Əbu Reyhan Məhəmməd ibn Əhməd əl-Biruni 973-cü ildə Xarəzm yaxınlığında dünyaya gəlmişdir. Bir çox tədqiqatçı Birunini Xarəzmin yaxınlığında yaşayan türklərdən olduğunu qeyd etmişdir. O, ərəb və fars dillərini də mükəmməl öyrənmişdir. "Birun" kəlməsi fars dilində "çöl", "xaric" mənasına gəlir. Bu minvalla bəzi müəlliflər "Biruni" kəlməsini "kənardan gələn" "bir ölkənin paytaxtı, ya da mühüm böyük şəhərlərinin xaricindən gələn şəxs" mənasında başa düşmüşlər.
Biruninin təbiət və müsbət elmlər sahəsindəki nailiyyətləri göz oxşadığı kimi, o, eyni nailiyyətləri sosial elmlər və dinlər tarixi sahəsində də əldə etmişdir. Biruninin elmi duruşu və obyektivliyinin bariz önə çıxdığı sahələrdən biri də dinlər tarixi sahəsidir. O, astonomiya, riyaziyyat, həndəsə, fizika, kimya, tibb, əczaçılıq, tarix, coğrafiya, filologiya, etnoqrafiya, botanika, mineralogiya, dinlər və məzhəblər tarixi və s. kimi 30-a yaxın elm sahəsində tədqiqatlar aparmış, ixtira və kəşflər etmişdir. Bütün bu gərgin elmi fəaliyyətlə yanaşı Biruni həmişə dini həssaslığını qorumuşdur. Biruni tükənmək bilməyən araşdırma sevdası ilə məsələlərə həmişə obyektiv yanaşmağı bacarmış, həm obyektivliyini, həm də dindarlığını (üstəlik, səmimi dindarlığını) eyni anda öz şəxsində toplaya bilmişdir.
Qərb dünyasında "Alberuni" və ya "Aliboron" olaraq tanınan Biruni heç bir əsərində yalnız bir elm sahəsinə və ya bir mövzuya bağlı qalmamış, elmi bir bütöv, bir tam olaraq görmüşdür. Bu səbəblə də Birunini haqlı olaraq ensiklopedik alim adlandırmışlar.
Biruni ilə İbn Sina Buxara şəhərində görüşmüşlər. Bu zaman Biruni 24, İbn Sina isə 17 yaşında idi. Biruninin öz əsərində "fəzilət sahibi bir gənc" adlandırdığı İbn Sina ilə daha sonralar sual-cavablı yazışmasında hər halda bu ilk tanışlığın böyük rolu var idi.
Biruni ilə İbn Sina "İşığın sürəti ölçüsüzdür, yoxsa, işığın sürətini ölçmək mümkündür?" mövzusunda da müzakirələr aparmışlar. Dünyanın qabaqcıl İslam elm tarixçisi Fuat Sezgin (1924-2018) bu iki düha arasında məhz bu müzakirəyə işarə edərək bu günün müsəlman ölkələrində bu cür elmi-fəlsəfi müzakirələrin hələ də baş vermədiyini demişdir. Əslində, bu sual və müzakirələr Biruninin yaşadığı dövrü və o dövrdəki yerini və əhəmiyyətini açıqca bizə göstərir.
Biruni Qəznə şəhərində Qiblənin təyin edilməsi üçün riyazi metod və hesablamalar ortaya qoymuşdur. O, Qiblənin təyin edilməsi kimi müsəlmanlar üçün vacib bir məsələdə əlindən gələni etməməyin nankorluq olacağını qeyd etmişdir.
Nyutonun riyazi olaraq isbat etdiyi cazibə qanunu haqqında Biruni hələ 700 il əvvəl öz fikirlərini ortaya qoymuşdur. O, hazırladığı teleskoplarla müşahidələr aparan və planetlərin Günəş ətrafında dövr etdiyini söyləyən Qalileydən də 600 il əvvəl "dünyanın fırlanması" fikrini müdafiə etmişdir. Biruni dünya fırlanarkən ağacların və daşların yerindən sovrulmamasını mərkəzdə cazibə qüvvəsi olması ilə izah etmişdir. Şimal, cənub, şərq və qərbin fərqli məkanlarda bir-birinə qovuşduğunu, dənizlərin arxasında bir torpaq parçasının (bu günkü Amerikanın) olduğunu demişdir.
