Mahmud Adəmoğlu 
 

20 yanvar hadisələrindən 33 il keçir...

Kinlə, nifrətlə yaşamaq çox çətindir, amma kinsiz, nifrətsiz yaşamaq ondan da çətindir. İnsan olan zülmə, haqsızlığa qarşı barışmaz olmalı, başına gələnlərdən dərs almalıdır ki, bir daha eyni bəlanı yaşamasın. 20 yanvar mövzusunda yazanda, danışanda, düşünəndə bir mənzərə gözlərimin önündən getmir: 70 il Dağüstü park adı ilə sevgililərin görüş yeri olmuş asfalt döşəli küçələrdə məzarlar qazılırdı və az qala hər külüng vurduqca torpağın altından insan sümükləri çıxırdı. O mənzərəni unutmaq, yaddaş monitorundan silmək mümkün deyil və heç silinməməlidir də. 70 il unutduq, unutduq ki, rus-erməni cəlladlarının əli ilə qətl edilən soydaşlarımızın məzarı haradadır. Hələ desən, o şəhidlərimizin məzarları üstündə xoşbəxtlik türküləri də səsləndirdik. Unutduq və unutduğumuz üçün də eyni aqibəti bir daha yaşamalı olduq. Yenə böyük mütəfəkkir Mehmet Akif Ərsoyu xatırlayacaq və yenə:

"Tarixi təkərrür deyə tərif ediyorlar,

Heç ibrət alınsaydı, təkərrürmü olurdu?!" - deyəcəyik.

Biz o tarixi unutmuşduq, ona görə də, təkrar yaşamalı olduq. İstəmirik ki, xalqımız o acı tarixi bir daha yaşasın, o acı tablonu bir daha görsün. Ancaq nə qədər ağrılı, nə qədər qəmli görünsə də, o tabloda bir qürur, bir əzəmət var idi...

Biz bir qədər fərqli davranaraq, məsələyə 20 yanvar şəhidlərinin dəfni zamanı ortaya çıxan mənzərənin təsvirindən başladıq. İmperiya rəhbərliyi belə bir mənzərəni ağlına belə sığdıra bilmirdi. Əli silahlı, gözü qanlı imperiya cəlladlarının hər cür təhdidinə baxmayaraq milyonlarla insan küçələrə axışmışdı. Bakı hələ elə izdiham görməmişdi. Azadlıq meydanından indiki Şəhidlər Xiyabanına qədər bütün yollar insan seli ilə dolmuşdu. Çiyinlərdə gedən tabutların üstünə o qədər qərənfil atılmışdı ki, hər tərəf al qırmızı rəngə bürünmüşdü. Xalq şəhid tabutlarını qərənfillərlə, dualarla yola salırdı. Artıq bir həqiqət aydın görünürdü ki, bundan sonra imperiya Azərbaycana istədiyini diqtə edə bilməyəcək.

Şəhidlər üçün məzarlar qazılanda 1918-ci ilin mart ayında erməni-rus cəlladlarının gülləsi ilə şəhid olmuş soydaşlarımızın da burada dəfn edildiyi məlum oldu və beləcə, şəhid nəvələr şəhid babaların qucağında torpağa tapşırıldı...

Qanla gələn zalım gedəndə də qanla getdi. SSRİ adlı bu zülm ocağının dağılmasında əsas amillərdən biri, bəlkə də birincisi 20 yanvar hadisələri idi. Azərbaycanda baş verən hadisələr təkcə SSRİ-nin deyil, bütün dünyanın diqqət mərkəzində idi.

