Müasir Azərbaycan ədəbiyyatında fərqli yanaşması və üslubu ilə seçilən yazıçı, publisist Ülviyyə Tahir budəfəki sayımızın qonağı oldu. Son yazdığı "Şükriyyə taleyim" romanı ən çox satılan kitablar arasındadır. Əsərlərində daha çox tarixi şəxsiyyətlərin qaranlıq rəflərdə qalmış həyatına işıq salmağa səy göstərən yazıçı eyni zamanda, "Şeytanın missiyası", "Üzü cəhənnəmə", "Buqələmun", "Ortaq şəhər", "ALJİR" kitablarının müəllifidir. Beləliklə, tarixçi, filoloq və tərcüməçi ixtisaslarına yiyələnən, lakin həyatdakı missiyasının sırf yazıçılıq olduğunu deyən Ülviyyə Tahirlə müsahibəmizi sizə təqdim edirik...
- Biz sizi həm yazıçı, həm tarixçi, eyni zamanda, tərcüməçi və psixoterapevt kimi tanıyırıq. Bəs, siz özünüzü bu peşələrin hansında daha çox görürsünüz?
- Mən insanın özünü inkişaf etdirməli olduğu fikrinə çox inanıram. Düşünürəm ki, bu dünya bizim üçün möhtəşəm bir yarış meydançasıdır. Əvvəlcə biz bu yarışa çıxarkən başqalarına baxıb hərəkətə keçirik. Lakin bu yarış "mən" mərkəzli olduqda gözəl nəticələr verir. Uşaqlıqdan özümü müxtəlif sahələrdə sınamağı çox sevmişəm. Qəribəsi budur ki, həmişə əl atdığım bütün işlərdə bacarıqlı olacağıma inanmışam. Məhz bu inam məni kənddən rayona, oradan Bakıya və nəhayət, xarici ölkələrə aparan bir yol olub. Özümü müxtəlif peşələrdə sınamışam. İstər müəllim, istər tərcüməçi, istər jurnalist kimi fəaliyyət göstərdikdən sonra dönüb geriyə baxanda qəti şəkildə əmin oluram ki, təyinatım yazıçıdır.
- Sizi yazmağa sövq edən güc az əvvəl qeyd etdiyiniz inam duyğusudur?
- Mən 2009-cu ildə mətbuatda Azərbaycanın müasir ədəbiyyatı ilə tanış oldum. Etiraf edim ki, o vaxta qədər müasir ədəbiyyatdan heç nə oxumamışdım. Yalnız xarici ədəbiyyat mütaliə edirdim. Və hamı kimi mən də düşünürdüm ki, Azərbaycanda ədəbiyyatla məşğul olan yoxdur. Bu dövrdə saytların geniş şəkildə fəaliyyəti müasir ədəbiyyatımızın nümunələri ilə tanış olmağıma şərait yaratdı. Düzdür, mən əvvəllər də şeir və hekayələr yazırdım. Lakin həyatımın bu dövründə fikirləşdim ki, mən də yazdıqlarımı oxuculara təqdim etsəm, daha yaxşı olar. Hətta ürəyimdən belə bir fikir də keçdi ki, "Mən daha yaxşı əsərlər ortaya qoya bilərəm". Elə bu illərdən də yazıçılıq mənim üçün möhtəşəm bir sahəyə çevrildi. Hələ də öz üzərimdə çalışıram və hesab edirəm ki, insan nə qədər öyrənsə, yenə inkişafı tamamlanmış sayılmır. Yazmaqdan zövq alıram, ruhən dincəlirəm. Bir sözlə, özümü bu sahədə tapmışam.
- Müəllifi olduğunuz "Buqələmun", "ALJİR" və "Şükriyyə taleyim" kitabları oxucular tərəfindən maraqla qarşılandı. Hazırda üzərində işlədiyiniz əsər varmı?
- Bəli. Hazırda 1918-ci il Mart soyqırımları, Ərzurum-Qars-İrəvan qırğınları haqqında roman üzərində işləyirəm. Bu, olduqca ağır bir əsərdir. Və mən demək olar ki, ruhən həmin dövrdə, Bakının küçələrində, De Burun sarayının, Sadıqov qardaşlarının evinin, İsmailiyyə Sarayının qarşısındayam. Ərzurumda, İrəvanda kilsələrdə yandırılan, məscidlərdə od vurulan insanların ağrısını hiss etmək, onların bir parçasına çevrilmək, o duyğuları sözə çevirərək, kağıza tökmək yazıçılığın ən ağır cəhətlərindən biridir.
