Sevimli Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) evə gəlir və xanımından kəsilmiş qurbanın ətini necə payladığını soruşur. Xanımı da belə cavab verir:
- Ey Allahın Rəsulu, qurban ətinin hamısını payladım, bizə bircə qolu qaldı.
Allah Rəsulu da belə buyurur:
- Desənə, bir qolundan başqa qurban ətinin hamısı bizə qaldı...
Peyğəmbəri bir yanaşma ilə baxanda görünür ki, sənə qalan özünə saxladığın deyil, başqalarına verdiyindir. Əlbəttə, kiməsə nəsə verəndə niyyət Allahı (c.c.) razı salmaq olmalıdır. Əgər verdiyinin əvəzində nəsə almaq təmənnası güdürsənsə, verdiyinin bir dəyəri olmaz. Verdiyini Allah rizası üçün verəcəksən və doğru yerə, doğru ünvana verəcəksən. Allah (c.c.) "Sərvətinizi axmaqlara yedirməyin" - buyurur. Demək, hər verilən insana savab olaraq qayıtmır. Kimə və nəyi vermək məsələsi hər zaman düşünülməli, doğru seçim edilməlidir. Bir çox alimlərə görə düzgün həyat yaşamayan birinə də yardım etmək olar, yetər ki, sənin niyyətin onun qurtuluşuna səbəb olmaq olsun. Kimin sonunun necə olacağını Allahdan (c.c.) başqa heç kim bilməz. İslam məntiqinə görə ən böyük qazanc səhv yola düşmüş insanın doğru yola düşməsinə səbəb olmaqdır.
Burada bir mühüm məqam da Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) "Sağ əlin verdiyini sol əl bilməsin" tövsiyəsidir. Əgər sən etdiyin yaxşılığı insanlara göstərmək və ya insanların rəğbətini qazanmaq üçün edirsənsə, o yaxşılığın bərəkətini qaçırırsan. Halbuki ehtiyac sahibinə yardım etmək dinimizin əmridir. Allah (c.c.) Qurani-Kərimdə dəfələrlə buyurur ki, Allahın sizə verdiyindən siz də ehtiyac sahiblərinə verin. Dinimizdə yardımlaşmanın zəkat, fitrə, infaq, sədəqə, borc və s. kimi müxtəlif şəkilləri var. Yardım etmək də öz ədəbinə, öz üsuluna görə olmalıdır. Yardım edən qarşı tərəfə minnət qoymamalı, onun qəlbinə toxunacaq hərəkət etməməlidir.
Bu gün İstanbulun bəzi səmtlərində təxminən adam boyunda daşlar var və bir çox yerli sakinlər o daşların nə olduğunu və niyə ora qoyulduğunu bilmirlər. Əslində, o daşlar böyük bir mədəniyyətin unudulmuş nişanələridir. O daşlara sədəqə daşı deyirlər və iç tərəfində oyuq var.
Sədəqə vermək istəyən verəcəyini gətirib həmin o oyuğa qoyub gedir, ehtiyacı olan da gəlib oradan alacağını (həm də ona lazım olan qədər) götürüb gedirmiş. Beləcə, sədəqə verən sədəqə alanı görməz, heç kimin heç kimə minnəti keçməzmiş. Bu əxlaq, bu düşüncə, əslində, Qurani-Kərimin "Allaha borc verin" buyruğunun çox gözəl icrasıdır. Sədəqə verən verdiyini Allaha vermiş, alan da Allahdan almış kimi olur.
Bu gün dünyanın dörd bir yanından müsəlmanlar Afrikada aclıq çəkən insanlara yardımlar göndərir, qurbanlarının orada kəsilərək ehtiyac sahibi olan insanlara paylanmasını istəyirlər.
Bəndələrə əl uzadana Allah da kömək edər, dar gündə dadına çatar. Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) bu həqiqəti bir hədisində belə bəyan edir: "Kim bir bəndənin dünyəvi dərdini aradan qaldırsa, Allah da onun üxrəvi (axirət) dərdini aradan qaldırar. Kim çətinliyə düşmüş bir adamın dadına çatsa, Allah da dünyəvi və üxrəvi bir çətinlikdə onun dadına çatar. Bəndə bəndəyə yardım etdikcə Allah da o bəndəyə kömək edər". Yardımlaşma hər şeydən əvvəl möminliyin əlamətidir. Çünki yardımlaşma məziyyəti onun əxlaqı və xarakteridir. O, imkan olduqca insanlara kömək edir və ən əsası bunu bir fəzilət bilir.
Bütün işlər Allah rizası üçün görülsə belə, nəticə etibarilə o işin savabı yenə o işi görənə qayıdır. Çünki Allah bütün xeyirxah əməllərin əvəzini, mükafatını verəcək. Bəqərə surəsinin 272-ci ayəsində buna təminat verilir:
"Malınızdan sərf etdiyiniz hər hansı bir şeyin mənfəəti ancaq özünüz üçündür. Siz onu yalnız Allahın razılığını qazanmaq üçün verirsiniz. Malınızdan verdiyiniz hər hansı bir şeyin əvəzi tamamilə sizə ödənəcək və əsla haqsızlıq görməyəcəksiniz!"