Biruninin araşdırmalarında bir sıra diqqətəlayiq xüsusiyyətlər görürük. Əvvəla, o məsələlərə müstəqil və tərəfsiz bir şəkildə yanaşır, müsbət elmə və ağıla uyğun olmayan əsassız görüşlərə qapılmırdı. Hadisələri tənqid süzgəcindən keçirir, kifayət qədər dəlil tapdıqdan sonra bir məsələ haqqında söz deyirdi.
Biruninin fiziki coğrafiyanın inkişafında danılmaz əməyi var. Şəhərlər arasındakı məsafələri ölçmüş, dünyanın diametri ilə bağlı araşdırmalar aparmışdır. Tibb elmində psixiatriya sahəsinə əhəmiyyət vermiş, səslə təlqin etmənin təsiri barədə danışmışdır. Dərmanlar haqqında bilgi vermiş, dərmanın faydası ilə yanaşı yan təsirini bilməyin də müalicədə mühüm amil olduğunu bildirmişdir.
Müsəlmanların namaz və oruc vaxtlarını müəyyən etmək üçün astronomiya elminə olan ehtiyacları gün keçdikcə artırdı. Xəlifə Məmunun dövründən etibarən İslam dünyasında rəsədxanalar açılmışdı. Biruni bu rəsədxanaların açılmasına və fəaliyyət göstərməsinə öz töhfələrini vermiş, elmi və zehni əməyini burada da əsirgəməmişdir.
Qəznəli Mahmud Hindistanın böyük bir hissəsini fəth etdikdən sonra Biruni hind mədəniyyəti ilə sıx təmasa keçmişdir. Belə ki, XI əsrin mühüm müsəlman hökmdarlarından olan Qəznəli Mahmud Hindistana səyahət edəndə elmə və öyrənməyə bitməz-tükənməz həvəsi olan Birunini də yanında aparmışdır. Biruni 1017-1030-cu illərdə Hindistanda yaşamış və bu dövr ərzində məşhur kitabı "Təhqiqu mə lil-hind" əsərini yazmışdır. Biruninin "Təhqiqu mə lil-hind" əsəri hindologiya sahəsində yazılan ilk ciddi əsər hesab olunur.
Biruninin yaşadığı dövrdə bir-birinin dinləri ilə maraqlanan fərqli dinlərə mənsub alimlər bu araşdırmalarında obyektiv qala bilməmişlər. Buna səbəb isə cəmiyyət tərəfindən maraqlandıqları həmin dinə meyil etmək, ya da o dinə inanmaqla ittiham edilməkdən çəkinmələri idi. Fərqli elm sahələrində söz sahibi olan Biruni, təkcə bir din haqqında öz görüşlərini demir, eyni zamanda o dini olduğu kimi təqdim etməyə çalışırdı. Bu metodu ilk dəfə tətbiq edən də məhz Biruni olmuşdur. Biruninin Hindistanda olduğu dövrdə qələmə aldığı "Təhqiqu mə lil-hind" əsəri dinlər tarixinə dair əsər olmasa da, bu sahədə aparılacaq araşdırmalar üçün sağlam metodologiya və nümunələr qoymuşdur. Bir sözlə, Biruni dinlər tarixi kimi bir sahədə araşdırma apararkən öz dini duyğularını önə çıxarmamış və obyektivliyini qorumağa çalışmışdır.
Biruninin yaşadığı dövrdən 1000 il sonra Əfqanıstanda 1500 illik tarixi olan və artıq dünya tərəfindən sənət əsəri kimi qəbul edilən Bamiyan Bütlərinin Biruni ilə eyni dinə mənsub olanlar tərəfindən 2001-ci ildə "din adına" dağıdıldığının şahid oluruq. Bu zaman ağıla istər-istəməz "Haradan haraya gəldik?" sualı gəlir. Deməli, aradan min il keçsə də, bir çox müsəlman cəmiyyətləri Biruninin düşüncəsinə, dünyagörüşünə çata bilməmişdir.
