Mikelancelo Antonioninin 1995-ci ildə çəkdiyi "Buludlar arxasında" adlı filmdə bir səhnə var. Gənc qız kafedə qəribə bir adamla tanış olur və o adam qıza bu hekayəni danışır: "Afrikada itmiş bir şəhəri axtaran arxeoloqlar uzaq bir səfərə çıxırlar. Onlar özləri ilə yerliləri də aparırlar. Yerlilər onlara yüklərini daşımaqda kömək edirlər. Çox çətin bir şəraitdə, cəngəlliklərin arası ilə irəliləyirlər. Ancaq birdən yerlilər hamısı dayanırlar. Və əllərindəki yükləri yerə qoyaraq səssizcə gözləyirlər. Nə olursa-olsun, mənzil başına çatmaq istəyən arxeoloqlar yerlilərin bu hərəkətinə heç bir məna verə bilmirlər. Nəhayət, bu anlaşılmaz vəziyyəti yerlilərin dilini bilən bələdçi öyrənir. Bələdçi yerlilərlə bir qədər danışandan sonra hadisəni belə izah edir: "Çox sürətlə gedirik. Ruhlarımız geridə qalır..."
Əslində, bu gün də belədir. Daha doğrusu, müasir həyatın (və ya müasır dövrün) gətirdiyi ən böyük problemlərdən biri də budur. İnsan hər işini sürətə görə qurur. Ancaq bu sürət bəzən ona xeyirdən çox ziyan gətirir. Ucu-bucağı görünməyən hədəflərə doğru can atdıqca ruhu da ondan uzaqlaşır. Ruhundan uzaq düşən insan isə maddiləşdikcə maddiləşir. İndi onun üçün quşların oxuması da bir şey ifadə etmir. İndi onun üçün çiçəklərin açması da bir şey ifadə etmir. Və insan cismən doysa da, ruhən doymur. Halbuki, insan hərdən dayanıb "ruhunu gözləməli" və necə olursa-olsun, ruhundan uzaq düşməməlidir.