Müharibələrin acı gerçəkləri haqqında tarix dərsliklərindən, bədii və sənədli filmlərdən öyrəndiyimiz məlumatlar əsasında hər birimizdə az da olsa, müəyyən fikir formalaşdığını deyə bilərik. Güclülərin başladığı, gücsüzlərin məhv olduğu müharibələr... Təklif edirəm ki, bir anlıq bütün təsəvvürlərimizi bir kənara qoyaq və baxış bucağımızı 9 yaşlı bir uşağın baxış bucağı ilə əvəz edək. Necə? Con Boynun "Zolaqlı pijamalı oğlan" kitabını oxuyaraq...
Əsərin baş qəhrəmanı Bruno Hitlerin siyasətini dəstəkləyən yüksək rütbəli hərbçi oğludur. Əsərdə bütün hadisələr onun dilinin, onun gözünün, onun düşüncələrinin məhsuludur. Atasının yeni vəzifəsi ilə əlaqədar yaşadıqları şəhəri, evi tərk etmək məcburiyyətində qalan Bruno, ailəsi ilə heç sevmədiyi təzə evlərinə köçür. Bura onun vərdiş etdiyi mühitdən tam fərqlidir. Yeni evin ətrafında nə park, nə küçə, nə dükanlar, nə kafelər var. Həm ətrafda, həm də evlərində yalnız hərbi geyimlilər dolaşır. 9 yaşlı Bruno müharibə və onun acı həqiqətlərindən bixəbər böyüyür. Ona görə də, otağından görünən, evlərindən tikanlı barmaqlıqlarla ayrılan bu qəribə yerə bir ad verə bilmir. Yəhudilərin evlərindən zorla çıxarılaraq toplandıqları düşərgələri, sonu işgəncə və ölümlə bitən həyatları haqqında heç bir anlayışı yoxdur.
Sonadək bu "cəsəd istehsal edən" düşərgəni kənd, ferma, orada olan zolaqlı pijamalıları isə kəndli, işçi hesab edir. Müəllif məhz Brunonun dili ilə "zolaqlı pijamalı" sözünü əsərə ad seçmişdir. Yatmağa yerləri olmayan və ölüm qorxusundan gözlərinə yuxu getməyən yüzlərlə insanın daim "zolaqlı pijamada" olması böyük ironiyadır.
Brunonun dünyasında irqi, dini, siyasi, maddi bərabərsizlik anlayışı yoxdur. Tək dərdi özünə oyun yoldaşı, dost tapmaqdır. Dostu Şmuellə onu yalnız doğum tarixləri və saf uşaq qəlbləri birləşdirir. Aralarındakı yüzlərlə fərqi dərk edəcək yetkinliyə hələ çatmamışlar. Şmuel bir yəhudidir və o dövrdə yəhudilər insan belə sayılmırlar. Bruno düşünür, əgər yəhudi hər kəsin dediyi kimi bu qədər pisdirsə, Şmuel niyə bu qədər yaxşıdır?! Və öz-özlüyündə hökm verir - yəhudi yaxşıdır.
Şmuelin daim çirkli və ac olması, üz-gözünün yara içində olması və nəhayət, Bruno ilə heç vaxt oyun oynaya bilməməsi onların dostluğuna mane olmur. Şmuelin başına gələn dəhşətli hadisələri özünün məişət qayğıları ilə müqayisə edən Bruno eyni taleyi paylaşdıqlarını düşünür. Bu düşüncələri son nəfəslərinə qədər onların əl-ələ tutmasına səbəb olur. Kiçik qəlbləri ilə macəra arxasınca yollanan dostlar özlərini uçurumun ortasında görürlər. Sonluqda isə müəllifin dostların taleyi haqqında açıq danışmağa dili belə gəlmir...
Əslində, iki insanın dostluğundan bəhs edən əsərlər az deyil. Buna Xalid Hüseynin "Çərpələng uçuran" əsərini də misal göstərmək olar. Lakin bu əsərdə olduğu qədər dostlar arasında olan uçuruma heç bir yerdə rast gəlmək olmur.
İrlandiya yazıçısı Con Boynun bu əsəri 2006-cı ildə işıq üzü görmüşdür. Əsər əsasında eyni adlı film çəkilmiş və bu film bir çox kateqoriyalarda mükafat almışdır. Bundan sonra "Zolaqlı pijamalı oğlan" İrlandiyada aylarla ən çox satılan kitaba çevrilmiş, "Nyu York Tayms"ın bestsellerlər siyahısına daxil edilmişdir. 43 dilə tərcümə edilən əsər bu il də Azərbaycan oxucularına təqdim olunmuşdur.
Əsərin mövzusu, ideyası, müəllifin verdiyi mesaj o qədər dərin və ibrətvericidir ki, bu əsəri hər yaş qrupuna aid etmək olar. Romanı bitirdikdən sonra öz xəyal gücünüzü müqayisə etmək və hadisələri bir də mavi ekrandan izləmək çox maraqlı olar...
Tükəzban Məmmədli