Müasir dövrdə kompüter texnologiyalarından istifadə olunan bütün müəssisə, təşkilat və qurumlarda İT (İnformasiya Texnologiyaları) mütəxəssisi deyə bir vəzifə və bu vəzifənin gətirdiyi öhdəliklər var. Amma bir çoxları onların tam olaraq hansı işləri gördüyünü və ya görməli olduğunu bilmir. Bu sahə ilə bağlı ən sıx işlədilən ifadə isə "gələcəyin ixtisası"dır. Şanslıyıq ki, bu gün Azərbaycanda istər ali məktəblərdə, istərsə də fərdi kurslarda bu ixtisas tədris olunur. Lakin tam mahiyyətini anlamadan, sadəcə populyar olduğu üçün bu ixtisası seçmək gələcəkdə karyeranızla bağlı problemlər yaşamağınıza səbəb ola bilər. Ya da tam tərsi - istedadınız olduğu halda, sırf məlumatsız olduğunuz üçün bu sahəni seçməsəniz, peşman ola bilərsiniz. Məsələ ilə bağlı ətraflı məlumat almaq üçün tanınmış İT mütəxəssisi Yusif Süleymanlı ilə həmsöhbət olduq.
- İT və İT mütəxəssisi nədir?
- İT çox geniş anlayışdır. Müasir yeniliklərlə nəzərdə tutulan internet, kompüter, şəbəkələr və s. hər şey informasiya texnologiyalarının tərkibindədir. Burada mütəxəssis olmaq üçün uzun - ən az 5 illik təcrübəyə ehtiyac var. Çox zaman kompüter operatorunu da İT mütəxəssisi kimi qələmə verirlər, amma bu yanlışdır. İT mütəxəssisi olmaq üçün ya bu sahədə ali təhsil almalısan, ya da kurs keçməlisən. Yüksək dərəcəli İT mütəxəssisi kompüter mühəndisi hesab olunur. Proqramlaşdırma dillərini öyrənənlər, qrafik-dizaynla məşğul olanlar var. Bunların hamısı İT sahəsi gedir, amma mütəxəssis bir az geniş anlayışdır. Mütəxəssis informasiya texnologiyalarına istiqamət verən, informasiyanın təhlükəsizliyinə nəzarət edən şəxsdir. Adətən, kiçik şirkətlərdə "help desk" deyə vəzifə olur. Bu vəzifə İT mütəxəssisliyinin əlifbasıdır. Yəni, İT mütəxəssisləri, adətən, bu vəzifə ilə işə başlayırlar.
- İT mütəxəssisinin öhdəlikləri hansılardır?
- İnformasiya Texnologiyaları sahəsində mütəxəssis öhdəlikləri fərqli ola bilər. Çünki bu sahə çoxşaxəlidir. Proqramlaşdırma sahəsinin öhdəliklərinə proqram təminatının yazılması, test olunması və onun qlobal arenaya çıxarılması daxildir. Veb proqramlaşdırma sahəsinin öhdəliyi isə hər hansı bir saytı qurmaq və onun təhlükəsizliyini təmin etməkdir. Sahə çoxşaxəli olduğuna görə İT mütəxəssisinin öhdəlikləri də fərqlidir. Kim hansı sahədə çalışırsa, həmin öhdəlikləri götürür.
- İT mütəxəssisi hansı sahələrdə fəaliyyət göstərə bilər?
- Ümumiyyətlə, informasiya texnologiyaları harada varsa, İT mütəxəssisi orada fəaliyyət göstərə bilər. İndi isə elə bir dövrdür ki, informasiya texnologiyalarının olmadığı sahə yoxdur. Ən kiçik müəssisələr belə, ya bir nəfər İT mütəxəssisinə ehtiyac duyur, ya da kənardan bununla bağlı dəstək alır. Bu sahənin populyar olmasının səbəbi də budur.
- Azərbaycanda universitetlərdə tədris olunan İnformasiya Texnologiyaları ixtisası bu sahəyə yiyələnmək üçün kifayət edirmi?
