Hələ sovet hakimiyyəti illərində Bakıda iki böyük məscid fəaliyyət göstərirdi: Təzəpir məscidi və Göy məscid. Maraqlıdır ki, hər iki məscidi inşa etdirən şəxslər eyni soyadı daşıyırdılar: Təzəpir məcsidini Nabat xanım Aşurbəyova, Göy məscidi isə Əjdərbəy Aşurbəyov inşa etdirmişdi (Göy məscidə həm də Əjdərbəy məscidi deyilir).
Nəslin kökündə Aşur xan Əfşar dayanır. O, əfşar türk tayfasındandır. Bu tayfa haqqında məlumatlar VIII əsrə gedib çıxır. Məşhur Nadir şah da bu tayfadandır. Nadir şah 1740-cı ildə Azərbaycana gələndə Bakıda və ətraf kəndlərdə özünə arxa yaratmaq üçün əfşar türk tayfalarından bir çoxunu Sabunçu, Zabrat və Keşlə kəndlərində yerləşdirmişdi. Məhz Nadir şahın dövründə Aşur xan Cənubi Azərbaycanın Təbriz şəhərinin hakimi və Azərbaycanın sərdarı olmuşdu.
Aşur xanın beş oğlu var idi - Hacı İmamverdi bəy, Allahverdi bəy, Abdulla bəy, Danial bəy, Əliyar bəy, Teymur bəy, Hacı Əjdər bəy, Bəşir bəy, İsa bəy, Nəsrulla bəy, Hacı Mehdiqulu bəy, Əliabbas bəy, Ağası bəy, Mehdixan bəy, Əziz bəy, Hacı Əhmədağa bəy, İsa bəy Aşurbəyovlar da həmin nəslin görkəmli nümayəndələrindəndir.
Bu nəslin ən tanınmış nümayəndələrindən biri Nabat xanım Qoca bəy qızı Aşurbəyovadır. O, Hacı İmamverdi bəy Aşurxan oğlunun nəvəsidir. Öz səxavətliliyi və xeyirxahlığı ilə məşhur olan Nabat xanım Bakıda neft mədənlərinə və çox böyük imarətlərə sahib imiş. Bu xeyirxah müsəlman qadın Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin təşəbbüsünə qoşulmuş, Bakıya su kəmərinin çəkilməsində bilavasitə iştirak etmişdi.
Təzəpir qədər möhtəşəm və əzəmətli görünüşə malik digər bir Bakı məscidi Göy məsciddir. Bakılılar onu Göy məscid kimi tanıyırlar. Ancaq əvvəllər bu Allah evi onun əsasını qoyan Bakı taciri və mesenatı Hacı Əjdər bəy Aşurbəyovun adı ilə "Əjdər bəy" məscidi də adlanırdı. Nabat xanım kimi bu şəxs də məşhur Aşurbəyovlar nəslinə mənsub idi. Əjdər bəy Aşurbəyovun neft mədənləri var idi.
Biz isə bu yazımızda Aşurbəyovlar nəslinin daha bir məşhur nümayəndəsi, Azərbaycan tarixşünaslığına öz imzasını atmış görkəmli alimimiz Sara xanım Aşurbəylidən bəhs edəcəyik.
Sara Aşurbəyli 1906-cı il yanvar ayının 27-də Bakıda anadan olur. Əvvəlcə Bakıda fəaliyyət göstərən "Müqəddəs Nina" qızlar məktəbində təhsil alan Sara məlum 1918-ci il hadisələrindən sonra ailəsi ilə Türkiyəyə köçür və İstanbulda Janna Dark adına kolleci bitirir. Bakıya qayıtdıqdan sonra isə Sara Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə daxil olur. O, buranı bitirərək Şərq və Azərbaycan tarixi üzrə ixtisaslaşır. 1941-ci ildə Sara Aşurbəyli Azərbaycan Pedoqoji İnstitutunun xarici dillər fakültəsinə qəbul olur. Burada o, qərb dillərindən ingilis, fransız, alman, şərq dillərindən isə ərəb, fars, türk dillərinə mükəmməl şəkildə yiyələnir.
