Rövşən Əhmədov 
 

Həm Azərbaycan üçün gördüyü işlər, həm də irəli sürdüyü ideyalarla uzun illər yaddaşlarda qalan Firidun bəy Köçərli ölkənin ən böyük ziyalılarından biridir. Onun yaşadığı dövrə nəzər salanda Azərbaycan üçün, millət üçün nə qədər fədakarlıqlar göstərdiyinə təəccüblənməmək mümkün deyil. Sanki bütün bu illər ərzində Firidun bəy Köçərli və onun kimi ziyalıların güllələnməsi ilə hələ də nələrsə yarımçıqdır. Söylədiyi sözlərdən 100 ildən çox vaxt keçməsinə baxmayaraq, o sözlər hələ də aktualdır. Onun fikirlərini oxuyanda da bu, aydın şəkildə anlaşılır:

"Bir millətin malını, dövlətini və hətta vətənini əlindən alsan, ölüb itməz, amma dilini alsan, fövt olar və ondan bir nişan qalmaz".

"Əgər bir xalqı məhv etmək, onu insan toplusuna çevirmək istəyirsinizsə, müəllimini savadsız, həkimini isə kəmsavad eləyin. Biri onun başını, o biri canını zay eləsin".

"Hər bir xalqın maddi yoxsulluğu, iqtisadi düşkünlüyü onun zehni yoxsulluğunun, mənəvi düşkünlüyünün nəticəsində meydana çıxır"...

Firidun bəy Köçərli 26 yanvar 1863-cü ildə Şuşada anadan olmuşdur. O, 1872-1876-cı illərdə burada Mirzə Kərim Münşinin mədrəsəsində təhsil alır. Elə həmin ildən Şuşadakı rus məktəbinə daxil olur. Həmin vaxtlarda Zaqafqaziya Müəllimlər Seminariyasına müxtəlif yerlərdən tələbə toplanırdı. 1878-ci ildə Aleksey Çernyayevski Zaqafqaziya Müəllimlər Seminariyasına tələbə toplamaq məqsədi ilə Şuşadakı rus məktəbinə gəlir. Orada Firidunla tanış olur. Onunla qısa söhbətdən sonra Zaqafqaziya Müəllimlər Seminariyasına aparmaq qərarına gəlir. Çernyayevski Firidunu Qoriyə aparır. Beləcə, Firidun bəy Köçərlinin həyatında dəyişikliklər başlayır. O, 1884-cü ildə Qori Müəllimlər Seminariyasında təhsil alarkən "Təlimi-Sokrat" əsərini yazır. İrəvan gimnaziyasında işlədiyi illərdə A. Zöhrabzadə ilə birlikdə "Təlimi-lisani-türkü" adlı dərslik tərtib edir. 1886-cı ildə ilk teatr tamaşasını qoyur. 1890-cı ildə isə İrəvanda "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasını tamaşaya qoyur. 1891-ci ildə "Təlimi-Sokrat" adlı kitabı Bağçasarayda "Tərcüman" mətbəəsində, 1892-ci ildə isə A. S. Puşkindən tərcümə etdiyi "Torçu və balıq" mənzum nağılı İrəvan şəhərində kitab şəklində çapdan çıxır. M. Y. Lermontovun şeirlərinin tərcüməsindən ibarət "Üç xurma ağacı" kitabı isə Şuşada çap edilir. O, 1885-ci ildə seminariyanı bitirir. Daha sonra İrəvan gimnaziyasına (İrəvan Kişi Gimnaziyası nəzərdə tutulur) təyinat alır. Orada fəaliyyət göstərdiyi müddətdə ana dili, hüsnxətt fənlərini tədris edir. O, 1893-1894-cü illərdə İrəvan gimnaziyasında fəaliyyət göstərir. Pedaqoji sahədə müvəffəqiyyətlərinə görə müxtəlif mükafatlara layiq görülür. 1895-ci ildə yenidən Qori Müəllimlər Seminariyasına qayıdır. Orada "tatar şöbəsi"nin Azərbaycan dili və şəriət müəllimi təyin olunur.