Quran əxlaqına yiyələnmiş bir mömin həmişə əliaçıq və səxavətli olur. O, insanların səadəti üçün bütün imkanlarını tərəddüdsüz səfərbər edir. Başqa sözlə, maddi-mənəvi yardımlaşma möminin xarakterik xüsusiyyətidir.
Mömin heç vaxt: "İmkanım yaxşı olanda verərəm", - deyib gözləməməli, imkanı qədər verməyə adət etməlidir. Unutmayaq ki, Allah insanı gələcəkdə qazanıb vermək istədiyi şeylərə görə deyil, hazırda əlində olanlara görə hesaba çəkəcək. Bu yerdə Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) dövründə yaşanmış bir hadisəni oxucularımızla paylaşmaq istəyirəm. Rəsulullah səhabələrdən yardım etmələrini istəyir. Hər kəs imkanı yetdiyi qədər yardım edir. Amma bir səhabə var ki, verməyə heç bir şeyi yoxdur. Oturub düşünür və belə bir qərara gəlir: Sədəqə olaraq onun boynunda kimin haqqı varsa, hamısını halal etsin. Yəni, kim onun qeybətini edibsə, haqsız yerə qəlbini qırıbsa, ya hansısa malını qəsb edibsə, hamısını halal edir. Sabahı gün Rəsulullah onun sədəqəsinin qəbul edildiyini müjdə verir. Yəni, insan istəsə, həmişə sədəqə verməyə mütləq bir şey tapar.
İnsanlar maddi imkanlarına görə bəzi mükəlləfiyyətlər daşıyırlar. Bu mükəlləfiyyətlər nə vaxtsa qazanılanlara deyil, hazırda əldə olanlara aiddir. Yəni, hər kəs Cənabi-Haqqın bu gün bəxş etdiyi maddi imkanlarla ibadət etməyə - dini vəzifəsini yerinə yetirməyə borcludur. Bir manata gücü çatan bir manatla, beş min manatı olan beş min manatla Allah rizasını qazanmağa çalışmalıdır.
Ələlxüsus da, bu gün hər kəs Uca Allahın və Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) adını dünyanın hər yerinə yaymaq üçün əlindən gələni əsirgəməməli, bütün imkanlarını səfərbər etməlidir. Yoxsulu bir qarı kimi bir kasa qatıq gətirməli, varlısı Süleyman kimi sərvətini fəda etməlidir. Onsuz da, azacıq imkanını Allah yolunda əsirgəməyən insanlar qat-qat artıq himmət edənlər qədər savab qazanırlar.
Çünki ilahi dərgahda yardımın, köməyin, himmətin azlığı-çoxluğu deyil, hansı niyyətlə və hansı vəziyyətdə edilməsi əsasdır. Böyük bir İslam aliminin sözləri ilə desək, ixlasla işlənən kiçik bir əməl minlərlə ixlassız əməldən üstündür. Ona görə də, bəzən bir kasa qatıq Sultan Süleymanın tikdirdiyi Süleymaniyyə məscidindən ağır gəlir. Elə isə insanlara ixlasla yardım etməliyik.
Əliaçıqlıq və səxavətlilik zənn edildiyi kimi, insanın malını azaltmır, əksinə mənəvi faydaları və savabları ilə yanaşı, maddi vəziyyətinin yaxşılaşmasına da müsbət təsir edir. İnsan bu fəziləti ilə bir tərəfdən ictimai həyatda etibar qazanır, bir tərəfdən də canı və malı hifz olunur. Allahın rəhmət xəzinələrinin açarı sayılan səxavətlilik bərəkət qapılarının açılmasına, maddi və mənəvi rahatlığa səbəb olur. Möminin əlində-ovucunda olanı möhtaclardan əsirgəməməsi, din qardaşını öz ehtiyacından üstün tutması onun hörmət və etibarını artırır. Mömin bu fəziləti sayəsində Allaha yaxınlaşır, Uca Allah da onun ilahi dərgahdakı məqamının böyüklüyünü bəndələr arasında hiss etdirir.
Bütün cəmiyyətin səadəti və rifahı onu təşkil edən fərdlərin səadətindən və rifahından asılıdır. Yardımlaşma varlılarla kasıblar arasındakı uçurumu aradan qaldırır, onlarda bir-birinə qarşı sevgi və hörmət hissləri oyadır.
Yardımlaşma mövzusunda bu məqamı da unutmamalıyıq ki, malın-mülkün həqiqi sahibi biz deyilik, Allahdır (c.c.). Biz əslində, Allahın bizə əmanət olaraq verdiyi imkanlarla imtahan edilirik. Allah (c.c.) bizi ehtiyac sahibinə əl tutmağa çağırır, şeytan isə kasıb düşmək qorxusu ilə bizi bu işdən çəkindirməyə çalışır. Seçim isə hər kəsin özünə qalır.
Allah bizə gözəl əməllər işləməyi, Onun razılığını qazanmağı nəsib etsin!