Bakıda davam edən mitinqlər, orada imperiya əleyhinə səsləndirilən şüarlar dalğa-dalğa imperiyanın digər respublikalarına da yayılır, oralarda da canlanmaya səbəb olurdu. Bütün bu baş verənlər isə səbəbsiz deyildi. Sovet İttifaqında uzun müddət davam edən durğunluq tədricən iqtisadi böhranla əvəz olunmuşdu. Digər tərəfdən, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və Dağlıq Qarabağda separatizm meyillərinin qızışdırılması onsuz da mürəkkəb olan ictimai-siyasi vəziyyəti daha da gərginləşdirirdi. Sadalanan amillər Azərbaycan xalqının müstəqillik arzusunun gerçəkləşməsinə zəmin yaradırdı. 

Beləliklə, bir tərəfdən, Azərbaycan xalqının milli-azadlıq hərəkatının dirçəlməsi, digər tərəfdən isə ölkə daxilində ictimai-siyasi vəziyyətin kəskinləşməsi Sovet İttifaqının rəhbərliyinə bəhanə verərək Azərbaycana qarşı sərt addımların atılması üçün şərait yaratdı.

1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıya yeridilən sovet qoşun hissələri küçələrə çıxıb öz etirazlarını bildirən dinc əhalini ağır texnika və müxtəlif tipli silahlardan atəşə tutdu. Həmin gecə Bakının müxtəlif rayonlarında sovet əsgərləri tərəfindən 121 insan qətlə yetirildi və 700-dən artıq vətəndaş yaralandı və xəsarət aldı. Ümumilikdə, həmin dövrdə 147 nəfər şəhidlik zirvəsinə yüksəldi, 700-dən çox yaralının isə 25-i qadın, 20-si uşaq idi. Xalqımızın başına gətirilən bu cinayət Sovet imperiyasının iç üzünü bariz bir şəkildə ortaya çıxardı. Əslində, imperiyanın Bakıda bu qanlı hadisəni törətməklə ittifaqa üzv olan digər respublikalara göz dağı vermək planı, imperiyanı zor gücünə mühafizə etmək təşəbbüsü boşa çıxmış oldu.

Sovet Ordusunun böyük kontingentinin, həmçinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər (hətta erməni kursantları) daxil edilmişdi.

Ancaq 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Əksinə, xalq daha da mətinləşdi və düşmənin gözünə dik baxdı. Həmin müdhiş gecədə həlak olan Vətənin oğul və qızları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Məhz buna görə də, 20 Yanvar faciəsi xalqımızın azadlıq mübarizəsinin rəmzidir. Midhat Camal Kuntayın:

"Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq əgər üstündə ölən varsa, Vətəndir", - həqiqəti 20 yanvarda bütün çalarlarına qədər yaşandı. Biz sübut edə bildik ki, bu torpaq bizim Vətənimizdir və heç bir zalım bizim Vətənimizdə at oynada bilməz.

Üstündən 33 il keçsə də, 20 Yanvar Azərbaycan xalqının tarixində təkcə qara çərçivədə anılan bir gün olmamalıdır. Biz bu günün real əhəmiyyətini onun hüzn və şərəfi ilə birgə yaşamalıyıq. Ən mühümü isə 20 Yanvar faciəsinin Azərbaycan xalqına qarşı məqsədli qırğın, soyqırım kampaniyasının bir halqası olduğunu dünyaya tanıtdırmağı bacarmalıyıq. Ona görə yox ki, dünya da bizim hüznə şərik olub matəm tutsun. Ona görə ki, dünya Azərbaycanın və azərbaycanlıların tarixini olduğu kimi dərk etsin.

Xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır, qatillərini lənətləyir, bu faciəni törədənlərə dərin nifrətini bildirir.

20 yanvar hadisələri bütün dərsliklərdə geniş işıqlandırılmalı, böyüyən nəsillərimizin dost-düşməni tanımasında mühüm rol oynamalıdır. Çünki tarix təkcə onun üçün deyil ki, keçmişini yada salasan, tarix həm də onun üçündür ki, kimliyini öyrənib gələcəyini düzgün qurasan.

Allah (c.c.) xalqımıza bir daha 20 yanvar acısı yaşatmasın və bütün 20 yanvar şəhidlərimizə rəhmət eləsin!