- Məlum məsələdir ki, tarixi əsər üzərində işləmək çətin bir prosesdir. Bu cür ağrılı taleləri obraza çevirib günümüzə daşımaq sizin psixoloji vəziyyətinizə necə təsir edir? Və bu cür ağır hisslərin yükündən sıyrılıb reallığa qayıtmağı necə bacarırsınız?
- Bilirsiniz, tarixi hadisələr baş verir, aradan uzun illər keçir. Lakin günümüzdə biz onları yalnız statistik rəqəm kimi tanıyırıq. Məsələn, 44 günlük Qarabağ müharibəsi tariximizə nəhəng bir zəfər hadisəsi kimi həkk olundu. Amma mən bir yazıçı kimi orada insan faktoruna köklənirəm. İnsan bu müharibənin harasında idi? Ana harada idi? Şəhid harada idi? Əsgər harada idi? Bu suallar mənim üçün çox mühümdür. Bu baxımdan, 1918-ci il hadisələrini yazarkən də məsələyə daha çox rasional şəkildə yanaşıram. Artıq təxəyyülümdə obrazlar yaranır. Məsələn, bu əsərdə Ərzurumda fəaliyyət göstərən polkovnik-leytenant obrazı var və sözügedən hərbçi ermənilərin qırğını haqqında Rusiyaya məlumat verir. Və o, etiraz edərək bildirir ki, niyə bu qırğınlara səbəb olmuşuq? Qeyd edim ki, bu arxiv sənədidir. Mən artıq burada polkovnik-leytenant rütbəsinin arxasındakı obrazı tədqiq etməklə məşğulam. O necə bir insan idi? Hansı hissləri keçirirdi? Bu cür hissləri keçirmək üçün hansı ailədə böyümüşdü? Və ən əsası Rusiyanın Qafqazda özünə tarix yaratması, bu tarixi qarışıqlığın içərisində bir-birini sevən iki gəncin mübarizəsi, İsmailiyyənin xarabalıqlarında öz övladını axtaran ananın fəryadı və s. bunların hamısı çox dəhşətli faktlardır. Təbii ki, belə ağır bir romanı tamamladıqdan sonra bir-iki həftə sakitliyə çəkilirəm və hadisələri tamamilə unutmağa çalışıram. Əlbəttə ki, çox çətin olur. Çünki onlar mənim bir ailəmə çevrilir, özümü sanki onlardan biri kimi hiss edirəm. Bəzən bir romanı yazdıqdan sonra bir ay heç bir şey yaza bilmirəm. Bir sözlə, yazıçı olmaq heç də asan deyil. Bu yaxınlarda tənqidçimiz Əli Novruzov: "Azərbaycan şərtlərində "a" və "b" variantı yoxdur, yalnız fədakar yazıçı var", - deyə bir fikir səsləndirdi. Bu həqiqətən də belədir. Bir yazıçı nəinki öz maddi vəsaitindən, eyni zamanda, gücündən, psixoloji vəziyyətindən, ailəsindən, hətta sağlamlığından belə fədakarlıq edərək nəyisə ərsəyə gətirir. "Şükriyyə taleyim" kitabı ilə tanış olanlar bilirlər ki, bu əsər necə dərin bir hissiyyatın məhsuludur. Bu baxımdan deyə bilərəm ki, hissləri yazı şəklində ötürmək çox çətindir. Amma insan öz yaradılışından və təyinatından kənara çıxa bilməz.
- Azərbaycan tarixində xeyriyyəçi kimi tanınan, savadlı nəslin yetişməsində mühüm addım ataraq qızlar üçün məktəb açan mühüm şəxsiyyətlərdən biri də Hacı Zeynalabdin Tağıyevdir. Bu yaxınlarda bir gəncdən onun haqqında soruşanda tanımadığını dedi. Sizcə, tariximizin Tağıyev timsalında mühüm şəxsiyyətlərini gənclərimizə necə tanıda bilərik?
- Biz 1930-cu illərin repressiya qurbanlarını xatırlayarkən yada düşən ilk adlar Mikayıl Müşviq və Əhməd Cavad olur. Halbuki, Hüseyn Cavid də eyni taleyi yaşayan böyük şəxsiyyətdir. Bəs niyə adı sıralamada üçüncü anılır? Çünki həm Müşviqin, həm də Cavadın hekayəsi var. Və dövr hekayəsi olan insanların dövrüdür. Biz Tağıyevi, Rəsulzadəni hekayələşdirə bilsək, o zaman gənclərimizə xitab edə bilərik. Məsələn, bizim "Şükriyyə taleyim" kitabı ötən ildən bəri ən çox satılan kitab oldu. Oxuculardan çox gözəl geri dönüşlər aldım. Düşünürəm ki, bunun ən böyük səbəbi orada hekayənin olmasıdır. Bu baxımdan, Tağıyev haqqında rəqəmlər toplusu heç kəsə maraqlı deyil. Amma biz Qızlar gimnaziyasında təhsil alan bir qızın həyat uğrunda mübarizəsi, 1905-ci il erməni-müsəlman qırğınında o qızın həyatına dəyən zərbələr haqqında bir hekayə danışsaq, onu romanlaşdırsaq, düşünürəm ki, gənclər arasında böyük ajiotaj yaradar və çox da gözəl qəbul olunar. Burada həm qadın haqları, həm özünü reallaşdırma, həm sevgi, həm də ayrılığa yer verilər. Bu zaman insanlar Tağıyevi unutmaz.