1918-ci ilə qədər Qoridə pedaqoji fəaliyyətini davam etdirir. 1897-ci ildə Vəkilovlar nəslindən olan Badisəba xanımla ailə həyatı qurur. 1910-cu ildə Qori Seminariyasının Azərbaycan şöbəsinin müvəqqəti təlimatçısı, sonradan isə seminariyanın Azərbaycan şöbəsinin inspektoru vəzifəsinə təyin edilir. 1916-1917-ci illərdə seminariyanın Azərbaycana köçürülməsi üçün təşəbbüs göstərir və müxtəlif təkliflər irəli sürür. 1918-ci ildə Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsini tədris ləvazimatları və avadanlıqları ilə birlikdə öz hesabına Qazax şəhərinə köçürməyə nail olur. Beləcə, Azərbaycan Müəllimlər Seminariyasının əsası qoyulmuş olur. Həmin il 17 sentyabr tarixindən seminariyada ilk dərslər başlayır.

Firidun bəyin millət, təhsil istiqamətində gördüyü işlər bununla bitmir. O, Qazaxda ilk uşaq evini də açır. 1918-ci il 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü seçilir və İstiqlal Bəyannaməsini imzalayır. Sovet işğalına qədər Qazax Müəllimlər Seminariyasına rəhbərlik edir.

1920-ci ilin mayında Qazax kommunistləri Köçərlini və digər "Müsavat" funksionerlərini "xalqa xəyanətdə" günahlandırırlar. Qazax İnqilab Komitəsinin Gəncə Fövqəladə Komitəsinə təqdimatına əsasən ədib həbs olunur, 20-ci diviziyanın 7-ci xüsusi bölməsinin xüsusi şöbəsində şahidlər dindirilmədən, izahatlar nəzərə alınmadan onun güllələnməsi barədə qərar çıxarılır. Qərar 7-ci xüsusi bölmənin rəisi Liberman və fövqəladə komissarı Həmid Sultanov tərəfindən təsdiq olunur. Güllələnmə haqqında çıxarılmış qərarda belə deyilir: "Mən, iyirminci diviziyanın xüsusi şöbəsinin hərbi müstəntiqi bu gün Firidun bəy Köçərlinskinin əksinqilabçı kimi ittihamnaməsi üzrə işinə baxaraq və Qazax İnqilab Komitəsinin ona verdiyi xasiyyətnaməni nəzərə alaraq bildirirəm ki, müttəhim Köçərlinski özünün hakimiyyətindən və böyük səlahiyyətindən istifadə edərək zəhmətkeş xalqa zorakılıq göstərmişdir. Köçərlinski Qazaxda "Müsavat" partiyasının sədri olarkən millətçilik ehtiraslarını qızışdırmışdır. Nəticədə, qonşu millətlər arasında toqquşmalar baş vermişdir. Onun verdiyi izahat heç də inandırıcı deyil. Müttəhim Köçərlinskinin şahidlərin dindirilməsi haqqında ərizəsini nəticəsiz qoymaq (rədd etmək) lazımdır. Onun gələcəkdə azadlıqda qalması Qazax qəzasında əksinqilabi hərəkatın baş verməsinə, fəhlə və kəndlilərin günahsız olaraq qanlarının tökülməsinə səbəb ola bilər".

Qərara alınır: Müttəhim Köçərlinski güllələnsin.

Təsdiq edirəm: 7 N-li Xüsusi bölmənin rəisi Liberman

Təsdiq edirəm: Fövqəladə komissar H. Sultanov.

Firidun bəy Köçərlinin həbs edilməsi Nərimanov tərəfindən etirazla qarşılanır. O, Firidun bəyin siyasi işlərdən uzaq maarifçi bir insan olduğunu bildirir və dərhal azad edilməsi ilə bağlı teleqraf göndərir. Lakin erməni əsilli, daşnak əqidəli Liberman Nərimanovun bu teleqrafını gizlədir və Firidun bəyin ölümünə qərar verir. Böyük maarifçi Firidun bəy Köçərli 1920-ci ildə 58 yaşında güllələnir.