Xoflu, şübhəli insanların ən çox işlətdikləri bir deyim var: "İnsan çiy süd əmib". Əslində, bu vaxta qədər hansısa bir canlının anasından bişmiş süd əmdiyini görən olmayıb. Yəni, hər canlı kimi insan da anasından çiy süd əmir və bu sözün kim tərəfindən "kəşf olunduğu", inamın, etibarın südün çiyi, bişmişi ilə nə əlaqəsi olduğu boş bir müəmmadan başqa bir şey deyil. Adam var heç bir sözünə etibar etmək olmaz, adam da var, hər dediyinə etibar etmək olar. İnsanın dəyəri də elə sahib olduğu bu inamla, etibarla, yəni, insanların ona nə qədər inanması, etibar etməsi ilə düz mütənasibdir.
Dini mövzuların başında iman məsələsi gəlir. Bəzi mütəxəssislər iman anlayışını təkcə inanmaq kimi tamamlayaraq mövzunun üzərindən keçirlər. Əslində isə inanmaq imanın ilk pilləsidir, ardınca etibar etmək gəlir.
İmanın dərəcələrindən söhbət edən alimlər onun üç dərəcəsinin olduğunu deyirlər. İmanın ən aşağı dərəcəsi yalnız bilməkdir. Bu iman dağın o üzündə bir şəhərin olduğunu bilmək kimidir. İkinci mərhələsi isə bildiyini gözü ilə görürmüş kimi olmaqdır, yəni, həm bilirsən, həm də o şəhəri gözlərinlə görürmüş kimi olursan. Üçüncü və ən yüksək mərhələsi bilməkdən də, görməkdən də artıqdır, özünü o bildiyinin, o gördüyünün içində hiss etməkdir.
Yüksək iman sahibləri Qurani-Kərimin axirət haqqında bildirdiklərini yaşayırmış kimi olanlardır. Belələri haqqında dünyada ikən axirəti yaşayanlar deyirlər. Bir həqiqət də var ki, Allaha iman məsələsində yüksək səviyyədə olanlar, insanların da etimadını, etibarını qazanırlar. Doğrudur, Allah (c.c.) bəzən çox sevdiyi bir qulunu insanlardan gizləyə, onu olduğu qədər təmiz, etibarlı göstərməyə bilər, amma bizim bu vaxta qədər inandığımız bir gerçək var ki, həqiqi iman sahibləri həmişə xalq arasında da hörmət, etibar sahibi olurlar.
Əlbəttə ki, bütün gözəl xislətlərdə olduğu kimi bu mövzuda da bizim üçün ən yaxşı nümunə Sevimli Peyğəmbərimizdir (Ona Allahın salamı olsun!). Hələ Allah (c.c.) tərəfindən peyğəmbərlik məqamına yüksəldilməzdən əvvəl də o, insanlar arasında elə gözəl, elə təmiz bir həyat yaşamışdı ki, hər kəs onu "Muhammədül-Əmin" deyə çağırırdı. Düşmənləri belə bir səfərə çıxanda pullarını, mallarını ona etibar etmək istəyirdilər. Çünki tam əmin idilər ki, öz doğma ataları, qardaşları onların malını yeyər, amma "Muhammədül-Əmin" bir zərrəsinə belə bəd gözlə baxmaz. Bir hədisi-şərifində O Könüllər Sultanı buyurur: "Həqiqi mömin o kəsdir ki, insanlar onun əlindən, dilindən hər hansı haqsızlıq gəlməyəcəyindən əmindirlər." Nə qədər gözəl bir təsbitdir. Əgər sən insanları bu meyarla axtarsan, dostlarını bu ölçüyə uyğun seçsən, heç vaxt zərər çəkməz, peşman olmazsan. O Könüllər Sultanı bir başqa yerdə buyurur ki, ehsan - hər işində, hər əməlində, hər addımında Allahın (c.c.) səni gördüyünü bilmək və bu şüur içində yaşamaqdır. Əgər sən Allahın (c.c.) səni hər an, hər yerdə, hər halda gördüyünə inanırsansa və bir zamandan sonra səni hesaba çəkəcəyinə əminsənsə, kiminsə malından oğurlaya, kiminsə haqqını tapdalaya bilərsənmi?! - Əsla.
