Nazim Mustafayev 
 

Xəlvətiliyin qurucusunun həyatı, doğulduğu və vəfat etdiyi yer, təkyəsi və qəbrinin harada olması ilə bağlı mənbələrdə bir sıra müxtəlif məlumatlar olsa da, son illərə qədər bu məlumatların heç biri tam təsdiqini tapmamışdı. Mənbələrdəki məlumatlara əsasən Şamaxı və ətraf bölgələrdə türkiyəli və yerli alimlər tərəfindən son illərdə araşdırmalar aparılmış, Xəlvətiliyin ilk qurucusunun Pir Ömər Xəlvəti olduğu aşkar edilmişdir.

Yusif Müsküri "Silsilətül-Uyun" adlı xəlvətiliyin silsilənaməsindən bəhs edən əsərində qeyd edir ki, Pir Ömər Xəlvəti Şamaxının Avaxıl kəndindəndir. Burada yerləşən tarixi qəbiristanlıqda xalq arasında "Ömər Sultan" adı ilə tanınan türbə də məhz ona məxsusdur. Bu kəndin coğrafi quruluşu rəvayətlərdə qeyd olunan meşəlik xüsusiyyətinə uyğundur və qəbrin üstündə yaşı təxminən beş-altı əsr olan böyük bir ağac var.

Lahıcın buraya yaxın olması Pir Ömər Xəlvətiyə "Lahıci" təxəllüsünün verilməsinə səbəb olmuşdur. İrandakı Lahican şəhəri daha çox tanındığına görə qaynaqlarda Pir Ömər Xəlvətiyə verilən "Lahıci" təxəllüsünün Lahican olaraq anlaşılma ehtimalı var. Şirvanda Lahican adlı bir yerin olmaması, Pir Ömər Xəlvətinin Şirvan əsilli olması, Pir Ömər Xəlvətidən sonra gələn bütün Xəlvətiyyə şeyxlərinin şirvanlı olması, həmçinin, Şamaxı və ətraf bölgələrdə yaşaması onun Təbrizlə hər hansı əlaqəsinin olmadığını göstərir. Yəqin ki, Pir Ömər Xəlvətinin məzarı Təbrizdə olan Dədə Ömərlə qarışıq salınır.

Pir Ömər Xəlvəti xəlvətə çəkilməyi çox sevirdi və həyatı boyu dəfələrlə xəlvətə çəkilmişdi. Hətta böyük bir çinar ağacının oyuğunda dəfələrlə xəlvətə çəkildiyinə görə ona "Xəlvəti" ləqəbi verilmiş, onun açdığı bu sufi məktəbə də "Xəlvətilik" deyilmişdir. Onun tənhalığa qarşı bu həssaslığı təriqətin ən mühüm məsələlərindən birinə, bəlkə də, birincisinə çevrilmişdir. Kim bilir, o ağac oyuğunda İslam aləmi üçün hansı dualar edilmiş, Cənab Allahdan (c.c.) nələr istənilmişdir? Bəlkə də, o ağac oyuğunda edilən duaların bərəkəti idi ki, Xəlvətilik sanki bir toxum kimi Şamaxıda torpağın bağrına düşdü. Oradan da bir çinar kimi qol-budaq ataraq əvvəla Bakıya, oradan da başda Osmanlı coğrafiyası olmaqla bütün İslam məmləkətlərinə yayıldı.

Hərçənd, soruşa bilərsiniz ki, biz də günümüzdə dua etmək, Allahla (c.c.) baş-başa qalmaq üçün özümüzə bir ağac oyuğu tapmalıyıqmı? Xeyr, məsələ bir ağac oyuğu deyil, məsələ Allahla baş-başa qalmaqdır. Onu (c.c.) qəlbində, ruhunda, vicdanının dərinliyində hiss etməkdir. Ona (c.c.) ibadət etməkdir. İnsan istədikdən sonra bunun üçün evin bir köşəsində yerə sərilən bir səccadə də yetər.

Qeyd edək ki, Avaxıl və Lahıcın yaxınlığında Basqalda, içərisi kiçik otaq şəklində olan böyük bir çinar ağacı var. Günümüzə qədər də gəlib çatmış bu çinar ağacının Pir Ömər Xəlvətinin xəlvətə girdiyi ağac olduğu qeyd edilir.

İnsanların zaman-zaman özlərini cəmiyyətdən təcrid edərək xəlvətə çəkilməsi, bu zaman ərzində ibadət və təfəkkürlə məşğul olması haradasa bütün təriqətlərdə var. İmam Qəzali həqiqət axtarışının sonunda düşdüyü fikir böhranından xəlvətə çəkilməklə xilas olmuşdur. O, "Dəlalətdən qurtuluş" ("Munqiz minəd-daləl") adlı avtobioqrafik əsərində 10 ilə yaxın insanlardan təcrid olunmuş vəziyyətdə yaşadığını və bu tənhalıqda ona çox şeyin məlum olduğunu bildirir. İbn Ərəbi xəlvət və tənhalıq haqqında ayrıca risalələr yazmış, xəlvətin bir müridi xalqdan uzaqlaşdırmaqla yanaşı, onu Allaha (c.c.) yaxınlaşdırdığını söyləmişdir. Eyni dövrlərdə yaşamış Mövlana Cəlaləddin Rumi də əvvəllər xəlvətə daha çox üstünlük verərdi. O, Şəms Təbrizi ilə görüşdükdən sonra insanlar arasına qarışmağa başladı. Əhməd Yəsəvi altmış üç yaşına çatanda yerin altında bir qəbir qazdırmış, oranı özü üçün xəlvət məkanı seçmişdir. Əhməd Yəsəvinin bu əməli sonralar Yəsəviyyə təriqətində nəfsin tərbiyəsi adlı bir metod kimi davam etdirilmişdir.