Böyük və ya kiçik həcmdə 180 əsər qələmə alan Biruninin əsərlərinin 13 000 səhifə olduğu təxmin edilir. Ancaq günümüzə qədər bu əsərlərin 20-si gəlib çatmışdır. Biruninin Azərbaycan türkcəsində hər hansı bir əsəri olmasa da, onun bir sıra əsərləri Anadolu türkcəsinə tərcümə edilmişdir.
İlk dəfə Biruninin təməllərini atdığı dinlər tarixi sahəsini günümüz və ölkəmiz üçün də vacib sahə hesab etmək olar. Bu sahədə ölkəmizdə bu günə qədər mütəxəssis səviyyəsində iki əlin barmaqları qədər insanın olmadığı da bir başqa acı gerçəkdir. Ölkəmizdə alban məbədlərinin, atəşpərəstliklə əlaqəli yerlərin, türbə və qəbir daşlarının araşdırılması, hətta, bu kimi məbəd və abidələrə yanaşma tərzi və s. kimi məsələlər arxeoloqların, tarixçilərin işi olmaqla yanaşı, həm də dinlər tarixçisinin işidir. Biruni də məhz bu sahədə 1000 il əvvəl ilk dəfə olaraq əsər yazmış, təkcə İslam aləmi üçün deyil, bütün dünya üçün yeni bir metodologiya ortaya qoymuşdur.
Biruni hələ min il əvvəl yerin öz ətrafında və digər planetlərlə birlikdə Günəş ətrafında fırlandığını demiş, gündüz və gecənin meydana gəlməsini də bununla izah etmişdir. Bu elmi izahlar o dövr üçün, xüsusilə dünyanı kainatın mərkəzi hesab edən qərb aləmində çox yeni və inqilabi bilgilər idi. Şərq dünyasında ilk dəfə Biruni tərəfindən ortaya atılan bu tezislər orta əsrlərdə kilsənin görüşü ilə daban-dabana zidd olduğu üçün o qədər də ciddiyə alınmamış və etibar görməmişdir.
Biruni günümüzdən doqquz əsr əvvəl paleontologiya və geologiya elmi ilə məşğul olmuş, Ərəbistan səhrasının dənizin çəkilməsi nəticəsində səhralaşdığını demişdir. Qumu bir az qazanda ortaya çıxan daşların və burada tapılan fosillərin onun sözlərinə şahidlik etdiyini qeyd etmişdir. Biruni buna bənzər fosilləri Xarəzm bölgəsində də gördüyünü bildirmişdir. Biruni çayların yataqlarını dəyişdirməsi ilə köçlərin meydana gəldiyini qeyd etmiş, Hindistanda İndus vadisinin allüvial çöküntülərlə dolmuş qədim bir dəniz hövzəsi olduğunu söyləmişdir.
Biruninin 1025-ci ildə qələmə aldığı "Təhdidu nihəyətil-əməkin" adlı əsəri onun ilk mühüm əsəri hesab olunur. Bu əsərdə şəhərlərarası məsafələrin müəyyən edilməsi, Qibləni müəyyənləşdirməyin metodları, həmçinin tarix, coğrafiya, astonomiya, geologiya və başqa elm sahələrindən bəhs edilir. Bu əsərin günümüzə gəlib çatan tək əlyazma nüsxəsi İstanbulda Suleymaniyyə Kitabxanasında (Fatih, 3386-cı nömrədə) qorunub saxlanılır.
