Ömər Faiq Nemanzadə-150
Düz 150 il əvvəl bu gün Gürcüstan sərhədləri içində qalan qədim türk torpağı Axısqada dünyaya göz açdı;
Ailəsi onu din xadimi kimi yetişdirmək istəsə də, İstanbulda dünyəvi təhsil aldı və "Gənc türklər"ə qoşularaq siyasətçi oldu;
Gürcüstanda türk məktəbləri açmaq istədi, olmadı;
Gürcüstanın Türkiyə ilə sərhədində qurulan və hakimiyyəti 6 ay davam edən Axısqa Respublikasına rəhbərlik etdi;
Bir məhbəsdən qurtarıb başqasına düşdü;
Azərbaycan satirik mətbuatının bayraqdarı "Molla Nəsrəddin" onun fədakarlığı sayəsində işıq üzü gördü;
Ən nəhayət, 1937-ci il repressiyasında Tiflisdə erməni prokurorun tələbi ilə həbs olunan və güllələnən böyük türk ziyalısı Ömər Faiq Nemanzadənin qısa həyat hekayəsi və portretinin xarakterik cizgiləri...
Ömər Faiq Nemanzadə mədəniyyət tariximizin ən fədakar nümayəndələrindən biridir. Bütün şüurlu həyatını xalqının tərəqqisinə həsr etmiş bu fədakar insan nə karyera, nə şöhrət, nə də var-dövlət düşünərək, xeyir bildiyi bütün işlərə qoşuldu, əlindən gələn yaxşılıqları əsirgəmədi. Həm müəllim oldu, həm naşir, həm yazıçı oldu, həm ictimai xadim, hara getdisə, hansı işin qulpundan yapışdısa, xalqının tərəqqisini düşündü. Elə buna görə də, başı bəlalar çəkdi və nəhayət, 37-ci il Stalin repressiyasında Tiflisdə bir erməni prokurorun tələbi ilə haqqında ölüm hökmü çıxarıldı və güllələndi. Bu gün məzarı belə yoxdur.
Beləcə, çırpıntılar, fədakarlıqlar və acılar dolu bir həyat...
Əvvələ qayıdaq, lap əvvələ...
Ömər Faiq Nemanzadə 1872- ci il dekabrın 24-də Gürcüstanın Axalsıx qəzasının Azğur kəndində dünyaya gəldi. İlk təhsilini molla məktəbində aldı, sonra rus məktəbinə daxil oldu. 10 yaşında İstanbula getdi, təhsilini orada davam etdirdi. 1891-ci ildə "Darüş-şəfəq" məktəbini bitirdikdən sonra Qalata poçt və teleqraf idarəsində işə başladı. O, burada qəzet və jurnallar vasitəsilə Avropadakı demokratik ruhlu türk mühacirlərinin əhvali-ruhiyyəsi və türk inqilabçı şairlərin bədii yaradıcılığı ilə yaxından tanış oldu və inqilabçı gənclərə qoşuldu.
1894-cü ildə doğma Axısqaya dönən Ömər Faiq maarif və mədəniyyət sahəsində Azərbaycanın demokratik ruhlu vətənpərvər oğullarına qarışdı, ömrünün axırına kimi biliyini və bacarığını xalqın azadlığı uğrunda mübarizəyə həsr etdi. Ömər Faiq 1894- cü ildə Şəkidə yeni açılan bir məktəbdə dərs dedi və İstanbuldan gətirdiyi açıq fikirli əsərləri xalqa paylayaraq oxutdurdu.
Axısqada milli məktəb açmaq fikrinə düşən Ömər Faiq Tiflis maarif müdirinə ərizə yazdı, ana dilində məktəb açmaq üçün icazə istədi, ancaq rədd cavabı aldı.
O, 1898-ci ildən 1900-cü ilə kimi Şəkidə müəllim işlədi. İctimai həyatla fəal məşğul olmaq üçün 1900-cü ildə Bakıya gələn Ömər Faiq burada milli məktəblərin yox dərəcəsində olduğunu, müsəlman xalqının acınacaqlı bir şəkildə yaşadığını görərək belə deyirdi:
"Əgər Tağıyevin açdığı qız məktəbini görməsəydim, Bakının türk maarifi üzərinə qara bir cizgi çəkəcəkdim".
Həmin il Şamaxıya gələn Ömər Faiq burada milli məktəbin təşkil edilməsinə yaxından kömək etdi və tarix, coğrafiya, hesab və türk dilindən dərs dedi. 1902-ci ildə Şamaxıda baş verən dəhşətli zəlzələdən sonra yenidən Tiflisə getdi.
