Azərbaycan SSRİ-nin tərkibinə daxil olduğu gündən yenidən insanlardakı milli duyğular basdırıldı. SSRİ təbliğatı azərbaycanlılara təzyiq göstərir, azadlıq, milliliklə bağlı hər hansı söz deyənlər həbs edilir və ya öldürülürdü. Xalq bir növ dəmir yumruqla idarə olunurdu. Hətta insanlar öz aralarında belə tənqidi fikirlər söyləməyə çəkinirdilər. Belə bir vaxtda milli hisslərlə azadlıq uğrunda gizli də olsa, müəyyən addımlar atılmağa başlanır. Tarix 1957-ci ili göstərirdi. Ölüm təhlükəsini gözə alan bir qrup azərbaycanlı ziyalı görüşərək diktatorluğa qarşı mübarizə barədə razılığa gəlirlər. Və beləcə Milli Azadlıq Qərargahı (MAQ) adı altında SSRİ-yə qarşı azadlıq təşkilatının əsasını qoyurlar.
Milli Azadlıq Qərargahı necə quruldu?
1957-ci ildə Elmlər Akademiyasında iki azərbaycanlı ziyalı - kristalloqraf-alim Xudu Məmmədov və ədəbiyyatçı-müəllim Oqtay Eldəgəzin görüşü baş tutur. Onlar ölkədə baş verənlərdən, SSRİ zülmündən, insanların başına açılan oyunlardan danışırlar. Mövzuya davam etməzdən əvvəl hər iki ziyalı barədə qısa məlumat vermək istəyirik...
Xudu Məmmədov 1927-ci il 14 dekabrda Ağdamın Mərzili kəndində anadan olmuşdu. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Geologiya-Coğrafiya fakültəsinin Geologiya şöbəsini bitirir və Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat alır. Xudu Məmmədov orada çox sayda araşdırmalar aparır, yeni elmi kəşflər ortaya qoyur. Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyən edir. 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsinin və 3 monoqrafiyanın müəllifidir.
Oqtay Eldəgəz isə 1934-cü ildə Bakının Əmircan kəndində doğulmuşdu. 1937-ci il repressiyaları ilə bağlı gizli araşdırmalar aparırdı. Həmin vaxtlarda Stalin rejiminin qurbanları olan dövlət xadimləri, hüquq işçiləri, müəllimlər, həkimlər, neft ustaları, alimlər sürgün edilirdilər. Oktay Eldəgəz 1956-cı ildə Uzaq Sibirə - Ufa, Novosibirsk, Maqadan, Perm, Orenburq və digər bölgələrə sürgün edilmiş şəxslərdən bəraət alıb qayıdanlarla söhbətlər aparır, bunlardan yazılarında istifadə edirdi.
1962-ci il...
Həmin il dekabr ayının 27-də 95 nəfər Azərbaycan ziyalısı bir araya gəlir. İnsanların çox rahat şəkildə göz önündə öldürülə bildiyi bir rejimin daxilində biri-birini tanımayan 100-ə yaxın insan milli mübarizə aparmaq barədə qərar qəbul edirlər. Beləcə, Milli Azadlıq Qərargahı qurulur. Sədr Oqtay Eldəgəz, müavin isə görkəmli alim, akademik Xudu Məmmədov olur.
Digər üzvlərin sırasında isə Azərbaycan SSR dövlət xadimi, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, Azərbaycan kimyaçı alimi, kimya elmləri doktoru, professor, Azərbaycan SSR Ali Sovetinin 4-cü çağırış deputatı Yusif Məmmədəliyev, Azərbaycan iqtisadçısı və tarixçisi, AEA-nın akademiki Əlisöhbət Sumbatzadə, şair Hüseyn Arif, fəlsəfə elmləri doktoru, Bakı Dövlət Universiteti Fəlsəfə kafedrasının professoru, 91-lərin fəal üzvü Əsədulla Qurbanov, şair, dramaturq, ədəbiyyatşünas, 1945-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq şairi, 1995-2000-ci illər arasında müstəqil Azərbaycan millət vəkili olmuş Bəxtiyar Vahabzadə, Azərbaycan aktyoru, Azərbaycanın əməkdar və xalq artisti Yusif Vəliyev, partiya və dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Rüstəm Səfərəliyev, Azneft Birliyinin baş mühəndisi Bəxtiyar Məmmədov var idi.
Xain plan
1956-cı ilin 16 sentyabrında İran şahı Məhəmməd Rza Pəhləvi xanımı Sürəyya ilə Moskvaya səfər edir. Xruşşovla baş tutan görüşdə Azərbaycanın Astara rayonundan başlayaraq Yardımlıya kimi 5 kilometrlik ərazinin İrana verilməsi barədə razılıq əldə olunur. Bu zaman Milli Azadlıq Qərargahı hələ qurulmamışdı. Amma qısa müddət sonra görüşəcək həmin ziyalılar bu xain plandan xəbər tuturlar. Yusif Məmmədəliyev və Xudu Məmmədov bu planın baş tutmaması üçün hərəkətə keçirlər. Digər tərəfdən, Azərbaycan SSR Nazirlər Sovetinin sədri Sadıq Rəhimov, MK-nin 1-ci katibi İmam Mustafayev da İranın təklifinin SSRİ tərəfindən yerinə yetirilməməsi üçün hərəkətə keçənlər içərisində idilər. Azərbaycan tərəfindən hazırlanan ideya və təkliflər Kremlə çatdırılır və yumşaq tərzdə İranın bu planından imtina edilməsi tələb olunur. Əvəzində isə Azərbaycan tərəfi Sovet İttifaqı İsfahan-Qırxçıraq (Şirvan) qaz boru kəmərinin öz ərazisindəki inşaat xərclərini öz üzərinə götürür və Araz çayı üzərində müştərək su-elektrik qovşağının tikintisinə icazə verir.
Bu hadisə MAQ-ın gələcək üzvlərinin birlikdə ilk uğurları olur. Növbəti illərdə də Milli Azadlıq Qərargahı fəaliyyətini davam etdirir və Azərbaycanın gələcəyi, müstəqilliyi uğrunda mühüm addımlar atır.
Fəaliyyət göstərdiyi 25 illik bir zaman kəsiyində Milli Azadlıq Qərargahı təxminən iki millətçi nəsil yetişdirir, idarə, müəssisə və məktəblərin, elmi dairələrin azərbaycanlılaşdırılması istiqamətində yaşıl inqilabı həyata keçirir, milli intibahın gerçəkləşməsinə nail olur. Ancaq zaman keçdikcə gənclər arasında milli şüur formalaşır və buna görə də, MAQ-ın fəaliyyətinə ehtiyac qalmırdı. Buna görə də, şura yığıncaqlarının birində Oqtay Eldəgəz təşkilatın dondurulması məsələsini qaldırdı. 1982-ci il dekabr ayının 12-də Ağdam rayonunun Mərzili kəndində, Xudu Məmmədovun evində çağırılan son şura yığıncağı gizli səsvermədən sonra 4 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla, 1 nəfər isə tərəfsiz qalmaqla təşkilatın bağlanması barədə qərar qəbul etdi. Sonralar mənfur SSRİ məkanını lərzəyə salan Azadlıq Meydanı hərəkatı da MAQ-ın varisi olduğunu sübuta yetirdi.