Erməni silahlı birləşmələri tarixin müxtəlif dövrlərində Azərbaycana qarşı işğalçı hücumlarını davam etdiriblər. İnkişaf, quruculuq, digər mütərəqqi işlər görmək əvəzinə daha çox işğal etmək, qan tökmək kimi çirkin ideyalarda olublar. Onların qısa tarixinə nəzər saldıqda bunu çox aydın görmək olar. Digər diqqət çəkən bir məqam isə ermənilərin "qəhrəman" kimi qəbul etdikləri şəxslərdir. Bu şəxslərin yaşadıqları həyata, gördükləri işlərə nəzər salmaq kifayətdir ki, onları ucaldan cəmiyyətin necə xəstə bir təfəkkürə malik olduğunu görmək mümkün olsun. Məsələn, ermənilərin ən böyük "tarixi şəxsiyyət"lərindən biri də Qaregin Njdedir. O, həm də qanla qurulan Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə məşğul olan şəxslərdən biridir. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Ona bu əraziləri azərbaycanlılardan təmizləmək vəzifəsi verilir. Njdenin rəhbərlik etdiyi silahlı dəstələr burada yaşayan azərbaycanlı əhalinin kütləvi qətli ilə məşğul olurlar. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Bütün bu vaxt ərzində Njdenin başçılıq etdiyi silahlı erməni dəstələri Qarabağ və Naxçıvanda yaşayan azərbaycanlı əhalinin kütləvi qətllərini törədirlər. Göründüyü kimi, işi ancaq günahsız insanları, xüsusilə də, günahsız uşaqları qətlə yetirmək olan bir insanın "qəhrəman" kimi təqdim edilməsi onların necə xəstə bir düşüncəyə malik olduğunu isbat edir. Əsas qayələri cinayət törətmək, qan tökmək olan bu insanların vaxt ötdükcə doğru yola qayıdıb-qayıtmayacaqlarını isə ancaq tarix göstərəcək.
Azərbaycanda isə qəhrəmanlar yuxarıda sadaladığımız tiplərə qarşı vuruşanlara, insanları müdafiə edənlərə, bu yolda fədakarlıq göstərənlərə deyilir. Onlardan biri də Birinci Qarabağ müharibəsində vuruşmuş Milli Qəhrəman Naiq Yusifovdur. O, 5 yanvar 1970-ci ildə Tovuz rayonunun Ağdam kəndində dünyaya gəldi. 1987-ci ildə həmin kənddə orta məktəbi bitirdi. Bir müddət sovxozda işlədikdən sonra, 1988-ci ildə Sovet Ordusu sıralarına çağırıldı. Hərbi xidmətini Gürcüstan Respublikasının Texakaya şəhərində yerləşən rabitə batalyonunda keçdi. 1990- cı ilin mayında əsgərliyini başa vuraraq, Azərbaycana qayıtdı. Həmin tarix isə ölkədə qarışıqlıqların alovlandığı bir tarix idi. Həm ölkədaxili problemlər, həm də bundan istifadə edən erməni birləşmələrinin hücumları Azərbaycanda ağır vəziyyətə səbəb olmuşdu. Odur ki, Azərbaycanın Ermənistanla sərhəd bölgələri, demək olar ki, nəzarətsiz qalmışdı. O dövrdə hələ Milli Ordu olmadığına görə ərazilərə yalnız yerli özünümüdafiə dəstələri nəzarət edə bilirdi. Naiq də həmin dəstələrə könüllü yazılanlardan biri idi. Bəhs edilən dəstələr Ermənistan-Azərbaycan sərhədinə nəzarət edir, o bölgədən hücumların qarşısını alırdılar.
Naiqin iştirak etdiyi ilk uğurlu döyüş "Çənlibel" deyilən yerdə baş tutur. Bir dəstə erməni yaraqlıları Ağdam kəndinə tərəf irəliləyirlər. Bu vaxt döyüş dostları onun köməyinə çatırlar. Güclü müqavimətə rast gələn ermənilər pərən-pərən düşərək, geri çəkilməyə məcbur olurlar. Və Naiq bu döyüşdəki uğurdan daha da ruhlanır. Döyüş yoldaşları onun həmin döyüşdə cəsarətlə vuruşduğunu görürlər. Bu əməliyyatdan sonra Naiqin də içində olduğu dəstə düşmənə daha güclü şəkildə müqavimət göstərməyə başlayır.
24 mart 1992-ci ildə erməni quldurları Tovuz rayonunun Koxanəbi kəndinə hücuma keçirlər. Ermənilər kəndi yandırmış, insanlara divan tutmağa başlamışdılar. Kənddə düşmən tankları, zirehli texnikaları yeriyirdi. Naiqgilin dəstəsi ora çatanda ermənilər artıq kəndə daxil olmuşdular. Ağır döyüşlər gedirdi. Könüllü dəstə erməni hərbi birləşmələrinə qarşı müqavimət göstərməyə başlayır. Elə bu vaxt yaxınlıqda düşmən PDM-i peyda olur. Naiq onu görür və cəld qumbaraatanı götürüb ona tuşlayır və atəş açır. Zirehli texnika alovlanaraq yanmağa başlayır. Bu vaxt ərzində könüllü dəstə içərilərə doğru irəliləyir.
Sayları düşməndən az olmasına baxmayaraq, qarşı-qarşıya ağır döyüşlər gedir. Bu vaxt ərzində erməni hərbi birləşmələri hərbçilərimizi mühasirəyə alırlar. Naiq onları mühasirədən çıxarmaq üçün irəli atılır və bir neçə erməni quldurunu məhv edir. Ancaq yanında partlayan qumbara onu ağır yaralayır və Naiq yerə yıxılır. Bu vaxt Naiq bir dəstə erməninin ona yaxınlaşdığını görür. Ancaq o, sonuncu qumbarasını da partlada bilir və oradakı bütün erməniləri məhv edir. Naiq özü də həmin yerdə dünyasını dəyişir.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Yusifov Naiq Nəsir oğlu "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülür.
Doğulduğu kənddə, Tovuz rayonunun Ağdam kəndində dəfn edilir. Bu gün təhsil aldığı orta məktəb də onun adını daşıyır.