Bir gün məşhur fransız yazıçısı Onore de Balzakdan yazıçılıq həyatının necə başladığını və üstəlik, bu yazıçılıq həyatında ən çox kimin rolu olduğunu soruşdular. Yazıçı isə bu suala belə cavab verdi:

"Hələ orta məktəbə gedəndə oxumağa həvəsim olsa da, yazmağa həvəsim yox idi. Yəqin ki, atam bunu başa düşdüyü üçün məni bir təcrübədən keçirdi. Evimizin arxa pəncərəsinin qarşısına kiçik bir stol-stul qoydu və hər gün (həm də hər gün) bu pəncərədən çöldə nə gördüyümü (təbii ki, nə hiss etdiyimi də) bir səhifədə yazmağı tapşırdı. İlk günlər, demək olar ki, yazmağa heç bir şey yox idi. Çünki pəncərədən baxanda bir əkin, əkindən bir az o tərəfə bir ağaclıq, ağaclıqdan bir az o tərəfə isə bir kənd gözə dəyirdi. Ancaq bir qədər sonra hər şey dəyişdi. Çünki hər dəfə baxdığım bu pəncərə eyni olsa da, gördüyüm heç də eyni deyildi. Çünki bahar gələndə ağaclar yaşıl yarpaqlar açır, yay gələndə tarlada sarı sünbüllər boy atırdı. Göy üzündə buludların rəqsinə isə baxmaqla doymaq olmurdu. Günəşin çıxması və batması isə tamam başqa bir mənzərə idi. Mən də bu dəyişiklikləri gördükcə hər dəfə o bir səhifəyə yeni şeylər yazmağa başladım. Axırda isə bu gün yazdıqlarımla o biri günlər yazdıqlarımın heç də eyni olmadığını gördüm.

Əslində, atam mənə bununla çox az adamda olan müşahidə qabiliyyətini öyrətmişdi. Bu dəyişiklikləri yaşadıqca bəzən elə olurdu ki, ruhumda qopan fırtınaları qələmimdən tökülən sözlər ifadə etməkdə çətinlik çəkirdi. Bu gün dönüb arxaya baxanda həyatımda ən yaddaqalan günlərin o günlər olduğunu görürəm. Bir də əgər atamın bu qətiyyətli mövqeyi olmasa idi, ömür boyu ətrafa boş gözlərlə tamaşa edəcək və yəqin ki, günlərimi elə bu cür də başa vuracaqdım. Ona görə də, atam mənə həyatda təkcə ata yox, həm də müəllim oldu. Həm də ilk müəllim".