Burada Ömər Faiq öz fəaliyyətində daha çox publisistikaya üstünlük verir, xalqın maariflənməsində bu işi çox mühüm hesab edirdi. İlk kitablardan birini Ömər Faiq özü yazdı və 1905-ci il 2 aprel tarixində senzor komitəsində onun çapına icazə də aldı. Bu əsər "Dəvəti-nəşri-asarə" adlansa da, ümumiyyətlə, ölkədə baş verən ictimai-siyasi hadisələrin təsiri altında yazılmışdı. Ömər Faiqin publisistik fəaliyyəti təkcə əməkdaşı olduğu "Şərqi-Rus" qəzeti, "Molla Nəsrəddin" jurnalı ilə məhdudlaşmırdı. Dövrün ən nüfuzlu qəzet və jurnallarında onun imzası tez tez görünürdü. Ömər Faiqin publisistik fəaliyyətindəki əsas mənəvi-etik prinsiplərdən biri də vətənpərvərlik idi. Ömər Faiq milləti sevməyin birinci əlamətini onun dilini sevməkdə görürdü. Buna görə də, milli dil problemi onun yaradıcılığında başlıca yer tuturdu. Ömər Faiq siyasi cəhətdən yetkin, mübariz bir publisist idi. O, bir çox siyasi toqquşmalarda şəxsən iştirak edir, siyasi təbliğat aparırdı.
Ana dilimizin təmizliyinin qorunması uğrunda mübarizə aparan ziyalılarımız arasında Ömər Faiq Nemanzadənin xüsusi yeri var idi. O yazırdı: "Bir millətin yaşaması dili ilədir. Dil yoxsa, Millət yoxdur. Mən inanmıram ki, dilini sevməyən millətini sevsin. Çünki dil millətin yeganə nişanıdır, millət sevgisinin birinci əlamətidir".
Bütün həyatını türkçülük ideologiyası üzərində inkişaf etdirən Nemanzadənin dil problemlərinə ciddi münasibəti təsadüfi deyildi. Çünki türk dili məsələsi XX əsrin siyasi proseslərinin başlıca problemlərindən biri idi. Onun "Dilimiz yazımız", "Dərdimiz və dərmanımız", "Eşq və məhəbbət", "Milliləşmək", "Gürcü siyasətçiləri" və bu kimi məqalələri elm, mədəniyyət və ünsiyyət dili olaraq türk dilinin tarixən müxtəlif xalqlar və millətlər arasında ortaq dil olduğunu sübut etdi. Dil məsələsini bu dövrün zəruri milli məsələsi kimi gündəmdə saxlamaq vəzifəsini isə daha çox "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları yerinə yetirirdi. "Molla Nəsrəddin"də ana dilimizin yüksək milli dəyərləri xalqın danışıq dilində qorunur, "Füyuzat"da isə dilə münasibət məsələsi elmi-ədəbi səviyyədə qarşıya qoyulurdu. Bu ideologiyaların daşıyıcısı kimi Ömər Faiq yazılarının birində deyirdi: "Doğma dili, doğma ədəbiyyatı olmayan millət öz varlığından danışmağa utanmalıdır". Türk dilinin ortaq dil kimi istifadə olunması və qorunması Ömər Faiq Nemanzadənin bütün əsərlərinin baş mövzusu kimi də diqqəti cəlb edirdi.
1903-cü ildə Məhəmməd ağa Şahtaxtlının rəhbərliyi ilə nəşrə başlamış "Şərqi-Rus" qəzeti Qafqazda ilk gündəlik siyasi və ictimai türk qəzeti oldu. 1905-ci ildə "Şərqi-Rus" bağlandıqdan sonra Ömər Faiq qələm dostu Cəlil Məmmədquluzadə ilə birlikdə qəzetin mətbəəsini aldı və "Qeyrət" adı ilə dəyişdirərək, burada innovativ, dövrlə, zamanla hesablaşan kitablar nəşr etməyə başladı. Bununla da Azərbaycan ədəbi-mədəni həyatında yeni bir mərhələ başladı. Mollanəsrəddinçilər adı ilə məşhur olan fikir cərəyanı məhz "Qeyrət" mətbəəsində ilk ideya mübarizəsinə qədəm qoydu.
Bir sıra maddi çətinliklərdən sonra 1906-cı ildə ilk dəfə "Molla Nəsrəddin" jurnalı nəşr edildi. Jurnalın təsis edilməsində və onun nəşrində Cəlil Məmmədquluzadə və Ömər Faiq Nemanzadənin müstəsna rolu oldu. Mütəxəssislər yazırlar ki, Ömər Faiq o zaman Tiflis ədəbi mühitinə yenicə gələn Mirzə Cəlilə dəstək olmasaydı, yəqin ki, nə Azərbaycan satirik mətbuatının şah əsəri sayılan "Molla Nəsrəddin" jurnalı olardı, nə də bir məktəb kimi formalaşan mollanəsrəddinçilər. "Molla Nəsrəddin"in redaktoru Mirzə Cəlil, məsul katibi Ömər Faiq olsa da, Mirzə Cəlil jurnalın külli-ixtiyarını dostuna həvalə etmişdi.