- Belə bir planınız varmı?
- Bayaq da qeyd etdiyim kimi, mən hazırda mart qırğınları haqqında tarixi roman üzərində işləyirəm. Və növbədə altı roman var ki, onlar yazılıb hazırdır, sadəcə olaraq, çap olunmağı gözləyir. Ancaq gələcəkdə 20-ci əsrin əvvəlləri, Məmməd Əmin Rəsulzadə, Hacı Zeynalabdin Tağıyev haqqında bir roman ərsəyə gətirməyi planlaşdırıram.
- Müsahibələrinizin birində "Şükriyyə taleyim" kitabını yazmaqda məqsədim cəmiyyətdə güclü qadın şəxsiyyətini təbliğ etməkdir", demisiniz. Sizcə, güclü qadının xüsusiyyətləri nələrdir və belə qadınların yetişməsi üçün cəmiyyət necə olmalıdır?
- Ümumiyyətlə, son iki romanda ("ALJİR", "Şükriyyə taleyim") mənim üçün insanın başına gələn bütün hadisələrə baxmayaraq necə həyatda qalması və bu mübarizəsində şəxsiyyətini qoruması mühüm məsələ idi. İlk zərbədə yıxılmaq və xüsusən, gənclər arasında intiharların artması məni çox narahat edir. Düşünürəm ki, belə bir vəziyyətdə biz qadınlar cəmiyyət üçün nə isə edə bilərik. Burada fədakarlıq və ya özünü qurban verməyi nəzərdə tutmuram. Əsas məqsəd şəxsiyyət kimi reallaşmaqdır. Sözügedən əsərdə Şükriyyə obrazı bir şəxsiyyət kimi seçim etdi. Burada o, nə Əhməd Cavadın həyat yoldaşı, nə də uşaqların anası deyil, şəxsiyyət kimi reallaşmış bir xarakterdir. Mənim üçün qadın mövzusu hər zaman aktualdır. Hesab edirəm ki, qadının təhsil alması, cəmiyyətdə özünə mövqe tutması, övladları və ailəsi ilə münasibəti tamamilə reallaşmış şəxsiyyətin üzərində qurulmalıdır. Hazırda ən çox rast gəldiyimiz "Övladım yaxşı olsun, mən səbir edərəm", düşüncəsində olan qadın tipidir. Halbuki, özü yaxşı olmayan ananın övladı da yaxşı olmur. Bəzi insanlar elə hesab edirlər ki, güclü qadın olmaq üçün karyera qurmaq, pul qazanmaq lazımdır. Amma Şükriyyə xanım heç yerdə işləmirdi, karyera sahibi də deyildi. Sadəcə olaraq, evində öz uşaqları ilə məşğul idi. Yəni, qadın ailənin içərisində ərimədən öz şəxsiyyətini necə reallaşdıra bilər? Düşünürəm ki, bu mühüm məsələdir. Yaradan da qadınla kişini fərqli fitrətdə yaradıb. O, qüvvəsinin yetmədiyi işlərə özünü məcbur etməməlidir. Qadın hər gün 7-8 saat işlədikdən sonra gəlib ailənin ehtiyaclarını yerinə yetirib daha sonra yaxşı ana olacağam deyirsə, bu mümkün deyil. Bu, öz gücünün sərhədlərini aşmaq deməkdir ki, qadın da belə bir şəraitdə tez sıradan çıxır. Çünki o həm bədəncə zəifdir, həm də ruhən zərifdir. Bütün bunları nəzərə alaraq çalışıram ki, qadına xitab edən kitablar daha çox yazım.
- Son vaxtlar telekanallarda sosial verilişlərin sayı artıb. Burada görülən xeyriyyə işlərilə yanaşı, ailədaxili problemlərin nümayişi və bu kimi xoşagəlməz hadisələrin şahidi oluruq. Bu cür hadisələrin cəmiyyətə təqdim olunması nə dərəcədə doğrudur? İctimai qınaq yaratmaq belə hadisələrin azalmasına kömək edirmi?
