Abid Öməroğlu 
 

11 sentyabr 2001-ci ildə ABŞ-da Əkiz Qüllələrin böyük bir dəhşətlə dağılmasından sonra Manhettendəki İkan Tibb Məktəbinin həkimləri həmin ərazidə yaşayan hər kəsə zəhərli təsirlərə görə müayinədən keçməyi təklif etdilər. Müayinə üçün gələnlər arasında hələ də şokun təsiri altında olan 187 hamilə qadın var idi. Bu qadınlar travma sonrası stress pozğunluğu yaşayır, həmçinin, onlarda ciddi psixiatrik simptomlar müşahidə edilirdi. Bəs, görəsən embrion və ya döl mərhələsində olan gələcəyin körpələri nə vəziyyətdə idilər? İlk baxışdan hər şeydən xəbərsiz böyüsələr də, analarının başına gələnlər onlara nə qədər təsir etmişdi?

Bunun üçün hamilə qadınların vəziyyəti yaxından araşdırıldı və ilk travma əlaməti olaraq doğulan körpələrin normadan daha kiçik olduqları müşahidə edildi. Başqa bir ciddi fakt isə doqquz ay sonra müayinə edilən anaların əksəriyyətində post-travmatik streslə bağlı kortizol hormonunun qeyri-adi dərəcədə aşağı olması idi. Nə qədər təəccüblü olsa da, bu qadınların doqquz aylıq körpələrində də kortizol səviyyəsi çox aşağı idi. Üstəlik, bu mənfi təsir hamiləliyin son üç ayında olanlarda daha kəskin müşahidə olunurdu. Digər tərəfdən, bu anaların doqquz aylıq körpələrinin qeyri-adi dərəcədə həyəcanlı olduqları və yad insanlardan qorxduqları da müəyyən edildi.

Aşağı kortizol səviyyəsi Holokostdan (Hitler Almaniyası dövründə baş verən və təxminən 6 milyon insanın sistemli şəkildə öldürülməsi ilə nəticələnən yəhudi soyqırımına verilən ad) sağ çıxanların uşaqlarında da aşkar edilmişdi. Ancaq burada kortizol səviyyəsinin aşağı olması bu hormonun ağır travmanın uzunmüddətli nəticələrinə məruz qalan valideynlər tərəfindən sonradan uşaqlarına ötürülməsi kimi izah edilmişdi. Halbuki indi araşdırmalar yaşanan travmanın hələ doğulmamışdan əvvəl uşaqlarda iz buraxdığını göstərirdi. Bir sözlə, Hitlerin zülmü gələcək nəsillərdən də yan keçməmişdi. Tədqiqat qrupu Holokostdan sağ qurtulan və Amerikanın Klivlend şəhərində yaşayan uşaqlar arasında da araşdırmalar apardı və həmin uşaqlarda travmasonrası stress pozğunluğunun çox yüksək səviyyədə olduğunu aşkara çıxardı.

Müxtəlif ölkələrdə aparılan tibbi müşahidələr və müayinələr də soyqırım, müharibə, aclıq və epidemiya kimi hadisələrə məruz qalan böyük kütlələrin oxşar tibbi və psixoloji problemlər yaşadığını göstərir. Məsələn, Bosniya müharibəsindəki "etnik təmizləmə" qurbanlarından birinin oğlu hər gün dəhşətli bir şey baş verəcəkmiş kimi bir hisslə yaşadığını bildirir, iyirmi yaşından etibarən döyüş sənətini öyrəndiyini, pul və qızıl kimi şeyləri hər an qaçmağa hazır şəkildə əlinin altında saxladığını və üstəlik, az qala hər gün kabuslar gördüyünü ifadə edirdi.

Auşvitz həbs düşərgəsindən (İkinci Dünya müharibəsi və Holokost dövründə nasistlərin yaratdığı ən böyük ölüm düşərgəsi) sağ çıxanların uşaqları üzərində aparılan psixoloji araşdırmalar isə göstərdi ki, bu uşaqlar hər gecə kabus gördükləri üçün qışqıraraq, ailələrini oyadır, məyusluq və günahkarlıq hissi keçirir və posttravmatik stress pozğunluğu yaşayırlar. Aparılan digər araşdırmalar isə göstərir ki, ruhumuza və bədənimizə təsir edən bütün travmalar genetik irsimizi təşkil edən yumurta və spermalarda dəyişikliklərə səbəb olur, hətta bəzən hamilə qalmazdan neçə il əvvəl belə ana bətninə öz təsirini göstərir.

Növbəti araşdırma da İkinci Dünya müharibəsi ilə bağlıdır. Belə ki, İkinci Dünya müharibəsində nasistlər Hollandiyaya ərzaq tədarükünün qarşısını alır və kütləvi aclıq və qıtlığa səbəb olurlar. Altı ay davam edən bu aclıq və qıtlıq zamanı hamilə qalan qadınların uşaqları üzərində aparılan araşdırmalar da bu aclıq və qıtlığa ana bətnində məruz qalan embrionlarda adətən böyüklərdə müşahidə edilən metabolik çatışmazlıqlar və ürək-damar xəstəliklərinə meyillilik müşahidə edilir.