Biruni "Kitabus-Saydanə" əsərini 79 yaşında ikən, 1050-ci ildə qələmə almışdır. Bu kitab əsasən tibb və əczaçılıq haqqındadır. Biruni şəfalı otlar və bir sıra dərmanlar haqqında yazdığı bu kitabda üç minə qədər bitkinin hansı vaxtlarda və necə istifadə edildiyinə yer vermişdir. Biruni hansı otların hansı xəstəliyə şəfa olduğunu çox yaxşı bildiyi üçün əczaçılıqla həkimliyin sərhəddini müəyyən etmiş, dərmanların yan təsirlərindən bəhs etmişdir. O, həyatının böyük bir hissəsində bitkilər və onların tibbi istifadə qaydaları üzərində çalışmışdır. Biruninin əsərlərindən botanik, əczaçı, fizik, filosof, dilçi və şair olmaqla 30-dan çox fərqli elm sahəsinin mütəxəssisləri yararlanmış və ona istinad etmişlər.
Biruni "Kitabus-Saydanə" əsərində otların adlarını müxtəlif dillərə görə əlifba sırası ilə vermişdir. Belə ki, bir çox dil bilən Biruni bir poliqlot olaraq "Kitabus-Saydanə" əsərində dərmanların faydaları və istifadə qaydaları ilə yanaşı, həmin bitkilərin ərəbcə, farsca, yunanca, sanskritcə və türkcə adlarını da vermişdir. Bu da həm etimologiya, həm də bitkilərin fərqli dillərdəki adlarını müqayisəli öyrənmək baxımından çox faydalı olmuşdur.
Biruni Aristotel fəlsəfəsinə tez-tez müraciət etməklə yanaşı, onu sarsılmaz nüfuz sahibi kimi görməmiş, hətta, fəlsəfəsinin zəif yanlarını görərək sərt bir şəkildə tənqid etmişdir. Biruni Aristotelçilik baxımından fəlsəfi doqmatizmi qəbul etməmiş, fəlsəfi tənqid və araşdırmalarında müəyyən bir fəlsəfi cərəyana bağlı qalmamağı üstün tutmuşdur. Bu tənqidçi duruşu Birunini Aristotelin böyük bir zəka sahibi olduğunu qəbul etməsinə mane olmamışdır. Onun əsasən qarşı çıxdığı məsələ Aristotelin hər bir fikrini qeyd-şərtsiz doğru qəbul etmək, yəni Aristotelçiliyin bir doqmatizm halına gəlməsinə imkan verməkdir.
Pakistanın Kəraçi şəhərində 1973-cü ildə Biruninin dünyaya gəlməsinin 1000 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçirilmişdir. Həmçinin, alimin 1000 illiyi münasibətilə həmin ildə Türkiyə, İran, Rusiya (keçmiş SSRİ), Əfqanıstan, Pakistan, Suriya və s. ölkələrdə poçt markaları buraxılmışdır.
Biruni 1051-ci ildə 78 yaşında bugünkü Əfqanıstanın ərazisində yerləşən Qəznə şəhərində dünyasını dəyişmişdir. Fiqh alimi Əbul-Həsən Vəlvaləci Biruni haqqında bir xatirəsində belə deyir: "Əbu Reyhan əl-Birunini ziyarət etməyə getmişdim. Canı boğazına gəlmiş, nəfəsi daralmış halda yatağında yatırdı. O halda ikən Biruni mənə belə dedi: "Bir gün mənə mirasda nənələrin haqlarının hesablanması ilə bağlı bir teoremdən bəhs etmişdin. O necə idi?" Onun xəstə yatağındakı halına acıyaraq dedim ki, bu vəziyyətdə ikən məndən bunlarımı soruşursan? Bu zaman Biruni belə dedi: "Səncə, bu mövzunu bilərək bu dünyadan ayrılmaq daha xeyirlidir, yoxsa bilmədən ayrılmaq?" Soruşduğu məsələni ona danışdım. Dinlədi və əzbərlədi. Sonra mənə edəcəyi şeylərdən danışdı. Bir az sonra yanından ayrıldım. Evdən yenicə çıxmışdım ki, yüksək səslə ağlaşma səsləri eşitdim. Geri döndüm, Əbu Reyhan əl-Biruni artıq vəfat etmişdi".
Nazim Mustafayev