Mahmud Adəmoğlu 
 

Dünyada hər zaman ağın yanında qara, yaxşının yanında pis, doğrunun yanında yalan, asanın yanında çətin, xeyirin yanında zərər var. İnsan oğlu işin asanına, rahatına, daha çox fayda verəninə can atır. Amma mühüm olan asana, rahata, faydalı olana üz tutmaq deyil, doğruya, Allahın buyruğuna, Rəsulullahın yoluna üz tutmaqdır. Hər şeyi dünya həyatı ilə tamamlamış zehniyyətə sahib bir insan, əlbəttə, zahirən asana, rahata və daha çox fayda verənə üz tutacaq. Biz də bu yazıda ötəri faydanı deyil, əbədi, bitib-tükənməyən faydanı nəzərdə tutan əməllərdən bəhs etməyə çalışacağıq. Əlbəttə, hər mövzuda olduğu kimi, bu söhbətdə də əsas dayanaq yerimiz Allahın (c.c.) buyruqları, Sevimli Peyğəmbərimizin (Ona Allahın salamı olsun!) örnək həyatından aldığımız nümunələrdir.

Rəsulullah (Ona Allahın salamı olsun!) bir evə qonaq gedir. Bir ara evin xanımı uşağı çağırır: 

- Gəl, sənə bir şey verəcəyəm! - deyir.

Rəsulullah:

- Ona nə verəcəksən? - deyə soruşur.

Xanım:

- Bir xurma verəcəyəm, - deyə cavab verir.

Bunu eşidən Rəsulullah (Ona Allahın salamı olsun!) belə buyurur:

- Xəbərin olsun, əgər ona bir şey verməsəydin, sənə bir yalan günahı yazılardı.

Bir hədisi-şərifdə Rəsulullahın belə buyurduğu rəvayət edilir: "Kim bir uşağa "Bura gəl, sənə bir şey verəcəyəm" deyib, verməzsə, bir yalan günahı qazanar."

Sevimli Peyğəmbərimiz ana-atanın uşağa yalan deməməsi üçün onların uşaqlarla rəftarını tənzimləmiş və bəzi ümumi prinsiplər ortaya qoymuşdur. Məsələn, hansı vəziyyətdə olur-olsun ana-atanın uşaqlarını aldatması, onlarla davranış və münasibətlərinə laqeyd yanaşması doğru deyil.

Allah (c.c.) Qurani-Kərimin Əhzab surəsində belə buyurur: "Ey iman edənlər, Allaha üsyan etməkdən çəkinin və həmişə doğru söz söyləyin".

Bu ayə göstərir ki, imanlı bir insan daim dürüst olmalıdır. Buna görə də, müsəlman bir səhvə yol verəndə təqsirini ört-basdır etmək üçün yalana əl atmamalı, əksinə, dərhal üzr istəyib səhvini düzəltməyə çalışmalıdır.

İnsan davranışında dürüstlüyün əhəmiyyətini "Əmr olunduğu kimi doğru hərərkət et!" kimi ilahi əmrlərdə görürük. Əslində, İslamın hədəfində doğru-dürüst insan yetişdirmək var. Allahın (c.c.) vəd etdiyi o nemətlər məhz dünyada dürüst həyat yaşayan insanlar üçündür.

Allah (c.c.) peyğəmbərlərini doğruluq nümunəsi kimi göndərmişdir. Başda Peyğəmbərimiz (Ona Allahın salamı olsun!) olmaqla bütün peyğəmbərlər doğruluq timsalı idilər. Qurani-Kərim Həzrəti İbrahim, Həzrəti İsmayıl və Həzrəti İdrisin dürüstlüyünü və sözünə sadiqliyini xüsusi qeyd edir.

Yalanı yaxın buraxmayan, doğruluğu xarakterə çevirən insan səbəb və şəraitdən asılı olmayaraq yalan söyləməz, bir məsələni həll etməkdə yalanı vasitə saymaz. Dolayısı ilə, Quran əxlaqına yiyələnmiş bir insan yalan danışmağa ehtiyac duymaz.

İnsanın bir borcu da sözü keçən insanları yalandan uzaq tutmağa çalışmaqdır. Bir hədisdə isə belə buyurulur: "Mömin digər mömin üçün divar kimidir, bir-birinə dayaq olar."