- Hər hansı bir universitetin adını hallandırmaq istəmirəm, amma ümumilikdə götürsək, kifayət etmir. Bunun üçün universitetlər müəyyən dərəcədə inkişaf etməlidirlər. Çox az sayda universitetlərimiz var ki, onların informasiya texnologiyalarına aid fakültələri inkişaf edib və onları qənaətbəxş hesab etmək olar. Ancaq bu fakültə çox universitetdə var, xüsusilə də, region universitetlərində. Bunlar qaneedici deyil, çünki dərs sistemi köhnə üsulla aparılır. Praktikadan çox nəzəriyyəyə üstünlük verirlər. Mən bir çox praktikant ilə həmsöhbət olmuşam. Onlardan soruşanda ki, proqram təminatını necə həyata keçirirsiniz? Deyirlər ki, biz 10-15 nəfərik, amma bir kompüter var. İnformasiya Texnologiyalarına yaxşı yiyələnmək üçün geniş laboratoriyalara ehtiyac var. Hər adama bir kompüter lazımdır. İnformasiya təhlükəsizliyi fakültəsi var ki, hazırda dünyada ən çox lazım olan bir fakültədir və yenidir. Orada uşaqların görməli olduqları çoxlu avadanlıqlar var, hansı ki, bahalı avadanlıqlardır. Bunlarla hər universitet təmin olunmur. Amma uşaqlar əgər buna yiyələnməlidirlərsə, həm fiziki olaraq bunu görməlidirlər, həm də praktiki olaraq təcrübə keçməlidirlər.
- Kurslar vasitəsilə İT mütəxəssisi olmaq mümkündürmü?
- Əslində, bəli. Fərqli sahələrdən olan adamlar belə İT mütəxəssisi ola bilərlər. Burada əsas faktor təcrübədir. Niyə təcrübə? Müəyyən təcrübəyə malik olsan və həvəs olsa, İT mütəxəssisi olmaq mümkündür. Mühəndis olmaq yox, amma mütəxəssis olmaq mümkündür. Biz universitetə daxil olanda bir müəllimimiz bizə demişdi ki, əgər siz kompüter mühəndisi olmaq istəyirsinizsə, universuteti oxuyun, bitirin. Yox, əgər İT sahəsində mütəxəssis olmaq istəyirsinizsə, 6 ay - 1 il kurs bəs edər. Kompüter mühəndisi daha geniş anlayışdır.
- Bu ixtisas üçün xarici dil bilikləri nə dərəcədə əhəmiyyətlidir?
- Ümumiyyətlə, İnformasiya Texnologiyalarının ana dili ingilis dilidir. İngilis dilini bilmədən yaxşı İT mütəxəssisi olmaq çətindir. Bu ixtisasa tam yiyələnmək üçün ən azı bir dilə yiyələnmək lazımdır ki, ən vacibi ingilis dilidir. Rus və türk dilləri İT mütəxəssisi olmaq üçün köməkçi dillərdir. Çünki kompüterin kod dili ingilis dilidir. Proqramlaşdırma dillərinə də baxsanız, görərsiniz ki, əmrləri ingilis dilində verirlər. Amma türk və ya rus dillərini bilmək də böyük mənada köməkdir. Riyaziyyat və dəqiq elmlərlə məşğul olan adamlar bu sahəyə yönələndə, adətən, daha yaxşı olur. İstisnalar həmişə var. Ola bilər ki, hansısa humanitar sahəni bitirən şəxs də gəlsin, İT mütəxəssisi olsun. Amma bu, adətən, bir az çətin başa gəlir.
- Ölkəmizdə bu peşə sahiblərinə tələbat necədir?
- Tələbat çoxdur. Həmişə tələbat var və artan xətlə davam edir. Nəzərə alsaq ki, İT mütəxəssislərinin əksəriyyəti ölkədən gedir, xaricdə daha yaxşı, perspektivli iş tapırlar, belə deyə bilərik ki, Azərbaycanda İT mütəxəssisi sahəsində, hətta, çatışmazlıq var. Son vaxtlar bu sahəyə yönələnlərin sayı çoxalır. Yavaş-yavaş, yəqin ki, yaxın illərdə bu çatışmazlıq aradan qaldırılacaq. Bu boşluğun da yaranmasına səbəb 2015-2018-ci illərdə İT mütəxəssislərinin kütləvi şəkildə xaricə axın etməsi oldu.
- Azərbaycanda və dünyada İT mütəxəssislərinin qazancı necə olur?
- Bu təcrübə ilə dəyişən bir şeydir. İT sahəsində çalışan insanlar bunu əsasən kateqoriyalara ayrılırlar. Siz vakansiyalara baxanda bunu görə bilərsiniz. Bu kateqoriyalar, adətən, 1-3, 3-5, 5-10 il və ondan yuxarı təcrübəsi olanlara ayrılır. Birinci kateqoriyada olanlar ayda təxminən 500-800, ikinci kateqoriyada olanlar 1000-1800, üçüncü kateqoriyada olanlar isə 2000-4000 manat aralığında qazanırlar. Avropada da qiymətlər təxminən belədir, amma onların valyutası olan avro ilə. Amerika və Kanadada isə bu sahənin qazancı Avropa ölkələrindəkindən daha çoxdur.