Ali təhsilini bitirdikdən sonra Sara xanım Bakı Dövlət Universitetində işləməyə başlayır. Ali məktəblərdə oxuduğu Azərbaycan tarixi, qərb və şərq mədəniyyəti ilə bağlı geniş və maraqlı mühazirələri ilə yadda qalır. Sonralar isə o, Azərbaycan Tarixi Muzeyində Orta əsrlər tarixi şöbəsinin müdiri, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda baş elmi işçi, Tarix İnstitutunda elmi katib, baş elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyir. 1993-cü ildən ömrünün son illərinə qədər isə Sara Aşurbəyli Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi vəzifəsini daşıyır.
Sara xanımın atası Bala bəy Aşurbəyov isə 1882-ci ildə Bakının Sabunçu qəsəbəsində anadan olmuşdu. O, neft sənayesi sahəsində tanınmış sahibkarlardan biri idi və həm xeyirxah əməllər sahibi, həm də səxavətli mesenat kimi tanınırdı. Ancaq 1918-ci ilin məlum hadisələrindən sonra baş verənlər bir çox Azərbaycan ziyalıları kimi Aşurbəyovlardan da yan keçmir. Əvvəlcə qardaşı Əli bəy, sonra isə Bala bəy özü həbs olunur. Ancaq Nəriman Nərimanovun köməyi ilə həbsdən azad olunur və ailəsini də götürərək dövlətin rəsmi icazəsi ilə Türkiyəyə köçür. Bu ayrılıq çox da uzun sürmür və o, vətəndən kənarda qalmağın çətinliyini başa düşərək 1925-ci ildə Bakıya qayıdır. Amma hadisələr heç də Bala bəyin gözlədiyi kimi cərəyan etmir. Uzun müddət davam edən təqiblərdən sonra Bala bəy 1935- ci ildə yenidən həbs olunur və 1937-ci ildə Karaqanda vilayətində vəhşicəsinə qətlə yetirilir.
Sara xanım hər tərəfdən zərbələr alır, "vətən xaininin qızı" kimi işdən qovulur, təqib edilir və bütün bunlar yetməzmiş kimi sevib-seçdiyi insan da ona xilaf çıxır. Belə ki, onun həyat yoldaşı Mövsüm Salamov da 1937-ci ildə həbs olunaraq sürgünə göndərilir. Həyat yoldaşının həbsi gənc qadın üçün nə qədər ağır olsa da, 8 il sədaqətlə onun yolunu gözləyir. Nəhayət, sürgün həyatından sonra o geri dönür, amma Sara bu dönüşə sevinə bilmir. Çünki Mövsüm sürgündə evlənmiş və vətəninə yeni xanımı ilə dönmüşdü. Sara xanım həyat yoldaşından ayrılır və çox sonralar yenidən ailə həyatı qurur.
Casusluqda ittiham olunduğu və təqib edildiyi illərdə Sara xanımın xarici dillərə yiyələnməsi və rəssamlıq təhsili alması ona bu ağır yükə dözməkdə böyük kömək olur. Belə ki, Sara xanım maddi tələbatlarını ödəmək üçün Azərbaycan Dövlət Dram Teatrında dekorator rəssam kimi işləyir. Bundan başqa, o həm də xarici dilləri gözəl bildiyinə görə Üzeyir Hacıbəyovun dəvəti ilə 15 il mütəmadi olaraq Azərbaycan Dövlət Konservatoriyasında xarici dildən dərs deyir.