Yəqin ki, bəzi oxucularımız söhbətə çox sərt yerdən başladığımızı düşünə bilərlər, amma hər birinizdən üzr istəyərək ifadə etməyi lazım bilirik ki, deyilən söz, oxunan yazı hansı halda təsirli olacaqsa, o şəkildə söyləmək, yazmaq daha yaxşıdır.
İnam, etibar məsələsi bütün dövrlər və bütün cəmiyyətlər üçün aktual olub və olacaq. Bu gün inkişaf etmiş ölkələrdə bir çox hallarda vətəndaşın sözü sənəd kimi qəbul edilir. Məsələn, İslandiyada bir nəfərin hansısa dövlət orqanına yalan məlumat verdiyi məlum olsa, insanların ona inamı, etibarı sıfır səviyyəsinə düşər. Təsəvvür edirsinizmi, çoxları din, İslam haqqında heç bir şey bilmirlər, amma cəmiyyət onları elə tərbiyə edir ki, yalan danışmırlar və dövlət də vətəndaşının sözünə etibar edir. Nə qədər acı olsa da, bu cür həqiqətləri boynumuza almalıyıq. Boynumuza almalıyıq ki, bizdə dövlətə yalan satmaq və bunun əvəzində müəyyən "fayda" əldə etmək bəzən adi hal alır.
Bəzi oxucularımız sual verə bilərlər ki, biz Quranı, Peyğəmbəri olan bir müsəlman kimi niyə bu vəziyyətdəyik? Sual verə bilərlər və bu, çox yerində və çox haqlı bir sual olar. Məsələ ondadır ki, bu gün bir çox Avropa ölkələrində insanların mənəvi baxışları əksər hallarda dövlətin qanunları ilə tənzimlənir. Yəni, qanun nəyə icazə verirsə olar, nəyə icazə vermirsə, olmaz. O cəmiyyətlərdə qanunlar həqiqətən də son dərəcə humanitar, vətəndaşın tələb və ehtiyaclarına uyğun yazılır. Bizdə isə çox vaxt qanunların yanından keçən bir yol tapmağa çalışır və ən çox da bu yoldan istifadə etməyə üstünlük verirlər. Ona görə də, mənə olan imkanlar sənə olmaz, sənə olan üstünlüklər mənə olmaz. Bu kimi hallara qarşı mübarizə aparmaq isə insandan yüksək imanla yanaşı, həm də yüksək iradə tələb edir ki, istədiyinə nail olasan. Burada ən əsas məqam isə odur ki, deyilən məsələ özünü müsəlman hesab edən bizlərin qüsurudur və bunun dinimizlə heç, həm də heç bir əlaqəsi yoxdur. Avropaya qibtə ilə baxanlara onu da deyək ki, orada qanunun icazə verdiyi məqamlarda qardaşın qardaşı məhkəməyə verdiyi və bütün var-dövlətini əlindən aldığı hallar da az deyil.
Nə isə... Avropadan qopub özümüzə qayıdaq. Hər dəfə etibar məsələsindən danışanda Nizami Gəncəvinin o məşhur çoban hekayəsi yada düşür. Bir neçə dəfə camaatı "Sürüyə canavar daraşdı" deyə aldadan çoban etibarını, etimadını necə itirirsə, həqiqətən də sürüyə canavar daraşanda çığırıb-bağırmağına heç kim inanmır.
Odur ki, gərək biz də hərdən özümüzü sınayaq. Sınayaq ki, görək, o çoban kimi çığırıb-bağırsaq, neçə nəfər sözümüzün doğruluğuna inanacaq? Ancaq bildiyimiz bir şey də var ki, kimə inanmırlarsa, qoy qüsuru özündə axtarsın, inamını, etibarını qaytarmağa çalışsın. Vəssalam...