Teymur İbrahim 
 

El arasında belə bir deyim var: "Qışda istəyirik yay gəlsin, yayda istəyirik qış gəlsin". Təbii ki, bu deyimin yaranmasının və bu qədər populyarlaşmasının səbəbləri var. Başlıca səbəb isə hər fəsildə, həmçinin, bu iki fəsildə mövsümi xəstəliklərin yayılmasıdır. Təqvim ilinə əsasən qış fəslinin başlanğıcı dekabr ayı hesab olunur və yanvar, fevral ayları ilə davam edir. Azərbaycanda bütün fəsillər kimi, qış da sürpriz bir məqamda həyatımıza daxil olur. Birdən-birə havalar soyuyur, soyuq, üstəlik də sərt küləklər əsməyə, mövsümi yağışlar yağmağa başlayır. Biz isə payız geyimlərimizi çıxarmamış soyuğun qəfil ovuna düşürük. Elə buna görədir ki, qışda xəstələnəndə ətrafımızdakılardan belə reaksiya alırıq: "Yəqin ki, soyuq dəyib". Bəs, "soyuq xəstəlikləri" hansılardır və özümüzü onlardan necə qorumalıyıq?

Soyuqdəymə 

Soyuqdəymə və qripi çox vaxt qarışıq salırlar. Soyuqdəymə dünyada ən çox yayılmış xəstəlikdir. Bu xəstəlik müxtəlif viruslar tərəfindən (təqribən 200-ə yaxın) əmələ gəlir və əsasən yuxarı tənəffüs yollarında müşahidə olunur. Viruslarla "qarşılaşdıqdan" 24-72 saat sonra boğazda ağrı, quruluq və qaşınma hissindən sonra sürətli burun axması, burun tutulması, asqırma, öskürək və halsızlıq meydana gəlir. Bir çox virus soyuqdəyməyə səbəb olduğundan müalicəsində əlamətlərinə görə ağrıkəsicilər və dərmanlar istifadə edilir. Yoluxma xəstə insanların öskürməsi və asqırması zamanı havaya saçılan damcıların havada qalması, xəstə insanların sekresiyaları ilə çirklənmiş əllər və əşyalarla birbaşa təmas zamanı ötürülür. Ona görə soyuqdəymədən qorunmaq üçün təmizlik ilk şərtdir.

Qrip 

Qrip "influenza" adlı virusun səbəb olduğu, yuxarı və aşağı tənəffüs yollarını tutan və bütün bədənə təsir edən son dərəcə yoluxucu bir infeksiyadır. Xəstə insanlar öskürərkən, asqırarkən və danışarkən ətrafa saçılan damcılar vasitəsilə yayılır. Üşütmə və titrətmə ilə yüksələn qızdırma, halsızlıq, iştahasızlıq, baş ağrısı, oynaq və əzələ ağrıları, göz yaşarması, burun axması, quru öskürək, boğaz ağrısı və s. qripin əlamətlərindəndir. "Qrip müalicə olunarsa, 1 həftədə, olunmazsa, 7 gündə keçər" deyimində həqiqət payı var. Ev istirahəti ilə yanaşı ağrıkəsici və qızdırmasalan dərmanlar qripi sağalda bilər. Amma bu o demək deyil ki, "Qrip xəstəlik deyil" düşüncəsi ilə ona ciddi yanaşmayaq. Qripə yoluxmamaq üçün vaxtında peyvənd olmaq və təmizliyə riayət etmək lazımdır.

Bronxiolit 

Bronxiolit Bronxiolit ağciyərlərin ən kiçik tənəffüs yollarından biri olan bronxiolların hər hansı səbəbdən tutulması, ən çox da iltihabi tutulma nəticəsində meydana gəlir. Adətən, yuxarı tənəffüs yollarının infeksiyasından sonra inkişaf edir. Xırıltı, sürətli nəfəs alıb-vermə, tənəffüs zamanı sinə və qarın nahiyəsinin qalxıb-enməsi ilə xarakterizə edilir. Xəstəliyi yüngül keçirdikdə, dərmanlı buxar tətbiq etmək, xırıltını azaldan dərmanlar qəbul etmək, burnu açıq saxlamaq və fəaliyyəti məhdudlaşdırmaq kifayətdir. Ağır hallarda (tənəffüs tezliyinin yüksək olması, ürək çatışmazlığı əlamətlərinin müşahidə edilməsi, qidalanmada problemlərin meydana gəlməsi və s. kimi) xəstəxanaya yerləşib müalicə olunmaq lazımdır.