Jurnalın ilk sayından bu əqidə dostları dövrün ən istedadlı, ən bacarıqlı qələm sahiblərini jurnala toplayaraq hər tərəfə səs saldılar. Lakin bu səsin daha gur olmasını arzulayanlarla yanaşı, onun batmasını istəyənlər də var idi. Ömər Faiq təkcə "Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə çap edilən bir sıra qəzet və jurnallarda - "Açıq söz", "Tərəqqi", "İrşad", "Həyat", "Rəncbər", "Əkinçi", "Adıgün kolxozçusu", "Kommunist", "Qızıl bayraq", "Bağban" və s. çıxış edirdi. Yazıları Ömər Faiq Nemanzadə, Ümidvar, Faiq Nemanzadə, Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxırdı. Ömər Faiqin dövrün bir sıra mühüm ictimai-siyasi məsələləri haqqında müxtəlif mətbuat orqanlarındakı fəaliyyəti onu müasirlərinə yetkin bir qələm sahibi kimi sevdirmişdi.
Ömər Faiq Nemanzadə 1906- 1917-ci illərdə Bakıda jurnalist-yazıçı və müəllim işlədi, müxtəlif mövzularda qələmə aldığı məqalələrdə milləti düşündürən, həyəcanlandıran problemlərə toxundu. 1917-ci ildə isə vətəni Axalsıxa dönərək buradakı türklərin milli mənafelərinin müdafiəçisi olmağı seçdi. Gürcüstan Respublikasının antitürk siyasi şiddətinə qarşı çıxan Ömər Faiq 1918-ci ildə üç dəfə həbs olundu, Gürcü həbsxanalarının bütün zillətini yaşadı.
Ömər Faiqin ən fəal işlərindən biri 1917-1920-ci illərdə Axısqa bölgəsindəki fəaliyyəti oldu. O, Cənub-Qərbi Qafqazda ilk müstəqil türk respublikası Axısqa hökumətinin rəhbəri seçildi. Altı aydan sonra menşeviklər Gürcüstanı ələ keçirdi və bu respublika ləğv olundu. Axısqa hökuməti yıxıldıqdan sonra o, Gürcüstan menşevik hökumətindən Axısqa və Axılkələk əyalətlərinə muxtariyyət tələb etməyə başladı. Lakin bu arzusu həyata keçmədi. Əvəzində menşeviklər tərəfindən üç dəfə həbs olunaraq, Metex qalasına salındı, lakin xalqın tələbi ilə yenidən azadlığa buraxıldı.
Öməq Faiq Nemanzadə 1923- cü ildə Azərbaycana gəldi və 1924-cü ildə Azərbaycan SSR Xalq Maarif Komissarlığında işə düzəldi, dərsliklərin hazırlanmasına və onların çap edilməsinə yardım etdi.
1927-ci ildə pensiyaya çıxdıqdan sonra Ömər Faiq XX əsr Azərbaycan mədəniyyəti və mətbuat tarixi üçün son dərəcə əhəmiyyətli olan "Xatirələrim" üzərində işlədi. Lakin müəllif bu xatirələri bitirə bilmədi. O, 1937-ci ilin yayında Axalsıxda öz ata yurdunda dincələrkən iyulun 16-da rayon prokuroru Odabaşyanın sərəncamı ilə həbs olundu və 3 ay sonra oktyabrın 10-da güllələndi. 65 illik ömrünü, sağlamlığını, xoşbəxtliyini, bilik və bacarığını yalnız xalqının maarifi, azadlığı, istiqlalı yolunda qurban verən Ömər Faiq sovetlərin gözündə "xalq düşməni" oldu. Niyə? "Bəsdir, ayıl! Başını bir az yuxarı qaldır. Öz varlığının, öz vücudunun qiymətini bil. İndiyə qədər yadlar üçün, özgə varlıqlar və vücudlar üçün özünü həlak etmisən, bundan sonra ayıl, bir özünə gəl, öz gününə çalış" deyərək millətini azadlıq uğrunda mübarizəyə çağırdığı üçün. "Marks, Engels, Lenin, Stalin babalarına mədhiyyə yazmadığı üçün! "Oktyabr övladı" olmadığı üçün!..
1958-ci ildə Gürcüstan SSR Ali məhkəməsi ona bəraət verdi.