Teymur İbrahim
"Mənim ilk mövsümüm, ilk altı ay çox çətin keçdi, çünki tək idim və ispan dilində danışmadığım üçün hər şey çox mürəkkəb idi. Mən yeni dünyaya, yeni komandaya, fərqli futbol növünə gəlmişdim. Xoşbəxtlikdən təslim olmadım".
Xoşbəxtlik o qədər çoxşaxəli bir məfhumdur ki, insanlar onu müxtəlif nəsnələrdə, obyektlərdə, şəxslərdə və s. axtarmağa və tapmağa çalışırlar. Bəzi seçilmiş insanlar üçün isə xoşbəxtlik tamam başqa məğz, məzmun daşıyır. Yuxarıda yazdığım sitat doğulduğu Fransanın Lion şəhərindən Pireney yarımadasının paytaxtı Madridə köçən Kərim Mustafa Benzemaya məxsusdur. Kərim xoşbəxtliyi təslim olmamaqda görürdü.
Onu, demək olar ki, müasir futbol tamaşaçılarının böyük əksəriyyəti tanıyır. Kərim Benzema İspaniyanın Madrid şəhərini təmsil edən "Real" klubunun futbolçusudur. Benzema bu il hətta ən yüksək fərdi futbol mükafatı hesab olunan "Ballon d'Or"u ("Qızıl top"u) da qazanıb. Amma sözsüz ki, bu uğura gedən yol heç də asan başa gəlməyib. Gəlin, Benzemanın həyat, sözün digər mənasında isə uğur hekayəsi ilə yaxından tanış olaq...
1950-ci illərin sonunda Kərimin babası Da Lakehal Benzema Əlcəzairin Tiqzirt kəndini tərk edərək ailəsi ilə birlikdə məskunlaşmaq üçün Liona köçüb. Atası Hafid Benzema Tiqzirtdə, anası Malika Haddou Benzema Lionda (əslən Əlcəzairin Vəhran şəhərindəndir), özü isə 19 dekabr 1987-ci ildə Lionda anadan olub. Ailənin yeddinci övladı olan Kərimin Bronda (Fransa) böyüyən üç qardaş və beş bacısı var. Atası Əlcəzairli, anası Mərakeşli olan Benzema üçün Fransada tamam başqa bir həyat ssenarisi yazılmağa başlamışdı. Benzema hələ 8 yaşında ikən futbolda ilk addımlarını atmağa başlayır. 1993-1996-cı illərdə "AS Buers Villeurbanne", 1996-1997-ci illərdə isə doğma şəhərini təmsil edən "SC Bron Terraillon" klubunda çıxış edir. "Bron"da olarkən dostları onu Koko deyə çağırırlar. 10 yaşında şəhərin ən böyük klubunun diqqətini çəkməyə başlayır. 1997-ci ildə "Lion"a keçən Benzema 2009-cu ilə qədər bu klubun şərəfini qoruyur.
Qəhrəmanımız qısa bir vaxtda "Lion" akademiyasının gənclər kateqoriyasına yüksəlir. O, əsas komandanın oyunlarında "top daşıyan" kimi iştirak edirdi. Gənclər komandasında da uğurlarını sıralayan Kərim Fransada 16 yaşadək gənclər üçün yerli liqa olan "Championnat National des 16 ans" yarışında 38 qol vurur. Nəhayət, 2005-ci ilin yayında əsas komandaya yüksəlir. Əsas komandada onu Maykl Essyen, Silven Viltor, Floran Maluda, Erik Abidal kimi peşəkar və tanınmış futbolçular qarşılayır.
Böyük futbolçularla ünsiyyət zamanı zarafatlarla qarşılaşan Benzema onların cavabını verməyi də bacarırdı. Və həmin zarafatlardan birində Benzema cəsarətlə komanda yoldaşına belə cavab vermişdi: "Gülmə, mən sənin yerini tutmağa gəlmişəm". Öz dünyasında top daşıyan bu balaca oğlan, illər sonra bütün top dünyasını öz arxasınca daşıyacaqdı.
Peşə karyerasındakı bir çox ilkləri "Lion"da yaşayan fransız futbolçu 2005-2008-ci illərdə 3 dəfə ardıcıl Fransa çempionu olur. 2008-ci ildə klubun 10 nömrəsi olur və uğurlarını ciddi şəkildə sıralamaqda davam edir. Nəticədə, bu uğurlar fransızların qonşularının diqqətindən yan keçmir. 2009-cu ilin yayında Kərim Benzema 20-ci əsrin klubuna, "Real Madrid"ə transfer olur. Benzemanın "Real"a keçdiyi ildə Madrid klubunda kimlər yox idi ki?! İker Kasilyas, Serxio Ramos, Raul Qonsales (kapitan), Kaka, Kriştiano Ronaldo, Marselo, Quti (vitse-kapitan), Xabi Alonso - bütün bu futbolçular dünya futbolunun əfsanələridir. Bəs, Benzema bu ulduzlar kainatında baş çıxara biləcəkdimi? Bu suala bir cümlə ilə cavab vermək olar. Adı çəkilən futbolçulardan təkcə Kərim hazırda "Real"da oynayır və klubun kapitanıdır. Benzema Ronaldo da daxil olmaqla heç bir ulduzun kölgəsində qalıb sönmədi, daha parlaq işıq saçmaq üçün öz vaxtını gözlədi.