Sara xanımın anası - İsmət xanım 1954-cü ildə vəfat edir. Aşurbəyovlar ailəsinin yeganə oğul övladı olan Rəşad Aşurbəyli isə müharibə başlananda hərbi həkim kimi cəbhəyə yola düşür. Rəşad 1944-cü ildə gedən ağır döyüşlər zamanı dünyasını dəyişsə də, bacıları onun ölüm xəbərini analarından gizlədirlər. İsmət xanım isə ömrünün sonuna kimi oğlunun cəbhədən qayıtması arzusu ilə dünyadan köçür.
Sara xanımın zadəganlığı, alicənablığı, elmə, xüsusilə də, Azərbaycanın tarixinə və mədəniyyətinə olan sonsuz məhəbbəti irsi bir hal idi. Bütün bu müsbət keyfiyyətlərin təzahürü idi ki, Sara xanım Aşurbəyovlar soyadına vurulan nahaq damğaya baxmayaraq adına və nəslinə layiq bir tərzdə öz fəaliyyətini davam etdirdi. Atası, anası, əmisi və yeganə qardaşı Rəşadın ölüm xəbərinə və bu səbəbdən yaşadığı ağrılı həyat tərzinə baxmayaraq o sınmadı və fəaliyyət göstərməkdə davam etdi.
Sara xanım təkcə tarixçi deyildi, o həm musiqiçi, həm rəssam, həm də filosof idi. Sara xanım Bakının tarixini əks etdirən çox qiymətli tədqiqatların - tarixinə, mədəniyyətinə, incəsənətinə dair əhəmiyyətli məqalələrin müəllifidir. O, "Bakının tarixinə dair oçerklər", "Orta əsrlərdə Azərbaycan və Hindistanın iqtisadi və mədəni əlaqələri" və "Şirvanşahlar dövlətinin tarixi" kitablarının müəllifidir. Bu tədqiqatlarına görə Sankt-Peterburqda tarix elmləri namizədi, Tbilisidə isə tarix elmləri doktoru adına layiq görüldü.
Tarix mövzusunda çox sayda elmi məqalələrin müəllifi olan Sara xanım ölkəmizdə tarixçilər nəslinin yetişməsində mühüm rol oynadı. Bakı şəhərinin tarixi haqqında Sara xanımın ortaya qoyduğu, dəlillərlə əsaslandırdığı məsələlər tarixçilər arasında real tarixi həqiqətlər kimi qəbul edilməkdədir. Tarixi məsələlərə yanaşma metoduna görə Sara xanım çox fərqlidir, ustadır. Həyatda gördüyü haqsızlıqlara qarşı göstərdiyi mətanət, əzmkarlıq eyni səviyyədə onun elmi araşdırmalarında da özünü göstərir.
Tarix üzrə elmlər doktoru Xeyirbəy Qasımov Sara xanımın elmi fəaliyyətindən bəhs edərkən belə deyir: "Sara xanımın başlıca tədqiqat obyekti Azərbaycanın orta əsr şəhərlərinin, xüsusilə də, Bakı şəhərinin ictimai-iqtisadi, siyasi, mədəni inkişaf tarixinin tədqiqi olmuşdur. Şirvanşahlar dövləti və Bakı şəhəri Sara xanımın daha çox bağlandığı araşdırma mövzuları idi. Tədqiqatçının xeyli məqaləsi rus, ingilis, fransız dillərində nəşr olunmuşdur. S. Aşurbəyli bir çox Azərbaycan alimləri kimi sovet dövrünün ənənələrinə uyğun olaraq əsərlərini rus dilində yazmış və nəşr etdirmişdir. Sovet hakimiyyəti dövründə hətta tarixin qədim və orta çağları ilə məşğul olan tədqiqatçılardan "marksizm-leninizm klassiklərinə" müraciət olunması, onların "dəyərli" müddəalarından iqtibaslar gətirilməsi, araşdırma prosesində əldə edilmiş nəticələrin həmin ehkamlara uyğunlaşdırılması tələb olunurdu. Alimlərdən tələb edilirdi ki, milli tarixin bütün mərhələləri və problemləri mütləq "böyük Rusiya xalqının şanlı tarixi" ilə əlaqələndirilsin. Sara Aşurbəylinin elmi fəaliyyəti bu baxımdan müstəsna yanaşma tərzi, mövqeyi ilə diqqəti cəlb edir. Sara xanımın monoqrafiyalarında marksizm-leninizm klassiklərinə müraciət məqamları yoxdur, tədqiqatçı araşdırmadan doğmuş elmi nəticələri marksizm ehkamları ilə uzlaşdırmağa can atmır, prinsipial tarixçi Azərbaycan-Rusiya münasibətlərinin bütün tarixi dövrlərində yalnız müsbət məqamlar axtarmırdı. O, məhz bu cəhəti ilə Azərbaycan tarix elmində müstəqil, azad tədqiqatçı kimi diqqəti xüsusilə cəlb edir.