- Mən özüm də söz adamı olduğuma görə sözün qüdrətinə inanıram. Hər kəsə də sözlərlə ehtiyatlı olmağı tövsiyə edirəm. Çünki söz itmir. Və sözün şişmə potensialı var. Bəlkə də, bu cür arzuolunmaz hadisələri yayımlamaq ictimai qınaq yaratmaqdır. Amma hazırda dünya ailə institutunun sıradan çıxarılmasına köklənib. Ümumiyyətlə, əgər bir məsələ kapitalizm tərəfindən diqtə olunursa, o məsələni ciddi şəkildə nəzərdən keçirmək lazımdır. Burada rejim mənə öz istədiyini satır, yoxsa mən ehtiyacım olanı alıram? Bu baxımdan ictimai qınaq heç də hər zaman aktual olmur. Belə ki, bir məsələ haqqında davamlı olaraq danışdıqda beyin onun surətini çıxarır və onu təkrarlama ehtiyacı hiss edir. Yəni, yaşanan bir şeyi nümayiş etdirmək o hadisənin nəticələrini aradan qaldırmır və ya bir də belə hadisənin təkrarlanmayacağını sığortalamır. Bilirsiniz ki, qınamaq İslamda qadağan olunur. "Qınadığınız şey başınıza gəlmədikcə ölməyəcəksiniz" deyilir. O zaman qınamaq, ümumiyyətlə, lazımdırmı? İnsanlar kifayət qədər ədəbiyyat oxusalar, qınağın davamlı olaraq necə fəsadlar törətdiyinin şahidi ola bilərlər.
- İnsanın hər hansı xarici dilə yiyələnməsi çox müsbət haldır. Ölkəmizdə də cəmiyyətin böyük əksəriyyəti rus dilində danışır. Hətta ailələr kiçik yaşdan uşaqlarla rus dilində ünsiyyət qururlar. Bu da onların öz ana dilində səlis danışmalarında, eyni zamanda, anlamalarında problem yaradır. Uşaqlarına ikinci dil qazandırarkən valideynlərin doğru yanaşması necə olmalıdır?
- Bilirsiniz ki, biz 200 il müstəmləkə olmuş bir ölkəyik. Adətən, belə ölkələrdə digər mədəniyyətlərə həddindən artıq aludəçilik olur. Bu da əhalinin özünə qarşı inam hissinin olmamasından qaynaqlanır. Mənim öz övladlarım da rus bölməsində təhsil alıblar. Amma onlar doğma dildə kifayət qədər özlərini gözəl ifadə edirlər, eyni zamanda bədii mütaliə də onlarda normal səviyyədədir. Düşünürəm ki, əgər uşaq Azərbaycan dilində bilmirsə və ya suala cavab vermirsə, demək, valideyn özü uşağı təcriddə saxlayıb. Bu mövzuda təcrübəm olduğu üçün ürəklə danışıram. Mən övladlarımla rus dilində də danışmışam, ingilis dilində də, amma bunu mənim mədəniyyətimə zərər vuracaq qədər yaxına buraxmamışam. Bu baxımdan deyə bilərəm ki, burada tərəzini valideynlər tənzimləməlidirlər. Son bir neçə gündür Əliağa Şıxlinskinin xatirələrini oxuyuram. Bilirsiniz ki, o, rus ordusunda Port Artur qəhrəmanıdır, kifayət qədər medalları olan generaldır və rus hərbi tarixində adı xüsusi çəkilir. Onun təhsili də, həyatı da tamamilə rus dili ilə, Rusiya ilə bağlıdır, amma xatirələrini oxuyanda onun öz yurduna, millətinə, dilinə və dininə qarşı necə böyük bir sevgisinin olduğu ortaya çıxır. O dövrdə xüsusilə, hərb sahəsində insanın milli kimliyini qoruyub saxlaması mühüm olmaqla yanaşı, çətin məsələ idi. Bununla belə, Şıxlinski özlüyünü qoruyub saxlamışdı. Bu baxımdan, insanın ilk növbədə, öz milli kimliyinə qarşı sevgisi və hörməti olmalıdır. O zaman bütün daşlar yerinə doğru oturacaq.
- Sonda oxucularımıza nə demək istərdiniz?
- Çalışqan olmaq lazımdır. Düşünürəm ki, zəhmət elə gözəl bir nemətdir ki, o insana əvvəl-axır öz yolunu tapmağa kömək edir. Səliqəli, nizamlı və ən əsası çalışqan insanlar həyatda özlərinə mövqe tutmağı bacarırlar. Biz həyatda uğur qazanmış insanların həyatına baxanda orada zəhmətin ön planda olduğunu görürük.