Gördüyümüz kimi xəlvətə çəkilmə mahiyyətcə İslam coğrafiyasında Pir Ömər Xəlvətidən əvvəl də var idi. Bir sözlə, Xəlvətilik onsuz da İslamda mövcud olan və "Allahla baş-başa qala bilmək üçün tənha bir yerə çəkilmək" kimi qəbul edilən bir qaydanın təriqət halına gətirilmiş formasıdır. Yuxarıda qeyd edildiyi kimi Pir Ömər Xəlvətinin sufi məktəbinə bu adın verilməsinin səbəbi hər halda bu metoddan daha çox onun istifadə etməsidir.

"Xəlvət" prinsipi sufinin yetişdirilməsində tətbiq edilən psixoloji və pedaqoji bir metod idi. Qırx günlük tənhalıq daha çox xanəgahda, xüsusi dar bir hücrədə və sufi mürşidin nəzarəti altında gerçəkləşdirilirdi. Burada yemə, içmə, yatma, söhbət etmə kimi nəfsin istəklərinə qoyulan məhdudiyyətlərlə sufinin öz iradəsini nəzarət altına alması, zikir, təfəkkür və ibadətlə qəlb gözünün açılması, qəlbin mənəvi ilhamları qəbul etməyə uyğun hala gəlməsi məqsədi güdülürdü. Xəlvətilər bu prinsipin yerinə yetirilməsinə böyük diqqət göstərir və bunu ildə bir dəfə tətbiq edirdilər.

Xəlvətə çəkilmək zahirən insanlardan təcrid olunmaq, cəmiyyətdən ayrı qalmaq kimi anlaşıla bilər, ancaq burada əsas hədəf insanın davranışlarındakı pis vərdişlərdən ayrılmasıdır. Mühüm olan yer dəyişdirmək, tək və tənha yerlərdə qalmaq deyil, mühüm olan vərdişləri dəyişdirmək, yaxşı vərdişlərə sahib olmaqdır.

Pir Ömər Xəlvətidən sonra təriqətinin bir əsasına çevrilən xəlvətə çəkilmək məsələsinin Allah Rəsulunun (s.ə.s.) həyatındakı yerinə baxsaq, görərik ki, Peyğəmbərimiz (s.ə.s.) hələ vəhy gəlməmişdən əvvəlki Məkkə illərində müəyyən vaxtlarda Hira mağarasına gedər, orada ibadət və təfəkkürlə məşğul olardı. Hədis kitablarında bu məqamdan bəhs edilərkən "Ona tənhalıq sevdirildi" ifadələrinə rast gəlirik.

Həzrət Peyğəmbərimiz (s.ə.s.) Mədinəyə hicrət etdikdən sonrakı illərdə də Ramazan ayının son on günündə məsciddə etikafa çəkilmiş, bütün vaxtını namaz, oruc və Quran oxumaqla keçirmişdir. Qeyd edək ki, etikaf bütün hədis kitablarında keçən bir məfhumdur. Allah Rəsulu (s.ə.s.) etikafdakı bu xəlvət həyatını başqalarına da tövsiyə etmişdir. Quran ayəsində Həzrət Musanın (ə.s.) qırx gecə (gün) oruc tutub dua edəcəyi təqdirdə Cənab Allahın (c.c.) Ona Tövratı nazil edəcəyi və Onunla danışacağı bildirilmişdir (Əraf, 7/142). Bütün bunları nəzərə aldıqda xəlvətin dində bir bünövrəsinin olduğunu görmək olar.

Xəlvətilik Şamaxıda Pir Ömər Xəlvəti ilə bir sufi məktəbi kimi formalaşmış, təriqətin ikinci piri (piri sani) sayılan Seyid Yəhya Bakuvi ilə XV əsrdə Bakıda sistemləşərək İslam dünyasının ən güclü təriqəti halına gəlmişdir. Buna baxmayaraq, XVI əsrdən etibarən Azərbaycan Xəlvətiliyin mərkəzi olma mövqeyini qoruya bilmədi. Pir Ömər Xəlvətinin və piri-sani (ikinci pir) Seyyid Yəhya Bakuvinin qəbirlərinin olduğu xanəgahlar Mövlananın mövləvilər, Hacı Bəktaş Vəlinin bəktaşilər, Abdulqadir Gilaninin qədirilər tərəfindən ziyarət edildiyi kimi ziyarət yerinə çevrilmədi. XVI əsrdən etibarən təriqət əhlinə (xüsusilə də, sünni təriqətlərə) edilən təzyiqlərdən Xəlvətilik də nəsibini aldı və ilk ortaya çıxdığı torpaqlardan çəkilərək başqa diyarlara getdi.

Osmanlı coğrafiyasında Xəlvətiliyə aid təkyə sayının digər təriqətlərdən daha çox olması, Osmanlı sultanlarının yarıdan çoxunun bu təriqətə mənsub olduğuna dair rəvayətlər, həmçinin, Osmanlı sultanlarının əksəriyyətinin yanında Xəlvəti təriqətinə mənsub şeyxin yer alması bu sufi məktəbinin həmin dövrlərdə bu coğrafiyalarda nə qədər güclü nüfuza sahib olduğunu göstərir. Sevgi və səbir üzərində qurulan Xəlvətilik təriqətinin əsasını kin, ədavət və tamahdan uzaq durmaq, sülh, bərabərlik və dövlət-xalq vəhdətinə nail olmaq kimi prinsiplər təşkil etdiyi üçün Osmanlı dövləti Xəlvətiliyə daha çox dəyər vermişdir.