- Hər işin çətin və əyləncəli tərəfləri var, bu işin əyləncəli tərəfləri nələrdir?
- Əvvəlcə çətin tərəflərini deyim. Gərgin işdir. Bəzən elə olur ki, gecələr işləyirsən. Müəyyən sistem köçürmələri şəbəkə dayanmaları və yüklənmə az olduğu üçün, adətən, gecə həyata keçirilir. Köçürmələr olanda bu proses günlərlə davam edir. Amma əyləncəli tərəfləri də var. Hazırladığın məhsulların internet resurslarında hər kəs tərəfindən istifadə olunması işin əyləncəli tərəfidir. Bu, oyun, sayt və ya başqa bir şey ola bilər. Bu gün demək olar ki, çox adam işinə görə kompüterdən istifadə edir. İT mütəxəssislərinin digərlərindən fərqi budur ki, onun gördüyü iş də məhz kompütrlə bağlıdır. Elə sistemlər var ki, 10 gün gərgin iş rejimində işləyərsən, sistemi qurarsan, ilboyu o sistemdə cüzi dəyişikliklər etməklə özünə daha çox vaxt ayıra bilərsən. Bu zaman film izləyə, musiqi dinləyə və ya yeni nələrisə öyrənə bilərsən.
- Xaker və İT mütəxəssisi arasındakı fərq nədir?
- Xaker İT sahəsində xüsusi bacarığı olan insanlara deyirlər. Hər kəs İT mütəxəssisi ola bilər, amma hər kəs xaker ola bilməz. Xakerlər xoşniyyətli və bədniyyətli olmaqla iki qrupa ayrılırlar. Xoşniyyətli xakerlər mümkün kiberhücumun qarşısını almaq üçün çalışırlar. Sistemlərin təhlükəsizliyini yoxlayır, oradakı boşluqları tapırlar. Bu zaman onlar sistemin sahibinə bu haqda məlumat verirlər ki, problemi aradan qaldırsınlar. Bədniyyətli xakerlər isə heç nəyi bildirmir, gizli işləyirlər və ancaq zərər vurmağa çalışırlar. Əsasən, rəsmi və dövlət saytlarına, bank hesablarına hücum edirlər. Şəxsi məlumatları və maddi qaynaqları oğurlayırlar. Qısaca desək, kibercinayətkarlıqla məşğul olurlar.
- İnformasiya müharibəsində İnformasiya Texnologiyaları mütəxəssisi necə rol oynaya bilər?
- İnformasiya müharibəsində mütəxəssislərin gördüyü iş əsasən qarşı tərəfin dövlət və hökumət resurlarına hücum etmək olur. Məsələn, Azərbaycan mütəxəssisləri Ermənistan resurslarına hücum edib hansısa məxfi məlumatı ələ keçirə bilər, onların hansısa məlumatı yaymasına mane ola bilər. Bu, informasiya müharibəsində uğur hesab olunur.
- Bu sahəni seçmək istəyən, amma qərarsız olan abituriyentlərə hansı tövsiyələri verərdiniz?
- Bu sahəyə gəlməmişdən qabaq ciddi araşdırsınlar. Bu sahənin mahiyyəti ilə bağlı məlumat əldə etsinlər. Tez iş tapmaq və yaxşı qazanc məqsədilə bu ixtisasa yönələnlər var ki, sonradan bu onlara maraqsız gəlir. Nəticə etibarı ilə yaxşı bir mütəxəssis ola bilmirlər. Mütəxəssis və istifadəçi arasındakı əlaqələrlə bağlı tez-tez telefonla danışmalı, vəziyyətə görə ağır iş şəraitində işləməli olacaqlar. Ona görə də, bunları nəzərə almalı və bu sahəyə yönəlməlidirlər. Bu zaman yaxşı bir mütəxəssis kimi formalaşmaq olar. Ən əsası isə, insanın yönəldiyi sahəyə həvəsi olmalıdır. Bu sahə həm də çoxşaxəlidir. Bu sahələri də yaxşı araşdırmaq və özünə ən uyğun olanını seçmək lazımdır.
- Sağ olun!
Şahmərdan Əhmədli