Faringit 

Faringit boğazın "pharynx" (udlaq) adlanan hissəsinin iltihabıdır. Boğaz ağrısı, udqunmada çətinlik, boğazda quruluq, yanma və ya qaşınma hissi, qızdırma, öskürək şəklində özünü göstərir. Müalicəsi zamanı ağrıkəsici və qızdırmasalan dərmanlar, allergiya şübhəsi olan xəstələrdə antihistaminlər, burunaçıcı spreylər, öskürək kəsicilər və ağız qarqaraları istifadə edilə bilər. Xəstəlikdən qorunmaq üçün tozlu yerlərdə, kirli havalarda olmamaq, həddən artıq isti və soyuq qida qəbul etməmək, allergiyaya səbəb olan amillərdən uzaq olmaq, mümkün qədər qələbəlik mühitdə az olmaq və ya olmamaq lazımdır. 

Ağciyər iltihabı 

Ağciyər iltihabı (sətəlcəm, pnevmoniya) xüsusilə, 5 yaşdan kiçik uşaqlarda rast gəlinir və yaş artdıqca tezliyi azalır. Ehtiyat tədbirləri görülmədikdə pnevmoniya ölümcül ola bilər. Bakteriyalar, viruslar, mikroblar, həmçinin, müxtəlif çeşidli kimyəvi maddələr xəstəliyə səbəb ola bilər. Ani və şiddətli quru öskürək, qızdırma və titrəmə, ürəkbulanma və qusma, halsızlıq xəstəliyin xəbərdaredici əlamətlərindəndir. Həkimin tövsiyəsi ilə uyğun antibiotik təyin edilə və xəstəliyin gedişatından asılı olaraq istifadə oluna bilər. Zəruri hallarda yaxşı tərləmə və oksigen qəbulu ilə dəstəkləyici müalicə təmin edilə bilər. Xəstəliyin təkrarlanmasının qarşısını almaq üçün isə kifayət qədər istirahət etmək lazımdır. 

Bronxial astma 

Astma tənəffüs yollarına daxil olan havadakı müxtəlif allergik maddələrə cavab olaraq ortaya çıxır. Nəfəs almaqda çətinlik yaradır. Astma az-az öskürəklə başlayır və zaman keçdikcə tənəffüs çətinliyinə gətirib çıxarır. Şikayətlər nəfəs tutulması, şiddətli öskürək və yorğunluq kimi davam edir. Erkən diaqnoz qoyularsa, astmanın müalicəsi çətin deyil. Sprey və ya toz halında olan dərmanların ağciyərlərə hava ilə çatdırılması sizi sağalda bilər. 

Meningit 

Beyinin selikli qişasının iltihabı olan meningit mikrobların müxtəlif yollarla onurğa beyni mayesinə daxil olması nəticəsində meydana gəlir. Viruslar və ya bakteriyalar meningitə səbəb olur. Viral meningit şiddətli baş ağrısını müşayiət edən zökəmlə ortaya çıxır. Antibiotik müalicəsi tələb olunmayan bu tip meningitdə sağalma üçün yaxşı qulluq kifayətdir. Lakin meningitin çox şiddətli olan birinci növü meninqokokk baş ağrısı, yüksək hərarət, əzələ və oynaq ağrıları, boyunda sərtlik və bütün bədəndə qançırların meydana gəlməsi ilə xarakterizə olunur. Qısa müddətdə ölümə səbəb olur. Bu səbəbdən belə hallarda təcili müalicə (penisillin istifadə etməklə) vacibdir. İkinci və daha çox yayılmış tipdə ilikdə iki gün zökəm müşahidə edilir, sonra şiddətli baş ağrısı, qusma və səpki kimi ağır simptomlar təkrarlanır. Müalicəsi zamanı antibiotiklərdən istifadə olunur. Bunlardan əlavə havalar soyuyan kimi larinqotraxeobronxit, rotavirus ishalı, kəskin bronxit, sinusit, laringit, orta qulaq iltihablanması kimi xəstəliklər də gözləmədiyiniz bir zamanda qapınızı döyə bilər. Bütün bunlardan qorunmağın başlıca yolu isə soyuqdan müdafiə olunmaq, təmizliyə riayət etmək və bu xəstəlikləri sizə yoluxduracaq məkanlardan uzaq olmaqdır.