Etibarlı olmaq və əmanətə riayət etmək möminin başlıca şüarlarından biridir. Allah Rəsulu hələ peyğəmbərlikdən əvvəl xalq arasında "Əmin" ünvanı ilə tanınırdı. O, bu baxımdan doğruluğunu isbat etmiş və əmanətə riayət edən bir şəxs kimi məşhurlaşmışdı.

Müsəlmanın sözü və qəlbi doğru olanda işi də doğru olur. Peyğəmbərimiz bir gün bazarda birisinin bir buğda satdığını görür və əlini içinə salıb baxanda buğdanın üst hissəsinin quru, alt hissəsinin isə yaş olduğunu anlayır. Buğda satan adamdan bunun səbəbini soruşanda o da belə cavab verir:

- Onu yağış isladıb, ey Allahın Rəsulu.

Peyğəmbərimiz:

- O yaş yeri insanlar görsün deyə buğda topasının üstünə qoysaydın, yaxşı olardı. Bizi aldadan bizdən deyil, - buyurur.

Rəsulullahın bu bəyanı əslində, günümüz üçün çox aktual məsələdir. İslamın ticarət əxlaqını əsas götürən hər bir ticarətçi dürüstlüyü, doğru sözlülüyü və etibarı ilə insanlar arasında etimad qazanmalıdır. Müştərinin məlumatsızlığından, diqqətsizliyindən və ehtiyac içində olmasından sui-istifadə etməməli və heç kimi aldatmamalıdır. Aldatmağı və hiylə işlətməyi İslamdan çıxmaq kimi görməli və belə bir aqibətə düçar olmaqdan qorxmalıdır. Bəli, həqiqi mömin aldadılsa da, aldatmaz. Rəsulullah başqa bir hədisində bu mövzuda: "Kim xarab malını qüsurunu söyləmədən satarsa, Allahın qəzəbi və mələklərin lənəti onun başına yağar", buyurmuş, bu əməlin bir müsəlmana yaraşmadığını, ondan qazanılan pulun halal olmadığını göstərmişdir.

Ticarətdə dürüstlük günümüz üçün, həqiqətən də, çox mühüm və aktual mövzudur. Bu gün cəmiyyətimizdə alış-verişdə aldadılmayan nə qədər insan tapa bilərsiniz? Dövrün, şəraitin çətinliyinə baxmayaraq, iradəsini layiqincə ortaya qoyub möminə yaraşan ləyaqəti nümayiş etdirən və doğru-dürüst işləyən bir ticarətçi bu cəhd, bu qeyrət və bu xalis niyyətinin əvəzində axirətdə peyğəmbərlər, siddiqlər və şəhidlərlə birlikdə həşr olunacaq.

Bəli, hər bir ticarətçi bu qızıl prinsipləri yaddan çıxarmamalıdır: "Hiyləgər ticarətçi bu davranışları ilə əvvəl Allaha və vicdana qarşı çıxır, sonra isə hiylələrinin üstü açılır, camaat arasında etibardan düşür, həm dünyada, həm də axirətdə itirmiş olur".

Rəsulullahın aşağıda verilmiş müjdələri dürüst ticarətçi olmağın nə qədər çətin, amma nə qədər də xeyirli bir iş olduğunu ortaya qoyur:

"Dürüst və etibarlı ticarətçi şəhidlərlə, siddiqlərlə və nəbilərlə bərabərdir".

"Haram-halal məsələlərinə riayət edən bir ticarətçinin iş vaxtı keçirdiyi və keçirəcəyi dəqiqələr ibadət sayılır".

Söhbətimizin sonunda o həqiqətə dönmək istəyirik ki, həyatda hər şeyin qarşılığı var. Dünyada hər şeyin asanına qaçsan, müvəqqəti həyatda şəxsi mənfəətini hər şeydən üstün bilsən, axirət həyatında əlin boş qalar. Axirət həyatında sevinənlərdən olmaq istəyən dünya həyatında yolun doğrusunu tutmalıdır ki, istədiyi mənzilə vara bilsin. Qurani-Kərimdə bəhs edilən "sırati-müstəqim" də elə doğru yol deməkdir. Sözün özü odur ki, hər kəs aqibətini də, varacağı son mənzili də özü seçir, kimi 70-80 illik dünya həyatını yalanla keçirərək, əbədi zərərə uğrayır, kimi də könlünü sarsılmayan Dosta bağlayaraq, əbədi səadət yolunu tutur. Seçim sənindir, yollar da önündə, hansını istəyirsənsə, onu da tut. Vəssalam.