Jurnalımızın budəfəki sayında uşaqdan-böyüyə hər kəsin sevərək tamaşa etdiyi cizgi filmlərinin dünyada, eləcə də Azərbaycanda yaranma tarixindən bəhs edəcəyik. Fantastika ilə insan təxəyyülünün vəhdətindən ibarət olan cizgi filmlərinin bünövrəsi ilk dəfə 1906-cı ildə Ceyms Stüart Blek tərəfindən qoyulmuşdur. Həmin cizgi filmi rəsm çəkən rəssamın əli ilə başlayır və birdən rəsmlər canlanaraq hərəkət edir. Qələmlə çəkilmiş 8 min rəsmdən ibarət olan "Gülməli simaların yumoristik mərhələləri" adlı bu cizgi filmində "stop-motion" texnikasından istifadə edilmişdir. Növbəti illərdə isə artıq bir çox kinorejissor bu texnikadan istifadə edərək cizgi filmi çəkməyə başladı. Azərbaycanda isə cizgi filmlərinin yaranması XX əsrin 30-cu illərindən başlayır. Belə ki, 1933-cü ildə "Azərbaycanfilm" studiyası "Lökbatan" və "Neft simfoniyası" (rej. B. Pumpyanski) sənədli filmlərini çəkərkən texniki animasiyadan istifadə edir. Daha sonra isə "Cat" ("Pişik") təlimat filmində (rej. A. Basov) animasiyadan bütünlüklə istifadə olunur. Məhz bu filmlərdən sonra Azərbaycanda bir neçə kinorejissor cizgi filmi çəkməyə qərar verir. Beləliklə, 1935-ci ildə rejissor D. Dikaryov tərəfindən "Abbasın bədbəxtliyi" adlı qısametrajlı ilk cizgi filmi çəkilir. Bu filmin ssenarisini isə A. Papov yazır. Filmin operatoru Q. Yegizarov, rəssamları isə Q. Xalıqov, C. Zeynalov, M. Maqomayev və Ə. Mirzəyev olur. "Abbasın bədbəxtliyi" cizgi filmi Azərbaycan xalq nağıllarının motivləri əsasında lentə alınır. Digər tərəfdən, bu cizgi filmi müsəlman dünyasında hazırlanmış ilk cizgi filmi olur. Bununla Azərbaycan həm də SSRİ-də cizgi filmi istehsal edən ikinci ölkə olur. Həmçinin, bəzi mənbələrə görə "Abbasın bədbəxtliyi" cizgi filminin çəkilişlərində əsas animatorlar iki alman mütəxəssisi idi. Həmin almanlardan başqa o filmdə Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev (Müslüm Maqomayevin atası), Ənvər Mirzəyev, Cabir Zeynalov da işləmişdi. Sonra həmin iki alman mütəxəssisi repressiyaya məruz qaldı və sürgün edildi. Almanlar gedəndən sonra isə Azərbaycanda animasiya çəkilişləri bir müddət üçün dayandı. Bununla da həmin cizgi filmi də itib-batdı.
Lakin 60-cı illərin sonlarında yenidən kinostudiyada cizgi filmlərinin çəkilişi başladı. Belə ki, 1968-ci ildə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında cizgi filmləri sexi bərpa olundu və istifadəyə verildi. Cizgi filmi çəkmək üçün 20 nəfərdən ibarət rəssamlar qrupu da yaradıldı. Bu qrupun səyləri nəticəsində 1969- cu il fevralın 17-də "Cırtdan" cizgi filmi (eyniadlı xalq nağılının motivləri əsasında) çəkilməyə başladı. Lakin bəzi mənbələrə görə cizgi filminin quruluşu əvvəlcə rəssam Ağanağı Axundova tapşırılmışdı. Sonra kinostudiya rəhbərliyinin təkidi ilə Ağanağı Axundov filmin istehsalı prosesindən kənarlaşdırıldı. Bu işi davam etdirmək isə tanınmış sənədli filmlər rejissoru Yalçın Əfəndiyevə və filmin quruluşçu rəssamı və multiplikatoru Nazim Məmmədova tapşırıldı. Əfsuslar olsun ki, filmin çəkilişi başa çatmadı. Baxmayaraq ki, Ağanağı Axundovun rəhbərliyi altında filmin xeyli hissəsi çəkilmişdi.