Benzemanın "Real Madrid"dəki uğurlarının təfərrüatlarına varmağı, bəlkə, heç onun özü də bacarmaz. 17 ildir davam edən peşəkar futbolçu karyerasının ispan klubunda keçən 13 ilində qazanmadığı kubok, vurmadığı rekord, əldə etmədiyi mükafat, demək olar ki, qalmadı. Bəli, bu zarafat deyil. 4 dəfə Fransa, 4 dəfə İspaniya çempionu olan, 1 dəfə Fransa, 2 dəfə İspaniya kubokunu qazanan, 4 dəfə Klublararası dünya çempionatının qalibi olan və nəhayət, 5 dəfə UEFA Çempionlar Liqasında uğur əldə edən şəxsdən danışırıq. O, sözügedən nailiyyətlərin böyük bir hissəsini Madriddə çıxış edərkən əldə etdi və "Galacticos"un tarixinə öz adını qızıl hərflərlə yazdırmağı bacardı. Benzema hazırda Kriştianodan sonra klub tarixinin ən çox qol vuran futbolçusudur.
Böyük futbolçuların karyeralarında qırılmaz bir tilsim olur. Bütün nailiyyətləri ovuclarına yığan əfsanələr, həmin o əlçatmaz tilsimi qıra bilmirlər. Dünya Kuboku da o tilsimlərdən biridir. Hansı ki, Messi, Ronaldo, Zlatan İbrahimoviç, Luis Suarez, Levandovski, Modriç, Neymar, Alveş, Marselo kimi karyerasını davam etdirən əfsanəvi futbolçular hələ də Dünya Kubokunun üzünə həsrətdirlər. Bu il Qətərdə keçirilən Dünya çempionatı, bəlkə də, onlar üçün sonuncu mundial olacaq.
Benzema da həmin həsrəti illərdir dadan futbolçulardandır. Amma Benzema onlar arasında ən bəxtsizidir desək, yanılmarıq. Kərim Benzema 28 mart 2007-ci ildə Fransa millisinin heyətində Avstriya ilə oyunda debüt edir. 2010-cu ildə keçirilən Dünya Çempionatında Fransa millisinin 30 nəfərlik heyətinə daxil edilməyən Benzema 2014-cü il Dünya Çempionatında mübarizəni 1/4 final mərhələsində dayandırır. Benzemanın bəxtsizliyi isə bundan sonra başlayır. Fransa Futbol Federasiyası 13 aprel 2016- cı ildə Benzemanın öz ölkəsində Avropa çempionatına qatılmayacağını elan edir. Bu qadağa 2018-ci ildə Rusiyada keçirilən Dünya Çempionatını da əhatə edəcəkdi. Və maraqlısı da bilirsiniz nədir? 2018-ci ildə, 15 iyulda, Moskvada, Lujniki stadionunda fransalılar dünya kubokunu başları üzərinə qaldırdılar.
O anda Benzemanın nələr hiss etdiyini, yəqin ki, yalnız o başa düşə bilər. Həmin səhnəni Kərim meydanda yaşamırdı, tamaşaçı kimi tribunadan izləyirdi. Bəlkə də, Fransa dünya çempionu olmasaydı, Benzemanın mundiala aparılmaması o qədər də tarixi əhəmiyyət daşımazdı. Amma belə olanda insan düşünür: Əgər Benzema da heyətdə yer alsaydı, o, hazırda bir dünya çempionu idi. Bütün bunlardan sonra, 5 illik fasilənin ardından 18 may 2021-ci ildə Benzema rəsmi olaraq Fransanın Avro-2020 üçün 26 nəfərlik heyətinə daxil edildi. 10 oktyabr 2021-ci ildə isə UEFA Millətlər Liqasının finalında Fransa İspaniyaya 2-1 hesabı ilə qalib gələrək çempion oldu. Millətlər Liqası Kuboku Benzemanın milli komandadakı ilk və karyerasındakı 27-ci kuboku oldu ki, bu da onu futbol tarixində ən çox mükafat qazanan fransız etdi.
Kərim Benzemanın bütün bu enişli-yoxuşlu karyerasını bir sözlə ifadə etmək üçün yazının əvvəlinə qayıtmalıyıq: Kərim nə olursa, olsun, təslim olmadı və onu xoşbəxt edən də bu idi. Milli komandadan uzaqlaşdırıldı, haqqında müxtəlif ittihamlar səsləndirildi, zaman-zaman diqqətdən kənarda qaldı, amma o həmişə səbirli, təmkinli, dözümlü oldu.
Bütün bunların nəticəsində 2021-2022 mövsümündə fransız futbolçunun ulduzu ən parlaq dövrünü yaşadı. "Real Madrid" həm Çempionlar liqasının, həm də İspaniya çempionatının qalibi oldu. Bu çempionluqlarda, heç şübhəsiz, baş rolda bizim Koko idi. Benzema hər iki yarışda ən çox qol vuran futbolçu, bombardir oldu. Nəhayət, oktyabrın 18-də, Parisdə Şatle teatrında "Ballon d'Or" hər kəsin gözlədiyi şəxsin əllərində havaya qalxdı. Bu, Benzema idi, dünyanın ən yaxşı futbolçusu. Əllərindəki isə təkcə "Qızıl top" yox, əzmin, zəhmətin, iradənin nəticəsi idi.
Benzemanın hazırda 34 yaşı var və bu il dünya çempionatının bitdiyi günün səhəri, 19 dekabrda 35 yaşı olacaq. Artıq futbol dünyasında gənc hesab olunmur. Amma həm klub, həm də milli komanda səviyyəsində uğurlarını sıralamaqda davam edir. Yazını isə bu sözlərlə yekunlaşdırmaq istəyirəm. "Ballon d'Or" mükafatının təqdimat gecəsində Koko bu sözləri dilə gətirir: "Qarşımdakı mükafat məni gənc yaşlarımdan bəri gördüyüm işlərə görə qürurlanmağa vadar edir".