını həyata keçirməyə imkan verir. Bu sistem sayəsində təchizat və təhlükəsizlik məsələləri çox daha sürətli və səmərəli şəkildə həll edilir. Vahid strukturun elementləri bir-biri ilə məlumat mübadiləsi aparır ki, bu da tıxacların qarşısını almağa, tullantıları vaxtında çıxarmağa və s. kömək edir. Artıq bu gün Amsterdam, Stokholm, Barselona, Moskva və Təl-Əvivdə ayrı-ayrı rayonlar "ağıllı şəhər" prinsipi ilə fəaliyyət göstərir. Hazırda Azərbaycanda belə bir texnologiyanın tətbiqi işğaldan azad olunmuş Zəngilan rayonunda həyata keçirilir. 

"Ağıllı şüşələr" 

ki şüşə təbəqəsi arasında aşağı gərginlikli cərəyanın bağlandığı maye kristal lövhə qoyulur. Belə şüşələrdən bu gün reklam panolarında istifadə olunur. Ehtimal edilir ki, yaxın gələcəkdə belə şüşələrdən mənzillərdə və ofislərdə də geniş istifadə olunacaq. "Ağıllı şüşə"dən hazırlanmış pəncərələr və arakəsmələr pərdələr və jalüzlərə olan ehtiyacı da aradan qaldıracaq. 

Pilotsuz nəqliyyat vasitələri 

Ekspertlər belə hesab edirlər ki, yaxın gələcəkdə şəhərlərdə avtomobil parkının 60%-ə yaxınını pilotsuz nəqliyyat vasitələri təşkil edəcək. Bu qəzaların sayını 90%, işlənmiş qazların həcmini isə 80% azaldacaq. Pilotsuz ictimai nəqliyyatdan istifadə sürətlə genişlənir. Artıq Dubay, Sinqapur, Vankuver, Paris və Tokio kimi şəhərlərdə dəmir yollarında maşinistsiz qatarlar hərəkət edir.