VIII əsrdən XIX əsrə qədər Bakı tarixi haqqında ən dəyərli mənbə Sara xanımın paytaxtımız haqqında qələmə aldığı monoqrafiyası hesab olunur. S. Aşurbəyli bu monoqrafiyasında da bir sıra mühüm mədəni tarixi məsələlərə yanaşmada "dil amili"nin əsiri olmadığını göstərmiş, obyektiv tarixi gerçəkliklərə uyğun gələn elmi mövqe nümayiş etdirmişdir. Sara xanım tədqiq etdiyi dövrün bütün problemlərini (ictimai, iqtisadi, siyasi, mədəni və s.) araşdırmağa çalışmışdır. Tədqiqatçı 1991-ci ildə Bakıdakı Qız qalası ətrafında aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş materiallar əsasında belə qənaətə gəlmişdir ki, 12-8 min il bundan əvvəl (yəni, mezolit və neolit dövründə) Bakının yerində qədim yaşayış məskəni olmuşdur. S. Aşurbəylinin bütün monoqrafiyalarında Azərbaycan arxeologiyasının uğurlarına istinad edilməsi diqqəti cəlb edən mühüm cəhətlərdəndir".
Azərbaycan tarixində bu gün də mühüm rol oynayan dəyərli tarixi kitabların, elmi monoqrafiyaların, yüzlərlə məqalənin müəllifi, bir sıra beynəlxalq konfransların iştirakçısı olan Sara xanım tarix elmləri doktoru, əməkdar elm xadimi, dövlət mükafatı laureatı kimi yüksək adlara layiq görülmüşdür. Azərbaycan dövlətinin ən ali mükafatı sayılan "Şöhrət" ordeni mükafatına isə Sara xanım 1996- cı ildə 90 illik yubileyi ərəfəsində layiq görülmüşdür.
2001-ci il iyulun 17-də 96 yaşında vəfat edən Sara Aşurbəyliyə - "Sizin ömrünüz heç də sadə bir insan ömrü olmayıb, nə vaxtsa, memuar yazacaqsınızmı?" sualını verəndə görkəmli tarixçi belə cavab verir: "Bilirsiniz, mən bəlkə də heç nə yazmayacağam. Çünki mənim ömrüm doğmalarımın itkisi, dövrün və insanların ədalətsiz münasibətləri, xəyanətləri ilə dolu keçib. Bunları yazmaq o hadisələri yenidən yaşamaq deməkdir. Mən bunu bacarmaram..."
Sara xanım Aşurbəyli təkcə tarixçı alim kimi deyil, eyni zamanda xalqımız qarşısında böyük xidmətləri olan böyük bir nəslin nümayəndəsi, nə qədər böyük haqsızlıq, zülm görsə də, xalqından incik düşməyən fədakar bir vətəndaş, gözəl rəssam, dürüst, vicdanlı tədqiqatçı, əzmi, mətanəti ilə nəsillərə nümunə ola biləcək şəxsiyyət kimi də dəyərlidir, əzizdir.