Bütün bu araşdırmalar, əslində, baş vermiş hadisələrin gələcək nəsillərə bir yox, bir neçə yolla təsir etdiyini göstərir. Bu yollardan biri valideyn-uşaq münasibətləri ilə bağlı olsa da, araşdırmalar bu hadisələrin hamiləlik dövründə, hətta yumurta və sperma vəziyyətində belə körpələrin taleyinə təsir etdiyini göstərir.

Bəs, insan aldığı travmalardan xilas olsa belə, bu epigenetik dəyişikliklər onun uşaqlarına keçə və ya uşaqlarında davam edə bilərmi? Əvvəllər belə hesab edilirdi ki, travma yaşayanların davranışları eyni mühitdə yaşadığı başqa insanlara da təsir edir. Təbii ki, bu doğrudur, ancaq indi görünür ki, valideynlərində travma sonrası stress pozğunluğu olan uşaqlarda da epigenetik dəyişikliklər müşahidə olunur. Bir sözlə, insanın yaşadığı hadisələr yaşadığı dövrdən asılı olmayaraq genlərin iş prinsipində özünü göstərən dəyişikliklərə səbəb olur.

Alimlər bu epigenetik dəyişiklikləri araşdırmaq üçün heyvanlar üzərində də araşdırmalar apardılar. Belə ki, 2014-cü ildə Emori Universiteti Tibb Fakültəsindən Brayan Dias və Kerri Ressler sperma ilə ötürülən nəsillərarası epigenetik bir dəyişiklik müşahidə etdilər. Belə ki, albalı çiçəyi iylədilən erkək bir siçana yüngül elektrik şoku verildi və siçanda bu iyə qarşı bir qorxu refleksi yaradıldı. Nəticədə, siçanın beynində və spermasında epigenetik dəyişikliklər baş verdi. Təəccüblüdür ki, şoka məruz qalan siçanların balaları da albalı çiçəyi iyini bilmədikləri halda bu iyə qarşı oxşar qorxu nümayiş etdirdilər. Nəticədə, alimlər bu qorxunun siçanlarda iki nəsil ötürüldüyünü müəyyən etdilər. Bütün bunlar isə o deməkdir ki, uşaqlar valideynlərinin aldıqları travmaların təkcə passiv qəbulediciləri deyillər. Valideynlər travmadan bioloji uyğunlaşmalar yolu ilə sağaldıqları kimi, uşaqlar da bəzən valideynlərinin travmalarının bioloji təsirinə uyğunlaşa bilirlər.

Travma yaşayan valideynlərin övladları ilə münasibətləri təbii ki, onların inkişafına da təsir edir. Ona görə də, hazırda alimlər bu sualın cavabını axtarırlar: "Travma almış valideynlərin uşaqlarında olan epigenetik dəyişikliklər uşaqların gələcəkdə üzləşəcəkləri çətinliklərin öhdəsindən gələ bilmələri üçündür, yoxsa, bu, uşaqlar üçün sadəcə olaraq labüd və dağıdıcı bir prosesdən ibarətdir?" Hələ ki, ilkin araşdırmalar travma almış valideynlərdən uşaqlarına onlara gələcəkdə oxşar çətinliklərin öhdəsindən gəlməkdə kömək edə biləcək irsi bacarıq və xüsusiyyətlərin keçdiyini göstərir. Həmçinin, bu araşdırmaların nəticələrindən biri də streslə bağlı nəsillərarası dəyişikliklərin bəzilərinin bərpasının və müalicəsinin mümkünlüyü ilə bağlıdır. Belə ki, yuxarıda adı çəkilən siçanlara bir neçə müdaxilə edildi və onların albalı çiçəyi iyinə qarşı qorxularının aradan qalxdığı müəyyən edildi. Bu müdaxilələrdən sonra doğulan siçanlarda da albalı çiçəyi iyinə qarşı qorxunun aradan qalxdığı müşahidə edildi.

Yuxarıda qeyd edilən araşdırmalar soyqırım kimi faciələrin səbəb olduğu travma və streslərdən bəhs etsə də, burada halal, haram və başqa günahların valideynlərə nə kimi ziyan vurduğuna toxunulmur. Halbuki məşhur bir rəvayətdə nəql olunduğu kimi, hamilə bir qadın başqasına məxsus nar dənələrindən bir neçəsini yeyir, ancaq bu cür kiçik bir harama yol verdiyi üçün belə gələcəkdə dünyaya gələn övladında bunun mənfi təsirləri müşahidə olunur.

İnsan mənəviyyatı ilə bağlı olan bu hadisənin ilk baxışdan genetik və ya bioloji tərəflərinin olmadığını düşünənlər ola bilər. Çünki bu günə qədər valideynlərin əməllərinin uşaqlarda hər hansı bir iz buraxıb-buraxmaması məsələsi elmi əsası olmayan qeyri-obyektiv bir məsələ kimi qəbul edilmiş (hətta bununla bağlı kifayət qədər hadisə olsa belə) və buna görə də, heç vaxt diqqət mərkəzində olmamışdır. Halbuki bu araşdırmalara görə travma dedikdə təkcə işgəncə, həbs, sürgün və s. kimi problemlər anlaşılmamalıdır.

Yeyilən haram loxmalar, ya da edilən gizli və ya aşkar günahlar hələ dünyaya gəlməmiş və ebmrion halında olan gələcək nəsillərə necə təsir edir? Yəqin ki, alimlərin bu məsələlər üzərində də araşdırma aparacağı günlər çox uzaqda deyil.