Lakin "Cırtdan" filminin taleyi bu cür bədbinliklə bitmir, cizgi filminin çəkilişi 1973-cü ildə Nazim Məmmədov tərəfindən tamamlanır. "Cırtdan"la bağlı yaşanan qalmaqallara baxmayaraq, Azərbaycanda cizgi filmlərinin çəkilməsinə son qoyulmur. Əksinə, cizgi filmi qrupu daha da əzmlə işləyir və 1970-ci ildə Nazim Məmmədovun təşəbbüsü ilə S. Ə. Şirvaninin əsəri əsasında "Ayı və siçan" adlı cizgi filmi çəkilməyə başlanır. Bu, "Azərbaycanfilm"də cizgi filmləri sexinin bərpasından sonra çəkilmiş birinci tamamlanan film idi. Elə 1970-ci ildə ekranlara çıxan bu cizgi filminə uşaqlarla yanaşı, böyüklər də maraqla tamaşa edirlər.
Həmin cizgi filmində çətin anda ehtiyacı olana kömək əlinin uzadılmasından və bu xeyirxah əməlin unudulmamasından bəhs olunur. Bir çox mənbələrdə "Ayı və siçan"ın istehsalı Azərbaycanda cizgi filmləri tarixinin ikinci dövrü kimi də qeyd edilir. Çünki bundan sonra ard-arda bir çox cizgi filmləri çəkilməyə başlayır. Belə ki, 1974-cü ildə "Şahzadə - qara qızıl" cizgi filmi çəkilir.
Burada insanın yerin altından, dənizin dibindən qara qızıl çıxarmasından bəhs edilir. Ardınca isə "Günlərin bir günündə" (1975), "Dınqıl sazım, dınqıl" (1976), "Pəncə... Qulaq... Palaz... Tikan" (1976) cizgi filmləri istehsal olunur. Bu cizgi filmlərində isə ibrətamiz məsələlərə toxunulur. Bunlarla yanaşı, "Pıspısa xanım və Siçan bəy" (1974), "Şah və xidmətçi" (1976), "Toplan və kölgəsi" (1977), "Sonrakı peşmançılıq" (1978), "Sehrlənmiş küpə" (1979) və "Qız qalası əfsanəsi" (1978) cizgi filmləri də 70-ci illərdə işıq üzü görən Azərbaycan animasiyalarındandır.
80-ci illərdə isə kinostudiyada 38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan "Cücələrim", "Meşəyə insan gəlir", "Sehrli ağac", "Taya", "Dəcəl dovşan", "Sandıq", "Sehrli ləçək", "Uçan zürafə", "Qəribə əjdaha", "Təqib", "Yatmaq vaxtıdır", "Balaca çoban", "Humayın yuxusu" cizgi filmləri cizgi, "Xeyir və Şər", "Cırtdan-Pəhləvan", "Uşaq və külək", "Akvarium", "Cırtdan və div", "Yeni il əhvalatı", "Sehrli naxışlar" cizgi filmləri isə applikasiya üsulu ilə çəkilmişdir.
80-ci illərin sonunda ölkədə gedən ictimai-siyasi proseslər, bunların bütün sahələrə, o cümlədən yaradıcı təşkilatlara təsiri, "Azərbaycanfilm"in yeni iş üsuluna keçmək üçün yollar axtarması kinostudiya nəzdindəki birlik və şöbələrin müstəqil fəaliyyət göstərməsinə təkan verdi. 1990-cı ilin aprel ayında Sovet İttifaqında ilk dəfə olaraq Azərbaycan multiplikatorları təsərrüfatın icarə formasına keçdilər. Multiplikasiya sexinin adı da dəyişdirildi və "Azanfilm" (Azərbaycan animasiya filmləri) Yaradıcılıq-İstehsalat Birliyi oldu. Nə üçün multiplikasiya yox, məhz animasiya? Ona görə ki, bütün dünyada multiplikasiya (çoxalma) kimi kinematoqraf növü animasiya (canlandırma) adlandırılırdı. Beləliklə, 90-cı illərdə "Azanfilm" markası altında 19 cizgi filmi çəkildi. Bunların arasında "Bir dəfə haradasa..." (rej. V. Talıbov), "İthaf" (rej. Ş. Nəcəfzadə), "Oda" (rej. V. Talıbov, R. İsmayılov), "Sərkəyin dastanı" (rej. A. Məhərrəmov), "Göyçək Fatma" (rej. N. Məmmədov), "Karvan" (rej. N. Məmmədov), "Güzgü", "Dəniz gəzintisi", "Ümid" (hamısı rej. E. Axundov), "Söhbətül-əsmar" (rej. E. Hami), "Şüəla" (rej. T. Piriyev) cizgi filmləri daha çox baxılaraq tamaşaçılar tərəfindən rəğbət qazandı.
Hazırki illərdə isə 70-80-ci illərlə müqayisə etsək, Azərbaycan animasiyasında nisbətən durğunluq yaşandığını görərik. Bir çox animatorların və kinorejissorların fikrinə görə isə bunun əsas səbəbi ölkədə animasiya üzrə kadr çatışmazlığı, həmçinin, maliyyə problemləridir.